Təhsil müəssisələrində nəticəyönlü
və şəffaf idarəetmə modelinin yaradılması
Müasir dövrdə Azərbaycanda
təhsildən danışarkən çox zaman 20 illik bir
zaman kəsimi ilə arxada buraxdığımız Sovet
dönəmi ilə paralellər aparır, bir çox hallarda
hətta üstünlüyü o dövrə veririk. Bunun da özəl səbəbləri var. Məsələ
burasındadır ki, sovet təhsil sistemi bir çox
üstünlüklərə malik idi. Eyni zamanda, müəllim
kateqoriyasının əməkhaqqı öz dövrü
üçün az məbləğ
sayılmırdı.
Lakin ölkənin müstəqillik
dövrünə qədəm qoyması ilə, bir çox
sahələrdə olduğu kimi, təhsil sahəsində də
bir başıpozuqluq yarandı. Səbəb isə adət
etdiyimiz bir sistemdən ayrılaraq tam fərqli, bizə bəlli
olmayan bir sistemə keçid etməyimiz idi. Üstəlik, sosializm sistemindən liberal kapitalizmə
transfer etməyimiz qarşımızda tamamilə yeni, bu vaxta
qədər təsəvvür belə etmədiyimiz bir mənzərə
açmışdı. Göründüyü kimi, bu
mühitə və onun qanunlarına
alışmağımız üçün az
zaman gərək olmadı. Demək olar ki, uzun
bir keçid dövründən sonra təhsilimiz yenicə
dirçəlməyə başladı. Lakin
bu o demək deyil ki, bu günə qədər Azərbaycanın
öz təhsil ənənələri olmayıb, yaxud ölkədə
təhsilin səviyyəsi sıfır həddində olub.
Sadəcə, yeni dövr özü ilə bərabər
yeni təhsil sistemi, yeni ənənələr gətirdi ki, bu
gün artıq onun bəhrəsini görməkdəyik.
Azərbaycan təhsil sistemində yeni
üsullarla idarəetmənin əsasının qoyulduğu
dövrdən üzübəri addım-addım üzərinə
gedilən problemlər, faktdır ki, bu gün artıq xeyli dərəcədə
azalıb. Lakin bütün bu proseslər
heç də asan keçilmir. Bəlli məsələdir
ki, beyinlərdə köhnə təfəkkür hələ
də qalıbsa, yeni fikirləri oraya sığdırmaqla yenilikləri
tətbiq etmək cəhdləri elə cəhd olaraq
qalmağa məhkumdur. O üzdən sistem daxilindəki
idarəetmədə də köklü islahatların
aparılması günün tələbi kimi
çıxış edir. Sirr deyil ki, müstəqilliyin
ilk illərində təhsilin Boloniya sisteminə keçidi ilə
bağlı məsələ gündəmə gələrkən
hətta qabaqcıl məktəblərin ən bacarıqlı
müəllimləri belə onu böyük panika ilə
qarşılamışdılar. Hətta o
zaman ruhdan düşüb işdən ayrılmaq istəyənlər
belə vardı. Düşünürdülər
ki, bu günə qədər alışdıqları
üsullardan tam fərqli bir sistemə keçdikləri halda
işləmək onlar üçün çətin, hətta
mümkünsüz olacaq. Lakin zaman göstərdi
ki, bu fikirlərin heç bir əsası yoxdur və istək
olarsa, hər bir işin öhdəsindən gəlmək
mümkündür. Eynilə kurikulum
sisteminin tətbiqi də geniş müəllim ordusu tərəfindən
ciddi anlaşılmazlıq və panika ilə
qarşılandı. Lakin onun tətbiqindən
bir o qədər də uzun vaxtın keçməməsinə
baxmayaraq, sistem artıq gərək olduğu şəkildə
tətbiq olunur. Bütün bunların
kökündə isə, bəlli ki, düzgün idarəetmə,
məqsədyönlü siyasət və zamanın tələbilə
ayaqlaşmaq niyyəti durur.
Bugünkü təhsil
sisteminin ən böyük problemlərindən birinin müəllimlərin
əməkhaqqı ilə bağlı olduğu faktdır. Məsələ
burasındadır ki, müstəqilliyin ilk illərində
bazar iqtisadiyyatına keçidlə bağlı olaraq bu sahədə
ciddi bir xaos yaşandı. Bu isə ona gətirdi
ki, müəllim dolanışığını təmin etmək
üçün əyri yola əl atmağa məcbur oldu.
Tələbənin və ya şagirdin əlinə
göz dikən müəllim bununla nüfuzunu kəskin dərəcədə
itirdi, müəllim-şagird və müəllim-tələbə
münasibətlərindəki balans birincinin ziyanına ciddi
şəkildə pozuldu. Bütün bu
problemlərin həlli isə sözügedən sahənin
idarəedilməsində məqsədyönlü, yeni və
daha səmərəli fəaliyyət və əzmkarlıq tələb
edirdi. Son illər aparılan islahatlar və
ciddi kadr dəyişikliklərinin yaratdığı mənzərə
düşünməyə əsas verir ki, qoyulan məqsədə
doğru irəliləyiş ciddi nəticələr verir.
