Arxeoloji düşərgə layihəsi gəncliyin
vətənpərvərlik tərbiyəsində böyük
rol oynayır
Gənclər yalnız müasir dövrlə
maraqlanmır, onları yalnız günümüzün hadisələri
ilgiləndirmir, həm də keçmişlə, tariximizlə
maraqlanırlar. Bilirik ki, Azərbaycan qədim
yaşayış məskənlərindən biri kimi gənclərin
diqqətini özünə çəkir. Odur ki, gənclər babalarımızın
daşlara hopan izlərini axtarmaqan qürur duyurlar.
Bəllidir ki, son illər
dövlət səviyyəsində Azərbaycanda sistemli gənclər
siyasəti həyata keçirilir. Sözügedən siyasətin
məzmununda dayanan məqsəd bunun daha çox gəncin həyat
və şəraitində özünü göstərməsidir.
Məsələ ondadır ki, son dövrlər
dövlətin gənclərlə bağlı
stimullaşdırıcı xarakterli müxtəlif
sektorları əhatə edən layihələri artıb.
Gənc arxeoloq Ramin Qasımovun sözlərinə görə,
dövlətin gənclərlə bağlı siyasətinin
kökündə həm də onların elmə, təhsilə,
tariximizə bağlanması durur: "Dövlətin gənclər
siyasəti bizi təmin edir. Bunun mühüm
istiqamətlərindən biri gənclərə dövlət
dəstəyinin gücləndirilməsindən, onlara hərtərəfli
diqqət göstərilməsindən ibarətdir. Son illər ölkəmizdə gənclərlə
bağlı görülən bir sıra işlər və bu
çərçivədə həyata keçirilən layihələr
gənclərin hərtərəfli inkişafının təmin
olunması üçün sosial-iqtisadi, təşkilati təminatların
yaradılmasını sürətləndirib. Bununla yanaşı, onların ictimai həyatda fəallığının
artmasına kömək edib. Təsadüfi
deyil ki, bu gün ölkəmizdə gənclər siyasəti
dövlət siyasətinin mühüm tərkib hissəsinə
çevrilib. Azərbaycan gəncliyinin
ictimai həyatın bütün sektorlarında aktiv fəaliyyəti
bu və ya digər dərəcədə seçilir.
Son bir neçə il ərzində
bilavasitə gənclərlə bağlı xeyli sayda normativ sənədin
qəbul olunması ölkəmizdə gənclərin
inkişafına yönəlmiş mükəmməl
qanunvericilik bazasının formalaşdırılmasından xəbər
verir. Prezident İlham Əliyev tərəfindən
ölkədə həyata keçirilən gənclər siyasəti
gənclərin bütün təbəqələrinin hərtərəfli
inkişafını təmin etməkdədir. Gənclərlə
düzgün iş strategiyasının müəyyənləşdirilməsi
nəticəsində onlar çoxşaxəli dövlət
islahatlarının həyata keçirilməsində
yaxından iştirak edir. Ölkə gəncliyi
artıq cəmiyyətin inkişafında ciddi rolu olan fəal
sosial təbəqəyə çevrilib. Bu
ondan irəli gəlir ki, hər keçən gün gənclərin
seçim imkanlarının genişləndirilməsinə
xidmət edən şəraitin yaradılmasını
görürük".
Gənc arxeoloq bildirdi ki, ölkədə
gedən inkişaf prosesində gənclərin imkanlarından
daha səmərəli istifadə edilməsi üçün
mexanizmlər tapılmalı və dövrün tələbinə
uyğun olaraq təkmilləşdirilməlidir: "Ölkəmizdə
gənclərin təhsil səviyyəsinin, bilik və
bacarıqlarının yüksəldilməsi məsələsinə
daim diqqət yetirilir. Məsələn, sosial dəstək
layihələri çərçivəsində gənclərin
ipoteka kreditlərinə çıxış imkanları
get-gedə sadələşdirilir. İş
ondadır ki, dövlət gənclərin daha çox mənzilə
ehtiyac duyduğunu nəzərə alaraq, güzəştli
ipoteka krediti alanlar siyahısına onları da daxil edib. Gənc ailələrin mənzil şəraitinin
yaxşılaşdırılması onların maddi probleminin
həll olunmasına dəstək göstərməklə
yanaşı, ailə zəminində yaranan münaqişələrin
və bundan doğan boşanmaların da sayını
azaldır. Nəzərə almaq
lazımdır ki, müasir zəmanəmizdə gənc ailələri
təhdid edən problemlərdən biri də
boşanmalardır. Sosial problemlərin həlli
bu sahədə risqləri əhəmiyyətli şəkildə
azaldır. Digər tərəfdən, Gənclər
Fondunun yaradılması haqqında sərəncam imzalanıb
və Fondun fəaliyyəti üçün vəsait
ayrılıb. Onu da qeyd edək ki, Gənclər
Fondunun yaradılmasında söhbət yalnız təşkilatlanmış
gənclərdən getmir. Bu fərdi şəkildə
gənclər üçün önəmli bir məsələdir.
