Azad informasiya mühitində mətbuatın
inkişaf tendensiyaları
Azərbaycan milli mətbuatının
ibrətamiz və zəngin tarixi Həsən bəy Zərdabinin
əsasını qoymuş olduğu "Əkinçi" qəzeti
ilə başlayır. Dövrünün çox qabaqcıl və
işıqlı insanı olan Həsən bəy hələ
o zaman millətin millət olaraq özünütəsdiqində
mətbuatın rolunu dəyərləndirərək belə
bir missiyanı üzərinə
götürmüşdü.
İlk fəhlə-kəndli hərəkatının təsiri
ilə gizli əlyazma şəklində vərəqələrdən
başlayan bu yol sonradan milli mətbuatın
formalaşmasına gətirəcək, millətin
oyanışına, inkişafına xidmət edəcəkdi. Bu işıqlı insan "Əkinçi"nin
ilk sayında qəzetin məqsədini isə belə ifadə
etmişdi: "...ol kəslər ki, həmişə etibar
edib bizim sözlərimizə əməl ediblər, zəmanə
dəyişildiyinə görə günü-gündən tərəqqi
edib irəli gedirlər. Onların irəli getməsinə
mane olmaq, yəni onları keçən zəmanənin
qaydası üzrə saxlamaq məsləhət deyil..." Qəzetin maarifçilik qayəsindən uzaq bir
şəkildə "Əkinçi"
adlandırılmasını isə sonradan dahi Azərbaycan
mütəfəkkiri özünün qələmə
aldığı məqalələrdə çar
Rusiyasının təqib və təhdidlərindən
yayınmaq məqsədilə izah edirdi.
O
illərdən üzübəri çətin və şərəfli
yol keçmiş milli mətbuat tariximizdə daha sonralar Cəfər
Bünyadzadə, Haşım bəy Vəzirov, Əliheydər
Qarayev, Əliqulu Qəmküsar, Sultanməcid Qənizadə,
Şirin Qiyasbəyli, Əvəz Sadıq, Əzim Əzimzadə
kimi onlarla mütərəqqi Azərbaycan
aydınlarının adı yer alır ki, millətin
özünüdərkində və milli şüurunun
inkişafında onların əməyi misilsizdir. Təbii
ki, bu aydınların fəaliyyət göstərdiyi
ictimai-siyasi formasiya sistemində azad cəmiyyət və azad
informasiya mühitindən söhbət belə gedə bilməzdi.
Məhz bu səbəbdən də onların əməyi
misilsiz olaraq dəyərləndirilir və Azərbaycan mətbuatının
belə millətçi ziyalıların sayəsində
böyük və şərəfli inkişaf yolu keçərək
özünün müasir səviyyəsinə
çatdığı vurğulanır.
Müasir dövrdə "dördüncü hakimiyyət"
adlandırılan jurnalistikanın isə fəaliyyət
imkanları çox genişdir. Ölkənin
ictimai-siyasi həyatında müstəsna rolu və xidmətləri
olan bir sahə olduğundan, bu gün jurnalistikanın
daşıdığı missiyaya uyğun olaraq
qarşısında bir sıra önəmli vəzifələr
durur ki, bunlardan ən başlıcası həqiqətə
xidmət, dəqiqlik və obyektivlikdir. Bu gün mətbuat istər
ölkədə, istərsə də onun xaricində baş
verən ictimai, siyasi, sosial problemlərin cəmiyyətə
doğru-düzgün çatdırılmasında məsul
olduğundan, onun fəaliyyət sahəsi də geniş və
sərbəst olmalı, bu fəaliyyət heç bir halda
çərçivəyə salınmamalıdır. Bunun ən
önəmli şərti isə ölkədə azad
informasiya mühitinin olmasıdır. Bəlli həqiqətdir
ki, yaradıcı insanlar cameəsini təşkil edən
jurnalistika inzibati metodlarla idarə olunarsa, onun həqiqətə
xidmət potensialı tükənməyə məhkumdur.
