Gəncliyin vətənpərvər tərbiyəsində sosial ipoteka layihələri necə rol oynayır?

 

 

 Azərbaycan gənclərinin həyatı dərk etməsi, dövlətimizə, milli düşüncəmizə, Vətənimizə bağlanması üçün müxtəlif tədbirlər həyata keçirilir. Burada əsas məsələ odur ki, onlar rahat şəkildə mənzil ala bilsinlər. Dövlət sosial sahədə gənclərin maraqlarını təmin edən proqramlar həyata keçirir. Bəllidir ki, gəncliyin inkişafı, onların problemlərinin həlli və digər məsələlərlə bağlı dövlət tərəfindən son illər silsilə tədbirlər görülür, müxtəlif proqramlar qəbul olunur, layihələr həyata keçirilir. Bütün bunlar davamlı xarakter almağa başlayıb. Sosioloq Aytəkin Kamranqızının dediyinə görə, Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramında sözügedən məsələlərlə bağlı bir sıra işlər nəzərdə tutulur: "Bakıda Gənclər Mərkəzinin, Gənclər Fondunun, regionlarda "Gənclər evi"nin yaradılması və digər işləri misal göstərmək olar. Bütün bu və digər işlər gənclərə göstərilən qayğı və diqqətin nəticəsidir. Məsələ ondadır ki, son dövrlər dövlətin gənclərlə bağlı sosial dəstək layihələri artıb". Ekspertin bildirdiyinə görə, dəstəyin mühüm istiqamətlərindən biri gənclərə dövlət dəstəyinin gücləndirilməsindən, onlara hərtərəfli diqqət göstərilməsindən ibarətdir: "Son illər ölkəmizdə gənclərlə bağlı görülən bir sıra işlər və bu çərçivədə həyata keçirilən layihələr gənclərin hərtərəfli inkişafının təmin olunması üçün sosial-iqtisadi, təşkilati təminatların yaradılmasını sürətləndirib. Bununla yanaşı, onların ictimai həyatda fəallığının artmasına kömək edib. Təsadüfi deyil ki, bu gün ölkəmizdə gənclər siyasəti dövlət siyasətinin mühüm tərkib hissəsinə çevrilib. Azərbaycan gəncliyi ictimai həyatın bütün sektorlarında aktiv fəaliyyəti ilə seçilir. İqtisadi, humanitar, sosial tədbirlərin həyata keçirilməsində mühüm rol oynayır. Eyni zamanda, son bir neçə il ərzində bilavasitə gənclərlə bağlı xeyli sayda normativ sənədin qəbul olunması ölkəmizdə gənclərin sosial-iqtisadi inkişafına yönəldilmiş mükəmməl qanunvericilik bazasının formalaşdırılmasından xəbər verir. Prezident İlham Əliyev tərəfindən ölkədə həyata keçirilən gənclər siyasəti gənclərin bütün təbəqələrinin hərtərəfli inkişafını təmin etməkdədir. Gənclərlə düzgün iş strategiyasının müəyyənləşdirilməsi nəticəsində onlar çoxşaxəli dövlət islahatlarının həyata keçirilməsində yaxından iştirak edir. Ölkə gəncliyi artıq cəmiyyətin inkişafında ciddi rolu olan fəal sosial təbəqəyə çevrilib. Bu ondan irəli gəlir ki, hər keçən gün gənclərin seçim imkanlarının genişləndirilməsinə xidmət edən şəraitin yaradılmasını görürük. Ölkədə gedən inkişaf prosesində gənclərin imkanlarından daha səmərəli istifadə edilməsi üçün mexanizmlər tapılmalı və dövrün tələbinə uyğun olaraq təkmilləşdirilməlidir. Dövlətin gənclərlə bağlı sosial dəstək layihələri verilən fərman və qərarlarla tənzimlənir". Qeyd edək ki, Prezident İlham Əliyev 2005-ci il avqust ayının 30-da "Azərbaycan Gəncliyi Dövlət Proqramının təsdiq edilməsi haqqında" Sərəncam imzalayıb. Ekspert bildirdi ki, Sərəncam gənclərin potensialından ölkənin mənafeyi naminə səmərəli istifadə olunması, onların faydalı məşğulluğunun təmin edilməsi, dövlət idarəçiliyi sistemində iştirakının gerçəkləşdirilməsi məqsədini daşıyır: "2005-2009-cu illəri əhatə edən bu proqramda gənclərin və yeniyetmələrin vətənpərvərlik tərbiyəsinin daha da gücləndirilməsi, onların məşğulluğunun təmin edilməsi, sahibkarlıq fəaliyyətlərinə kömək göstərilməsi, sosial problemlərinin həlli və s. məsələlər əksini tapırdı. Sosial dəstək layihələri çərçivəsində