Qulluqçu gənclərin nümunəsi gəncliyin vətənpərvər formalaşması...

 

Vətənpərvərlik elə bir anlayış, elə bir hissdir, tərbiyə məktəbidir ki, onun inkişafı təbii surətdə olmalıdır. Vətənpərvərlik Vətən sevgisi, Vətənin müdafiəsi, onun müstəqilliyinin qorunması uğrunda mücadilə vermək cəsarətidir. Müasir gənclik vətənpərvərlik tərbiyəsini mənimsəmək məsələsində hər zaman özünü göstərə bilir. Gənclik əməllərilə, gördüyü xoşməramlı işlərlə həmişə inkişafın aparıcı qanadında dayanır və əsas hərəkətverici qüvvə kimi görsənə bilir.   

Hazırda ölkəmizin inkişafında müşahidə olunan yeniliklər get-gedə bütün sahələri əhatə edir ki, nəticədə yaradılan imkanlardan əhalinin müxtəlif təbəqələrinin faydalanması üçün zəmin yaradıb. Gözgörəsi, ölkədə gedən müsbətyönümlü və dinamik inkişaf əhalinin bütün təbəqələrinin həyatında özünü göstərir. Gənclərin də həyatı bu inkişafdan kənarda qalmır. Müasir Azərbaycan gəncinin əvvəlki dövrlə müqayisədə inkişafa doğru çox dəyişdiyini görürük. 

  Bakı Dövlət Universitetinin məzunu, hazırda yerli banklardan birində menecer kimi çalışan Ramiz Qurbanovun fikrincə, ilk öncə gənclər daha çox informasiyaya, etibara, imkana malikdir: " Bu da təsadüfi deyil. Çünki 20 il əvvəlki gənclə indiki gənc arasında ən böyük fərq odur ki, indiki gənclərin güclü, müstəqil dövləti var. Ötən əsrə baxanda indi gənclərin seçim imkanları daha rəngarəng və daha genişdir. Ötən dövr ərzində görülən bir sıra işlər gənclərin ictimai həyatdakı fəaliyyətinə buya digər dərəcədə təsir göstərib. Bir sıra dövlət və özəl qurumlar da onların fəal şəkildə təmsil olunmalarına hərtərəfli təkan verib. Məsələn, dünyada sırf gənclərin işi ilə bağlı ayrıca dövlət strukturunun olduğu qurumlar elə də çox deyil. Bir çox ölkələrdə gənclər siyasəti Təhsil və ya Mədəniyyət Nazirliyinin bir tərkib hissəsi kimi aparılır. Ancaq bundan fərqli olaraq, Azərbaycanda 1994-cü ildə bununla bağlı Gənclər və İdman Nazirliyi yaradılıb. Məhz sözügedən orqan fəaliyyətə başladıqdan sonra çox sürətlə gənclər təşkilatları yaranmağa başladı. Təsadüfi deyil ki, bu gün gənclər təşkilatlarının sayı 270-dən çoxdur. Gənclərin çox aktiv olaraq bu proseslərə qoşulması onların təcrübəsini artırmaqla yanaşı, onlarda özünə inam hissini yüksəldir. Eyni zamanda, bu həm də get-gedə ölkə hakimiyyətinin yeritdiyi siyasi xətdə insan kapitalına verilən önəmdən irəli gəlir. Görülən işlər ölkə gəncliyinin istehlakçı düşüncə tərzindən istehsalçı düşüncə tərzinə keçməsinə təkan verir. Həmçinin, gənclərdə təşəbbüskarlıq meyllərini dəstəkləyir. O üzdən, müasir gənclik davamlı olaraq ideya istehsal etməli, təşəbbüs göstərməlidir. Həm təşəbbüskar olmalıdır, həm də onu reallaşdıraraq, özünü bir idarəçi kimi yetişdirmək qabiliyyəti sərgiləməlidir". 

  Müsahibimizin dediyinə görə, hər bir millətin yaşaması və inkişafı üçün təməl daşı olan gəncliyin möhkəm olması və yetişən nəslin sağlam təfəkkürü, düşünmə qabiliyyəti, inadkarlığı lazımdır: "Səbəbsiz deyil ki, bütün dövrlərdə millətin adını tarixə yazan da elə sağlam gənc qüvvələr olub. Bütün bunların fərqində olan mahir siyasətçi, mərhum prezident Heydər Əliyev gəncləri bir araya toplayaraq, 1996-cı il fevralın 2-də ilk dəfə müstəqil dövlətimizin gənclər forumunu təşkil edib. Məlum olduğu kimi, məhz həmin günü Azərbaycanın tarixinə Gənclər Günü kimi yazdı. Daha sonra I Forumdan keçən bir il ərzində görülmüş işlər təhlil olundu və gəncliklə bağlı əsas problemlərin həlli yolları müəyyən edildi. Keçən müddət ərzində gənclərin ölkənin ictimai-siyasi, iqtisadi və mədəni həyatında fəal iştirakı görülən işlərin nəticəsidir. Eyni zamanda, onların sosial problemlərinin həlli və hüquqlarının müdafiəsinin təmin edilməsi gənclər siyasətinin bütün istiqamətləri üzrə uğurla həyata keçirilməsindən xəbər verir. Müvafiq dövlət proqramlarının səmərəli həyata keçirilməsi, gənc istedadlara dövlət qayğısının artırılması, elm, təhsil, iqtisadiyyat, mədəniyyət, dövlət idarəçiliyi və digər sahələrdə gənclərin xidmətlərinin qiymətləndirilməsi onların cəmiyyətdəki rolunu hər keçən gün bir az da artırır. Müasir Azərbaycan gəncliyinin elmli, hərtərəfli savadlı və sağlam olması üçün yaradılan şərait onların parlaq gələcəyə sahib olacağından xəbər verir. Eyni zamanda, buna real zəmanətdir". 