Yaradıcı mühitin ilkin şərti də elə hər
cür basqı və diqtədən uzaq, senzurasız bir
atmosferin mövcudluğudur. Lakin bu o demək deyil ki, jurnalist istədiyini
yaza bilər.
Təbii, istər insan, istərsə də jurnalist olaraq hər
kəsin içində bir özünə senzi
olmalıdır ki, nədən və necə yazmalı
olduğunu, hər şeydən əvvəl, vətəndaşlıq
nöqteyi-nəzərindən qiymətləndirib
işıqlandırmağı bacarsın, yazdığı tənqidi
yazının düşmən dəyirmanına su tökməyəcəyinə,
dövlətə və dövlətçiliyə, ölkənin
beynəlxalq aləmdə imicinə zərər
vurmayacağına tam əmin olsun. Eyni zamanda, hər
hansı bir məsələyə bitərəflik
prizmasından yanaşmağı qarşısına məqsəd
qoyaraq onu ictimailəşdirməklə öz məsləkinə
sadiq qalsın.
Məlum həqiqətdir ki, bu gün ölkə həyatında
baş verən istənilən arzuolunmaz hadisə - məmur
özbaşınalığından tutmuş əmək
hüquqlarının pozulmasına qədər - jurnalist
araşdırmasından kənarda qalmır. Əslində elə mətbuatın da bir nömrəli
vəzifəsi ölkədəki neqativlikləri
işıqlandırmaqla, ictimailəşdirməklə onun həllinə
yardımçı olmaqdır. Lakin bu
zaman qələm adamı özünün birbaşa mükəlləfiyyəti
olan vətəndaşlıq mövqeyinə də sadiq
qalmağı bacarmalı, ölkədəki neqativləri qələmə
alarkən qabartdığı faktların düşmən
ölkənin mətbuatı tərəfindən
özümüzə qarşı istifadə
olunmayacağına tam əmin olmalıdır. 20 ildən çoxdur qonşu ölkə ilə
müharibə şəraitində
yaşadığımızdan, bu mövzu özəlliklə
bizlər üçün çox həssas məsələdir
və sirr deyil ki, zaman-zaman bunun acısını
yaşadığımız hallar olub. O üzdən,
"dördüncü hakimiyyət" olaraq, məsləkimizə
sadiq qalmaqla yanaşı, vətəndaşlıq vəzifəmizi
də unutmamalı, dövlətçilik
maraqlarımızı ucuz sensasiyalara qurban verməməliyik.
Yeri gəlmişkən, mətbuatın
"dördüncü hakimiyyət" adlandırılmasının
çox maraqlı tarixçəsi var. Belə ki, XVIII əsrdə
İngiltərədə parlamentə buraxılmayan jurnalistlər
informasiya almaq üçün çıxış yolunu
qapıçıların ələ alınmasında
görürlər. Qapıçılardan aldıqları
informasiyaları isə onlar deputatları Conatan Sviftin məşhur
"Qulliver liliputlar ölkəsində" əsərinin qəhrəmanlarının
adları ilə təqdim etməklə yayırlar. Bundan sonra siyasətçilər jurnalistlərin
iclaslara buraxılmasının onlar üçün daha sərfəli
olduğu qənaətinə gəlir və bu zaman deputatlardan
biri onları "dördüncü təbəqə"
adlandırır. Bunun ardınca Cek Keyderin qələmə
aldığı "Dördüncü hakimiyyət" əsəri
bu ifadənin yaranmasına və media barəsində işlədilməsinə
səbəb olur...
