"Gənclər Parlamenti" kimi layihələr gəncliyin formalaşma üsullarından biridir

 

 Gənclərin dövlətin müdafiəsi, ictimai maraqların qorunması, o cümlədən də özlərini ifadə etmək baxımından göstərdikləri fəaliyyət cəmiyyətimizdə müsbət qarşılanır. Gənclərin düşüncəsi, fəallığı onların hər bir sahədə aktivliyini göstərir. Gənclərin ictimai həyatda fəallığı, onların gördüyü işlər və onlarla bağlı həyata keçirilən layihələr təqdirəlayiqdir.

Deyərdik ki, bu kimi göstəricilər gənclərin vətənpərvərlik tərbiyəsində mühüm rola malikdir. Azərbaycan gəncliyi milli-mənəvi tərbiyəyə, ali vətənpərvərlik hissinə sahillənən gənclikdir. İctimai həyatın elə bir vacib, qaynar nöqtəsi yoxdur ki, oradan gənclərin səsi gəlməsin.    

Gənclər Azərbaycanda gedən müsbət və dinamik inkişafın önündə gedir. Tərəqqi gənclərin həyatında öz dərin və işıqlı izlərini buraxır. Bəllidir ki, gənclərdən yan keçməyən bu xoşməramlı onların hər gün yeni bir arzu ilə yaşamasına şərait yaradır.

Gənc hüquqşünas Aysel Kəlbalıyevanın sözlərinə görə, müasir Azərbaycan gəncini 10-15 il əvvəlki dövrlə müqayisə etmək mümkün deyil, çünki onların inkişafa doğru çox dəyişdiyinin şahidi oluruq: "Öncə gənclər daha çox informasiyaya, etibara, imkana malikdir. Bu da təsadüfi deyil. Çünki 20 il əvvəlki gənclə indiki gənc arasında ən böyük fərq odur ki, indiki gənclərin güclü, müstəqil dövləti var. Ötən əsrə baxanda indi gənclərin seçim imkanları daha rəngarəng və genişdir. Ötən dövr ərzində görülən bir sıra işlər gənclərin ictimai həyatdakı fəaliyyətinə buya digər dərəcədə təsir göstərib. Bir sıra dövlət və özəl qurumlarda onların fəal şəkildə təmsil olunmasına hərtərəfli təkan verib. Təsadüfi deyil ki, bu gün gənclər təşkilatlarının sayı 300-ə yaxındır. Gənclərin çox aktiv olaraq bu proseslərə qoşulması onların təcrübəsini artırmaqla yanaşı, onlarda özünə inam hissini yüksəldir. O cümlədən, minlərlə gənc lider yetişib. Ayrı-ayrı gənclər təşkilatları il boyu gənclər və yeniyetmələri müxtəlif layihələrə cəlb edir. Onların hərtərəfli inkişafı, kamil vətəndaş kimi yetişməsi, dövlət quruculuğunda iştiraka hazırlığı məqsədilə çoxsaylı tədbirlər keçirilir. Eyni zamanda, bu həm də get-gedə ölkə hakimiyyətinin yeritdiyi siyasi xətdə insan kapitalına verilən önəmdən irəli gəlir. Görülən işlər ölkə gəncliyinin istehlakçı düşüncə tərzindən istehsalçı düşüncə tərzinə keçməsinə təkan verir. Test üsulu ilə keçirilən imtahanlar vasitəsilə dövlət idarəçiliyinə aid orqanlara kadrların seçilməsi deyilənlərə əyani sübutdur. Onu da qeyd edək ki, dövlət qulluğuna qəbulun test üsulu ilə aparılması istedadlı və bacarıqlı gənclərin seçilməsinə şərait yaratmaqla yanaşı, onların seçim imkanlarını genişləndirir. Həmçinin, ən bacarıqlı və qabiliyyətli gənclərin işlə təmin olunmasına şərait yaradır. Yaş senzinin tətbiq olunmasına qədər xeyli sayda ixtisaslı kadr tapmaqda çətinliklərlə üzləşirdi. Gənc kadrlar işsizlik üzündən digər dövlətlərə getməli olurdu ki, bu da ölkədəki demoqrafik duruma mənfi təsir göstərirdi. Ümumən son dövrlər ölkəmizdə gənclər siyasəti mahiyyət və keyfiyyətcə yeni mərhələsini yaşayır. Gənclər təşkilatlarının formalaşması, inkişafı üçün yaradılan şərait və imkan göstərilən böyük diqqətin nəticəsidir".

