İdmançı gənclərə dövlət dəstəyi gəncliyin vətənpərvər formalaşmasında mühüm amil kimi...

 

Vaqif Arzumanlı: "Dövlətin gənc idmançılara göstərdiyi diqqətin əhəmiyyətli dərəcədə artması gənclərdə vətənpərvərlik..."

Hər il müxtəlif beynəlxalq yarışların məhz Azərbaycanda keçirilməsi bir daha, inkişaf etmiş bir dövlət olaraq, hər bir sahədə olduğu kimi, idmanda da ölkəmizə müsbət imic qazandırıb. Bu gün ölkədə böyük sürətlə kütləviləşən müxtəlif idman növləri gənclərimizi daha böyük qələbələrə ruhlandırır.

   Son 10 ildə Azərbaycan idmanının tarixində şanlı səhifələr yazılıb. Ötən dövr ərzində Azərbaycanda idman və olimpiya hərəkatının inkişafında da böyük canlanma müşahidə olunub. Gələcəyə hesablanmış idman siyasəti ölkəmizdə sağlam nəsil və böyük idmançı ordusu formalaşdırıb. Bütün bunlar Azərbaycanda həyata keçirilən idman siyasəti, həmçinin idmanın inkişafına dövlət tərəfindən göstərilən diqqət və qayğının məntiqi nəticəsidir. Ölkəmizdə idman strukturunun yenidən qurulması, yeni-yeni idman obyektlərinin, Olimpiya idman komplekslərinin inşa edilməsi bu sahənin inkişafı ilə bağlı möhkəm təməl yaradıb. Ölkəmizin bütün bölgələrində müasir səviyyəli idman infrastrukturu formalaşdırılıb. Bundan başqa, idmançıların dövlət tərəfindən daim qayğı ilə əhatə olunması, onların bütün problemlərinin həll edilməsi, yüksək səviyyəli təlim-məşq toplanışlarının keçirilməsi idmançılarımızın beynəlxalq turnirlərdə yüksək nəticələr əldə etməsini təmin edir.

   Mərhum prezident Heydər Əliyevin ölkəyə rəhbərlik etdiyi dövrdə ölkədə idmana münasibət kökündən dəyişdi. İdmanın və bədən tərbiyəsinin inkişafı dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrildi, bu sahədə yüksəlişin əsası qoyuldu. Müstəqil Azərbaycanın həm də bir idman ölkəsi kimi beynəlxalq aləmdə tanınması və olimpiya hərəkatına qoşulması geniş vüsət aldı. İdmanın üzləşdiyi sosial problemlərin aradan qaldırılması, idmançılara gələcək qələbələr üçün stimul verilməsi, habelə ölkədə yeni idman komplekslərinin yaradılması istiqamətində prioritetlər müəyyənləşdirildi. İdmana göstərilən dövlət qayğısı, nəticə etibarilə gənclərdə vətənpərvərlik hisslərinin inkişafına ciddi təkan verir. Ümumilikdə müşahidələr göstərir ki, Azərbaycanda idman siyasəti düzgün qurulub. Sözügedən sahədə qazanılmış uğurlu nəticələr bunu bir daha təsdiqləyir. Bir vaxtlar maddi çətinliklər üzündən respublikamızı tərk etmiş çoxlu sayda idmançı gənc ölkəyə qayıdaraq respublikamızın idman şərəfini uca tutur, üçrəngli bayrağımızı göylərə qaldırır. Dövlət başçısı İlham Əliyevin bu yarışları izləməsi, idmançılarımıza mənəvi və maddi dəstək verməsi, onları ruhlandırması da vacib məqam kimi vurğulanmalıdır. 

  Təqdirəlayiq haldır ki, ölkəmizdə idmanın inkişafına olan qayğı tək olimpiya idman növlərini deyil, qeyri-olimpiya idman növlərini də əhatə edir. Azərbaycan idmançıları ağırlıqqaldırmanın pauerliftinq növü, peşəkar boks, kikboksinq, qaydasız döyüş, karate və digər idman növlərində ən yüksək nailiyyətlərə imza atırlar. Azərbaycanda keçirilən Avropa və dünya çempionatları silsilə xarakter daşıyır.  

