Gənclərdə vətəndaşlıq hisslərinin formalaşmasında dövlət siyasətinin rolu...

 

 

Azərbaycan dövlətinin həyata keçirdiyi mənəvi-ideloji siyasət gənclərin formalaşmasına, tərbiyəvi yol tutmasına əhəmiyyətli dərəcədə təsir edir. Gənclərdə vətəndaşlıq, vətənpərvərlik hisslərinin ən yüksək dərəcədə olması onların milli mənlik şüurunu oyadır, inkişaf etdirir. Əlbəttə, vətəndaşlıq çox uca və ali bir vəzifədir. Gənclərimizin də özlərini bu ali məqamda hiss etməsi təqdirəlayiqdir.

Bəllidir ki, vətəndaş olmaq təkcə dövlətin rəsmi kimlik sənədini daşımaqla bitmir, bu bir mənəviyyat, könül işidir, hüquqi bağlandığın dövlətə mənən də bağlanmalısan.

Ümumiyyətlə, Azərbaycan dövlətinin siyasəti gəncliyi, vətəndaşları dövlətə bağlamaq, insanlara sahib çıxmaq, yiyəlik etmək istiqamətində qurulub.

Ekspertlər çox haqlı olaraq deyirlər ki, vətəndaşlıq hissi özünütəsdiqin, ləyaqətin və ümumbəşəri keyfiyyətlərin məcmusudur. Bu da onu düşünməyə əsas verir ki, hər bir azərbaycanlı gəncdə vətəndaşlıq hissləri məhz belə bir zəmin üzərində təşəkkül tapır və inkişaf edir.

Tarix üzrə fəlsəfə doktoru Mətanət Ağarzayevanın sözlərinə görə, mədəniyyətin, elmin inkişafı xalqın böyüklüyü və kiçikliyindən deyil, həmin xalqın müdrikliyindən və zəngin təfəkkür tərzindən asılıdır: "Bu da vətəndaşlıq hissinin formalaşmasından keçir. Bu gün mənəvi tərbiyənin mühüm tərkib hissələrindən biri ölkə gənclərində milli mənlik şüurunun formalaşdırılmasıdır. Azərbaycan xalqı öz kökünə, tarixin açılmamış səhifələrinə müraciət edərək tarixi köklərini, tariximizin bəzəyi olan görkəmli şəxsiyyətlərin həyat və fəaliyyətini öyrənir, milli özünüdərkin, özünütəsdiqin, özünəməxsusluğun bütün əlamətlərini aşkar etməyə çalışır. Görünən odur ki, hər bir azərbaycanlı gəncdə vətəndaşlıq hissi belə bir zəmin üzərində təşəkkül tapır. Onu da qeyd edim ki, mədəniyyətin, elmin inkişafı xalqın böyüklüyü və kiçikliyindən deyil, həmin xalqın müdrikliyindən və zəngin təfəkkür tərzindən asılıdır. Gənclərdə sadalananların fonunda vətəndaşlıq hisslərinin formalaşması onlarda Vətənə, torpağa, dövlətə məhəbbət yaradır. Eyni zamanda, sadalananlara sədaqət hissi formalaşdırır. Gənclər dərk edir ki, dünyada Azərbaycan xalqı var, yaşayır və onlar var olduqca dövlətimiz yaşayacaq. Başlıca məsələ gənclərdə bu işdə inamın qorunub saxlanmasıdır. Həyatımızın bir çox hadisələri özünün emosionallığı ilə gəncləri vəcdə gətirir, millətin taleyi ilə bağlı məsələlərdə onları fəaliyyətə səfərbər edir. Milli mənlik şüurunun qabarıq təzahürü olan doğma yurda, torpağa məhəbbət gəncləri müqəddəs tellərlə bağlayır, onları suverenliyin, milli bütövlüyün qorunması naminə mübarizəyə səsləyir. Milli mənlik şüuru formalaşmış və tərbiyə olunmuş Azərbaycan gənci xalqının mənəvi sərvətlərinin tarixi inkişaf xüsusiyyətlərini, sosial-etnik cəhətlərini bütün dolğunluğu ilə dərk edir, onlarla bağlı hadisələrə qiymət verir. Təsadüfi deyil ki, vətəndaşlığın məsuliyyətini dərk etmiş gəncdə əqidə bütövlüyü, sözlə işin tam vəhdəti özünü parlaq şəkildə təzahür etdirir. Hazırkı şərait gənclərimizlə aparılan təlim-tərbiyə işlərinə, xüsusilə də tərbiyə məsələlərinə yenidən baxmağı, gənc nəsildə milli ləyaqət, vətəndaşlıq ləyaqəti və dəyanətinin, mənəvi əqidənin tərbiyə edilməsini ön plana çəkməyi tələb edir".

