Müəllim peşəsinin nüfuzunun artırılması üzrə dövlət siyasətinin inkişafı

 

 Müəllimlik olduqca şərəfli peşədir. Müəllim yüksək əqidəyə, mədəniyyətə və mənəviyyata malik olaraq daim düzgün vətəndaşlıq mövqeyi nümayiş etdirməlidir. Bütün dövrlərdə müəllim əməyi yüksək qiymətləndirilib. Tarixi şəxsiyyətlərin bu insanlar haqqında dəyərli fikirləri, həmişə olduğu kimi, indiöz əhəmiyyətini qoruyub saxlayır. Cəmiyyətdə müəllimlərə həmişə böyük hörmət olub. Ulu öndər Heydər Əliyev müəllim adını uca tutardı, müəllimliyi bütün peşələrdən ən şərəflisi hesab edərdi.   

O, müəllimlər haqqında bu sözləri deyib: "Həqiqi müəllim adını daşıyan insan həmişə, tarixin ən çətin dövrlərində dəyanətli, dözümlü olubdur və mənəviyyatını hər şeydən yüksək tutubdur".  

 Heydər Əliyev ölkəmizə rəhbərlik etdiyi dövrlərdə həmişə müəllimlərə hörmət və ehtiramla yanaşıb, onların maddi vəziyyətinin, rifah halının yaxşılaşdırılmasının qayğısına qalıb: "Mən yer üzündə müəllimdən yüksək ad tanımıram. Hər birimizdə müəllimin hərarətli qəlbinin bir zərrəciyi vardır. Məhz müəllim doğma yurdumuzu sevməyi, hamının rifahı naminə vicdanla işləməyi müdrikliklə və səbrlə bizə öyrətmiş və öyrədir".

   Azərbaycan dövləti müstəqillik əldə etdikdən sonra müəllim nüfuzunun artırılması istiqamətində dövlət tərəfindən xüsusi işlər görülüb.    Bu şərəfli peşə sahiblərinin əməyi yüksək qiymətləndirilərək. 1994-cü ildə YUNESKO tərəfindən Ümumdünya Müəllimlər Günü təsis edilib. Bu günün təsis edilməsi müəllimlərin cəmiyyətdəki mövqeyinə, təhsil prosesində və cəmiyyətin inkişafındakı roluna diqqət çəkmək məqsədi daşıyıb. Hazırda dünyanın 100-dən çox ölkəsində bu gün qeyd olunur. Bəzi ölkələrdə isə müxtəlif tarixlərdə ayrıca olaraq milli səviyyədə Müəllimlər Günü qeyd edilir.

    5 oktyabr 1996-cı ildə YUNESKO və Beynəlxalq Əmək Təşkilatının birgə təşkilatçılığı ilə çağırılan konfransda müəllimlərin peşə fəaliyyətinin şərtlərini təyin edən "Müəllimlərin statusu" adlı ilk beynəlxalq sənəd qəbul edilib.   

Müəllim əməyinin nəticəsində cəmiyyət formalaşır, savadlı, bilikli, geniş dünyagörüşlü, nümunəvi əxlaqa malik insanlar yetişir. Bu insanlar cəmiyyəti daha da inkişaf etdirir. Hazırda dövlətimizin müstəqilliyinin möhkəmlənməsində fəal iştirak edən insanlar məhz müəllim əməyinin yetirmələridir. Müəllimlər yeni cəmiyyət quruculuğunun ən fəal iştirakçılarıdır. Hər birimizin layiqli vətəndaş kimi yetişməyində müəllimlərimizin əvəzsiz xidmətləri olub.   

Ulu öndərin təhsilə, müəllimə qayğıkeş münasibəti dövlətimizin siyasətində bu gün də önəmli yer tutur. Ölkə başçısının sərəncamı ilə hər il "Ən yaxşı müəllim" müsabiqəsi keçirilir. Qalib müəllimlərimiz 5000 manat məbləğində mükafatlandırılır. Ucqar bölgələrdə müəllim işləyən şəxslərə xüsusi müavinətlər verilir. Onların sosial rifahı təmin edilir. Bu gün Azərbaycanın ən ucqar kəndlərində də müasir məktəb binaları inşa edilir. Heydər Əliyev Fondunun "Yeniləşən Azərbaycana yeni məktəb" layihəsi ölkənin bütün vətəndaşlarında iftixar hissi yaradır.  

 Həmçinin, müəllimlərin peşəsinin nüfuzunun artırılması istiqamətində dövlət tərəfindən müəyyən işlər görülür. Həmin işlərdən biri də müəllimlər öz peşələrini daha mükəmməl öyrənməsi və təcrübə keçməsi üçün dünyanın inkişaf etmiş ölkələrinə göndərilməsidir. Bu gün Azərbaycan müəllimləri 20-25 il əvvəl olduğu kimi uçub dağılmış, təmirsiz məktəblərdə dərs demirlər. Onlar üçün çox gözəl, rahat şərait yaradılıb, indi müəllimlərimiz müasir standartlara uyğun, hər cür şəraiti olan yeni məktəblərdə işləyirlər. Son vaxtlar təhsilə qayğı xüsusilə artmaqdadır. Təhsil Nazirliyinin həyata keçirdiyi yeni islahatlar müəllimlərin də fəaliyyətinə öz təsirini göstərib. İndi müəllimlərimizdən daha ciddi işləmək, təhsilin keyfiyyətini yüksəltmək, gələcəyin sağlam düşüncəli qurucularını yetişdirmək tələb olunur. 

