Olimpiya kompleksləri tikintisi gənclərin vətənsevər tərbiyəsində
mühüm dövlət
layihəsi kimi...
Samir Adıgözəlli:
"Bölgələrdə bu
kimi idman komplekslərinin inşa olunması gənclərin
bədən tərbiyəsində
mühüm rol oynayır"
Son illərdə ölkəmizdə idman infrastrukturunun yaradılması istiqamətində mühüm tədbirlər görülür, yeni obyektlər tikilib istifadəyə verilir. Təsadüfi deyil ki, beynəlxalq Olimpiya Hərəkatının fəal üzvlərindən olan Azərbaycanda tikilən Olimpiya-İdman komplekslərinin sayı 40-ı ötür. Mövcud idman obyektlərində aparılan yenidənqurma işləri beynəlxalq yarışların keçirilməsi üçün ölkəmizin imkanlarını daha da artırır. Azərbaycan 2015-ci ildə keçiriləcək birinci Avropa Oyunlarına hazırlaşır.
İdman infrastrukturunun daha da gücləndirilməsi ilə bağlı həyata keçirilən tədbirlərin mühüm tərkib hissəsi olan Milli Gimnastika Arenasında görülən işlər də xüsusi əhəmiyyətə malikdir. Təməli 2009-cu ilin avqustunda dövlət başçısının iştirakı ilə qoyulan Arenada tikinti işləri artıq başa çatmaq üzrədir. Ümumilikdə son 10 ildə Azərbaycan idman sahəsində də mühüm nailiyyətlər əldə edib. Prezident İlham Əliyevin idmana diqqəti sayəsində Azərbaycan artıq idman ölkəsi kimi bütün dünyada layiqli yerini tutub. Bu gün müstəqil Azərbaycanın idmançıları dünya miqyasında böyük uğurlar qazanır. Ölkəmiz dünya idman ailəsinə möhtəşəm mərkəz kimi daxil olub. İndi istər Bakı, istərsə də bölgələrdə region və beynəlxalq əhəmiyyətli idman yarışları ən yüksək səviyyədə keçirilir. Bu məsələdə regionlardakı müasir idman qurğuları müstəsna rol oynayır. Dövlət siyasətinin nəticəsi olaraq indi bütün rayonlarda gözəl və hər cür şəraiti olan idman strukturu yaradılır. Belə komplekslər bir daha sübut edir ki, ölkədə idmanın kütləviliyini artırmaq, gənclərin idmana marağını təmin etmək və bu sahədə yeni-yeni qələbələr qazanmaq üçün dövlət tərəfindən məqsədyönlü işlər həyata keçirilir. Azərbaycanda idman sahəsinə göstərilən diqqət artıq bütün dünyada böyük rəğbətlə qarşılanır. Bunun nəticəsidir ki, 2015-ci ildə ilk Avropa Oyunları və 2017-ci ildə İslam Həmrəyliyi Oyunları Azərbaycanda keçiriləcək.
Rayonlarda tikilən olimpiya komplekslərinin gənclərin sağlamlığının qorunmasında, fiziki imkanlarının yüksəlməsində rolu böyükdür. Eyni zamanda bu, uşaqlar arasında vətənpərvərlik hisslərinin aşılanmasına da öz müsbət təsirini göstərir. Prezident İlham Əliyev Göygöl rayonunda idman kolmpleksinin açılışında diqqətçəkən məqamlara toxunub: "Biz Göygöl idmançılarından yaxşı nəticələr gözləyirik. Gərək yaxşı nəticələr, qələbələr olsun, həm ölkə çempionatlarında, həm də beynəlxalq turnirlərdə. İndi belə şəraitdən sonra gərək yaxşı da nəticələr olsun. Çünki Azərbaycanda idman sürətlə inkişaf edir. Biz idman aləmində yüksək zirvələrə qalxmışıq. Azərbaycan indi idman dövlətidir, çoxlu medallarımız, idmançılarımız, dünya, Olimpiya çempionları vardır. Keçən il təkcə bir il ərzində Olimpiya idman növləri üzrə dörd dünya çempionumuz olmuşdur. 2012-ci ildə Yay Olimpiya Oyunlarında böyük qələbə qazanmışıq. Universiadada gənc idmançılarımız Azərbaycanın idman şöhrətini yüksəklərə qaldırmışlar. Yəni biz idman ölkəsi kimi özümüzü artıq təsdiq etmişik. Gərək bu müsbət dinamika davam etsin. Buna nail olmaq üçün gərək uşaqlar, yeniyetmələr hər yerdə, hər bir rayonda idmanla məşğul olsunlar. Biz bu şəraiti yaradırıq".