gənclərin ipoteka kreditlərinə çıxış imkanları get-gedə sadələşdirilir. İş ondadır ki, dövlət gənclərin daha çox mənzilə ehtiyac duyduğunu nəzərə alaraq, güzəştli ipoteka krediti alanlar siyahısına onları da daxil edib. Gənc ailələrin mənzil şəraitinin yaxşılaşdırılması onların maddi probleminin həll olunmasına dəstək göstərməklə yanaşı, ailə zəminində yaranan münaqişələrin və bundan doğan boşanmaların da sayını azaldır. Nəzərə almaq lazımdır ki, müasir zəmanəmizdə gənc ailələri təhdid edən problemlərdən biri də boşanmalardır". Sosioloq bildirdi ki, sosial problemlərin həlli bu sahədə risqləri əhəmiyyətli şəkildə azaldır: "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramının icrasına dövlət büdcəsindən 80 milyon manat vəsait ayrılıb. Müqayisə üçün qeyd edək ki, 2005-2009-cu illər üçün Azərbaycan Gəncliyi Dövlət Proqramına büdcədən 8 milyon 385 min manat ayrılıb. Bu da əvvəlki proqrama nisbətən təxminən 10 dəfə artıq göstəricidir. Bunun gənclərin inkişafında, formalaşmağında rolu böyükdür. Gənclərə göstərilən qayğı çərçivəsində mövcud ipoteka şərtlərinin daha da təkmilləşdirilməsi gündəmə gəlib". Bilirik ki, artıq gənclərə ipoteka kreditlərinin verilməsinə Gənclər və İdman Nazirliyi təşəbbüs irəli sürüb. Məlumdur ki, gənclər və idman naziri Azad Rəhimov sosial ipotekanın tələb və meyarlarının genişləndirilməli olduğunu bildirib. Nazir qeyd edib ki, Azərbaycanda hazırda iki layihə çərçivəsində ipoteka verilir: "Bunlar sosial və adi ipotekalardır. Sosial ipoteka gənc ailələrə uzunmüddətli kredit şəklində verilir və bir sıra tələbləri var. İpoteka Fondu tərəfindən təsdiq olunan banklara müraciət etməklə bu ipotekanı almaq olar. Hazırda ipoteka bazarında yeni ipoteka mövcud deyil və düşünürəm ki, buna ehtiyac da yoxdur. Sadəcə olaraq, sosial ipotekanın tələb və meyarlarını genişləndirmək lazımdır". Həlilik bununla bağlı rəsmi qərar olmasa da, mətbuatda yayılan məlumatlara görə, sosial ipoteka kreditləri üzrə faiz dərəcələri 4 faizdən 2 faizə qədər azaldılacaq. Eyni zamanda, kreditlərdən təkcə gənc ailələrin deyil, subay gənclərin də faydalanması, maksimum məbləğin artırılması planlaşdırılır. Bununla yanaşı, hesab olunur ki, Gənclər və İdman Nazirliyi tərəfindən təklif olunan bir sıra dəyişikliklər mütləq nəzərə alınmalıdır. Xatırladaq ki, sözügedən nazirlik gənclərə uzunmüddətli kreditə ilkin ödənişsiz, aylıq ödənişlərini ölkə gənclərinin əksəriyyətinin verə biləcəyi çox ucuz evlər təqdim edilməsini vacib sayır. "Bakı-Xəbər" qəzeti gənclərə ipoteka verilməsilə bağlı ən çox araşdırmalar aparıb və bu məsələnin gənclərə verəcəyi təkanı gündəmə gətirib. Qayıdaq nazirliyin aktual olan məlum təklifinə. Nazirliyin təklifində birinci variantda gənclik üçün ipoteka dərəcəsinin sıfır faiz olması vurğulanmışdı və onda bu, bir çox iqtisadçı-ekspertlərin sərt tənqidinə tuş gəlmişdi. Onlar hökumətin bu addımının bank sektorunda fəallığı dayandıracağını iddia etməyə başlamışdılar. Belə görünür ki, nazirlik bu cür düşünən iş adamlarının və ekspertlərin fikirlərini nəzərə alıb və ikinci açıqlamada illik kredit dərəcəsinin 1,5% olmasını məsləhətli sayıb. Amma, istənilən halda, bu da İpoteka Fondu tərəfindən təqdim edilən güzəştli ipotekadan qat-qat əlverişlidir. Məsələn, İpoteka Fondunun variantında 30 ilə ipotekaya verilən 40 min manatlıq ikiotaqlı mənzil üçün 6200 manat ilkin ödəniş və 170 manat aylıq ödəniş tələb edilirsə, nazirlik tərəfindən təklif edilən variantda eyni müddətə ilkin ödəniş ortadan qaldırılır və borc götürənə ilkin ödənişsiz, ayda 135 manat ödəmək bəs