Tarixçi bildirdi ki, respublikamızda şəhidlərin xatirəsinə qanlı 20 Yanvar gününün, Xocalı soyqırımının matəm günləri kimi keçirilməsi Azərbaycan xalqının dözümlü və təmkinli xalq olduğunu bütün dünyaya nümayiş etdirir: "Şəhidlər Xiyabanına doğru gedən insan axını bir daha təsdiq etdi ki, Azərbaycan gəncləri özünün dərin mənəvi tarixi köklərini, milli mənliyini, milli ləyaqətini, vətəndaşlıq dözümünü dərindən dərk edir. Vətəndaşlıq hisslərinin formalaşdırılması, eləcə də tərbiyə olunması xalqın mütəşəkkil və monolit birliyini tələb edir. Gənclər arasında qarşılıqlı münasibətləri görmək, dünyanı dərk etmək sadalanan faktorların başlıca şərtlərindəndir. Digər tərəfdən, dövlət ideoloji fəaliyyətlə məşğul olmağa, yeni konkret milli və dövlətçilik dəyərlərini dəstəkləməyə və təbliğ etməyə borcludur. Son illər dövlətin gənclərin vətəndaşlıq hisslərinin formalaşmasına yönəlik həyata keçirdiyi bir sıra silsilə xarakterli tədbirlər bu sahədə inkişafın getməsindən xəbər verir. Bununla yanaşı, tarix sübut edib ki, nəzəri fikrin formalaşdırılması onun tərkib hissələrinin əməli şəkildə həyata kəçirilməsi qədər məsuliyyətli işdir. Mərhum prezident Heydər Əliyev milli-mənəvi simanın daha məzmunlu istiqamət almasına, milli prosesləri milli mənafeyə uyğun şəkildə dəqiq tənzim etməyə, millət və xalq adlanan ümmana yönəltməyə nail olub. Ona görə də hər bir azərbaycanlı gəncin vətəndaşlıq şüurunun formalaşması və tərbiyə olunmasına xüsusi qayğı ilə yanaşmaq, onunla planlı, sistemli, mütəşəkkil iş aparmaq vacibdir. Azərbaycan mədəniyyətinin etik tərəfləri böyük milli cazibə qüvvəsi kəsb edərək şəxsiyyətin mənəvi tərbiyəsinə, milli mənlik şüurunun, milli dəyərlərin bərqərar edilməsinə şərait yaradır. Həmçinin, Azərbaycan gənclərinin özlərini vahid, bütöv bir millətin tərkib hissəsi kimi dərk etməsinə kömək edir, sosial və mənəvi tərbiyənin məzmununda köklü dəyişiklik etməyi zəruri məsələ kimi qarşıya qoyur. Bütövlükdə milli dövlətçilik, müstəqillik, hüquqi-demokratik, dünyəvi dövlət quruculuğunun müvəffəqiyyətlə başa çatdırılması onun ölkə vətəndaşları tərəfindən dərk olunması nəticəsində mümkündür. Bu, Azərbaycan gənclərinin dövlətimizin müstəqillik rəmzlərinə hörmət və məhəbbət hissinə tam yiyələnməsi, milli mənlik şüuruna malik olan vətənpərvər kimi yetişməsi sayəsində mümkündür. Dövlət müstəqilliyinin qorunub saxlanması, dünya birliyinə inteqrasiya indi azərbaycanlıların milli mənlik şüurunun tərkib hissəsinə çevrilib. Məhz müstəqil Azərbaycan dövlətinə, onun hadisələrlə zəngin tarixinə görə ölkə gənci qürur hissi keçirməli və bunların qorunmasında öz vətəndaşlıq borcunu dərk etməlidir. Çünki aparılan sistemli işlər nəticəsində bu gün Azərbaycan dinamik inkişaf edən, öz ehtiyaclarını özü ödəyən müasir ölkədir".

M.Ağarzayevanın dediyinə görə, müstəqil ölkənin vətəndaşı olan yetkin, mükəmməl düşüncəyə malik hər bir gənc bunun fərqində olmalı və bunu sağlam məntiqə söykənərək qiymətləndirməyi bacarmalıdır: "Ona görə ki, Azərbaycan dövlətinin yeritdiyi siyasət açıq və aydındır. Güclü iqtisadi təməl üzərində müasir siyasi sistemin formalaşdırılması, dövlətçiliyin əsaslarının möhkəmləndirilməsi, azərbaycançılıq ideologiyasının gücləndirilməsi məsələləri prioritet təşkil edir. Ölkədə gedən proseslərin düzgün, konkret, canlı və inandırıcı şəkildə gənclərə çatdırılması vətəndaşlıq hisslərinin inkişafına öz töhfəsini verir. Bununla belə, ölkə gəncləri xalqlar və millətlər arasında mədəni əlaqələrin necə yaranıb inkişaf etdiyini bilməli, ictimai yaşayış qaydalarının pozulması hallarına qarşı barışmaz olmalıdır. Bunun üçün də Azərbaycanda dərc olunan qəzet və jurnallar mənəvi tərbiyənin mühüm tərkib hissəsi olan milli mənlik şüurunun tərbiyəsi sahəsində təbliğatı gücləndirməlidir. Bu istiqamətdə yalnız pedaqoji mətbuat deyil, bütün mətbuat, kütləvi informasiya vasitələri məşğul olmalıdır. Ölkə gənclərinin vətəndaşlıq ləyaqətinin formalaşması məqsədilə disputların, elmi-praktik konfransların keçirilməsi çox səmərəli və faydalı effekt verə bilər. Bir sözlə, gənclərin vətəndaşlıq hisslərini mənimsəməkdə onlara yardımçı olan bütün vasitələrdən istifadə etmək və bu kontekstdə dəyərləri aşılamaq lazımdır. Yalnız o zaman gənc nəslin yüksək və hərtərəfli şəkildə formalaşmasının şahidi ola bilərik".