A.Kəlbalıyevanın sözlərinə görə, indi gənclərimiz və təmsil olunduqları təşkilatlar nəinki ölkə daxilində, dünyanın hər yerində mədəniyyət, incəsənət, elm və digər sahələrdə parlaq uğurlar qazanır. O deyir ki, Azərbaycan gənclərinin xarici ölkələrdə təşkilatlanması da uğurla gedir: "Bu gün gənclərimiz Avropa və dünyanın nüfuzlu gənclər təşkilatlarında təmsil olunur, beynəlxalq tribunalarda xalqımızın haqq səsini dünyaya yayır. Onu da qeyd edək ki, Azərbaycan diaspor təşkilatlarının 40-dan çoxunu məhz gənclər təsis edib. Son illər gənclərin müstəqil təşəbbüskarlığını aydın şəkildə ifadə edən təsisatlardan biri də Azərbaycan Gənclər Parlamentidir. Artıq sözügedən təsisat özünü gənclər arasında kifayət qədər tanıdıb. Bu, gənclərin ictimai-siyasi həyatda fəallığına stimul verən bir qurumdur. Məlumat üçün qeyd edim ki, Gənclər Parlamenti 11 nəfərlik təşəbbüs qrupu tərəfindən irəli sürülmüş uzunmüddətli layihədir. Layihənin əsas məqsədi gəncləri narahat edən problemlərin müzakirəsini dövlət və ictimaiyyət qarşısında qaldırmaq, gənclərin dövlətdə gedən proseslərdə iştirakını təmin etmək, fəal Avropa vətəndaşlığının təşviqi, tələbələri Avropa siyasəti ilə məşğul olmağa həvəsləndirmək, mədəniyyətlərarası dialoq, beynəlxalq anlaşma, fikir və təcrübələrinin müxtəlifliyini təbliğ etmək, həmçinin Azərbaycan gənclərinin şəxsi bacarıqlarının inkişafına və fikirlərini sərbəst ifadə etmək üçün forumun təşkil edilməsinə yardım göstərməkdir".

Ekspert dedi ki, bütövlükdə, sözügedən parlamentdə ölkədəki gənclər təşkilatları get-gedə daha aktiv şəkildə qoşulur. Gənclərin potensialının üzə çıxması, onlarda liderlik xüsusiyyətlərinin inkişaf etdirilməsi baxımından həmin parlamentin rolu önəmlidir. Onun dediyinə görə, bir sıra gənclər təşkilatları hesab edir ki, bu təsisatda aktiv iştirak etməklə daha səmərəli və məhsuldar nəticə ortaya qoymaq mümkündür: "Onların müstəqil qərar qəbul etmək bacarığını yalnız bu cür qurumlarda iştirakla təmin etməyin mümkün olduğunu düşünür. Bu həm də istedadlı gənclərin üzə çıxmasına özünəməxsus təsir edir. Görünən odur ki, yeni formalaşacaq parlamentə gənclərin diqqəti əvvəlki ilə müqayisədə daha böyükdür. Çünki quruma sənəd verənlərin sayı nəzərəçarpacaq dərəcədə çoxalıb. Digər tərəfdən, ötən parlamentin fəaliyyəti həm də gənclərdə bu təsisatda iştirak etmək üçün böyük həvəs yaradıb. O da məlum həqiqətdir ki, hazırkı ölkə gəncliyi 5 il əvvəlki gənclikdən çox fərqlənir. Artıq gənclər ictimai aktivliyə çox meyllənib. Bir sıra gənclər təşkilatlarında təmsil olunan gənclər namizədliyini müstəqil şəkildə verir. Yəni bununla bağlı hər hansı bir təsir və yaxud da maneçilik elementləri özünü göstərməyib". "Gənclər Parlamenti"ni dəstəkləyən gənc fəalların fikrincə, "Gənclər Parlamenti" bizim ölkəni gələcəkdə idarə edə biləcək yeni kadrların müəyyənləşməsinə, üzə çıxmasına böyük yardım göstərə bilər. Bunu ekspert də təsdiqlədi. Onun sözlərinə görə, analoji qurumlar dünyanın bir sıra ölkələrində mövcuddur və sınaqdan da çox uğurla çıxıb: "Ona görə biz də çalışmalıyıq ki, ən bacarıqlı və istedadlı gəncləri bu təsisata cəlb edək. Bununla yanaşı, gələcək üçün daha səriştəli və peşəkar kadrların yetişməsində sözügedən təsisat mühüm rol oynaya bilər. Həmin təsisatda təmsil olunan gənclər vətənpərvərliyi ilə də seçilməlidir".

