İstedadlı uşaqlar üçün
xüsusi inkişaf proqramlarının hazırlanması
İstedad sonradan qazanılmır, insanın
özü ilə doğulur. Elə
uşaqlar olur ki, zamanında bu istedadı inkişaf etdirə
bilmir, istedad onun daxilində, ürəyinin bir küncündə
dəfn olunur. O bilir ki, içində doğulan, lakin
ayaq tutub yerimək səadətini yaşamayan bir aləm
yatır. Əlbəttə, bu, insana hər zaman
ağrı verir. Bəzi hallarda valideynlərin,
müəllimlərin onlara qayğı göstərməməsi
səbəbindən istedad cilalanıb üzə çıxa
bilmir.
Ancaq bununla bərabər
kifayət qədər istedadı tamamlanan, ifadə olunan
uşaqlar da var və bu uşaqların aləmi bizləri
özünə cəlb edir. Azərbaycan tarixən
istedadlar diyarıdır. İstedadlı
uşaqlar həm ailələr, cəmiyyət, həm təhsil
müəssisələri, həm də dövlətimiz tərəfindən
lazımi səviyyədə qayğı ilə əhatə
olunur.
Məlumdur ki, xüsusi
istedadı olan uşaqların öz bacarıqlarını
inkişaf etdirməsi üçün təhsil müəssisələri,
yaradıcılıq mərkəzləri fəaliyyət
göstərir.
Azərbaycanda
uşaqların istedad və bacarıqlarının inkişaf
etdirilməsi istiqamətində görülən işlər
çoxdur, günü-gündən də bu işlərin
miqyası artır. Fakt budur ki, bugün Azərbaycanda insan
kapitalının inkişafı, uşaqların müasir bilik
və bacarıqlara yiyələnməsinin
reallaşdırılması prioritet istiqamətlər
sırasında mühüm yer tutur. Ona
görə ki, insan kapitalının inkişafı ölkə
iqtisadiyyatının qlobal sistemə uğurlu inteqrasiyası
prosesində ən mühüm şərtlərdən biri
kimi təhsil sisteminin başlıca vəzifəsini təşkil
edir.
Son illər Azərbaycanda təhsil
sistemi yeni mərhələsini yaşayır, inkişaf, tərəqqi
təhsilimizin əsas istiqamətinə çevrilib. Təhsil
sistemində böyük əhəmiyyət kəsb edən məsələlərdən
biri istedadlı uşaqlara qayğı və diqqətin daha da
artırılmasıdır. Ekspertlərin
fikrincə, bu məsələ ilə bağlı xüsusi
inkişaf proqramlarının hazırlanması diqqət mərkəzində
saxlanır və müvafiq tədbirlər həyata
keçirilməkdədir.
Bir neçə il
əvvəlki tarixə baxsaq görərik ki, bu məsələ
ilə bağlı Azərbaycan dövlətinin həmişə
aydın münasibəti olub. Bəllidir ki, mərhum
Azərbaycan prezidenti Heydər Əliyev bu məsələyə
xüsusi önəm verib. Onun fikirlərinə istinad edək: "
"...Təhsil prosesində əldə
olunan bilik və bacarıqlar, həmçinin etik-əxlaqi norma və dəyərlər hər bir
şagirdin cəmiyyətin layiqli üzvü olması
üçün lazımi şərait yaradır, onu biliyi və
etik davranışı sayəsində örnək ola biləcək
həmkara, nümunəvi ailə üzvünə və vətəndaşa
çevirir".
Heydər Əliyev
istedadlı uşaqlara qayğısını
özünün imzaladığı sənədlərlə
ifadə edib.
Onun 1999-cu il iyulun 29-da imzaladığı Fərmanla təsdiq
olunan "Azərbaycan Respublikasında Dövlət gənclər
siyasətinin həyata keçirilməsi ilə bağlı tədbirlər
planı"nda Təhsil, Gənclər, İdman və Turizm
nazirliklərinə istedadlı uşaqların üzə
çıxarılması üçün fərdi tədris
proqramlarının hazırlanması mühüm vəzifə
kimi qarşıya qoyulub.
