İctimai xadimlərin hərbi hissələrdə görüşləri gəncliyin vətənpərvərlik tərbiyəsinin mənbəyi kimi...

 

Əli Orucov: "Vəzifəli və digər tanınmış şəxslərin mütəmadi olaraq cəbhə bölgəsinə səfərləri təşkil olunmalıdır"

 Azərbaycan dövlətinin müstəqilliyi onun ən böyük sərvətidir. Bu əvəzsiz sərvəti qorumaq vətəndaş olaraq hamımızın borcudur. Çünki müstəqillik olmasa, gələcək inkişafdan, ölkəni dünya miqyasında tanıtmaqdan söhbət gedə bilməz. Müstəqil dövlətin də gələcəyi gənclərə bağlıdır. Dövlətin vacib olan atributu ordudur. Nəzərə almaq lazımdır ki, hər bir Azərbaycan gənci özünü bu ordunun sıravi bir əsgəri kimi görmək istəyir.

Ordu dövlətin müstəqilliyinin, suverenliyinin və ərazi bütövlüyünün qorunmasının təminatçısı rolunda çıxış edir. Eyni zamanda, ordu beynəlxalq sülhü möhkəmləndirmək, fəlakətlər zamanı yardım etmək, müstəsna hallarda daxili təhlükəsizlik məsələlərini həyata keçirmək missiyasını öz üzərinə götürür. Ordu təkcə dövlətin ərazisini, müstəqilliyini, suverenliyini deyil, həm də bütövlükdə cəmiyyəti qoruyur. Gənc nəslin hərbi-vətənpərvərlik ruhunda tərbiyə edilməsi, hərb tariximizin öyrənilməsi, gənc nəslə çatdırılması bu gün ən mühüm məsələlərdən biri hesab olunur. Bu yöndə həyata keçirilən işlər, atılan addımlar gənclərin hərbi-vətənpərvərlik ruhunda tərbiyə edilməsində mühüm əhəmiyyət kəsb edir. Son illər bir çox tanınmış şəxslərin cəbhə bölgələrində, digər hərbi hissələrdə əsgərlərlə görüşlər keçirməsi tendensiyası müşahidə olunur. Məsələ ondadır ki, tanınmış insanların əsgərlərlə görüşməsi, ziyalıların, millət vəkillərinin, nazirlərin hərbi hissələrə səfəri əsgərlərdə mənəvi-psixoloji hazırlığın yüksəlməsinə səbəb olur. Müşahidələr göstərir ki, get-gedə bu tendensiya ənənə halını almaqdadır. Bu da istər orduda, istərsə də ictimaiyyətdə rəğbətlə qarşılanır. Ən başlıcası, bu istər gənclərin, istərsə də əsgərlərin milli mənlik şüuruna müsbət təsir göstərir. Onlarda vətənpərvərlik hisslərinin daha da inkişafına təkan verir. Bununla paralel, ictimaiyyət nümayəndələrinin onlara baş çəkmək üçün hərbi hissəyə gəldiyini görüb fərəh, qürur hissi keçirir. Nazirlər, komitə sədrləri, millət vəkilləri hərbi hissələrə getməklə orduya nə qədər önəm, dəyər verdiklərini əsgərlərə sübut etmiş olurlar. Ən önəmlisi odur ki, bütün bu kimi işlər nəticə etibarilə gənclərə vətənpərvərlik hisslərinin aşılanmasında mühüm rol oynayır. Son aylar yeni müdafiə nazirinin mütəmadi olaraq cəbhə bölgəsinə baş çəkməsi ölkədə böyük marağa səbəb olub.

