Tarixi şəxsiyyətlərimizin irsinə sayqılı münasibət gənclərimiz üçün mənəvi kamilləşmə mənbəyi kimi...

 

 

Məhərrəm Zülfüqarlı: "Əli bəy Hüseynzadə, Əhməd bəy Ağayev kimi şəxsiyyətlərin sayəsində o zaman milli özünüdərk prosesi getdi"

Müasir dövrdə Azərbaycanda təhsildən danışarkən çox zaman 20 illik bir zaman kəsimi ilə arxada buraxdığımız Sovet dönəmi ilə paralellər aparır, bir çox hallarda hətta üstünlüyü o dövrə veririk. Bunun da özəl səbəbləri var. Məsələ burasındadır ki, sovet təhsil sistemi bir çox üstünlüklərə malik idi. Eyni zamanda, müəllim kateqoriyasının əməkhaqqı öz dövrü üçün az məbləğ sayılmırdı.

Azərbaycan müstəqillik əldə etdikdən sonra ölkənin bir sıra sahələrdə ciddi naliyyətlər əldə etməsi heç kəsə sirr deyil. Bu sahələrdən biri də demokratik cəmiyyət quruculuğudur. Demokratiya tarix boyunca bəşəriyyətin əldə etdiyi ən səmərəli idarəçilik üsulu, mütərəqqi dəyərlər məcmusu olmaqla yanaşı, eyni zamanda, daim inkişafda, dinamikada olan ideya və baxışlar sistemidir. Bu, əvvəli bəlli, lakin sonu görünməyən bir proses, inkişaf yoludur. Təsadüfi deyil ki, çoxəsrlik demokratiya təcrübəsi olan qabaqcıl dünya ölkələrində də demokratik islahatlar, təkmilləşmə prosesi heç zaman səngimir, davam edir. Bu nöqteyi-nəzərdən 22 illik müstəqillik tarixi olan Azərbaycan üçün demokratiya yolunda atılan addımlar, o cümlədən demokratik təcrübənin mühüm elementi olan vətəndaş cəmiyyətinin inkişafı olduqca böyük önəm kəsb edir.

Bu gün ölkə gəncliyinin timsalında mükəmməl nəslin yetişdiyini müşahidə edirik. Çünki Azərbaycan müstəqillik əldə etdikdən sonra ölkədə milli mənlik şüurunun inkişafı istiqamətində yeni səhifə açıldı. O üzdən, müstəqillikdən sonrakı dönəmlərdə gəncliyin atdığı hər bir addımda, gördüyü işlərdə bir vətənpərvərlik, milli təəssübkeşlik hiss olunur. Ölkə inkişaf etdikcə, sözügedən tendensiya bir az da yüksələn xətt üzrə inkişaf edir. Ona görə də gənclərdə vətənpərvərlik hissinin yüksək səviyyədə olması sevindirici haldır və təqdir edilməlidir. Ölkə gəncliyi tarixən böyük qəhrəmanlıq yolu keçərək dövrün ağır sınaqlarına sinə gərib. Azərbaycan gəncliyinin bu istiqamətdə göstərdiyi mətinlik millətin qan yaddaşına hopub. Bunun nəticəsidir ki, gənclik Vətən, xalq qarşısında məsuliyyəti dərk edərək vətənpərvər olduqlarını hər zaman təsdiqləyib. Zamanın sınaqlarından uğurla çıxan ölkə gəncliyi müstəqil dövlətimizin ordu quruculuğu prosesinə də öz töhfəsini verib. Torpaqların qorunması uğrunda gənclərimiz fəal iştirak edərək canlarından keçiblər. Əsrlərdir millətin gen yaddaşında yaşayan millilik bu kimi məsələlərə öz təsirini göstərib. Digər tərəfdən, milli mənlik şüurunun inkişafı gənclər arasında vətənpərvərlik hisslərinin daha da inkişaf etməsinə öz təsirini göstərib. Təqdirəlayiq haldır ki, Azərbaycan dövləti, ölkə rəhbərliyi bu sahəni prioritet istiqamət kimi diqqətdə saxlayır. Ölkədə güclü vətəndaş cəmiyyəti institutlarının təşəkkül tapması, vətəndaş təşəbbüskarlığının təşviq olunması, o cümlədən QHT-lərin inkişafına göstərilən dövlət qayğısı, 2008-ci ildə QHT-lərə Dövlət Dəstəyi Şurasının yaradılması nəticə etibarilə Azərbaycanın demokratik inkişafına verilən mühüm töhfədir. Ümumilikdə müstəqillik illərində mühüm inkişaf yolu keçən qeyri-hökumət təşkilatlarımız ölkə həyatının müxtəlif sahələrində islahatlar prosesinə, müxtəlif dövlət proqramları və layihələrinin həyata keçirilməsinə öz töhfələrini verir, eləcə də Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında önəmli rol oynayırlar. Nəzərə almaq lazımdır ki, müasir dünyadakı qlobal inteqrasiya prosesində qabaqcıl yer tutmaq istəyən dövlət özünün iqtisadi, siyasi gücü ilə yanaşı, həm də tarixi irsi, mədəniyyəti ilə tanınmalı, onları yüksək səviyyədə təbliğ etməyi bacarmalıdır. Azərbaycanda bu istiqamətdə dövlət tərəfindən mühüm işlər görülür, lakin vətəndaş cəmiyyəti institutlarının, qeyri-hökumət təşkilatlarının da üzərinə böyük məsuliyyət düşür. Çünki xalqımızın böyük tarixi, zəngin mədəniyyəti var. Bu zənginliyin dünyaya layiqincə təqdim olunması nəticə etibarilə ölkəmizin təbliğinə, beynəlxalq nüfuzunun yüksəlməsinə xidmət edir. Azərbaycanın bir sıra görkəmli şəxsiyyətlərinin yaradıcılığı, fəlsəfi irsi öyrənilir və eyni zamanda təbliğ edilir. Bu da gənclər arasında vətənpərvərlik hisslərinin aşılanmasına öz töhfəsini verir. Prezident İlham Əliyev çıxışlarında bu barədə vacib müddəaları qeyd edib: "Azərbaycan xalqı əsrlər boyu müstəqillik həsrətində idi. Biz müxtəlif dövrlərdə başqa-başqa dövlətlərin tərkibində yaşamışıq. Amma milli xüsusiyyətlərimizi itirməmişik, dilimizi, mədəniyyətimizi, milli ənənələrimizi qoruyub saxlaya bilmişik. Budur, xalqın milli eyniyyətini, milli identifikasiyasını şərtləndirən əsas məsələlər. Azərbaycan dünya birliyinin dəyərli üzvünə çevrilibdir. Biz öz təbliğat işimizi daha da səmərəli qurmalıyıq. Bu işləri informasiya-kommunikasiya texnologiyaları, internet vasitəsilə daha fəal şəkildə görmək lazımdır".

