Əbülfəs
Qarayev tarixi abidələrin
mühafizə zonalarında yaşayan insanlarla xüsusi
müqavilələrin bağlanmasını təklif edir
Azərbaycanda tarixi abidələrin mühafizə zonalarında yaşayan insanlarla xüsusi müqavilə bağlanmalıdır. Bunu "Trend"ə Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev deyib.
Onun sözlərinə görə, bəzi hallarda əhalinin tarixi abidələrin mühafizə zonalarında yaşaması müəyyən problemlər yaradır. Belə problemlərin yaranmaması üçün isə orada yaşayan əhali ilə xüsusi müqavilələr bağlanmalıdır. Həmin müqavilələr əsasında vətəndaşlar özləri də abidələrin qorunması ilə bağlı məsuliyyət daşımalıdırlar.
Azərbaycanda tarixi abidələrin pasportlaşdırılması işinə başlandığını xatırladan Ə.Qarayev deyib ki, tarixi abidələrin pasportlaşdırması işləri aparılarkən ilk növbədə həmin abidənin mühafizə zonası müəyyənləşdirilməlidir: "Abidələrin mühafizə zonasında yaşayış binaları varsa, orada yaşayan insanlarla xüsusi müqavilələr bağlanmalıdır.
O müqavilələrin əsasında orada yaşayan sakinlər özləri də bu abidənin qorunması ilə bağlı məsuliyyət daşımalıdırlar. Abidənin məhv olmasına yol verməməli, onu qorumalıdırlar".
Nazir hesab edir ki, abidələrin qorunması hər bir insanın vətəndaşlıq borcu olmalıdır: "Əgər hansısa tarixi abidənin ətrafında yaşayıramsa və onu zibilləyirəmsə, dağıdıramsa, onun üstünə mıx vururamsa, nə isə yazıramsa, bu mənim ölkəmin tarixinə bir zərbə olur.
Düşünürəm ki, Azərbaycan sakinləri kifayət qədər şüurludur, vətənsevərdir. Ona görə də hesab edirəm ki, Azərbaycan vətəndaşları öz abidələrini mühafizə etməyə hazırdırlar".
Qeyd edək ki, Azərbaycanda tarixi abidələrin son inventarlaşdırılması 2001-ci ildə aparılıb. Həmin vaxt 6308 tarixi abidə siyahıya alınıb.
Son 4-5 ildə isə 1705 yeni abidə siyahıya daxil edilib. Azərbaycanda artıq 100-dən çox tarixi abidənin pasportu hazırlanıb.
Bakı xəbər.-2014.-13
mart.-S.10.