  Tarixçi Həyat Məhərrəmova da gənclərin müxtəlif qulluqlarda, sahələrdə fəaliyyətinin güclü olduğunu və bunun da onların vətənpərvərlik tərbiyəsinə təsir etdiyini düşünür: "Bu gün müasir Azərbaycan gəncliyi inkişafının yeni mərhələsinə qədəm qoyub. Məsələ ondadır ki, gənclərin məxsusən dövlət idarəçiliyində daha fəal iştirakına yaradılan şərait onların mənəviyyatına və tərbiyəsinə müsbət təsir edir. Bu onların sonrakı fəaliyyətində yaxşı mənada özünü göstərir. Son dövrlər bu istiqamətdə bir sıra silsilə xarakterli işlər görülüb. Test üsulu ilə keçirilən imtahanlar vasitəsilə dövlət idarəçiliyinə aid orqanlara kadrların seçilməsi deyilənlərə əyani sübutdur. Onu da qeyd edək ki, dövlət qulluğuna qəbulun test üsulu ilə aparılması istedadlı və bacarıqlı gənclərin seçilməsinə şərait yaratmaqla yanaşı, onların seçim imkanlarını genişləndirir. Həmçinin, ən bacarıqlı və qabiliyyətli gənclərin işlə təmin olunmasına şərait yaradır. Gənclərin dövlət idarəçiliyində təmsil olunmasına xidmət göstərən vasitələrdən biri də, məlum olduğu kimi, müəyyən sahələrdə 65 yaşadək olan işçilərin təqaüdə göndərilməsidir. Bu minvalla daha çox işsiz gəncin işlə təmin olunmasına imkan yaranır. Yaş senzinin tətbiq olunmasına qədər xeyli sayda ixtisaslı kadr tapmaqda çətinliklərlə üzləşirdi. Bu da, öz növbəsində, bəzi xoşagəlməz sosial fəsadlara yol açırdı. Gənc kadrlar işsizlik üzündən digər dövlətlərə getməli olurdu ki, bu da ölkədəki demoqrafik duruma mənfi təsir göstərirdi. Onu da qeyd edək ki, dünyanın bir sıra ölkələrində bəlli bir yaşdan sonra işləyənlər təqaüdə göndərilir, onlar gənc kadrlarla əvəzlənir. İşsizliyin aradan qaldırılmasında və əmək qabiliyyətli gənclərin işlə təmin olunmasında istifadə olunan metodlardan biribudur. Bütövlükdə gənclərə göstərilən qayğı onların sağlam əxlaq və mənəviyyata sahib olmasına yardım göstərir. Həmçinin, vətənpərvər ruhda formalaşmağına kömək edir".   