Bu il fevralın 24-də XX əsr Azərbaycan ictimai fikrinin görkəmli nümayəndəsi, türkçülük məfkurəsinin böyük carçısı, tanınmış ədib, publisist, maarifçi, rəssam və təbabət alimi Əli bəy Hüseynzadənin (1864-1940) anadan olmasının 150 illiyi tamam oldu. Böyük Azərbaycan ziyalısı Əli bəy Hüseynzadənin yubileyinin ölkə miqyasında dövlət səviyyəsində qeyd olunmasını təmin etmək məqsədilə Prezident İlham Əliyev tərəfindən "Əli bəy Hüseynzadənin 150 illik yubileyinin keçirilməsi haqqında" 21 yanvar 2014-cü il tarixli Sərəncam imzalanıb, bu tarixi yubileyin keçirilməsi ilə bağlı müvafiq dövlət qurumlarına tapşırıqlar verilib. Sərəncamda deyildiyi kimi, türk xalqlarının mədəni inteqrasiyasının məfkurə kimi təşəkkül tapmasında mühüm rol oynayan, müasir cəmiyyət quruculuğunda demokratik prinsiplərin ənənəvi dəyərlər zəminində bərqərar olmasının vacibliyini irəli sürən və müstəqil dövlətçiliyin nəzəri əsaslarının işlənib hazırlanmasında yaxından iştirak edən Əli bəy Hüseynzadə çoxşaxəli fəaliyyəti boyunca yaratdığı zəngin fəlsəfi-publisistik, ədəbi-elmi irsi sayəsində Azərbaycan maarifçiliyi tarixinə də qiymətli töhfələr verib.