 Azərbaycan dövlət başçısının həyata keçirdiyi siyasət ötən hər il ərzində daha böyük uğurların qazanılmasına təkan verib. Məlum olduğu kimi, London Olimpiadasında 53 lisenziya ilə 16 idman növündə təmsil olunan ölkəmizin idmançıları rekord sayda - 10 medal qazanmaqla Azərbaycanın dünya olimpiya hərəkatındakı lider mövqeyini bir qədər də möhkəmləndirdilər. Bütün bu göstəricilər Azərbaycanda idmanın dinamik inkişaf tempinə malik olduğunu, idman uğurlarının davamlı xarakter daşıdığını bir daha təsdiqləyir. Yəni sadalanan uğurların əsasında idmana dövlət tərəfindən göstərilən yüksək səviyyəli qayğı durur. Müasir dövrdə artıq mübahisəsiz təsdiq olunub ki, dövlətin gələcəyinin etibarlı təminatı intellektual səviyyəli potensial kadrların yetişdirilməsindən keçir. Yəni elmin inkişafı dövlətin gələcəyi deməkdir. Bu gün Azərbaycan gəncləri ictimai-siyasi, sosial-mədəni və digər sahələrdə fəal iştirak edir. Gənclərlə iş sahəsində görülən tədbirlər onların inkişafına təkan verir, cəmiyyətdə özlərini təsdiq etməsində böyük rol oynayır. Ölkəmizdə gənc nəslin mənəvi-ideoloji tərbiyəsinə, onların sağlamlığının qorunmasına xüsusi qayğı ilə yanaşılır. Azərbaycanın aparıcı dövlətə çevrilməsi naminə gənclərin imkanlarından daha səmərəli istifadə edilməsi, həmçinin, bunun üçün əlverişli şəraitin yaradılması gənclər siyasətinin əsasını təşkil edir. Bundan əlavə, gənclərlə bağlı dövlət siyasətinin uğurla həyata keçirilməsi məqsədilə zəruri qanunvericilik bazasının formalaşdırılması da təmin edilib. Bunlardan biri də Azərbaycanın təhsil, elm, texnika, mədəniyyət sahəsində xüsusi istedada malik gənclərlə bağlı yeridilən dövlət qayğısı siyasətidir. 1996-2002-ci illərdə qəbul olunan "Bədən tərbiyəsi və idman haqqında", "Gənc istedadlar üçün xüsusi təqaüdlərin təsis edilməsi haqqında", "Azərbaycanın gənc istedadlarına dövlət qayğısı haqqında", "Dövlət gənclər siyasəti haqqında" qanun, fərman və sərəncamlar, habelə "Gənc ailə" proqramı, "Gənclərdə vətənpərvərlik və vətəndaşlıq hisslərinin yüksəldilməsi haqqında", "İstedadlı yeniyetmələrin və yaradıcı gənclərin sosial, iqtisadi və s. problemlərinin həllinə yönəlmiş, onların öz qabiliyyətlərini inkişaf etdirməsinə kömək edən Dövlət Proqramı", "Ordudan tərxis olunmuş gənclərin məşğulluğu" Dövlət Proqramı bu qəbildəndir. Qanunlar, fərman, sərəncam və dövlət proqramları gənc nəslin mütəşəkkil qüvvə kimi formalaşmasına, mənəvi-ideoloji cəhətdən tam yetkinləşməsinə, sosial problemlərinin həllinə, faydalı məşğulluğunun təmin olunmasına təsir göstərdi.  

 Bir məqamı da xüsusi olaraq qeyd etmək lazımdır ki, olimpiya oyunlarında iştirak edən hər bir dövlət, ilk növbədə, dünya miqyasında özünütəsdiq imkanı qazanır. Müstəqil Azərbaycan dövləti də 1996-cı ildə ilk dəfə Atlantada keçirilən XXVI Yay Olimpiya Oyunlarında iştirak etməklə dövlətlər sırasında layiqli yerini müəyyənləşdirməyə, bayrağını göylərə ucaltmağa çalışdı. Ümumilikdə, Olimpiya oyunlarında iştirak müstəqil Azərbaycanın beynəlxalq aləmdə tanınmasını, olimpiya hərəkatına qoşulması prosesini təmin etdi.   

O vaxt qəbul olunmuş "Bədən tərbiyəsi və idman haqqında", "Dövlət gənclər siyasəti haqqında" qanunlar Azərbaycan idmanının inkişafına ciddi təkan verdi. Bu qanunların yaratdığı imkanlar idmançıların yaşayış səviyyəsinin, təlim-məşq şəraitinin ildən-ilə yaxşılaşdırılmasına da real zəmin yaratdı.  