Azərbaycan müstəqilliyini əldə etdikdən
sonra ölkədə mətbuat və informasiya
azadlığını tənzimləyən kifayət qədər
qanunlar qəbul olunub ki, hər bir jurnalist ilk öncə Vətənə
və millətə sədaqət prizmasından
çıxış edib obyektivliyini qoruyarsa, bu qanunların
işləkliyinin təmin olunmasına öz töhfəsini
vermiş olar. Bundan əlavə, son illər
Azərbaycanda "Diffamasiya haqqında" qanunun da qəbulu
gündəmdədir ki, onun qəbulu və tətbiqi azad
informasiya mühitinin daha da inkişaf etdirilməsinə
hesablanmış addım sayıla bilər. Lakin buna qədər ölkədə hər cür
reketçilikdən uzaq, öz həqiqi və birbaşa məqsədinə
xidmət edən mətbuat cameəsi formalaşmalıdır
ki, bu prosesin də əsas yükü Azərbaycan Mətbuat
Şurasının üzərinə düşür. Azərbaycanda Mətbuat
Şurasının yaradılması ideyası ölkədə
daha əvvəllər fəaliyyət göstərmiş Mətbuat
və İnformasiya Nazirliyinin ləğvindən bir müddət
sonra gündəmə gəldi. 1998-ci il
6 avqust tarixində mərhum Prezident Heydər Əliyev tərəfindən
mətbuat üzərindən senzuranın götürülməsi
ilə bağlı Sərəncamın imzalanması və
onun tətbiqi milli mətbuatın inkişafına ciddi təkan
verdi. Mətbuat tariximizdə böyük bir
dönüş yaradan bu addım müasir Azərbaycan
jurnalistikasının daha cəsarətli və özünə
inamlı şəkildə inkişaf yoluna qədəm
qoymasına stimul verməklə, həm də ölkədə
azad sözün qorunmasına, şəffaf və demokratik
informasiya mühitinin formalaşmasına yönəlik bir hadisə
idi. Elə Mətbuat və İnformasiya
Nazirliyinin ləğvi də mətbuata inzibati metodlarla
müdaxilə hallarının minimuma endirilməsilə onun təşəkkül
taparaq oturuşmasına hesablanmışdı. Sirr deyil ki, məhz bundan sonra milli mətbuatımızda
güclü bir oyanma prosesi başladı və Azərbaycan mətbuatı
ikinci nəfəs qazanaraq sürətli inkişaf yoluna qədəm
qoydu. Həmin illərdə yaranan qəzet və
informasiya bolluğu isə yenicə müstəqillik əldə
etmiş, hələ sovet stereotiplərindən tam silkinib xilas
olmamış cəmiyyətimizdə milli özünüdərkin
və milli şüurun inkişafına təkan verdi. Həmin illərdə
bir-birinin ardınca çeşidli mətbu orqanların təsis
olunması isə dövrün sosial sifarişi olmaqla 70 illik
sovet rejimindən yenicə qurtulmuş media cameəsinin bununla
daha azad və geniş informasiya məkanı əldə etməsinin
nəticəsi idi. Lakin istənilən ictimai-siyasi əhəmiyyətli
proses kimi, bu hüdudsuz azadlığın da mənfi tərəfləri
çox keçmədən özünü göstərməyə
başladı ki, bunlardan ən ziyanlısı "reket
jurnalistika" deyilən mənfi cərəyanın yabanı
sarmaşıq kimi mətbuatımızın ayağına
dolaşması oldu. Məhz bu
"sarmaşıq" da Mətbuat Şurası kimi nəzarətedici
və tövsiyəverici bir qurumun yaradılmasını
gündəmə gətirdi. Beləliklə, 15 mart
2003-cü il tarixində Mətbuat
Şurası yaradıldı. Azərbaycanda medianın
özünü tənzimləməsini həyata keçirən
Mətbuat Şurasının könüllü,
özünü idarə edən və gəlir əldə etməyi
fəaliyyətinin məqsədi kimi nəzərdə tutmayan
qeyri-hökumət təşkilatı olaraq
götürdüyü əsas istiqaməti mətbuatda baş
