Beynəlxalq terrorizmə qarşı mübarizədə
Azərbaycanın rolu
Məlumdur
ki, XXI əsrin əvvəllərində
beynəlxalq təhlükəsizlik üçün
yeni təhdidlər yarandı. Bununla əlaqədar hərbi cəhətdən
qüdrətli dövlətlər arasında rəqabətdən
doğan köhnə təhlükələr
arxa planda qaldı.
Artıq nüvə qarşıdurması və digər
super silahların istifadəsi ilə
aparılacaq müharibə təhlükələri
"köhnə" hesab edilir.
"Yeni" təhlükələrə
beynəlxalq terrorizm, kütləvi
qırğın silahlarının yayılması, daxili hərbi münaqişələr və
beynəlxalq hərbi müdaxilələr, ekoloji
tarazlığın pozulması və s.
problemlər daxildir.
Bu
isə müasir dövrdə istər milli səviyyədə,
istərsə də beynəlxalq müstəvidə təhlükəsizliyin
təmin edilməsinin bir istiqamətliliyini yox, ən müxtəlif
sahələri əhatə edən beynəlxalq kompleks fəaliyyəti
vacib edir. Bu tendensiya
beynəlxalq aləmə uğurla inteqrasiya edən Azərbaycan dövlətinin milli təhlükəsizliyinin təmin edilməsini
də ehtiva edir.
Beynəlxalq terrorizm: yaranma səbəbləri
və tipologiyası Beynəlxalq
terrorizmin yaranmasının səbəb və şəraitinin
araşdırılması yalnız kriminoloji metoda əsaslanmamalıdır.
Burada, həmçinin, sosial-siyasi proseslərin idarə
olunmasının metod və vasitələri
araşdırılmalıdır. Milli, regional
və qlobal səviyyədə beynəlxalq
terrorizmin yaranmasını şərtləndirən
iqtisadi, sosial, siyasi və ideoloji hallar öyrənilməlidir. Çox
təəssüf ki, bu
günə qədər beynəlxalq sənədlərdə
"beynəlxalq terrorçuluq"
anlayışı mükəmməl bir qaydada öz əksini
tapmayıb. Burada qarşıya çıxan ən böyük
nüanslardan biri beynəlxalq
miqyaslı hər hansı terrorun səbəbkarı
olan şəxs və ya
qrupların bir dövlətdə qəhrəman,
digər dövlətdə isə terrorçu
kimi qələmə verilməsinin mümkünlüyüdür. Bunu dövlətlərin 1936-1981-ci illər
arasında sözügedən anlayışa 109 fərqli izah verməsi sübut edir. Lakin Avropa İttifaqı
Şurasının 2002-ci il tarixli Çərçivə qərarının
1-ci maddəsi və "Terrorçuluğun
qarşısının alınması" haqqında Avropa Şurası Konvensiyasının
preambulasının müddəaları əsasında beynəlxalq
terrorçuluq anlayışı
aşağıdakı kimi verilə bilər:
"Beynəlxalq terrorçuluq
- siyasi, iqtisadi, sosial, dini, mənəvi, mədəni
və s. sahələrdə
maraqlarını təmin etmək məqsədilə hər
hansı bir şəxs, qrup
və yaxud müvafiq
orqanların əməkdaşları vasitəsilə dövlət
tərəfindən ictimai təhlükəsizliyin
pozulması, əhalinin vahimədə
saxlanması, dövlət hakimiyyət orqanlarının və
beynəlxalq təşkilatların hərəkət və ya hərəkətsizlik göstərməyə
məcbur edilməsi yolu ilə hər
hansı bir ölkə və ya beynəlxalq təşkilatın fundamental siyasi, konstitusiya, iqtisadi və sosial məhvinə yönəlmiş hərəkətlərin bir neçə
dövlətin ərazisində və ya bir neçə dövlətin maraqlarına zərər
vura biləcək şəkildə
törədilməsi, habelə bu cür hərəkətlərin törədiləcəyi
ilə başa çatan
hədələmədir".