Təhsil sistemində
aparılan islahatlar sırasında səs-küylü nəticələrə
səbəb olan məsələlərdən biri də müəllimlərə
tətbiq olunan yaş senzi ilə bağlı oldu. Belə ki,
yaşı 65-i ötmüş müəllimlər pensiyaya
göndərilərək, onların yerinə işə gənc
kadrlar cəlb olundu. O ərəfədə
çoxları bu məsələni az qala
faciə kimi qarşıladı. Belələrinin
arqumenti də bu idi ki, təcrübəli insanların yerini
tutmuş təcrübəsiz gənclər təhsil sistemini
çökdürəcək. Lakin yeni idarəetmənin
daha tutarlı arqumenti vardı. Bu da ondan
ibarət idi ki, yaşlı nəsil yenilikləri qəbul
etmir, ona görə də təhsil sistemi "yerində
sayır." Bu yeniliklərdən biri isə
bu gün artıq məişətimizə daxil olmuş informatika
texnologiyalarının təhsil sistemində tətbiqi idi ki,
bu sıraya aid edilən kompyuterlə işləmə
bacarığını yaşlı müəllimlərdən
gözləməyin özü gülünc idi. O üzdən
müəllimlər qarşısında qoyulan tələblərdən
biri də kompyuterlə işləmək bacarığı
idi. Zaman göstərdi ki, ortada niyyət olarsa,
istənilən nəticəni əldə etmək
mümkündür. Belə ki, bu gün
artıq ölkədə müasir texnologiyaların tətbiqi
ilə bağlı ciddi nəticələrə imza
atılıb ki, buna misal olaraq Bakının Bülbülə
qəsəbəsində yerləşən eksperimental orta məktəbdə
tədrisin pilot layihə çərçivəsində
tamamilə elektronlaşdırılmasını göstərmək
olar. MDB məkanında analoqu olmayan bu layihə
çərçivəsində sinif otaqlarında elektron
yazı lövhəsi qurulub, şagirdlərin isə hər
biri fərdi şəkildə kompyuterlə təmin olunub.
Bu üsulun maraqlı tərəfi odur ki, dərs keçən
müəllim eyni zamanda şagirdlərin hər birinin
kompyuterinə, konkret hansı uşağın kompyuterdə
hansı səhifəni açdığına nəzarət
edə, həmçinin, onların arzuolunmaz saytlara girişinə
blok qoya bilir. Bununla da
şagirdin dərsin mövzusundan yayınaraq hansısa əyləncəli
sayta girmə şansı sıfıra enir. Pilot layihə
kimi özünü doğruldan bu tədris üsulunun getdikcə
öz əhatə dairəsini genişləndirəcəyi
gözlənir ki, bu da müasir təhsilimizin gələcəyinə
əminlik yaradır.
Müasir təhsil sisteminin
idarəedilməsində bir sıra problemlər hələ də
qalmaqdadır ki, idarəetmə işi düzgün qurularsa,
onların öhdəsindən gəlmək o qədər də
uzun müddət tələb etməz. Belə
problemlərdən biri bugünkü təhsil sistemimizdə
müəllim - şagird münasibətləridir. Belə ki, uşaq psixologiyasına bələd
olmayan, uşaq pedaqogikasının xüsusiyyətlərini dərindən
bilməyən müəllim bəzən elə bir yerdə
yanlışa yol verir ki, nəticədə yaranmış
problemin həllinə həftələr, aylar sərf olunur.
Amma bu zaman müəllim düşünmür
ki, problem uşaqda deyil, onun özündədir. O üzdən
təhsil sisteminin idarəolunmasında bu aspektlər də nəzərə
alınmalı, istər ali, istərsə
də orta məktəblərdə bu tip məsələlərin
çözümünə yönəlik kurslar təşkil
olunmalı, müəllimlərin həmin kurslardan keçməsi
məcburi xarakter daşımalıdır. Təbii
ki, bu, məsələnin birdəfəlik çözüləcəyini
deməyə əsas vermir, amma müəyyən qədər
işin xeyrinə olacağı dəqiqdir.
Təhsil sistemində daha bir
problem isə bəzi müəllimlərin yeniliyə, fəal
təlim metodlarına neqativ münasibətidir. Bu zaman müəllim yeniliyi
öyrənməyi özü üçün "artıq
iş" saydığından bununla bağlı
qarşısına qoyulan vəzifəni az
qala faciə kimi qəbul edir. Bu isə yeni fənn
kurikulumlarının mənimsənilməsində onların
qarşısında əngələ çevrilir ki, nəticədə
ziyan ümumən təhsil sisteminə dəyir. O üzdən
bu sistemdə daha mütərəqqi idarəetmə
metodlarına keçilməsi günün tələbi kimi
çıxış edir.