edir. Ekspertlər hesab edir ki, güzəştli ipotekanın yalnız müəyyən kateqoriya gənclərə deyil, bütün gənclərə şamil edilməsi vacibdir. Həmçinin, ipoteka kreditləri ilə bağlı tələb olunan sənədlərin sayının azaldılması istiqamətində də addımların atılacağı proqnozlaşdırılır. Gözlənilən dəyişikliklər kreditləşmə sisteminə marağın bir az da artmasına gətirib çıxara bilər. Bütün bu deyilənlərin fonunda, gənclərə verilən güzəştli sosial ipoteka kreditləri onların inkişafında, həyatında, formalaşmağında nə kimi rol oynayır? İctimai Problemlərin Tədqiqi Assosiasiyasının rəhbəri Məhərrəm Zülfüqarlı bir müddət əvvəl əməkdaşımızla söhbətində bildirib ki, gənclərin sosial ipoteka kreditlərinə çıxışının təmin olunması nəinki onların mənzil şəraitinin yaxşılaşmasına, eyni zamanda onların sağlam mənəviyyata söykənərək formalaşmasına ciddi təsir edir: "Belə bir fikir var ki, insan siyasət, fəlsəfə, elmlə maraqlanmadan əvvəl onun mənzil şəraiti, yaşayışı olmalıdır. Yəni sadalananların olması insan üçün birinci amildir. Sovet dönəmində gənc ailələrin və digər kateqoriyaya mənsub şəxslərin mənzillə təmin olunması dövlətin inhisarında idi. Xüsusi mülkiyyət, demək olar ki, yox səviyyəsində idi. O vaxt gənclərə yataqxanalarda mənzil verilirdi. Bundan başqa, gənc mütəxəssislər evlə təmin olunurdu. Həmçinin, kooperativlərdə növbəyə durmaqla əhali mənzillə təmin olunurdu və s. Müstəqillik əldə olunduqdan sonra Azərbaycan bazar iqtisadiyyatı yolunu seçdiyinə görə bunların heç biri yoxdur. Hətta bir çox tələbələrin belə obyektiv və subyektiv səbəblər üzündən yataqxanadan istifadə etmək hüquqları aşağıdır. Ona görə də gənclərin sosial ipoteka kreditlərinə çıxış imkanlarının genişləndirilməsi çox zəruridir. Deyərdim ki, bu faktor ölkə gəncləri üçün həyati əhəmiyyətə malik bir məsələdir. İpoteka gənclərin mənzil şəraitini yaxşılaşdırmaq üçün ən real vasitədir. Bunun, deyərdim ki, indiki dövrdə başqa bir alternativi yoxdur. Sıravi gənc aldığı əməkhaqqı ilə və yaxud işlədiyi müddətdə qazandığı vəsaitlə bəlkə də 50-100 ilə ev ala bilməz. Ancaq dövlətin gənclərə verdiyi sosial ipoteka kreditləri onlar üçün mücərrəd görünən bir məsələnin reallaşmasına gətirib çıxarır. Bu da, öz növbəsində, gənclərin işlədiyi sahələrdə daha çox dövlətə fayda verməsinə kömək edir. Çünki evi olmayan gənc kadr sosial qayğılar üzündən bütün diqqətini işinə yönəldə bilmir". M.Zülfüqarlının sözlərindən məlum olub ki, gənclərin hərtərəfli sağlam inkişafı naminə sosial ipotekanın verilməsi bir qədər də genişləndirilməlidir: "Sosial ipoteka kreditlərində tətbiq olunan faizlər bir qədər də azaldılmalıdır. Məsələn, hazırda sosial ipoteka 4, adi ipoteka isə 8 faizlə verilir. Düşünürəm ki, sosial ipotekanın faizləri 2 faizə endirilsə daha yaxşı olar. Bu zaman daha çox gəncin bundan yararlanmaq imkanı olacaq. Bu da dövlətin inkişafı baxımından çox əhəmiyyətlidir. Çünki Azərbaycanın gələcəyi bu ölkənin vətəndaşı olan gənclərdir. Dövlət faiz məsələsində xeyir götürməsə də olar. Gənclərin mənzil əldə edib ailə qurması, öz növbəsində, dövlətə böyük dəstəkdir. Çünki hər bir dövlət, millət ailə ilə möhkəmlənir. Ölkə gəncləri nə qədər möhkəm ailə qursa, mənzil şəraitləri olsa, bu, dövlətin xeyrinədir. Ona görə də sosial ipoteka kreditlərinin verilməsi gənclərin dövlətə daha möhkəm tellərlə bağlanmasına təkan verir". Əlbəttə, hesab edirik ki, gənclərə aşağı faizlə verilməsi nəzərdə tutulan sosial kredit məsələsinin reallaşması gənc nəslin vətənpərvərlik tərbiyəsinə böyük təsir göstərəcək.

 

 

Leyla QARAXANLI

 

Bakı xəbər.-2014.-6 mart.-S.12.