Onu da qeyd edək ki, Göygöl Olimpiya İdman Kompleksi Azərbaycanda tikilən sayca 41-ci regional kompleksdir. Artıq Bakıdan başqa 41 şəhərdə idmanla məşğul olmaq üçün gözəl imkanlar vardır. Bakıda isə Avropa Oyunlarına hazırlıq gedir. Yeni idman obyektləri tikilir - Olimpiya Stadionu, Su İdmanı Sarayı, Stend Atıcılığı Mərkəzi, Gimnastika Kompleksi. Əvvəllər tikilmiş idman obyektləri təmir edilir. Heydər Əliyevin ölkəmizə hələ birinci rəhbərliyi dövründə, digər sahələrdə olduğu kimi, idmanın da inkişafına böyük diqqətlə yanaşılmış, gələcək inkişaf perspektivləri ciddi nəzərə alınmışdı. O illərdə idmanın maddi-texniki bazasının yaradılması üçün çox iş görülmüşdü. Bir çox idman kompleksləri, qurğuları, zalları tikilmiş, meydançalar salınmış, böyük idman-sağlamlıq mərkəzləri yaradılmışdı. Bir məqamı xüsusi qeyd etmək lazımdır ki, 1970-ci illərdə Bakıda 250 idman meydançası və şəhərciyi salınmışdı. 1973-cü ildə Bakıda möhtəşəm idman sarayının təməli qoyularaq inşa edildi. 1974-cü ildə ölkənin 36 rayonunda 59 uşaq-gənclər idman məktəbi fəaliyyət göstərirdi.
Azərbaycanın dövlət müstəqilliyinin ilk illərində özünü bütün sahələrdə qabarıq göstərən ideoloji-siyasi, iqtisadi böhran səbəbindən idman siyasəti tamamilə diqqətdən kənarda qalmışdı. Hələ sovetlər dövründə qazandığı müvəffəqiyyətlərlə məşhurlaşmış adlı-sanlı, perspektivli idmançılarımızın böyük əksəriyyəti dözülməz şərait ucbatından Azərbaycanı tərk etmək məcburiyyətində qalmışdı. Digər tərəfdən, mərhum Heydər Əliyevin vaxtilə xalqına ərməğan etdiyi idman kompleksləri baxımsızlıq üzündən dağıdılmış, dəryada batan gəmini xatırladan idmanımız taleyin ümidinə buraxılmışdı. Bunun obyektiv səbəbləri olsa da, subyektiv səbəbləri də var idi. O illərdə idman sahəsində yaranmış vəziyyətə münasibət bildirərkən Heydər Əliyev demişdi: "1990-1993-cü illərdə Azərbaycanda bütün idman qurğuları dağıdılmışdı. Azərbaycanın ən böyük stadionu bərbad vəziyyətə salınmışdı. Ayrı-ayrı adamlar orada müxtəlif bazarlar, dükanlar açmışdılar, oranı kababxanaya döndərmişdilər. Bilin, mən bu məsələ ilə tanış olanda Azərbaycanda çox şeylər dağıdılmışdı. Amma Azərbaycanın gəncliyi, idmanı üçün ən vacib olan bu stadionun dağıdılması məni həddindən artıq incitdi".
Heydər Əliyevin növbəti dəfə hakimiyyətə qayıdışından sonra ölkədə idmana münasibət kökündən dəyişdi. İdmanın və bədən tərbiyəsinin inkişafı dövlət siyasətinin prioritet qollarından birinə çevrildi, bu sahədə yüksəlişin əsası qoyuldu. Müstəqil Azərbaycanın həm də bir idman ölkəsi kimi beynəlxalq aləmdə tanınması və olimpiya hərəkatına qoşulması geniş vüsət aldı. İdmanın üzləşdiyi problemlərin aradan qaldırılması, idmançıların maddi rifahının yüksəldilməsi, onlara gələcək qələbələr üçün stimul verilməsi, habelə ölkədə yeni idman komplekslərinin yaradılması istiqamətində gələcək prioritetlər müəyyənləşdirildi. 1993-cü ilin noyabrında Heydər Əliyev dünya və Avropa miqyaslı yarışlarda yüksək nəticələr göstərmiş Azərbaycan idmançılarını qəbul etdi. Bu görüşdə Heydər Əliyev qeyd etdi ki, idmançılar dövlətin xüsusi qayğısı ilə əhatə olunmalıdır. Bu qayğı həm də ölkəmizdə idmanın inkişafına, istedadlı idmançıların potensial imkanlarının açılmasına xidmət etməlidir. İdmanın inkişafı üçün geniş imkanlar yaradılacağını bildirən Heydər Əliyev bu sahənin həm də milli məfkurə, mədəni irs və düşüncə sistemi, ən əsası, oturuşmuş tarixi ənənələr əsasında inkişafını dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyənləşdirmişdi. Bir sözlə, Heydər Əliyevin Azərbaycanın idman siyasətinin həyata keçirilməsi sahəsindəki xidmətləri əvəzsizdir. Dövlətin idman siyasətinin həyata keçirilməsi üçün 1994-cü ildə Heydər Əliyevin