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin də
istedadlı uşaqlara qayğısı yüksək səviyyədədir. Bilirik ki,
ölkə başçısı "Xüsusi istedada malik
olan uşaqların (gənclərin) yaradıcılıq
potensialının inkişafı üzrə Dövlət
Proqramının (2006 -2010-cu illər)" təsdiq edilməsi
haqqında Sərəncam imzalayıb. Burada
istedadlı uşaq və gənclərin aşkara
çıxarılması, onların potensial
imkanlarının inkişaf etdirilməsi və səmərəli
təhsil almaları üçün lazımi şəraitin
yaradılması məqsədi qeyd edilib. Azərbaycan
Respublikası Prezidentinin 2006-ci il 17 aprel tarixli Sərəncamı
təsdiq edilən "Xüsusi istedada malik olan
uşaqların (gənclərin )
yaradıcılıq
potensialının inkişafı üzrə Dövlət
Proqramı"nda qeyd edilir ki, istedadlı uşaq və gənclərin
aşkara çıxarılması, onların potensial
imkanlarının inkişaf etdirilməsi ötən əsrin
70-ci illərindən etibarən diqqət mərkəzində
olub, bu vacib iş sahəsinin mühüm prioritetlərdən
biri kimi irəli sürülərək
reallaşdırılması istiqamətində ciddi
addımlar atılıb: "Azərbaycanda dövlət
müstəqilliyinin bərpasından sonra, xüsusən
1993-cü il iyunun 15-də görkəmli dövlət xadimi
Heydər Əliyevin respublikamızda siyasi rəhbərliyə
qayıdışı ilə milli-mənəvi dəyərlərin
dirçəlişinə, iqtisadiyyatın, sosial sahələrin
inkişafına güclü stimul verilmiş, bunlarla bərabər,
ölkənin təhsil sisteminin yenidən qurulmasına,
qabaqcıl dövlətlərin təhsil sistemlərinə
inteqrasiya olunmasına geniş imkanlar açılmış,
istedadlı uşaq və gənclərə diqqət və
qayğının artırılması ölkə
Konstitusiyasında təsbit edilərək, təhsil sahəsində
dövlət siyasətinin əsas istiqamətlərindən
birinə çevrilmişdir. Son illər Azərbaycanda
istedadlı uşaq və gənclərin səmərəli təhsil
almasını təmin etmək məqsədilə yeni tipli tədris
müəssisələrinin şəbəkəsi xeyli
genişləndirilmiş, lisey və gimnaziyalarda təhsilin məzmununun
müasir tələblərə
uyğunlaşdırılması məqsədilə yeni tədris
plan və proqramları hazırlanaraq tətbiq edilməyə
başlanmış, pedaqoji kadr heyətinin tərkibi ilbəil
yaxşılaşdırılmışdır".
Ekspertlərin dediyinə
görə, bütün bunlarla yanaşı, respublikada
xüsusi istedad və qabiliyyətə malik uşaq və gənclərlə
işin təşkili sahəsində bir sıra həlli vacib
problemlər hələ də qalmaqdadır.
Təhsil mütəxəssisləri
bu problemi belə təsnifatlandırır:
- istedadlı
uşaq və gənclərin inkişaf perspektivlərini
müəyyənləşdirən sosial-psixoloji tədqiqatların
aşağı səviyyədə aparılması;
- istedadlı
uşaq və gənclərin aşkara
çıxarılması üzrə və belə
uşaqlarla iş sahəsində elmi-pedaqoji və psixoloji cəhətdən
əsaslandırılmış ardıcıl sistemin, səmərəli
fəaliyyət mexanizminin yaradılmaması;
- ümumtəhsil
məktəblərində məktəb psixoloqu kadrlarına
ehtiyac səbəbindən psixoloji xidmətin zəif həyata
keçirilməsi;
- pedaqoji ali və
orta ixtisas məktəblərində müəllimlik peşəsinə
hazırlanan tələbələrə istedadlı
uşaqlarla iş sahəsində nəzəri biliklərin,
xüsusi metodikaların aşılanmaması.
"Xüsusi istedada malik olan
uşaqların (gənclərin) yaradıcılıq
potensialının inkişafı üzrə Dövlət
Proqramının (2006 -2010-cu illər)" əsas məqsədi
respublikanın ümumtəhsil müəssisələrində
mövcud olan istedad potensialını vaxtında müəyyənləşdirib,
onun inkişafını təmin etmək üçün
xüsusi tədbirlər həyata keçirməkdən,
ölkə ictimaiyyətinin diqqətini bu vacib məsələnin
həllində yaxından iştiraka yönəltməkdən,
istedadlı uşaq və gənclərin inkişafına
dövlət qayğısını gücləndirməkdən
ibarətdir.
İstedadlı uşaqların
xüsusi təhsil müəssisələrində, lisey,
gimnaziyalarda təhsil alması, istedadlı uşaq və gənclərin
iştirakı ilə keçirilən olimpiada hərəkatı
genişlənəcək, xüsusi istedada və qabiliyyətə
malik uşaqlar, o cümlədən olimpiada qalibləri
üçün imtiyazların müəyyənləşdirilməsi,
habelə onların müəllimlərinin əməyinin
stimullaşdırılması sahəsində əlavə tədbirlər
həyata keçirilməsi, pedaqoji ali və orta ixtisas məktəblərində
tələbələrin istedadlı uşaq və gənclərlə
iş metodikasına yiyələnməsinin təmin ediləcəyi
qeyd edilir.