Təhsildə idarəetmə
metodlarından danışarkən müəllimlərin
peşə səviyyəsinin artırılması
yönündə aparılan məqsədyönlü siyasətdən
söz açmamaq mümkün deyil. Məsələ
burasındadır ki, bir çox müəllimlər yeniliyə
meylli olmadığından onun tətbiqinə də
barmaqarası baxır. Lakin son illərdə
yeni idarəetmə metodlarına keçilməsi bu istiqamətdə
ciddi nəticələrin ələ olunacağına
böyük ümidlər yaradır. Təbii,
bunu bütün pedaqoji fəaliyyətlə məşğul
olan şəxslərə aid etmək insafsızlıq
olardı. Faktdır ki, bu gün artıq işini yeni təlim
üsulları üzərində quran, fəal təlimi
özünün gündəlik iş üslubuna çevirən,
bu sahədə dərsliklər yazan, metodiki vəsaitlər nəşr
edən bir çox müəllim və metodistlər var. Belələrini
pedaqoji ictimaiyyət arasında mükafatlandırmaq, təbliğ
etmək və onların işini yaymaq həm onları daha məhsuldar
fəaliyyətə ruhlandırar, həm də onların məhsuldar
əməyindən Azərbaycan təhsili bəhrələnər.
Bu həm də şəffaf idarəetmənin təzahürü
kimi çıxış edər və ümumi işin xeyrinə
olar. Təhsil sahəsində
innovasiyaları qəbul etməyən müəllimləri isə
bu sistemdən uzaqlaşdırmaq ən optimal yoldur. Çünki təhsil həm də millətin gələcəyi
deməkdir. Hətta çox sərrast
deyilmiş və zamanla təsdiqini tapmış bir deyim var ki,
bir milləti məhv etmək istəyirsənsə, bu işə
onun təhsilindən başla. O üzdən bu gün təhsil
sistemində aparılan islahatlar daha ardıcıl xarakter
daşımalı, bu sahədə idarəetmə daha mütərəqqi
metodlarla aparılmalıdır. Bu gün
dövlət siyasətinin tərkib hissəsini təşkil
etdiyindəndir ki, son illər ölkə qanunvericiliyində təhsil
sahəsində köklü islahatları nəzərdə
tutan qanunlar qəbul olunub, mövcud qanunlara isə
dövrün tələbi ilə ayaqlaşan əlavə və
dəyişikliklər tətbiq olunub. Elə ötən
il oktyabrın 25-də Prezident İlham
Əliyevin Sərəncamı ilə "Azərbaycan
Respublikasında təhsilin inkişafı üzrə dövlət
strategiyası"nın qəbulu da bu sıradan təhsil
sistemimizin inkişafına təkan verəcək mühüm
sənəd kimi qəbul olunmalıdır. Bu sənədə
görə, təhsil sahəsində bir sıra yeniliklər nəzərdə
tutulub ki, bunlardan ən önəmlisi dövlət və
özəl ali təhsil müəssisələrinə
ödənişli təhsil üzrə qəbul
planının ləğv edilməsi və dövlət
sifarişinin yalnız ixtisaslar üzrə müəyyənləşdirilməsidir.
Sənəd, eyni zamanda, məktəbə hazırlıq təhsilinin
1 il icbariliyinin təmin olunması, erkən yaşlı
uşaqların məktəbəqədər təhsillə əhatəsinin
90% səviyyəsinə çatdırılması, 10 illik
icbari ümumi orta təhsil və 2 illik tam orta təhsil modelinə
mərhələli şəkildə keçidi təmin etməklə
12 illik ümumi təhsil sisteminin yaradılmasını nəzərdə
tutur. Təhsil naziri Mikayıl Cabbarov
sözügedən sənədi jurnalistlərə şərh
edərkən müəllimlərin peşəkar
inkişafına, onların maddi rifahına yönəlik
addımların nədən ibarət olacağına izah
verib. Nazirin sözlərinə görə,
sözügedən sənəd özəlliklə məzmun,
yəni biz nəyi öyrədirik, təhsil sisteminin idarəedilməsi,
idarəetmədə hansı tədbirlərin həyata
keçirilə biləcəyini, təhsil sisteminin
infrastrukturu və həyata keçirmə üçün
lazım olan resursları tənzimləməyi nəzərdə
tutur.
Lakin bütün bunlar o demək
deyil ki, bu gün Azərbaycan təhsili istənilən səviyyədədir
və dövrün tələbinə uyğun bütün
parametrlərə cavab verir. Təbii ki, problemlər
hələ də qalır və bütün bunlar idarəetmənin
günün tələbinə
uyğunlaşdırılmasını labüd edir.
Samirə SƏFƏROVA
Bakı xəbər.-2014.-7
mart.-S.12.