Bununla belə, bölgələrdə Gənclər
Mərkəzi yaradılır. Onu da qeyd edək
ki, ölkə Prezidenti bir sıra rayonlara səfəri
zamanı artıq belə mərkəzlərin
açılışını edib. Ümumiyyətlə,
regionların inkişafı proqramı çərçivəsində
də bu işlər gedir. Görünən
odur ki, sözügedən işlər çərçivəsində
gənclərimiz bölgələrdə çox fəaldır.
Onlar üçün idman mərkəzləri,
mədəniyyət obyektləri tikilib istifadəyə verilir.
Ümumilikdə bütün rayonlarda gənclər
evi və gənclər mərkəzlərinin
yaradılması qarşıya məqsəd qoyulub. Məqsəd gənclərin bir araya gəlməsi,
müəyyən müzakirələr aparması
üçün ünvan yaratmaqdır. Bu
mərkəzlərdə həm kompyuter mərkəzi, həm
konfrans zalı, həm də digər imkanlar yaradılır
ki, gənclərimiz bundan maksimum şəkildə səmərəli
istifadə etsin. Bütün bunlar gənclərin
cəmiyyətdə fəal bir təbəqə kimi
inkişafına və mənəvi cəhətdən
formalaşmasına təkan verir. Azərbaycan
gənci XXI əsrin tələblərinə uyğun olaraq
beynəlxalq səviyyədə ölkəmizi layiqincə təmsil
edir". Gənclərin təbliğat işinə cəlb
edildiyini deyən R.Qasımovun fikrincə, xalqımızın
zəngin tarixi və mədəniyyəti, milli adət-ənənələri,
eləcə də müasir dövrdə Azərbaycanın
inkişafı ilə bağlı məlumatlar daha çox
yayılmalıdır: "Dövlət strukturları səviyyəsində
gənclərlə bağlı həyata keçirilən
layihələr böyük marağa səbəb olur ki, bu da,
öz növbəsində, gənclərin həyatında yeni
səhifənin açılmasına təkan verir. Dövlət, ənənəsinə sadiq qalaraq, bir
neçə gün əvvəl növbəti mühüm əhəmiyyət
daşıyacaq layihəyə start verib. Belə ki, Gənclər
və İdman Nazirliyi tərəfindən bu ildən etibarən
ali təhsil müəssisələri tələbələrinin
iştirakı ilə respublikanın müxtəlif
regionlarında arxeoloji düşərgələr təşkil
edilir. Düşərgənin təşkil edilməsində
əsas məqsəd gənclərin vətənpərvərlik
ruhunda tərbiyə edilməsi, onlara Azərbaycan tarixi
haqqında əyani olaraq geniş məlumatların verilməsidir.
Bununla əlaqədar olaraq nazirlik Azərbaycan Milli Elmlər
Akademiyası nəzdində Arxeologiya və Etnoqrafiya
İnstitutu və Azərbaycan Tələbə Gənclər
Təşkilatları İttifaqı ilə birgə 2012-ci ilin
iyun tarixindən başlayaraq ali təhsil
müəssisələrinin tələbələrini Qəbələ
rayonunda arxeoloji düşərgələrə apardı. Yenə də o işlər davam etdiriləcək".
Qeyd edək ki, düşərgədə
çalışan tələbələr gənclər və
idman nazirinin müavini İntiqam Babayevin və Arxeologiya və
Etnoqrafiya İnstitutunun direktoru Maisə Rəhimovanın
iştirakı ilə görüşdə də iştirak
ediblər.
Onu da deyək ki, düşərgədə
15-ə yaxın ali təhsil müəssisəsindən
80 nəfər gəncin iştirak etdiyi məlumdur. Düşərgənin sonunda
iştirakçılara Gənclər və İdman
Nazirliyinin sertifikatları verilib.
Qeyd edək ki, bu tədbir Prezident
İlham Əliyevin 7 iyul 2011-ci il tarixli Sərəncamı
ilə təsdiq edilmiş "Azərbaycan gəncliyi
2011-2015-ci illərdə" Dövlət Proqramının 6.7
bəndinə uyğun olaraq həyata keçirilir.
Aydın məsələdir
ki, ölkə tarixi haqqında gənclərə əyani
olaraq hansısa məlumatların verilməsi daha təsirli
vasitədir, nəinki hansısa quru nəzəri məlumatlar. O baxımdan, sözügedən
layihənin effektiv təsirə malik olacağı güman
edilir.