  Qeyd edək ki, Azərbaycan Respublikasının bütün sahələrində tərəqqi nəzərə çarpdığı kimi, təhsil sistemində də çoxsaylı islahatlar aparılmaqdadır.  

 Hazırda Azərbaycanda 4500-dən çox ümumtəhsil müəssisəsi fəaliyyət göstərir. Bu müəssisələrdə çalışan müəllimlərin sayı 150 min nəfərdən çoxdur. Bakı şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində 330 ümumtəhsil məktəbi var. Bu məktəblərdə 311 695 şagirdin təlim və tərbiyəsi ilə 29870 müəllim məşğul olur.    Ölkədə təhsil sisteminin milli, mənəvi və ümumbəşəri dəyərlərə əsaslanmasında, Boloniya prosesində yaxından iştirak etməklə dünya təhsil sisteminə inteqrasiya yolu ilə inkişaf etməsində müəllimlərin rolu böyükdür.   

Dövlət müəllimlərin gərgin və gərəkli əməyinin stimullaşdırılmasına diqqət və qayğı ilə yanaşır. Müəllimlərin maaşlarında vaxtaşırı artımla

r olur. Müəllimlər ordenmedallarla təltif edilir, "Əməkdar müəllim" adına layiq görülürlər.    Son on ildə ümumtəhsil sisteminin iki min nəfərdən çox işçisi, o cümlədən yüzlərlə müəllim fəxri ada və dövlət təltiflərinə layiq görülüb. İndi gözəl bir ənənə də yaranıb. Hər il ölkə üzrə "Ən yaxşı ümumtəhsil məktəbi", "Ən yaxşı müəllim" nominasiyaları üzrə müsabiqələr keçirilir. 

  Azərbaycanda mükəmməl müəllim kadrlarının hazırlanması və onların təkmilləşdirilməsi də daim gündəmdə olan məsələdir. Ölkəmizdə bu işlə bir neçə aliorta ixtisas məktəbi məşğul olur. Azərbaycan Dövlət Pedaqoji Universiteti, Bakı Dövlət Universiteti, Azərbaycan Dillər Universiteti ilə yanaşı, Azərbaycan Müəllimlər İnstitutuonun filialları da yüksək ixtisaslı pedaqoji kadrlar hazırlayır. Bu sıraya Bakı Pedaqoji Kollecidaxildir. Onlar bir amili xüsusi diqqətdə saxlayırlar ki, bu gün həm dövlət, həm də cəmiyyət müəllimə yüksək tələbkarlıqla yanaşır. Çünki müəllim təkcə yazıb-oxumağı öyrədən şəxs deyil, dərin və hərtərəfli biliyə, yüksək intellektə malik mütəxəssisdir. Başqa sözlə, hər bir müəllim elmi-nəzəri hazırlığı, pedaqoji ustalığı, metodiki cəhətdən kamilliyi, idarəetmə qabiliyyəti, yaradıcı münasibəti, təşəbbüskarlığı, prinsipiallığı ilə fərqlənməlidir. Yalnız bu halda o, cəmiyyətdə öz nüfuzu ilə fərqlənə bilər.  

 Bu günün müəllimi ümumi təhsilin müasir məzmununun müəyyənləşdirilməsində, dərsliklərin hazırlanmasında tanınmış mütəxəssis və alimlərin bərabərhüquqlu tərəfdaşına çevrilib. Müəllimlər üçün təşkil olunan ixtisasartırma kursları, seminar və treninqlər də onların peşəkarlıq səviyyəsinin artırılmasına yönəldilib. Fərqlənən müəllimlərin xarici ölkələrdəki həmkarları ilə təcrübə mübadiləsi aparması, innovativ təhsil layihələrində iştirak etməsi, mətbuat səhifələrində çıxışları üçün imkanlar yaradılır. 

