Qarabağ probleminin həlli prosesinə gənclərin dəstəyi
vətənpərvərlik nümunəsi kimi...
Qarabağ
Azərbaycan gənclərinin ən həssas yeridir.
Gənclik ermənilərin torpaqlarımızı işğal etməsi faktı ilə heç cür
barışa bilmir. Kifayət qədər
vətənpərvər olan Azərbaycan
gəncliyi torpaqlarımızın işğaldan
azad edilməsi uğrunda
mübarizəyə hər an hazır vəziyyətdədir.
Ekspertlər də bildirir ki,
Azərbaycan dövlətinin qarşısında duran ən mühüm və
həlli vacib məsələ
Dağlıq Qarabağ problemidir.
Əməkdaşlarımızın bu yöndə
apardıqları araşdırmalara nəzər salıb qeyd
edirik ki, artıq bu münaqişə lokal konflikt halından
çıxaraq qlobal fazaya daxil olduğundan, problemin həlli
istiqamətində Azərbaycan dövlətinin
atdığı bütün addımlar heç bir nəticə
vermir. Bu məsələyə
dünyanın aparıcı dövlətlərinin ikili prinsiplərlə yanaşması konfliktin ömrünün
xeyli dərəcədə uzanmasına səbəb
olub.
Əməkdaşımızın
yazdığına görə, ancaq biz bir şeyi dərk etməliyik
ki, işğal olunan bizim ata-baba torpağımızdır və
onun düşməndən azad olunması üçün əlimizdən
gələni etməliyik: "Artıq konfliktin
yarandığı gündən 20 ildən çox bir vaxt
keçib. Heç də az olmayan bu
müddət ərzində Azərbaycanda yeni
bir nəslin formalaşması prosesi gedir. Xüsusilə
bu istiqamətdə gənclərin üzərinə
böyük iş düşür. Onların tam
vətənpərvər hisslərlə, milli
şüura bağlı şəkildə
tərbiyə olunması, Dağlıq Qarabağ
probleminin əsl mahiyyəti ilə
yaxından tanış olması olduqca zəruri
bir məsələdir.
Vətənpərvərliyin
mahiyyəti Vətənə məhəbbət və öz
şəxsi maraqlarını Vətən yolunda qurban verməyə
əsaslanan emosional bağlılıqdan ibarətdir. Bu bağlılıq həm də mənsub olduğu millətin etik, mədəni,
siyasi və tarixi
xüsusiyyətlərinə arxalanan milli hissiyyat və milli qürur kimi hallanır. Burada Vətənin
xarakteri, mədəni incilərini qorumaq da vətənpərvərlik
keyfiyyətinə aiddir. Bu
hissin tarixi
kökündə min illər boyu yaşamış, möhkəmlənmiş,
öz ana
torpağına, dininə və adət-ənənələrinə
bağlanmış dövlətçilik durur".
Tarixçi Təzəgül
Yusifovanın dediyinə görə, millətin və dövlətçiliyin
formalaşması şəraitində vətənpərvərlik
onun inkişafının ümummilli
anlarını əks etdirən ictimai
düşüncənin tərkib hissəsinə çevrilir: "Milli
dövlətin qarşısında duran ən
başlıca işlərdən biri əhaliyə
düzgün, sağlam
vətəndaşlıq və vətənpərvərlik
hisslərini aşılamaqdır. Qloballaşan
dünyada sağlam
milli-mənəvi dəyərləri qorumaq
çox çətindir. Hazırkı dövrün sürətli informasiya,
yeni kommunikasiyalar əsri
olduğunu nəzərə alsaq, o zaman
gənclərin beyninin zərərli ideologiyalarla zəhərlənməsinin
qarşısı da düşünülmüş
metodlarla alınmalıdır. Sözsüz
ki, hər bir ölkədə
vətənpərvərlik əhval-ruhiyyəsinin səviyyəsi
həmin dövlətdə aparılan təbliğatın
miqyasından asılıdır. İnsanların mənəvi
kamillik, özünüdərk dərəcəsinin
yüksəldilməsi istiqamətində işlərin görülməsi
milli ideologiyanın tərkib komponenti olmalıdır. Təbii ki, söhbət zorakı metodlardan
getmir. Gənclərin maraq göstərdiyi texnologiyaların tərkibində
dövlətin gənclərlə bağlı siyasətinə
cavab verən alternativ
təbliğat sistemi qurulmalı və bu təbliğatın aparılmasına
dövlətin bütün mümkün resursları cəm
olunmalıdır".
Gənc
nəsildə vətənpərvərlik tərbiyəsinin
inkişaf etdirilməsini günümüzünən aktual məsələlərindən
biri hesab edən tarixçi deyir ki, dövlətin, dilin, adət-ənənələrin
yaşadılmasını şərtləndirən faktorlardan
biri də gənclərin vətənpərvərlik hissini dərk
etməsindən keçir: "
Milli mənlik şüuru özünüdərk deməkdir.