Qeyd edək ki, sözügedən məsələni dəyərləndirən Dünya Gənc Türk Yazarlar Birliyinin başqanı, yazıçı-publisist Əkbər Qoşalı əməkdaşımızla söhbətində bildirib ki, dövlət idarəçiliyində gənclərə yaradılan şərait ədalətli seçimə gətirib çıxarır: "Eyni zamanda, vətəndaşlar üçün bərabərhüquqlu şəraitin yaradılması məsələsini gündəmə gətirir. Çünki dövlət orqanlarında boş qalan sahələrə, vəzifələrə təyinatla deyil, müvafiq insanlar arasında seçim etməklə kadr təminatı aparılırsa, bu bütövlükdə dövlətin inkişafı deməkdir. Həmçinin, bu artıq ədalətin təcəssümü anlamına gəlir. Ədalətin təcəssümü sağlam, ədalətli və sosial təminatlı cəmiyyətin yaranmasına gətirib çıxarır. Bu mənada, heç şübhəsiz, görülən işlər gənc nəslin vətənpərvərlik tərbiyəsinin formalaşmasına növbəti impuls verir. Bu da sözügedən məsələni yenidən gündəmə gətirərək aktuallaşdırır. Dəfələrlə əvvəlki açıqlamalarımda qeyd etmişəm ki, gənclərin vətənpərvərliyi heçabstrakt anlayış deyil. Bunun özünəməxsus və çoxşaxəli əsasları var. O üzdən hesab edirəm ki, bu əsaslardan biri də gənclərə göstərilən ədalətli yanaşmadır. Yəni məsələyə geniş mənada yanaşanda gərək gənclərə nəsə verəsən ki, qarşılığında nəsə tələb etməyə daha çox haqq qazanasan. Dövlət orqanlarında əmək fəaliyyətinə başlayan gənc kadrlar ölkənin inkişafını hər keçən gün sürətləndirir. Özünə güvənən qabiliyyətli gənclərin önə çəkilməsi onların sahib olduğu enerjidən daha səmərəli və rasional şəkildə istifadə olunmasına imkan yaradır. O cür seçim vasitəsilə işə götürülən gənclər əmək fəaliyyətində daha nizam-intizamlı və məsuliyyətli olar. Öz şəxsiyyətinə uyğun şəkildə tutduğu vəzifədə fəaliyyət göstərəcək. Anadoluda məşhur bir kəlam var: "ən vətənpərvər insan öz işini yaxşı görən insandır". Normal seçim əsasında, imtahanla dövlət qulluğunda işləməyi qazanan gənc öz işində və digər fəaliyyətində mükəmməl olar. Hər zaman çalışacaq ki, üzərində işləsin, əmək qabiliyyətini daha da mükəmməlləşdirsin. Fərqi yoxdur, həkimdir, yoxsa diplomat. Gənc kadr daşıdığı vəzifəyə məsuliyyətlə yanaşırsa, bir növ bununla vətənpərvərlik göstərmiş olur. Yuxarıda sadalanan faktorlar hamısı buya digər dərəcədə bir-biri ilə sıx bağlıdır. Eyni zamanda, biri digərini tamamlayır. Ona görə də hesab edirəm ki, sözügedən məsələyə kompleks yanaşmaqondan çıxış edərək nəticə çıxarmaq lazımdır".  

 Bəllidir ki, gənclərin mənəviyyatca zənginləşməsinin kökündə dayanan faktorlardan biri də ədalətli seçim şəraitinin yaradılmasıdır. Bu da artıq formalaşıb.    Mənəviyyatsız insan vətənpərvər ola bilərmi? 

  Bu məsələni şərh edən kinoşünas Günel Cabbarlı düşünür ki, vətənpərvərlik tərbiyəsindən məhrum olan adamdan yaxşı heç nə ummaq olmaz: "Təbii ki, beləsindən nəsə müsbət dəyər gözləməyə dəyməz. O cümlədən, vətənpərvər olmayan bir insandan mənəviyyat ummaq olmaz. Yəni bunlar bir-birini tamamlayan məqamlardır. O mənada, təbii ki, dövlət qulluğu haqqında müvafiq qanunlara uyğun olaraq keçirilən imtahanlarda uğur qazanmış gənclərin irəli çəkilməsi, vəzifələr tutması mənəvi cəhətdən də onların zənginləşməsidir. Bu həm də dolayısı yolla həmin dövlət orqanında daha sağlam əhval-ruhiyyənin yaranmasına şərait yaradan amillərdən biri kimi çıxış edir. Məlum olduğu kimi, yeni nəslə daha geniş meydanın tanıdılması siyasəti son illər dövlətimizin əsas prioritet istiqamətlərindən biridir. Gənclərlə bağlı forumların keçirilməsi, müvafiq konsepsiyaların, gənclər fondunun, gənclər evlərinin yaradılması və s. bu kimi tədbirlər elə gənc kadrların dövlət idarəçiliyində daha fəal iştirak etməsinə hesablanıb. Ümumən dövlət orqanlarında gəncləşmə siyasəti, cəmiyyətdə gənclərin ön plana çıxması görülən işlərin nəticəsidir. Digər tərəfdən hesab edirəm ki, gənc nəsil yaşlı nəslin təcrübəsindən faydalanmağı da bacarmalıdır. Bu zaman əmək fəaliyyətində daha uğurlu karyera əldə etmələrinə yol açılmış olar. Bu həm bir vətənpərvərlik aktıdır, həm də mənəviyyata xidmət edən hadisədir. Ona görə də gənclər onlara göstərilən etimadı doğrultmalı və bu istiqamətdə var gücü ilə çalışmalıdır. Gənclər hər an daşıdığı məsuliyyətin fərqində olmalıdır". Gəncliyin fəaliyyət göstərdiyi sahələrdə vətənpərvərlik göstərməsi, hər işə vicdanla yanaşması onların başını ucaldan göstəricidir. Vətəni sevmək, Vətənə sədaqətlə qulluq etmək əsl vətənpərvərlikdir.

 

 

İradə SARIYEVA

 

Bakı xəbər.-2014.-4 mart.-S.12.