verən neqativ hallara etiraz etmək, "reket jurnalistika"nın qol-qanad açmasına imkan verməmək,
Azərbaycan jurnalistikasının əsas qayəsindən uzaq
düşməməsinə yardımçı olmaq təşkil
edir. Azərbaycan mətbuatının keyfiyyətinin və
elan olunmuş azadlığının, söz
azadlığının jurnalist standartlarına uyğun olaraq
qorunmasını prioritet vəzifəsi elan edən Mətbuat
Şurasının "reket jurnalistika"ya qarşı
apardığı məqsədyönlü siyasət nəticəsində
cəmi bir neçə il ərzində
ölkədə belə neqativ halların minimuma endirildiyi
göz qabağındadır. Bu gün ölkədə
sağlam informasiya mühitinin yaradılmasında əsas
yükü üzərinə götürmüş bu qurumun fəaliyyətində
prioritet götürdüyü məqsəd jurnalistlərin
öz peşə fəaliyyətlərində qanunvericiliyin tələblərinə,
peşə prinsiplərinə əməl etməsinə
ictimai nəzarətin həyata keçirilməsi, dövlət
orqanları və ictimaiyyətlə mətbuat arasında əlaqənin
və etimadın möhkəmləndirilməsi, söz, fikir və
məlumat azadlığına daha geniş imkanların
yaradılmasından ibarətdir. Şura media
vasitələrinin fəaliyyət sahələrində baş
verən münaqişələrin məhkəməyəqədər
həlli variantlarının araşdırılması,
redaksiya əməkdaşlarının davranışı ilə
əlaqədar verilmiş şikayətlərin qəbulu,
öyrənilməsi və bununla bağlı qərarların
çıxarılmasını həyata keçirir.
Nizamnaməsinə uyğun olaraq, Mətbuat
Şurası vaxtaşarı istər yazılı, istərsə
də elektron KİV-də monitorinqlər keçirməklə
onların fəaliyyətində peşə-davranış
kodeksinə nə dərəcədə əməl etdiyini
araşdırır, tövsiyələrini verir. Bundan əlavə, Nizamnamə tələblərinə
uyğun olaraq, Mətbuat Şurası jurnalistlərin peşə
hazırlıqlarının artırılması, onların
ixtisaslaşmalarına dəstək göstərilməsi məqsədilə
müxtəlif layihələr həyata keçirir. Bu layihələr həm fərdi xarakter
daşıyır, həm də digər müvafiq qurumlarla
birgə əməkdaşlıq kontekstində baş tutur.
Belə ki, bu məqsədlə indiyədək
jurnalistlərin təhsil, səhiyyə, vergi, məhkəmə
orqanları ilə qarşılıqlı əlaqələrinə
dair çoxsaylı layihələr
reallaşdırılıb. Şuranın
layihələri media sahəsində mövcud olan problemlərin
həllinə dəstəyi də nəzərdə tutur.
Buna misal olaraq jurnalistlərin ilk mənbədən
informasiya almaları, ekstremal vəziyyətlərin
işıqlandırılması, mediada siyasiləşmə,
iqtisadi asılılıq və digər bu kimi məsələlər
qeyd edilə bilər. Eyni zamanda, siyasi
aksiyalar keçirilən zaman Mətbuat Şurasının
öz peşə fəaliyyəti ilə məşğul olan
jurnalistlərin hər hansı basqıya məruz qalmaması
üçün nəzarətedici funksiya daşıması və
onu həyata keçirməsi də ölkədə azad
informasiya mühitinin formalaşmasına öz töhfəsini
verir.
Təbii ki, bütün bu
sadalananlar ölkədə azad informasiya mühitinin
formalaşmasında önəmli rol oynayır. Eyni zamanda, mətbuat
aləmində reketçilik və digər bu kimi mənfi
tendensiyaların ortaya çıxmasının
qarşısının alınmasında müstəsna xidmət
göstərir ki, müstəqillik illərində ölkədə
təşəkkül tapmış azad informasiya mühitinin
oturuşmasında onun əhəmiyyəti böyükdür.
Samirə SƏFƏROVA
Bakı xəbər.-2014.-6
mart.-S.7.