Dünya Gənc Türk Yazarlar Birliyinin başqanı, yazıçı-publisist Əkbər Qoşalı əməkdaşımızla söhbətində bu məsələyə müsbət yanaşıb. Onun fikrincə, bu kimi təsisatların yaranması gənclərin formalaşmasına müsbət təsir göstərir: "Gənclər Parlamenti" ilk növbədə ictimai bir təsisat olsa da, üzərinə bir sıra aktual vəzifələr götürüb. Yəni bu bir parlament formasında fəaliyyət göstərən ictimai təsisatdır. Bu zaman, ilk növbədə, nələri fərqləndirmək olar? Hesab edirəm ki, ilk növbədə, gənclərin öz bilik və bacarıqlarını, fikir və duyğularını sanki parlament üzvü imiş kimi göstərməsi yaxşı haldır. Eyni zamanda, gələcəyin millət vəkilinin necə olacağının indidən göstərilməsi keyfiyyətə təsir edir. Ümumən belə bir ortamın yaranması diqqəti cəlb edir. Gənclər sözügedən təsisat vasitəsilə fikir mübadiləsi aparır, bir-birini qəbul ediryaxud da etiraz edir. Hansısa məsələni müxtəlif formada şərh edir, ideyalar irəli sürür, təşəbbüslərlə çıxış edirs. Bu minvalla həm özləri yetişib püxtələşir, həm də öz səhvlərini görüb nəticə çıxarır. Həmçinin, təsisat vasitəsilə yeni dostlar qazanır və qarşılıqlı fikir mübadiləsi sayəsində inkişaf edirlər. Digər bir tərəfdən, ictimaiyyət fəal gənclərimizi daha yaxından tanımaq fürsəti əldə edir. "Gənclər Parlamenti"nin fəaliyyəti barəsində ictimaiyyətin televiziyalar vasitəsilə məlumat əldə etməsi onlara olan diqqətin bir az da artmasına təsir göstərir. Bu həm də qarşılıqlı şəkildə düşüncələrin paylaşılmasına şərait yaradır. Biz hər zaman belə fikirlər səsləndiririk ki, gənclər ölkənin, millətin gələcəyidir. Ancaq o da var ki, bu abstrakt, havadan asılı anlayış, söz deyil. Bunu həyata keçirməyin yollarından, bununla bağlı gənclərin hazırlanması üsullarından biri də elə "Gənclər Parlamenti" tipində təsisatların meydana gəlməsi, onların fəaliyyət göstərməsi, onların fəaliyyətinə ictimai münasibətin bəslənməsindən gəlib keçir".

Ekspertin dediyinə görə, gənclər təşkilatlarda, universitetlərdə, virtual aləmdə bu tip ictimai təsisatlarda yetişib formalaşır. Onun fikrincə, canlı ünsiyyət, heç şübhəsiz, virtual təmasdan daha təsirli və effektlidir: "Belə bir ünsiyyətin yaranması üçün "Gənclər Parlamenti" və buna bənzər digər layihələr daha təsirlidir. Bu işi daha da genişləndirmək üçün gənclər təşkilatları arasında əməkdaşlıq genişlənməlidir. Gənclər Təşkilatları Milli Şurası bir neçə ildir fəaliyyət göstərir. Hesab edirəm ki, GTMŞ-nin daha genişmiqyaslı fəaliyyət göstərməsinə ehtiyac var. Başqa bir tərəfdən, Gənclər və İdman Nazirliyi yanında İctimai Şura fəaliyyət göstərir. Uzun müddət sözügedən şurada iştirak etmişəm".

Onun dediyinə görə, şuranın fəaliyyətinin daha da genişləndirilməsi gənclərin bir sıra təsisatlarda fəal iştirak etməsinə kömək göstərə bilər, onların fəaliyyətinə daha böyük meydan aça bilər: "Çünki bunlar müəyyən dövr müddətində fəaliyyət göstərmiş, özü-özünü təzələmək, yeniləmək imkanına və özü öz səhvlərini, uğurlarını görmək gücünə malik olan platformalardır. Düzdür, hər bir gənclər təşkilatının da yuxarıda göstərilən məsələlərdə rolu var. Ancaq bu sahədə müəyyən problemlərin də olduğunu deməliyik".

Gənclərin həyatında və onların vətənpərvərlik tərbiyəsində rol oynayan bu kimi təsisatların bizə ancaq xeyri var. Ümid edirik ki, təşkilatın fəaliyyəti daha da genişlənəcək və gənclərin düşüncəsində Vətən, millət anlayışını daha da gücləndirəcək.

 

 

İradə SARIYEVA

 

Bakı xəbər.-2014.-14-16 mart.-S.12.