  Qeyd edək ki, bu gün bəzi müəllimlərin fəaliyyətində problemlər qalmaqdadır. Məsələn, bəzi müəllimlərin təhsildəki yeniliklərdən, yeni, fəal təlim metodları ilə tədrisdən bixəbər olması, dərsi müasir təhsilin tələbləri əsasında qura bilməməsi, dərslərində müxtəlif əyani vəsaitlərdən, başlıcası isə İKT-dən istifadə edə bilməməsi və s. buna sübutdur. Ekspertlər buna görə də müəllimlərin yeni, fəal təlim metodları barəsində maarifləndirilməyə çox böyük ehtiyacı olduğunu düşünür. Onların fikrincə, XXI əsrin müəllimi iştirak etdiyi çoxsaylı kurs, seminar və təlimlərdə yeni təlim prinsiplərini müəyyən etməyi, motivasiyaişgüzar təlim prosesini qurmağı bacarmalı, mövzuya uyğun forma, məqsədlərə uyğun metodlar seçmək, qiymətləndirmədə ədalətlilik prinsipini qorumaq, authentik tapşırıqları tətbiq etmək bacarığını nümayiş etdirməlidir. XXI əsrin müəllimi yeni məzmun və təlim nəticələrinə əsaslanan fənn kurikulumunu bilməlidir. Müəllim standarta əsaslanan bilik, fəaliyyət və ondan yaranan idraka; tədqiqat nəticəsində informasiya və alınan informasiyanın təqdimatına ; ünsiyyət prosesində hörmət və hörmətdən yaranan dəstəyə; strategiyaların tətbiqinə, metodüsullara; planlaşma əsasında məqsədlərə nail olduqdan sonra əldə olunan nəticələrə; qiymətləndirmə prosesində dəyərləndirmə prinsiplərinə və yaradıcı tətbiqə önəm verir. Bunları hər bir yaradıcı müəllim mükəmməl şəkildə öyrənməli və dərslərində uğurla tətbiqinə çalışmalıdır. 

  Qeyd edək ki, son illərdə Təhsil Nazirliyi tərəfindən müəllim nüfuzunun bərpasına xidmət edən müəyyən addımlar atılıb, məktəblərin infrastrukturu yeniləşdirilib, əlverişli təlim mühiti yaradılıb.   

Prezident İlham Əliyevin ötən il oktyabrın 24-də imzaladığı sərəncamla "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası" təsdiqləndi. Bu Strategiyada Azərbaycan təhsilinin inkişafı ilə bağlı bir sıra məsələlər qeyd olunur . Həmin əsas məsələlərdən biri də "müəllimlərin maddi motivasiyasının yaxşılaşdırılması, onların illik əməkhaqqının adambaşına düşən ümumdaxili məhsula nisbətinin mərhələlərlə, səriştə və nəticə əsasında differensiallaşdırılmaqla 1,8-2 dəfəyədək artırılması" əsas məsələlər sırasına daxildir.   

Təhsil Strategiyasına əsasən, müəllimlərin əməkhaqqı qalxandan sonra müəllimlərə dövlət qulluqçusu statusunun verilməsi məsələsi müzakirə olunur. Təhsil naziri Mikayıl Cabbarov mətbuata açıqlamasında qeyd edib ki, sözügedən Dövlət Strategiyası bütün sahələrlə yanaşı, müəllimlərin statusunun dövlət qulluğunun xüsusi növünə aid edilməsi məsələsini də əhatə edəcək: "Strategiya bütün bunların hamısını əhatə edəcək. Müəllimlərin əmək haqlarında artım olacaq. Dövlət büdcəsindən aldığı əməkhaqqı ilə artıq hər bir müəllim əlavə pedaqoji fəaliyyətlə məşğul olmağa ehtiyac duymayacaq".  

 Təhsilin inkişafı üzrə Dövlət Strategiyasında nəzərdə tutulmuş hədəflərdən biri də "Təhsil alanların fərdi xüsusiyyətlərini nəzərə alan innovativ təlim metodları və texnologiyaları vasitəsilə təhsilin məzmununun səmərəli mənimsənilməsini təmin edən yüksək nüfuzlu təhsilverənin formalaşdırılması"dır. Bununla əlaqədar həyata keçiriləcək tədbirlər nəticəsində müəllimlərin peşəkarlıq səviyyəsinin daim yüksəlməsini təmin edən yeni sistem yaradılacaq, təhsil müəssisəsi səviyyəsində, tədrisdən ayrılmadan peşəkarlıq səviyyəsinin artırılması üzrə innovativ modellər tətbiq ediləcək, artıq tətbiqinə başlanılmış modul-kredit və rəqabətəsaslı təlimlər sisteminin inkişaf etdirilməsi və müəllimlərin peşəkarlıq səviyyəsinin davamlı şəkildə yüksəldilməsi təmin ediləcək. Ən əhəmiyyətli cəhətlərdən biri də odur ki, müəllim peşəsinin itirilmiş nüfuzu bərpa ediləcək, bu sahədə dövlət siyasəti inkişaf etdirilməklə səriştə və nəticə əsaslı differensiallaşdırılmış, əmək bazarında rəqabətqabiliyyətli əməkhaqqı sistemi yaradılacaq, müəllimin karyera inkişafı və fəaliyyətinin stimullaşdırılması üzrə kompleks tədbirlər həyata keçiriləcək. Müəllim hazırlığı sistemində internatura modelinin tətbiqi nəticəsində peşəkar kompetensiyalara, praktik bacarıqlara malik müəllimlər hazırlanacaq, ümumilikdə pedaqoji kadr hazırlığı beynəlxalq təcrübə nəzərə alınmaqla həyata keçiriləcək.

 

 

Günel CƏLİLOVA

 

Bakı xəbər.-2014.-4 mart.-S.11.