Keçən əsrin 80-ci illərində
ABŞ, İtaliya, İsrail və Fransa hesab edirdi ki, beynəlxalq
terrorizmin yaranmasına səbəb sosialist ölkələri
tərəfindən yaradılan şəraitdir. Lakin bu düşərgənin iflasından sonra beynəlxalq terrorizm səngimədi,
əksinə, daha da təhlükəli
miqyas aldı. 1986-cı ildə çap edilən "Diplomatik
lüğət"in müəllifləri isə terrorizmin səbəbləri kimi
müstəmləkəçiliyi, irqçiliyi,
aparteid və soyqırım siyasətini,
dövlətlərin siyasi müstəqilliyi
və milli suverenliyinin,
ərazi bütövlüyünün
pozulmasını göstəriblər.
Terrorizmin ən geniş
yayılmış forması millətçilik və dini
terrorizmdir. Tipologiyasına görə, cinayət terrorizmi daha geniş yayılıb. Terrorizm
növlərinin bölgüsündə isə dövlət,
beynəlxalq və daxili terrorizm
mərkəzi yer tutur.
Dövlət terrorizminin spesifik
xüsusiyyətlərindən biri
hökumətlərin daxili və xarici məqsədlər üçün
ekstremist təşkilatlardan istifadəsidir.
Bu terrorizmin əsas
subyektləri terror qrup
və təşkilatlarıdır.
Müasir dövrdə terrorizmin təhlükəli
xarakteri artan xətlə getdiyi üçün bu problem
ayrı-ayrı dövlətlərin gücü ilə yox,
beynəlxalq əməkdaşlıq nəticəsində həll
edilə bilər. Hazırda terrorçuların
səyləri yalnız stabilliyin
pozulmasına və ya hansısa
qısamüddətli planların həyata keçirilməsinə
deyil, mahiyyətcə daha
ciddi və genişmiqyaslı siyasi məqsədlərə - siyasi
hakimiyyətin ələ keçirilməsinə və yenidən
bölüşdürülməsinə, suveren
dövlətin ərazisinin zəbt olunmasına, yerli əhalinin oradan zorən
çıxarılmasına, dini, irqi, etnik, sosial-siyasi
konfrantasiyanın gücləndirilməsinə və s. yönəlib.
Müasir terrorçu təşkilatlar həm də
elmi-texniki tərəqqinin nailiyyətlərindən yararlanaraq
öz məkrli niyyətlərini daha təminatlı şəkildə
həyata keçirirlər. Onlar müasir kompyuter və
İKT nailiyyətlərindən istifadə etməklə geniş, mütəşəkkil, mobil terror şəbəkələrini
yaradırlar. Azərbaycanın
beynəlxalq terrorizmə qarşı mübarizədə rolu Terrorizmlə
mübarizədə BMT ilə yanaşı, digər beynəlxalq
və regional təşkilatlar-İnterpol,
ATƏT, NATO, MDB, Ərəb Dövlətləri Liqası və
s. qurumlar da iştirak edir. Dünyanın iqtisadi
cəhətdən inkişaf etmiş dövlətlərindən
7+1-in-ABŞ, Kanada, Böyük
Britaniya, Fransa, Almaniya, İtaliya, Yaponiya və Rusiyanın terrorizmə
qarşı birgə mübarizəsi isə olayın ümumbəşəri
əhəmiyyətinin göstəricisidir. AR terrorizmlə
mübarizədə beynəlxalq birliyin səylərini
həmişə müdafiə etməklə siyasi,
iqtisadi, dini və digər
motivlərdən asılı olmayaraq, terrorizmin bütün forma və təzahürlərinə
qarşı barışmaz mövqe tutub. 2001-ci ilin 11 sentyabr hadisələrindən sonrakı mərhələdə
bir çox dövlətlər gözləmə mövqeyi
tutduğu halda, mərhum
Prezident Heydər Əliyev bu
olaya dərhal reaksiya
verərək, həmin terror
aktlarını bütövlükdə bəşəriyyətə,
insanlığa qarşı ən dəhşətli cinayət
kimi pislədi, Azərbaycanın terrorla mübarizədə hər zaman fəal mövqe
tutacağını bəyan etdi. Azərbaycan terrorizmə qarşı əməli
mübarizəni dəstəkləmək üçün
öz hava məkanını
və hava limanlarını açıq elan edib. Ölkəmiz həmçinin
qlobal və regional səviyyədə
terrorçuluğa qarşı mübarizə
məqsədilə qəbul edilən bütün
konvensiyalara qoşulub.
