Azərbaycan zeytunçuluğunun təbliği
Ağaclar da adamlar kimidir, onlar da nəfəs
alır, onların da faydalısı, faydasızı, gözəli,
çirkini olur. Ağacların bar-bəhrə verəni,
bütün göstəricilərilə insanlar
üçün gərəkli olanları az
deyil. Onlardan da biri
sağlamlığımızın və qidalanmamızın əsas
ünsürünə çevrilən zeytundur. Yaşıl hörüklü zeytun kolları
bütün fəsillərdə eyni libasda görünür.
Kolları şəhərimizə yaraşıq verir, meyvələri,
barı isə damağımızı dada
gətirir, sağlamlığımıza töhfə
verir.
Şəhərimizin küçə və
parklarında, xiyabanlarında zeytun ağaclarının əkilməsi,
zeytun bağlarının salınması təqdirəlayiq
haldır. Bu həm şəhərimizi
gözəlləşdirir, yaşıllaşdırır, həm
də ekologiyanın təmizlənməsində böyük
rol oynayır.
Azərbaycanda zeytunçuluğun tarixi uzaq dövrlərdən
başlayır. Hələ qədim dövrlərdə
Azərbaycan insanına zeytun tanış
idi və camaat zeytundan məişətdə istifadə edirdi.
İnsanlar onun meyvələrindən yağ
çəkirdi, turşu qoyurdu. Tibb elminin də zeytundan
faydalanması haqqında kifayət qədər məlumatlar
var. Hətta Azərbaycanın xalq qəhrəmanı Babəkin
ailəsi haqda mövcud olan məlumatlara fikir versək görərik
ki, Babəkin anası zeytun yağı satan
bir qadın olub. Bunu ona görə nümunə
çəkdim ki, zeytun bitkisinin Azərbaycan ərazisində qədim
çağlardan əkib becərildiyini, bizim torpaq
üçün yad olmadığını vurğulayım.
Bilirik ki, indi də zeytundan məişətimizdə
geniş şəkildə istifadə edilir. Bu gün ölkəmizdə zeytunun gerçək təbliğatı
aparılır. Çox az ailə
tapılar ki, orada zeytundan qida növü kimi istifadə edilməsin.
Vətəni Aralıq dənizi
sahilləri olan zeytunun Azərbaycanın Abşeron
yarımadasında daha çox becərildiyi məlumdur. Zümrüd
gözlü zeytun Abşerona çox yaraşır. Mütəxəssislər deyir ki, buranın təbii
iqlim şəraiti, coğrafi mövqeyi və münbit
torpağı zeytunçuluğun inkişaf etdirilməsi
üçün olduqca əlverişlidir. O da bəllidir
ki, zeytun uzunömürlülüyü və quraqlığa
davamlılığı ilə digər meyvə
ağaclarından fərqlənir, kökləri
torpağın daha dərin qatlarına getdiyi üçün
iqlimi quraqlıq keçən bölgələrdə bitir. Məhz buna görə də zeytunçuluq təsərrüfatı
səmərəliliyinə görə ilk olaraq məhz
Abşeronda salınıb. Getdikcə bu ərazi
daha da genişləndirilib və vaxtilə zeytunçuluq
sovxozu yaradılıb. Bakının Bilgəh,
Maştağa, Buzovna yaşayış massivlərində və
buraya yaxın ərazilərdə zeytun bağları daha
çox salınır və Abşeron rayonu ərazisində
salınmış zeytun bağları 3 min hektar sahəni əhatə
edirdi.Azərbaycanda bir vaxtlar yaşıllıqlara
qarşı "soyqırım" həyata keçirilirdi. Sovet illərində insanların böyük zəhmət
bahasına əkib becərdiyi, şəhərimizin, eləcə
də Abşeronun gözəlliyinin bir elementinə
çevirdiyi zeytun ağacları da bu qırğından can
qurtara bilmədi. Təəssüflə
qeyd etməliyəm ki, Zığdakı zeytun
plantasiyalarının qırılması, burada
yaşıllığın kökünün kəsilməsi,
onların yerində mülklər, kommersiya obyektləri tikilməsi
ictimaiyyət arasında böyük narazılıq
yaradırdı. Dövlət müstəqilliyimizin
ilk illərində zeytunçuluğun inkişafına elə
də önəm verilmirdi. Dövlət qurumları bu
sahədə iş görməyə çalışsalar da,
bəzi sahibkarların təəssübkeş olmaması
zeytunçuluğun inkişafının qarşısına sədd
çəkirdi. Bu mənada ki, çoxları
zeytun ağaclarını məhv edərək onun yerində
bir satış obyekti tikib pul qazanırdı. Ancaq, təbii ki, bu acınacaqlı hal uzun sürə
bilməzdi, dövlət bu işə müdaxilə etdi və
zeytunçuluq xilas oldu, özünün yeni inkişaf
dövrünə qədəm qoydu. Bilirik
ki, Azərbaycan dövlətinin qurucusu Heydər Əliyev
özü də respublikanın hər yerində
yaşıllığın artırılmasında, ağac
massivlərinin salınmasında maraqlı olub. Onun yolunu davam etdirən Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev də
yaşıllaşdırmanın təəssübkeşi kimi
tanınır. O, ağacların qanunsuz kəsilməsinə,
yaşıllığın məhv edilməsinə kəskin
münasibət bildirdikdən sonra ağac
"soyqırımı" edənlər zeytun
bağlarından əl çəkdilər. Dövlətimizin
başçısı "Mənə verilən məlumatlara
görə, bəzi hallarda Bakıda hansısa obyektin tikintisi
üçün ağaclar məhv edilir, kəsilir. Yerlər alınır, hasarlanır və ondan sonra
hasarın dalında bütün ağaclar məhv edilir.