Vətənpərvərlik də həmçinin. Milli özünüdərk deyəndə ilk növbədə insan
bağlı olduğu tarixi
kökü, milli mənsubiyyətini,
Vətəninin tarixini bilməli və dərindən
təhlil etməyi bacarmalıdır. Hər bir
gənc, vətəndaş dərk etməlidir ki,
hansı Vətəni, milləti, milli
xüsusiyyətləri təmsil edir. Eyni zamanda, milli
dəyərlərin tarixin hansı mərhələlərindən
keçdiyini bilməlidir. Deyim
ki, dünyada gedən
qloballaşma prosesinin
sürətlənməsinin bu məsələyə
də mühüm təsiri var. Gənclərimizin əksəriyyəti Avropa dəyərlərini mənimsəməyə
çalışır. Düzdür, Avropa dövlətləri böyük
inkişaf mərhələsi keçib və hazırda bu
coğrafiyada olan
ölkələr dünyanın ən inkişaf
etmiş dövlətləri
sırasındadır. Bu baxımdan da gənclərimizin Avropadan
öyrənməli olduğu çox zəruri məsələlər var. Ancaq bəzən Avropa dəyərləri altında gənclərimiz
elə təbliğatın təsirinə düşür
ki, bu həm bizim milli, mental,
həm də dini dəyərlərimizlə
kəskin ziddiyyət təşkil edir. Gənclərimizlə
bağlı təbliğatın aparılmasında bir az mühafizəkar olmaq lazımdır. Milli şüuru deqradasiyaya uğradan, vətənpərvərlik hisslərini
öldürən, adət-ənənələrimizlə
tamamilə ziddiyyət təşkil edən təbliğatın
qarşısı kəskin şəkildə
alınmalıdır. Bu gün
Azərbaycanda gənclərin vətənpərvər ruhda tərbiyə olunması başlıca vəzifələrdən
biridir. Torpaqlarımızın
bir qisminin işğal altında olduğu
bir şəraitdə bu
yöndə təbliğatın gücləndirilməsi vacib əhəmiyyət kəsb edir. Çünki dövlətin
qarşısında duran başlıca vəzifələrdən
biri də gənclərin milli
mənlik şüurunun inkişaf
etdirilməsi və onlara vətənpərvərlik
hisslərinin aşılanmasından ibarətdir. Gənclərin
aparıcı qüvvə olaraq gələcəkdə
dövlətin yükünü öz üzərində daşımalı
olacağını nəzərə alanda,
sözügedən məsələyə son
dərəcə həssas yanaşmaq
reallığı ortaya
çıxır. Onu da
qeyd edək ki,
sözügedən məsələdə milli
mənlik şüuru ilə vətənpərvərlik
hissi bir-biri ilə
sıx bağlıdır. Bir şeyi unutmaq olmaz ki, gənclərin vətənpərvərlik
ruhunun yüksək olması hər mənada
dövlətin xeyrinədir. Fərqi yoxdur, həmin gənc hərbçidir, yoxsa fəhlə. Hansı peşə üzrə
əmək fəaliyyəti ilə məşğul
olmasından asılı olmayaraq, gənc
nəsildə vətənpərvərlik, torpağa,
dövlətə sədaqət hissləri yüksək
olmalıdır".
Tarixçinin sözlərinə
görə, Azərbaycan dövləti tərəfindən son
illər bu istiqamətdə bir sıra addım
lar atılır, sistemli işlər
görülür, müəyyən layihələr həyata
keçirilir: " Bütün bunlarla yanaşı, gənclərdə
vətənpərvərlik hisslərinin yüksək
olması, ilk növbədə, onların milli-mənəvi
özünüdərkindən keçir. Hər bir gənc, vətəndaş dərk etməlidir
ki, hansı Vətəni, milləti, milli xüsusiyyətləri təmsil edir. Xüsusilə nəzərə almaq lazımdır ki, Azərbaycan
müharibə vəziyyətində olan
dövlətdir. Ərazilərimizin 20 faizi
işğal altındadır. Belə bir situasiyada gənclərin
milli-mənəvi dəyərlərə
bağlılığı çox önəmli
və vacib əhəmiyyət kəsb edir. Milli mənlik şüurunun inkişaf
etdirilməsi üçün bir sıra parametrlərin nəzərə
alınması vacibdir. Başlıca olaraq bu məsələdə
müasir dövrün
tələblərinin nəzərə alınması və ona uyğun olaraq işin qurulması
önəmli məsələdir.
Ölkəmizin dövlət
müstəqilliyinin qorunması və ərazi bütövlüyünün
bərpa olunması ilə bağlı Azərbaycan gəncliyinin
qarşısında çox böyük vəzifələr
var. Bu gün, siyasi mənsubiyyətindən asılı olmayaraq, bütün Azərbaycan
gəncliyi Dağlıq Qarabağla
bağlı məsələlərdə vahid
mövqedən çıxış edir. Bu çox sevindirici
haldır. Müharibə şəraitində
yaşamağımıza baxmayaraq, Azərbaycan
gəncliyinin hərbi xidmətə olan
münasibəti çox yüksəkdir. Son vaxtlar orduda,
demək olar ki, fərarilik
hallarına rast gəlinməməsi gənclərin
Qarabağla bağlı istənilən vaxt başlaya biləcək
hərbi əməliyyatlarda iştirak etmək
üçün hazır olmasından xəbər
verir. Bunlarla
yanaşı, Azərbaycan gəncliyi Dağlıq Qarabağla bağlı aparılan və
dövlətimizin ümumi mövqeyini
əks etdirən bütün siyasi tədbirlərdə olduqca
fəal iştirak edir.