Vurğulamaq lazımdır ki, bu cür fəaliyyət
strategiyasının banisi Heydər
Əliyevdir və məhz o, Azərbaycanı
beynəlxalq antiterror koalisiyasının fəal
iştirakçılarından birinə çevirib.
Ölkəmizin İraq, Əfqanıstan və
Kosovada sülhməramlı missiyası bunun bariz nümunəsidir.
O da qeyd edilməlidir ki, Heydər Əliyev 11 sentyabr
hadisələrindən xeyli əvvəl terrorizmin beynəlxalq bəlaya çevriləcəyini
uzaqgörənliklə hiss etdi və məlum olaydan 2
il qabaq-1999-cu ildə "Terrorizmlə
mübarizə haqqında" Qanunu
imzaladı.
Təcavüzkar
Ermənistan dövlətinin xüsusi xidmət orqanları tərəfindən
Bakı metropolitenində törədilən 2 partlayış
(1994-cü il, mart, iyul ayları), Neft Akademiyasındakı
terror və digər təxribatlarla üzləşən
ölkəmiz terrorizmə qarşı 8 beynəlxalq
müqavilənin iştirakçısıdır. Azərbaycan
tərəfdaş çıxdığı bütün
müqavilələrə əsasən bu
istiqamətdə xarici dövlət və
beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq
edir. Belə ki, mühüm beynəlxalq və regional
konvensiyalara qoşulan
ölkəmiz 13 ikitərəfli saziş,
15 protokol və 2 memoranduma
imza atıb, BMT-nin
antiterrorizmə dair 13 konvensiyasını ratifikasiya edib. Son 4 ildə AR-nin BMT
çərçivəsində görülən işlərə
verdiyi töhfələr sırasında onun qlobal səviyyədə
terrorizmə qarşı aparılan mübarizədə fəal
iştirakı xüsusilə qeyd edilməlidir.
Respublikamız BMT TŞ-nin Terrorizmə
qarşı Komitəsi ilə yaxından əməkdaşlıq
edərək, həmin ali quruma
Azərbaycanda terrorizmə qarşı mübarizədə
görülən əməli tədbirlər haqqında müvafiq hesabatlar təqdim
edib. Azərbaycanın
hazırda NATO-nun tərkibində 90 nəfərlik
heyəti Əfqanıstanda xidmət edir.
Ölkəmiz NATO ilə terror təhlükəsi
ilə bağlı kəşfiyyat mübadiləsi aparır, siyasi müzakirələrdə iştirak edir, milli qabiliyyətlərin inkişaf
etdirilməsi sahəsində əməkdaşlığı
həyata keçirir. NATO
ilə AR Milli Təhlükəsizlik Nazirliyi arasında qarşılıqlı əməkdaşlığın
yeni mərhələsi NATO-nun
Xüsusi Komitəsinin işçi
qrupunun terrorçuluqla
mübarizəsinə həsr olunub və ilk dəfə Bakıda 2004-cü ildə
keçirilən iclası ilə başlayıb. Birgə antiterror fəaliyyətilə
bağlı MTN-nin Heydər Əliyev
adına Akademiyasının nəzdində Beynəlxalq Antiterror Təlim Mərkəzinin
yaradılması Azərbaycanın bu sahədə
NATO ilə əməkdaşlığının
davamlılığını sübut edir. Ölkəmiz Aİ, ATƏT, AŞ, MDB,
GUAM, Qara Dəniz İqtisadi
Əməkdaşlıq Təşkilatı və digər
beynəlxalq qurumlarla da
yaxından əməkdaşlıq edir.