Ondan sonra orada binalar - fərdi yaşayış
evləri, yaxud da çoxmərtəbəli binalar tikilir.
Bu siqnallar mənə dəfələrlə
daxil olubdur. Həm yerli icra orqanlarına, həm
də vəzifədən istifadə edən şəxslərə
sonuncu dəfə xəbərdarlıq edirəm ki, bunu
yığışdırsınlar. Mən
Bakıda və Azərbaycanda ağacların kəsilməsinə
qadağa qoyuram. Ancaq o şərtlə ağac kəsilə
bilər: əgər hansısa infrastruktur layihəsi icra
olunur, yol genişlənir. Yaxud da ki, hansısa
dövlət əhəmiyyətli tədbirin keçirilməsi
üçün, məsələnin həlli
üçün əgər bu lazımdırsa, o zaman
ağaclar çıxarıla bilər".
İlham Əliyevin bu haqlı iradı zeytunçuluqla məşğul
olanların ürəyindən xəbər verdi.
Hər kəsə məlumdur ki, bu gün Azərbaycanda
zeytunçuluğun inkişafı prioritet sahələrdən
birinə çevrilib. Hazırda zeytunu
Abşeronun hər guşəsində görmək olar. İndi, demək olar ki, hamı bu qiymətli bitkinin
meyvələrinin müalicə əhəmiyyətini bilir və
ondan geniş istifadə edir. Hətta, bu dəyərli
bitkinin meyvəsi ilə yanaşı, yarpaqlarının da
böyük müalicəvi əhəmiyyəti
aşkarlanıb. Son illərdə zeytun
ağacının yarpaqlarından ürək-damar sistemi xəstəliklərinin
müalicəsində, xüsusən hipertoniya xəstəliyində
dəmləmə və duru spirtli ekstrakt formada daxilə qəbul
edilir.
Məlum olduğu kimi, Azərbaycan zeytunundan ölkəmizin
emal zavodlarında geniş şəkildə istifadə edilir.
Müxtəlif yerli qida, yeyinti şirkətləri
zeytundan istehsal etdikləri məhsulları həm ölkədə,
həm də xaricdə bazara çıxarırlar. Abşeron zeytunu öz keyfiyyətinə görə
heç də başqa ölkələrin məhsulundan geridə
qalmır. Günəşli, qızıl
qumlu, göy dənizli Abşeronun dadlı-duzlu gözəli
zeytun cənnət meyvəsi kimi cənnət Azərbaycanın
şöhrətinə çevrilib.
Bu da göz qabağında
olan haldır ki, respublikamızda zeytunun təbliğatına
geniş yer verilir. Xeyli əvvəl paytaxtımızda
keçirilən "Caspian-Aqro" üçüncü
beynəlxalq kənd təsərrüfatı, ərzaq
emalı və qablaşdırma sərgisində Beynəlxalq
Zeytun Təşkilatının rəhbəri də iştirak
edib. Hətta o da ölkəmizdə
zeytunçuluğun inkişafı, gələcəyi haqda qənaətlərini
bölüşüb. Beynəlxalq Zeytun Təşkilatının
rəhbəri bir neçə gün Bakıda
görüşlər keçirib. Təşkilatın
nümayəndələri ilə fermerlər görüşərək
zeytunçuluğun inkişafı, fermerlərin bununla
bağlı təklifləri müzakirə edilib. Deyərdim ki, bu görüş Azərbaycanda
zeytunçuluğun inkişafının, ölkəmizdə
istehsal olunan zeytun məhsullarının artıq dünya
bazarında diqqət cəlb etməsinin nəticəsidir.