Tarixçinin fikrincə, dövlətin başlıca vəzifələrindən biri gənclərin bir vətəndaş olaraq formalaşmasına kömək etməkdir. O hesab edir ki, vətəndaşlıq məsələsi dövlətin təşkilində mühüm məqamlardan biridir: "Xüsusən də əhalisinin önəmli hissəsi gənclər olan və gələcəyə yönəlik siyasət tələb edən ölkələrdə sözügedən məsələlər öncüllük təşkil edir. Necə deyərlər, gündəmin əsas məsələlərindən biri hesab olunur. Azərbaycanda yaşayan gənclər arasında vətəndaşlıq təlimi, vətənpərvərlik tərbiyəsi ilə bağlı son illər bir sıra işlər görülüb və proses bu gün də davam edir. İlk növbədə qeyd etmək lazımdır ki, Gənclər və İdman Nazirliyinin yaradılması bu sahədə əldə olunan çox mühüm uğurdur. Azərbaycanda ordu sahəsində illər uzunu aparılan islahatları, görülən işləri qeyd etməyə dəyər. Ona görə ki, müdafiə sahəsinin mühüm atributlarından olan ordu gənclərin vətəndaş olaraq formalaşmasında çox mühüm təsisatlardan biridir. Əvvəllər obyektiv və subyektiv səbəblər üzündən gənclərin orduda xidmət göstərməsi uzun müddət idisə, indi bu, ali təhsil alanlar üçün bir il, ali təhsili olmayanlar üçün il yarımdır. Bundan başqa, ordunun maddi-texniki bazasının gücləndirilməsi ilə bağlı dövlətin həyata keçirdiyi tədbirlər, paradların keçirilməsi və s. işlər gənclərin formalaşmasına müsbət təsir göstərir. Həmçinin, dərsliklərdə aparılan islahatları xüsusi olaraq qeyd etmək istəyirəm. Digər tərəfdən, dövlətin gənclər siyasəti ilə bağlı artıq ikinci proqram qüvvədədir. Eyni zamanda da dövlət qulluğuna qəbulla bağlı keçirilən test imtahanları da gənclərin inkişafına öz müsbət təsirini göstərir. Bunlar gənclərin vətəndaşlıq hissinə, tərbiyəsinə xidmət göstərən faktorlar kimi qəbul olunmalıdır. Çünki bir var hansısa dövlət qulluğuna qəbuldan ötrü qanunsuz, qeyri-leqal yollara baş vurasan, bir də var qanuni şəkildə gedib imtahan verib vəzifə tutasan. Bir deyim var: vətənpərvər insan öz işini yaxşı görən insandır. Bu mənada hər hansı bir məmurun, səlahiyyətli şəxsin vətənpərvərliyi bütövlükdə həmin orqanın və onun məsul olduğu məqamın gənclərə münasibəti kimi özünü göstərir. Bütün bunlarla yanaşı, hesab edirəm ki, görülən işlərlə kifayətlənmək doğru deyil. Ona görə də gənclərdə vətəndaşlıq hissini gücləndirmək üçün daha geniş təbliğatın aparılmasına ehtiyac var. Bütün bunları kitabların, telekanalların hesabına həyata keçirmək mümkündür. Bizdə Dövlət Bayrağı meydanının açılması, ayrı-ayrı dövlət orqanları qarşısında bayraqların dalğalanması çox mühüm hadisədir.

Bütün bunlar gənclərin bayrağa, eyni zamanda dövlətin digər atributlarına bağlılıq hissini artırır ki, bu da, öz növbəsində, gənclərin formalaşmasına yaxşı mənada təsir göstərir. Çünki məsələyə vətəndaş məsələsi kontekstindən yanaşanda bir məmurun, hərbi səlahiyyətli şəxsin bayrağa münasibəti, Dövlət Himni oxumasının özü də digərləri üçün bir nümunə, örnəkdir".

Onun fikirlərindən belə qənaətə gəlmək olar ki, sadə şəxs bunları edərkən bəlkə də elə də təsirli olmur, amma bunu səlahiyyətli, tanınmış şəxs yerinə yetirəndə daha təsirli olur. Bu baxımdan dövlət tərəfindən sözügedən istiqamətdə görülən bir sıra işlər təqdirəlayiqdir. Bunun effekti ölçüyəgəlməzdir.

 

 

İradə SARIYEVA

 

Bakı xəbər.-2014.-7 mart.-S.15.