Respublikamız indiyədək Avropa
İttifaqının terrorizmə qarşı mübarizəni
nəzərdə tutan 9
konvensiyasını ratifakasiya edib. AR həmçinin Avropa
Şurası ilə Terrorçuluq üzrə
Ekspert Komitəsi çərçivəsində
birgə fəaliyyət göstərir. MDB Antiterror
Mərkəzinin "MDB iştirakçı dövlətlərin
ərazisində fəaliyyəti qadağan
olunacağı mümkün terrorçu və ekstremist
təşkilatların vahid
siyahısı"nın hazırlanmasında ölkəmiz
xüsusilə fərqlənib. Belə ki,
bir sıra terror və
ekstremist təşkilatların adları məhz
Azərbaycanın təklifi əsasında bu
siyahıya daxil edilib.
Regionda Türkiyə və Gürcüstanla, hər sahədə olduğu kimi, terrorizmə
qarşı mübarizə sahəsində də ciddi əməkdaşlıq münasibətləri
qurulub. Belə ki,
2002-ci ildə Türkiyənin Trabzon şəhərində
Azərbaycan, Türkiyə, Gürcüstan
arasında "Terrorçuluq, mütəşəkkil
cinayətkarlıq və digər mühüm
cinayətlərlə mübarizə üzrə müqavilə"
imzalanıb. Məlumdur
ki, beynəlxalq hüququn
öz müqəddəratını
müəyyən etmək prinsipindən sui-istifadə yolu ilə milli, etnik, dini və s. pərdələr arxasında dövlətlərin
beynəlxalq hüquqla təsbit edilmiş ərazilərini parçalamağa
yönələn istənilən fəaliyyət növü də beynəlxalq terrorçuluqdur.
Buna misal olaraq təcavüzkar Ermənistan tərəfindən
Azərbaycanın Qarabağ bölgəsinin
işğalını göstərmək olar.
Bu işğal Ermənistan
dövləti tərəfindən edildiyi üçün o,
dövlət səviyyəsində edilən terrordur.
Və şübhəsiz ki,
nəzarətdən çıxan bu ərazi
beynəlxalq aləm üçün də
təhlükəlidir. Çünki belə
ərazilərdə terrorçu
düşərgələrinin yerləşdirilməsi,
axtarışda olan terrorçulara
sığınacaq verilməsi, yeni
üzvlərə təlimlərin keçirilməsi, terror aktlarının planlaşdırılması
və törədilməsi üçün
əlverişli zəmin və şərait yaradılır.
Belə nəzarətsiz ərazilər dünyanın müxtəlif
regionlarına "terror
ixracı"nı təmin etməklə yanaşı, həm
də narkotiklərin daşınması, insan
və silah alveri üçün əlverişli məkandır.
Bunu nəzərə
alaraq, BMT çərçivəsində
"Nəzarətdən kənar ərazilərdən transmilli mütəşəkkil cinayətkarlıq
və beynəlxalq terrorçuluq məqsədilə
istifadə edilməsinə qarşı mübarizə üzrə
əməkdaşlıq haqqında" qətnamənin
hazırlanması çox vacib
və aktualdır.
Göründüyü kimi, dünya birliyinə uğurla inteqrasiya edən AR beynəlxalq terrorizmə qarşı mübarizədə də mühüm işlər görür. Lakin təəssüflə qeyd edilməlidir ki, ölkəmizin Ermənistan tərəfindən dövlət səviyyəsində terrora məruz qalmasına beynəlxalq aləm hələ də əməli işlə cavab verməyib. Azərbaycan xalqı isə, Prezident İlham Əliyevin bəyan etdiyi kimi, "Ermənistana Azərbaycan torpaqları hesabına 2-ci erməni dövləti yaratmağa heç vaxt imkan verməyəcək".
Vaqif CƏLİLOĞLU
Bakı xəbər.-2014.-6
mart.-S.10.