Bu istiqamətdə silsilə elmi və digər məzmunlu tədbirlər keçirilir. Əli bəy Hüseynzadənin gördüyü işlər gənclərə təbliğ olunur. Umumilikdə, klassik mədəni irsə, milli-mənəvi dəyərlərə dövlətin və dövlət başçısının daimi diqqəti, qayğısı çox yaxşı haldır. Əli bəy Hüseynzadənin Azərbaycanın məktəb və pedaqoji fikir tarixinin öyrənilməsində, xalqımızın milli oyanışı, özünüdərki və dirçəlişində, milli məfkurənin yaranmasında, milli maarifçilik hərəkatının inkişafında rolu çox böyükdür. Mətbuat və mədəniyyətimizin tərəqqisi yolunda, milli dövlətçiliyimizin formalaşmasında təmənnasız xidmətlər göstərib. Müstəqil dövlətçilik təfəkkürü kontekstində onun zəngin irsinin dərindən tədqiqi və təbliğində müstəsna rolu var. O cür böyük insan, dahi fikir və söz adamı 76 illik şərəfli ziyalı ömrünün yarım əsrdən çoxunu yorulmadan, usanmadan bütövlükdə türklüyün inkişafına, o cümlədən Azərbaycan xalqının milli oyanış və özünüdərkinə, maarif və mədəniyyətinin yüksəlişinə, milli istiqlal mücadiləsinə, milli dövlətçiliyin formalaşdırılmasına həsr edib. XIX əsrin sonu XX əsrin əvvəllərində Azərbaycan xalqının milli oyanışında əsası Mirzə Fətəli Axundov və Həsən bəy Zərdabi tərəfindən qoyulan milli maarifçilik hərəkatı, islamçılıq və qərbçilik (avropaçılıq) ideyalarının davam və inkişaf etdirilməsi də müstəsna rol oynayıb. Millətimizin islam ümmətçiliyindən islam milliyyətçiliyinə və oradan türk milliyyətçiliyinə keçidinin əsas ideya və əməl rəhbərlərindən (Əlimərdan bəy Topçubaşov və Əhməd bəy Ağayevlə birgə) biri də Əli bəy Hüseynzadə olub. Onun ideyaları Azərbaycan Xalq Cumhuriyyətinin milli dövlətçilik ideologiyasına çevrilib. Bununla da milli bayrağımızdakı rənglər palitrası vasitəsilə əbədiləşdi və sonsuzluğa qədər Azərbaycan xalqının qan yaddaşına daxil oldu. Bu mənada bu gün də başımız üzərində əzəmətlə dalğalanan milli bayrağımızdakı üç rəngin bildirdiyi simvolik məna Əli bəy Hüseynzadənin müəllifi olduğu "türkləşmək, islamlaşmaq, müasirləşmək" formulunun rənglərlə ifadəsindən ibarətdir. Əli bəy Hüseynzadə belə hesab edirdi ki, azərbaycanlıların millət məfkurəsi türkləşmək, dini məfkurəsi islamlaşmaqdırsa, iqtisadi, mədəni, sosial-siyasi məfkurəsi avropalaşmaq (müasirləşmək) olmalıdır. Türkiyədə türkçülüyün böyük ideoloqu kimi tanınan Ziya Göyalp Əli bəyi özünün ustadı sayıb. Əli bəy Hüseynzadə milli mədəniyyət və ictimai-siyasi fikir tariximizdə təkcə dahi mütəfəkkir şəxsiyyət kimi deyil, eyni zamanda böyük maarifçi - pedaqoq - ziyalı, məşhur həkim-tibb professoru, rəssam, musiqişünas kimi də tanınmaqdadır. Bu mənada Əli bəyin müasiri olmuş, görkəmli tarixçi Yusif Akçuraoğlu haqlı olaraq yazırdı ki, əfsanəvi Əli bəy dünyanın bütün dillərini, elm və fənlərin hər növünü, ədəbiyyat və incəsənətin hər şöbəsini tamamən əhatə etmiş və tətbiqə müvəffəq olmuş fövqəlbəşər idi. O, Azərbaycanın milli təhsil və pedaqoji fikir tarixinə də dəyərli töhfələr verib. Bu böyük mütəfəkkirin maarifçilik görüşlərində millətin tərəqqi və oyanışında, mədəni yüksəlişində maarifin, təhsilin, elm və mədəniyyətin müstəsna rolu xüsusi qeyd olunub. Milli istiqlala aparan yol məhz xalqın maariflənməsindən keçir.

Sözügedən məsələni dəyərləndirən tarix üzrə fəlsəfə doktoru Məhərrəm Zülfüqarlının sözlərinə görə, Əli bəy Hüseynzadənin irsinin öyrənilməsi və bu yöndə keçirilən tədbirlər gənclərdə milli düşüncənin formalaşmasına müsbət təsir göstərə bilər: "Çünki iyirminci əsrin əvvəllərində milli özünüdərk prosesi gedərkən, insanlar hələ milli kimliklərini başa düşmürdülər. Soruşanda sən kimsən, deyirdilər mən müsəlmanam. Yəni ümmət məsələsini əsas götürürdülər. Məmməd Əmin Rəsulzadə, Əli bəy Hüseynzadə, Əhməd bəy Ağayev kimi şəxsiyyətlərin sayəsində o zaman milli özünüdərk prosesi getdi. Çox təəssüflər olsun ki, 70 illik kommunist rejimi dövründə bu məsələ yaddan çıxarıldı. Bir növ bizi öz kökümüzdən ayırdılar. Artıq Azərbaycan müstəqil dövlət olduğu üçün bu kimi məsələlərə diqqət daha da artırılmalıdır. Əli bəy Hüseynzadə ilə bağlı tədbirlər daha da yüksək səviyyədə keçirilməlidir. O zaman gənclərdə milli özünüdərk prosesi daha yüksək səviyyədə gedəcək. Bu, gənclərin milli mənlik şüuruna müsbət impuls verəcək. Çünki bu bizim tariximizdir. Ona görə də tariximizi qorumalıyıq".

 

 

Vidadi ORDAHALLI

 

Bakı xəbər.-2014.-7 mart.-S.6.