fərmanı ilə Gənclər və İdman Nazirliyi yaradıldı. Bu mənada, 1994-cü ili respublikanın idman həyatında dönüş ili adlandırmaq olar. Heydər Əliyev Azərbaycanda idmanın kütləviliyinə nail olmaq, yüksək nailiyyətlər qazanmaq və dünya şöhrətli idmançılar hazırlamaq üçün bu sahədə birbaşa məşğul olan qurumlar qarşısında konkret vəzifələr qoymuşdu. İdmanın inkişafı üçün həyata keçirilməli əsas tədbirlər sırasına mövcud idman bazalarının, stadionların, meydança və zalların qorunması, bərpası və təyinatı üzrə istifadəsinin təmin edilməsi daxil idi. Bununla yanaşı, yeni idman bazalarının, meydançalarının, stadion və zalların tikilməsi, zəruri avadanlıqlarla təchizatı, idman klublarının açılması, mütəxəssislərinin yetişdirilməsi istiqamətində xeyli işlər görülüb. O cümlədən, uşaq və yeniyetmələrin daha geniş miqyasda idmana cəlb olunması istiqamətində sistemli işlər görülür. Çünki idman, bədən tərbiyəsi xalqın sağlamlığı ilə bağlı olan mühüm sosial sahədir. Azərbaycan bayrağı dünyada, demək olar ki, iki dəfə qaldırılır. Bu, bir Azərbaycanın dövlət başçısı hər hansı ölkəyə gələrkən və bir də idmançılarımız beynəlxalq yarışlarda çempion adını qazanarkən baş verir. Azərbaycan himni səslənir, dövlət bayrağı qaldırılır.
1997-ci ildən mühüm mərhələyə qədəm qoydu.
İlham Əliyev 1997-ci ildə Milli Olimpiya Komitəsinin prezidenti seçiləndən sonra ölkə idmanının həyatında yeni mərhələ başladı. Belə ki, İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən tədbirlər qısa zaman kəsiyində öz bəhrəsini verməyə başladı. İdmançılara dövlət qayğısı ilə yanaşı, idmanın maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində mühüm işlərə start verildi. 2000-ci ildən etibarən Azərbaycanın müxtəlif bölgələrində müasir tipli olimpiya idman kompleksləri tikilib istifadəyə verilməyə başladı. Azərbaycan xalqının fiziki-mənəvi sağlamlığına çalışan İlham Əliyev prezident seçildikdən sonra da idman və bədən tərbiyəsinin inkişafı sahəsində kompleks tədbirlərin həyata keçirilməsini diqqətdə saxlamış, daim respublikamızın idman imicinin yüksəlməsinə çalışmışdır. İdmana dövlət qayğısı daha da artmış, ölkəmizin iqtisadi inkişafına, artan maliyyə imkanlarına uyğun olaraq onun maddi-texniki bazasının möhkəmləndirilməsi yolunda ciddi işlərə başlanmışdır. Dövlət başçısı Azərbaycanın bütün rayonlarında idmanla məşğul olmaq üçün müasir tələblərə cavab verən infrastrukturun formalaşdırılmasını mühüm vəzifələrdən biri kimi müəyyənləşdirib. Bütün bunlar isə gənc nəslin sağlam ruhda tərbiyəsinə, respublikamızda idmanın kütləviləşməsinə xidmət edir. Eyni zamanda, gənclərin vətənpərvər ruhda böyüməsinə ciddi təkan verir. Azərbaycanda idman siyasətinin düzgün qurulduğunu bu sahədə qazanılmış uğurlu nəticələr təsdiqləyir.
Ölkədə idmanın inkişafını şərh edən Beynəlxalq Diaspor Mərkəzinin sədr müavini Samir Adıgözəllinin fikrincə, ölkədə Olimpiya-İdman komplekslərinin tikilməsinin bu sahədə rolu böyükdür: "Məsələ ondadır ki, bölgələrdə bu kimi idman komplekslərin inşa olunması gənclərin bədən tərbiyəsində mühüm rol oynayır. Uşaqlar istədiyi idman növü üzrə həmin komplekslərdə məşğul olur. Nəticədə həm uşaqların sağlamlığı daha da yüksəlir, həm də idman sahəsində istedadlı gənclər üzə çıxır. İstedadlı gənclərin üzə çıxması da, öz növbəsində, ölkənin idman şərəfinin beynəlxalq miqyasda qorunmasına töhfə verir. Deməyim odur ki, bütün bunlar bir-biri ilə sıx bağlıdır. Digər tərəfdən, bu minvalla gənclər zərərli vərdişlərdən uzaq olur. Xüsusən də belə komplekslərin rayonlarda olması çox yaxşı haldır. Bütün bunlar gənclərdə vətənpərvərlik hisslərinin güclənməsinə öz müsbət təsirini göstərir".
Vidadi ORDAHALLI
Bakı xəbər.-2014.-12
mart.-S.12.