 Azərbaycan xalqının mənafeyinə əsaslanan bu siyasəti 2003-cü ilin oktyabrından Azərbaycan Prezidenti İlham Əliyev inamla davam etdirir. Hələ 1997-ci ildə Azərbaycan Milli Olimpiya Komitəsinin (MOK) prezidenti vəzifəsinə İlham Əliyev kimi idarəçi və təşkilatçı bir şəxsin seçilməsi idman və gənclər siyasətinin yeni şəraitdə gerçəkləşməsinə böyük imkanlar açdı. Azərbaycanın dünya idman ailəsinin bərabərhüquqlu üzvünə çevrilməsi üçün ciddi tədbirlər həyata keçirdi. İdmana dövlət qayğısı ilə yanaşı, onun maddi-texniki bazasının möhkəmləndirilməsi yolunda da işlər görüldü. Bu sahəyə göstərilən diqqət və qayğı Azərbaycanın milli genofondunun qorunması, habelə gənclərin vətənpərvər və sağlam ruhda tərbiyə edilməsi məqsədindən irəli gəlirdi.  

 2000-ci ildən Azərbaycanın müxtəlif bölgələrində ümumilikdə 20-yə yaxın müasir tipli olimpiya kompleksi inşa olunub. Son 10 ildə Naxçıvanda, Gəncədə, Şəkidə, Bərdədə, Lənkəranda, Qubada, Zaqatalada, Masallıda, Qazaxda, Şamaxıda, Tovuzda, Salyanda, Yevlaxda və digər rayonlarda dünya standartlarına uyğun olimpiya-idman kompleksləri tikilərək idmançıların istifadəsinə verilib. "Yaxt-klub", atıcılıq stendi və taekvando mərkəzi də MOK-un uğurlu fəaliyyətini əks etdirən möhtəşəm idman obyektləridir. Hazırda Mingəçevir şəhərində Avropada analoqu olmayan avarçəkmə bazası yaradılır. Bütün bunlar da gənc nəslin sağlam ruhda tərbiyəsinə, respublikamızda idmanın kütləviləşməsinə xidmət edir. Azərbaycanda idman və gənclər siyasətinin düzgün qurulduğunu bu sahədə qazanılmış uğurlu nəticələr də təsdiqləyir. Azərbaycanda idmançıların sosial vəziyyətinin, mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində də ardıcıl addımlar atılır. Yəqin çoxları bu fikirlə razılaşar ki, ölkədə heç zaman idmana və idmançılara bu cür yüksək diqqət, qayğı olmayıb. Bu məqamda dövlət başçısının hələ 2004-cü ildə Afinada keçirilmiş Olimpiya oyunlarının gedişində söylədiyi fikirləri də xatırlatmaq istərdim. "İdmançılar böyük idmandan getdikdən sonra heç kimə lazım olmurlar. Onlar sağlamlığını və gənclik illərini böyük idmana qurban verdilər. Mən onlara həmişə dayaq olacağam" deyən dövlət başçısı idmançılara hörmətini ifadə edib. Prezident İlham Əliyevin 2005-ci ildə imzaladığı fərmanla martın 5-i Azərbaycanda İdman və bədən tərbiyəsi günü kimi qeyd edilir. İdmançılar üçün Prezident təqaüdü, dövlət başçısının göstərişi əsasında isə Milli Olimpiya Komitəsi respublikanın adlı-sanlı idmançıları üçün aylıq təqaüd təsis edib. Hər ilin yekunlarına görə 20-dən çox idmançıya mənzillər və digər mükafatlar verilir, idman mütəxəssislərinə, məşqçilərə böyük həcmdə yardım göstərilir.   

Professor Vaqif Arzumanlı "Bakı-Xəbər"ə açıqlamasında dövlətin idmana göstərdiyi qayğını müsbət dəyərləndirdi: "Əvvəla, idman gənclik, sağlam həyat tərzi, gümrahlıq deməkdir. İdmanın da elə bir yaş dövrü var ki, o bilavasitə gənclərlə bağlı olan dövrdür. İdmanın əhəmiyyəti, istər ölkə daxilində, istərsə də ölkə xaricində çox böyükdür. Necə deyərlər, bu fiziki sağlamlıqdır, ölkəni tanıtmaqdır, yeni-yeni rekordların qazanılmasıdır və s. Son illər dövlətin gənc idmançılara göstərdiyi diqqətin əhəmiyyətli dərəcədə artması gənclərdə vətənpərvərlik hisslərinin daha da güclənməsinə təsir göstərir. Gənc nəsil Azərbaycan himninin dünya ölkələrində oxunması zamanı qürur duyur. Bunun özü böyük göstərici sayılmalıdır. Onlar idmanda uğur qazanmaqla yanaşı, ölkənin şöhrətini dünya miqyasında tanıdırlar. O üzdən bu istiqamətdə dövlət səviyyəsində görülən işlər dəstəklənməlidir. Dövlətin gənc idmançılara göstərdiyi qayğı təqdir olunmalıdır".

 

 

Vidadi ORDAHALLI

 

Bakı xəbər.-2014.-6 mart.-S.15.