Tanınmış sosioloq Əhməd Qəşəmoğlunun fikrincə, bu kimi proyektlər həm gənclərin formalaşmasında, həm də onların ölkə tarixi ilə bağlı daha dolğun məlumatlar əldə etməsində mühüm rol oynamaq imkanındadır. O, qəzetimizin əməkdaşı ilə söhbətində bildirib ki, bunun üçün birinci növbədə çalışmaq lazımdır. Onun fikrincə, bu imkanlardan səmərəli şəkildə istifadə olunmalıdır: "Məsələ ondadır ki, hansısa tarixi fakta söykənən əyani vəsait daha təsirli vasitədir. Bütün bu deyilənlərin fonunda hesab edirəm sözügedən məzmunda olan layihələrin həyata keçirilməsi və xüsusən də gənclərin bu işə cəlb olunması çox yaxşı haldır. Çalışmaq lazımdır ki, daha çox təhsilli gənc buna cəlb olunsun. Sözügedən məsələdə bir məqam da var ki, bunu xüsusi olaraq nəzərə almaq və ona uyğun olaraq işi qurmaq məqsədəuyğundur. Məsələ ondadır ki, vaxtilə bu kimi layihələr Rusiya və Türkiyədə də həyata keçirilib. Özüm də adıçəkilən ölkənin hər ikisində yaşamışam və həmçinin, oxşar layihələrin bəzilərində şəxsən iştirak etmişəm. Deməyim odur ki, işin nə cür təşkil olunmasından çox şey asılıdır. İş ondadır ki, sadəcə layihə xatirinə gedib orda qalacaqlarsa və əyləncəyə üstünlük verəcəklərsə, o zaman arxeoloji düşərgələrin təşkil olunmasından nəsə ummağa dəyməz. Necə deyərlər, görülən işin effekti çox az olacaq. Layihəni o şərtlə təqdir edirəm ki, tələbələrin orada işləməsi üçün kifayət qədər məzmunlu proqramlar işlənsin. Yəni yaxşı olardı ki, arxeoloji düşərgələrdə tələbələrin gördüyü tarixi gerçəkliklər ətrafında tez-tez diskussiyalar, müzakirələr keçirilsin. Sözügedən iş səyyar elmi seminar kimi olsa, daha yaxşı olar. Şəxsən mən arxeoloji düşərgələri praktiki olaraq bu cür görmək istəyirəm. Yeri gəlmişkən, onu da qeyd edim ki, biz oxuduğumuz dövrdə belə işlərdən tez-tez istifadə edirdik".
Ə.Qəşəmoğlunun dediyindən belə məlum oldu ki, bu işdə ən mükəmməl proqramların hazırlanaraq tətbiq olunması çox vacibdir və bu, işin irəli aparılmasının xeyrinədir: "Xüsusi metodoloji proqramlar hazırlanmalıdır ki, hətta əyani vasitələrdən daha effektli şəkildə yadda qalsın. Məsələn, ekskursiya zamanı hər hansı qəbirüstü, arxeoloji abidə görə bilərik və bir müddət sonra bu yadımızdan çıxa bilər. Ancaq bir də var ki, həmin arxeoloji abidə ətrafında söhbət, diskussiya, hər hansı videoçarxlar olsun. Bu kimi metodologiya abidəni yadda saxlamağa, dərinləşdirməyə və ondan faydalanmağa imkan yaradır. Xarici dövlətlərin təcrübəsi göstərir ki, dolğun metodoloji proqramlara söykənən bu kimi layihələr praktikada gənclərə daha çox fayda verir. İstərdim, Gənclər və İdman Nazirliyinin təşkil etdiyi layihə də belə olsun. Onu da qeyd edim ki, Azərbaycanda bu metod birinci dəfədir tətbiq olunur. Ola bilsin, bu il sözügedən layihə birinci dəfə tətbiq olunduğundan, bir qədər az effekt versin. Ancaq düşünürəm ki, gələcəkdə bu sahədə daha genişmiqyaslı layihələr həyata keçiriləcək və bunun səmərəsi miqyas etibarilə böyük olacaq. Bütün hallarda dövlət səviyyəsində belə layihələrin həyata keçirilməsi, dəstəklənməsi təqdirəlayiq haldır. İnşallah, bunun gənclərin formalaşmasında, vətənpərvərlik hisslərinin güclənməsində effekti yaxşı olacaq".
Düşünürük ki, tariximizi, yaddaşımızı öyrənmək üçün belə layihələr davamlı olacaq. Mədəniyyətimizin təbliğində gənclərin rolunu daha da artırmaq lazımdır ki, onlar tariximizi, arxeoloji mədəniyyətimizi dərindən öyrənib təbliğ etsinlər.
İradə SARIYEVA
Bakı xəbər.-2014.-12
mart.-S.10.