Mütəxəssislər deyir ki, bar verən
zeytun bağları uzunömürlü olurlar. Kənd təsərrüfatının bu sahəsi
çox məhsuldardır və zeytunçuluğa çəkilən
zəhmət öz bəhrəsini verir. Məhz
bu amillərə görə Azərbaycanda
zeytunçuluğun inkişafı prioritet sahə kimi diqqət
mərkəzində saxlanılmalı, təbliğ edilməlidir. Məlum olduğu kimi,
zeytunçuluğun inkişafı ilə bağlı "Azərbaycan
Respublikası regionlarının 2009-2013-cü illərdə
sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nda maddə
var. Burada göstərilir ki, respublikada 1870 hektar zeytun
bağları mövcuddur ki, onun da 1857 hektarı Abşeron
yarımadasında yerləşir: "Yarımadada mövcud
bağların 1846 hektarı bar verəndir. 924,5
ton məhsul istehsal olunub. Abşeron yarımadasının, Siyəzən,
Salyan, Göyçay, Kürdəmir, Dəvəçi və
s. rayonların torpaq-iqlim şəraitinin zeytunçuluğun
inkişafı üçün əlverişli olduğu və
zeytun məhsulunun əhəmiyyətini nəzərə
alaraq, bu sahənin inkişaf etdirilməsi üçün
investisiya qoyulmasına ehtiyac var. Bu məqsədlə xarici və
yerli iş adamları ilə söhbətlər
aparılır. Artıq Salyan rayonunda 2 hektar yeni
zeytun bağı salınıb. "Zirvə"
kollektiv müəssisəsinə məxsus icarəyə
götürülmüş 50 hektar torpaq sahəsində yeni
zeytun bağı salınacaq..
Azərbaycanda zeytunçuluğun təbliği
istiqamətində görülən işləri şərh
edən mütəxəssislər bildirirlər ki, Azərbaycanda
zeytun bağlarının ümumi sahəsi 3 min hektar olub.
Bunun 2500 hektarı Zığ, Qala, Hövsan və Bilgəh
bağlarında olub, 400-500 hektarı isə Buzovna, Sumqayıt
və Kürdəxanı tinglik təsərrüfatının
ərazisinə düşüb. Azərbaycan
müstəqillik əldə etdiyi ilk illərdə iqtisadi
sektorda yaranan böhran nəticəsində zeytun
bağlarının ərazisi 1000 hektara qədər
azalıb. Mütəxəssislər
onu da qeyd edir ki, özəlləşdirilmə zamanı
bağlar zeytun sovxozlarının işçiləri
arasında bölündü. Bu da bu sahədə
quraqlıq yaratdı, bu mənada ki, zeytun ağacları
azaldı. Bildirilir ki, hazırda 1000
hektarlıq zeytun bağlarının 30 faizi baxımsız
qalıb. Son illər Azərbaycanda ildə
60 ton zeytun yağı istehsal olunur ki, bu da sovet dövründəki
göstəricilərlə müqayisədə 4 dəfə
aşağıdır. Gələcəkdə
bu rəqəmin 300 tona çatdırılması gözlənir.
Zeytun bağlarının salınması
üçün dövlət qurumlarına müraciət edən
sahibkarların sayının artdığını deyən
mütəxəssislər bildirir ki, bu, Azərbaycan zeytununun
daha geniş təbliğinə yol açacaq.
Bölgələrdə yeni
zeytunçuluq təsərrüfatlarının
yaradılması olduqca əhəmiyyətli bir məsələdir.
Abşerondan başqa yerlərin təbii şəraitinə
uyğunlaşan zeytun insanlara böyük fayda verir.
Bakıda zeytunun əhəmiyyətini
bilənlər şəhərlərimizin müxtəlif yerlərindən
zeytun yığırlar. Bununla bərabər bəzi
küçələrində və bağlarında zeytunun
meyvələri vaxtında yığılmır, çox vaxt
meyvələrini yığarkən zeytun ağacının
qol-budaqlarını da qırırlar. Bu da bu qiymətli
bitkinin inkişafına mənfi təsir edir. Nəticədə
zeytunun barı get-gedə azalır, hər il külli miqdarda
zeytun meyvəsi tələf olur. Halbuki, zeytun
ağacını böyüdərək məhsuldar hala
çatdırmaq və hər kiloqram zeytun meyvəsi əldə
etmək böyük zəhmət tələb edir.
Abşeronun, daha doğrusu, Azərbaycanın
zümrüd gözlü sərvəti-zeytun haqqında
danışmaq, onun əhəmiyyətini qeyd etmək və bu
meyvəni, bitkini geniş təbliğ etmək
üçün hər vasitədən istifadə edilməlidir.
Hesab edirik ki, sahibkarların daha böyük maraq göstərməli
olduğu zeytunçuluq hazırda yeni bir mərhələyə
qədəm qoyub. Azərbaycanda zeytunçuluğun təbliğinə
hər kəs çalışmalıdır. Bu sahə
özünə daha güclü ictimai dəstək və
qayğı gözləyir. Düşünürəm ki, daha
zeytun kollarına əli baltalı da, baltasız da güc gəlməyəcək,
ancaq yaşılgöz zeytun ağaclarının barından bəhrələnəcək
insanlar...
İradə
SARIYEVA
Bakı xəbər.-2014.-4
mart.-S.15.