Beynəlxalq səviyyədə Dağlıq Qarabağla
bağlı aparılan təbliğatda Azərbaycan gəncliyinin
göstərdiyi fədakarlığı xüsusilə vurğulamaq lazımdır".
Qəzetimizin
əməkdaşının qeydlərinə görə, biz
müharibə görmüş dövlətik. Ona görə də televiziyalarda,
mətbuat orqanlarında, küçə və meydanlardakı
böyük reklam
lövhələrində vətənpərvərlik hisslərinin
gücləndirilməsinə xidmət edən materialların
yerləşdirilməsinə önəm vermək
lazımdır: " Təkcə mifikləşmiş tarixi qəhrəmanlarımızı təbliğ
etməklə kifayətlənmək doğru
deyil. Gördüyümüz
kimi, Azərbaycan gəncliyi bu istiqamətdə olduqca
fəallıq nümayiş etdirir. Ancaq bu o demək deyil ki, bu
yöndə olan təbliğat tamamilə
unudulmalıdır. Bir sözlə,
Dağlıq Qarabağla bağlı gənclər
arasında təbliğatın daimi
aparılmasına böyük ehtiyac var". Müasir Azərbaycan gəncliyinin Dağlıq Qarabağ probleminin həllində
rolu barədə fikirlərini bizimlə
bölüşən Yeni Azərbaycan
Partiyası Gənclər Birliyinin sədr
müavini Aytac
Əliyevanın fikrincə, hazırkı Azərbaycan gəncliyinin
əksəriyyəti dövlətimizin taleyinə
yazılmış bu acı konfliktin tarixi ilə həmyaşıddır:
"Biz bu müharibənin
tarixi ilə birgə böyüyərək,
onun doğurduğu
acıları içimizdə çəkərək gənc olmuşuq. Mən də başda
olmaqla, bugünkü
Azərbaycan gəncliyi torpaqlarımızın bir qarışını da
düşmənə güzəştə getmək fikrində
deyil. Biz Dağlıq Qarabağla
bağlı dövlətimizin qəbul edəcəyi bütün qərarları canla-başla
həyata keçirməyə hazırıq. Ölkə
başçısı dəfələrlə
vurğulayıb ki, Ermənistan tərəfi
konstruktiv mövqe tutmayacaqsa, digər vasitələrə əl
atacağıq. Mən əminəm ki,
siyasi əqidəsindən asılı olmayaraq, özünü
Azərbaycan Respublikasının vətəndaşı bilən
hər bir gənc torpaqlarımızın
geri qaytarılmasında əlindən gələni
əsirgəməyəcək".
Gənclərin
siyasi və beynəlxalq müstəvidə də
Dağlıq Qarabağla bağlı aktiv təbliğat
apardığını bildirən Aytac Əliyeva qeyd etdi ki, təmsil
olunduqları bütün beynəlxalq tədbirlərdə
haqlı tələbimizi səsləndirirlər: "Azərbaycanın
hərbi büdcəsi Ermənistanın ümumi büdcəsindən
bir neçə dəfə çoxdur. Bizim
özümüz müasir
silahlar istehsal edirik. Yəni bizim istənilən
vaxt torpaqlarımızı azad etməyə gücümüz
çatar. Ancaq
dövlətimiz ilk əvvəl konfliktin sülh yolu ilə nizama
salınmasını istəyir. İştirak
etdiyimiz beynəlxalq simpoziumlarda
Azərbaycanın sülh tərəfdarı
olduğunu bəyan edirik.
Eyni zamanda,
torpaqlarımızı silah yolu ilə azad etmək
gücündə və ruhunda olduğumuzu da dünyaya bəyan edirik. Gənclərimizin
Dağlıq Qarabağ problemi
ətrafında istənilən yöndə apardığı
fəaliyyəti qənaətbəxş hesab
etmək olar. Beynəlxalq tədbirlərdə
siyasi fikir
ayrılığı olan gənclərin
bu mövzu ətrafında
eyni mövqedən çıxış
etməsi bizi çox
sevindirir. Bir faktı
sizə deyim ki, Yeni Azərbaycan Partiyasının gəncləri
kimi iştirak etdiyimiz bir neçə
beynəlxalq tədbirdə düşmən ölkənin də
gəncləri iştirak edib".
Gənclik Azərbaycanın Qarabağ ağrısını yaşayır, zəfər sorağı ilə yaşayır və sevinməyi, bütöv Vətənin gənci olmağı arzulayır. Bu bütün vətənpərvər gənclərin dilə gətirdiyi çox böyük istəkdir.
İradə SARIYEVA
Bakı xəbər.-2014.-5
mart.-S.11.