Nəzərə almaq lazımdır ki, Azərbaycanın müharibə şəraitində olması gənc nəslin vətənpərvərlik ruhunda formalaşdırılmasını vacib edir. Adicə məktəblərarası atıcılıq yarışlarının təşkili şagirdlərə vətənpərvərlik hisslərinin aşılanmasına müsbət təsir göstərir. Onlarda Vətənə, torpağa bağlılığı özündə əks etdirən hisslər formalaşdırır. Həmçinin, məktəbli gənclərin bir sıra zərərli vərdişlərə aludə olmasının qarşısını alır. Ümumilikdə gənclərə vətənpərvərlik hisslərinin aşılanması bütün qurumların qarşısında duran prioritet vəzifə olmalıdır. Bu işi təkcə güc nazirliklərinin öhdəsinə buraxmaq yetərli deyil. Statusundan asılı olmayaraq bütün qurumlar bu işdə öz köməyini göstərməlidir. İctimaiyyətlə bu kimi qurumlar arasında işin kompleks şəkildə təşkili daha çox səmərə verir. İş ondadır ki, əsgərlər real olaraq hansısa tanınmış şəxsi səngərdə görürsə, o zaman onlarda inam daha da yüksəlir. Nəzəri olaraq ancaq şəkillər üzərində müəyyən məlumatların gənclərin diqqətinə çatdırılması yetərli deyil. Gənclərin vətənpərvərlik hisslərinin artırılmasına hesablanmış tədbirlərdən biri də şagirdlərin hərbi hissələrə səfərinin təşkil olunmasıdır. Bu minvalla şagirdlər hərbi hissələrdəki vəziyyəti əyani şəkildə görür. Bu da, faktiki olaraq, onlara vətənpərvərlik hisslərinin aşılanmasına xidmət edir. Bu kimi tədbirlərin təşkili şagirdlərin hərbi vətənpərvərlik hisslərinin daha real əsaslara söykənərək formalaşmasına xidmət edir. Məsələ ondadır ki, sözügedən metodla gənclərə vətənpərvərlik hisslərini daha keyfiyyətli şəkildə təlqin etmək mümkün olur. Çünki onlar praktiki tanışlıq imkanı əldə edir. Görünən odur ki, gənclərin hərbi vətənpərvərlik hisslərinin daha yüksək səviyyəyə çatdırılmasında bu kimi məqamların nəzərə alınması müsbət nəticələrə gətirib çıxara bilər. Orta məktəbi bitirən gənc ali məktəbə daxil olmağı özünə məqsəd seçdiyi kimi, Vətəni də sabah əsgəri xidmətlə qoruyacaq duyğusu ona məktəbdə aşılanmalıdır. Belə olsa, bu sahədə mövcud olan bir sıra çatışmazlıqları aradan qaldırmaq mümkündür. Bir sözlə, vətənpərvərlik hisslərinin gənclərə aşılanmasında bir sıra vasitələrdən istifadə etmək lazımdır. Əsasən də vətənpərvərlik hisslərini artırmaq üçün daha çox əyanilikdən istifadə olunmalıdır. Vətəni qorumaq hissi də elə vətənpərvərliyin bir parçasıdır. Başqa bir tərəfdən, bu istiqamətdə görülən işlər davamlı xarakter almalıdır. Hansısa epizotik xarakterli olmamalıdır. Gənclər hər zaman bir şeyi unutmamalıdır ki, Azərbaycanın 20 faiz ərazisi işğal altındadır. Hər an torpaqların güc yolu ilə azad olunması reallığı ortaya çıxa bilər. Belə bir situasiyada ordunun ruh yüksəkliyini daim qaldırmaq üçün bənzər səfərlər təşkil olunmalıdır. Ona görə də bu məsələyə son dərəcə ciddi yanaşmaq lazımdır. Gənclərin vətənpərvərlik tərbiyəsinə xüsusi təsir edən bu kimi məsələlər ictimayətdə və digər yerlərdə geniş şəkildə təbliğ edilməlidir. Müvafiq təsisatlar bu kimi məsələlərinə xüsusi önəm verməlidir.

Gənclik özünü tanıyanda, hansı dövlətin vətəndaşı olduğunu dərk edəndə xalqına, dövlətinə, ordusuna daha da bağlı olur. Bilirik ki, müasir gənclər, eləcə də məktəblilər daha çox vətənpərvər olmaqları ilə seçilmək istəyirlər. Məktəblilər Azərbaycan tarixini, dövlət quruculuğunu, dövlətin qarantı olan milli ordunun fəaliyyətini yaxşı öyrənməlidir. Gənc nəslin hərbi-vətənpərvərlik ruhunda tərbiyə edilməsi, hərb tariximizin öyrənilməsi, gənc nəslə çatdırılması bu gün ən mühüm məsələlərdən biri hesab olunur. Bu yöndə görülən müxtəlif səpkili işlər gənclərin hərbi-vətənpərvərlik ruhunda tərbiyə edilməsində mühüm əhəmiyyət kəsb edir.