Azərbaycan Prezidentinin 2013-cü il
24 oktyabr tarixli Sərəncamı ilə təsdiqlənən
"Azərbaycan Respublikasında təhsilin inkişafı
üzrə Dövlət Strategiyası"nda isə bildirilir
ki, təməl bacarıqlar uşaqlıq dövrünün
ilk illərindən əldə edildiyinə görə
uşaqların zehninin erkən yaş dövründən
inkişafı diqqət mərkəzində
saxlanmalıdır.
Yuxarıda qeyd edilənlər
istedadlı uşaqlar üçün xüsusi inkişaf
proqramlarının hazırlanması zərurətini
qarşıya mühüm vəzifə kimi qoyur. Mütəxəssislər
bildirirlər ki, sözügedən inkişaf proqramlarında
təhsilin məzmunu məsələsi diqqət mərkəzində
saxlanmalıdır. Bu məqam "Azərbaycan
Respublikasında təhsilin inkişafı üzrə Dövlət
Strategiyası"nda da öz aydın ifadəsini tapıb.
Həmin sənəddə göstərilir ki,
beynəlxalq təcrübədə təhsilin məzmunu ilə
bağlı başlıca meyllərdən biri təhsil
kurikulumlarının ölkənin sosial-iqtisadi inkişaf tələbləri
və prioritetləri ilə sıx əlaqələndirilməsindən
ibarətdir. Kurikulumlar iqtisadi inkişaf məqsədlərinə
xidmət edən bilik və bacarıqları, səriştəni
aşılayan məzmuna malik olmalıdır. Çünki inkişaf etmiş ölkələrdə
biliklərə əsaslanan iqtisadiyyatın yaradılması
sosial-iqtisadi siyasətin prioriteti olduğundan, kurikulumlarda
innovasiyaların əhəmiyyəti, təhsilalanların
müxtəlif sosial fəaliyyətə təşviq
olunması və onların tədris bacarıqlarının
yüksəldilməsi xüsusi vurğulanır.
Ekspertlər tövsiyə
edir ki, istedadlı uşaqlar üçün xüsusi
inkişaf proqramları hazırlanarkən bir neçə digər
cəhətə də xüsusi önəm verilməlidir. Onlardan
birincisi, istedadlı uşaqların orta təhsil çərçivəsində
bütün fənlərə dair bilikləri mənimsəmək
zəruriliyi nəzərə alınmalıdır.
Mütəxəssislər digər tərəfdən deyir ki,
onların istedadlı olduqları sahə və konkret təhsil
məqsədlərilə bağlı bu biliklərin həcmi,
məzmunu və s. fərqli ola bilər. Burada bir məqam da diqqət çəkməlidir.
Bu, təhsilin əsas məqsədlərindən
biri kimi istedadlı uşaqların bütün qabiliyyət və
imkanlarının aşkarlanmasının, inkişaf etdirilməsinin
və peşə fəaliyyətində
reallaşdırılmasının təmin edilməsidir.
Çünki cəmiyyət müasir problemlərin
həllini əsasən məhz belə uşaqlardan gözləyir.
Ona görə də onların vaxtında
aşkarlanaraq inkişafının təmin edilməsinə
istedadlı uşaqlar üçün xüsusi inkişaf
proqramlarında təlimin prioritet məqsədlərindən
biri kimi yanaşılmalıdır.
İstedadlı
uşaqların istedadının üzə
çıxarılmasının bir sıra formaları
mövcuddur. Bu təlimləri irəli sürən alimlər qeyd
edir ki, belə təlim forması müxtəlif yaş
qruplarına aid olan istedadlı uşaqların təlim
prosesində dövri olaraq müəyyən müddətə
qruplaşdırılmasını nəzərdə tutur.
Bu, istedadlı uşaqların öz yaşıdları və
yaşca onlardan fərqlənən digər istedadlarla
ünsiyyətdə olmalarına, eyni sahədə istedadı
olan uşaqlarla özlərini müqayisə etməyə,
öz vəziyyətlərini qiymətləndirməyə və
s. imkan verir.
Pedaqoqlar deyir ki, istedadlı
uşaqlar üçün xüsusi inkişaf proqramlarında
ümumi təhsilin son mərhələlərində
istedadlı uşaqların seçdikləri peşəyə
uyğun universitet səviyyəsində məşğul olmaq
imkanı yaradılmasını nəzərdə tutan məqamlar
da öz ifadəsini tapmalıdır.
İstedadlı uşaqlara dövlətin qayğısı günü-gündən genişlənir və daha yüksək səviyyədə özünü ifadə edir.
İradə SARIYEVA
Bakı xəbər.-2014.- 7 mart.-S.7.