Gənclərə milli ruhun aşılanması prosesi hələ körpə yaşlarından həyata keçirilməli, məktəblərdə davam etdirilməli və təkmilləşdirilməlidir. Bunun üçün orta məktəblərdə tədris olunan hərbi hazırlıq fənlərinin, idman oyunları yarışlarının və buna bənzər digər tədbirlərin keçirilməsinin böyük əhəmiyyəti var. Söhbət təkcə onların silahlardan istifadə qaydalarını öyrənməsindən, fiziki hazırlıqdan getmir. Eyni zamanda, gənclərin Vətənə, torpağa bağlılığından, mənəvi-psixoloji hazırlığından gedir. Gənclərə vətənpərvərlik hisslərinin aşılanması bütün qurumların qarşısında duran prioritet vəzifə olmalıdır. Orta ümumtəhsil məktəblərində çağırışa qədərki hərbi hazırlıq fənninin tədrisinin əsas məqsədi birinci növbədə gəncləri ölkənin müdafiəsinə indidən psixoloji cəhətdən hazırlamaqdır. Sözügedən fənn vasitəsilə yeniyetmələrə hələ məktəbdə Vətəni müdafiə etmək üçün hərbi hazırlıq keçilir, məlumatlar verilir, onlar adi hərbi silahlarla tanış olur. Hərbi yönümlü idman yarışlarında, oyunlarında müxtəlif fənlər gənclərə öyrədilir. Özünümüdafiə ilə, müəyyən hərəkətlərlə - sürünmək, maneələri keçmək, yaralını ərazidən uzaqlaşdırmaq və sairə ilə tanış olurlar.

Sözügedən məsələ ilə bağlı fikirlərini "Bakı-Xəbər"lə bölüşən AMİP Mərkəzi Şurasının üzvü Əli Orucov məsələyə bir neçə prizmadan yanaşdı. Onun fikrincə, kimliyindən, statusundan asılı olmayaraq hamı orduya hörmət etməlidir: "Bunu da konkret əməli ilə sübut etməlidir. Çünki ordu müstəqil dövlətin qarantı olub, şərəfli bir missiyanı həyata keçirir. Vəzifəli və digər tanınmış şəxslərin mütəmadi olaraq cəbhə bölgəsinə səfərləri təşkil olunmalıdır. Ən ekstremal hava şəraiti olan ərazilərə belə, səfərlər təşkil olunmalıdır.

Məsələn, Murovda səngərdə xidmət edən əsgər görəndə ki, hansısa millət vəkili onu ziyarət etməyə gəlib, o zaman həmin əsgər daha ürəklə öz vəzifə borcunu yerinə yetirəcək. Heç bir çətinlikdən qorxmayacaq. Çox təəssüflər olsun ki, bəzi vəzifəli, o cümlədən ictimaiyyətdə tanınan şəxslər bu kimi məsələlərə o qədər də həssas yanaşmır. Halbuki, onlar fikirləşməlidir ki, bu onların mənəvi borcudur. Bizlər isti evdə rahat yatarkən, həmin əsgərlər vətən torpaqlarını düşməndən qoruyur. Onlar torpaqları qorumasa, o zaman müstəqil Azərbaycan dövləti də olmaz. Nəticədə bizi daha hansı fəlakətlər gözləyəcək, bunu bir Allah bilir. Digər tərəfdən, telekanallarda şou xarakterli verilişlərə önəm verməkdənsə, bu tipli tədbirlərin işıqlandırılması daha məqsədəuyğundur. Nəticədə ölkə ictimaiyyəti, gənclər orduya göstərilən diqqəti real şəkildə görəcək. Bütün bunlar da nəticə etibarilə gənclər arasında milli mənlik şüurunun inkişafına öz müsbət təsirini göstərəcək. Nəzərə almaq lazımdır ki, bütün bunlar bir-biri ilə sıx bağlıdır. Azərbaycan torpaqlarının müəyyən hissəsinin erməni işğalı altında olduğunu nəzərə alsaq, gərək hər zaman orduya diqqət yüksək səviyyədə olsun. Təkcə dövlətin orduya göstərdiyi qayğı ilə kifayətlənmək düzgün yanaşma deyil. İctimaiyyətin də bu məsələdə fəallıq göstərməsinə böyük ehtiyac var".

Ə.Orucovun fikrincə, qardaş Türkiyənin timsalında orduya göstərilən diqqət həqiqətən də insanı riqqətə gətirir: "O baxımdan hesab edirəm ki, Azərbaycanda da bənzər ənənələr tam formalaşmalıdır. Türkiyədə əsgər şəhid olanda bütün dövlət aparatının nümayəndələri dəfn mərasiminə qatılır. Şəhidə çox böyük sayğı göstərilir. Halbuki, bir sıra ölkələrdə bu ənənə yoxdur. Deməyim odur ki, cəbhə bölgələrində, digər hərbi hissələrdə əsgərlərlə görüşə maksimum daha çox tanınmış şəxs cəlb edilməlidir. Bununla bağlı örnəklərin təbliği geniş və yüksək peşəkarlıq səviyyəsində təşkil olunmalıdır. Bu kimi görüşlər formal xarakter daşımamalıdır. O zaman bu istiqamətdə görülən işlərin real nəticəsini görmək elə də çətin olmayacaq. O cümlədən, işğal altında olan torpaqların azad olunması tezləşəcək".

 

 

Vidadi ORDAHALLI

 

Bakı xəbər.-2014.-14-16 mart .-S.15.