Gənclərin vətənpərvərlik tərbiyəsində təhsil kreditləri nə kimi rol oynaya bilər?
Yüksək səviyyəli təhsil almaq hər bir gəncin həyatında, taleyində mühüm rol oynayır. Ən azından o gənc özünü istədiyi səviyyədə ifadə edə, göstərə bilir. Təhsilin inkişafı, bu sahədə həyata keçirilən mütərəqqi proqramlar gənclərin istəklərinə uyğun gəlir. İllər əvvəl təhsil sahəsində mövcud olan neqativ hallar gənclərin təhsilə olan həvəsini azaldırdısa, bugünkü uğurlar, şərait onları təhsilə bağlayır.
Bu da aydındır ki, gənclər dövlətin fəal, dinamik təbəqəsi olmaqla yanaşı, eyni zamanda əmək qabiliyyətli əhalinin əsas hissəsini təşkil edir. Ona görə də onların yüksək səviyyədə təhsil almasına, işlə təmin olunmasına şərait yaratmaq vacib məsələlərdən biridir. Çünki müasir dünyanın reallıqları bunu tələb edir. Çağdaş dünya ilə ayaqlaşmağın bir sıra yolları var ki, bugünkü gerçəklikdə onlardan başlıcası məhz gəncliyin təhsil səviyyəsinin yüksəldilməsidir.
Təhsil eksperti Kəmalə Babaşovanın sözlərinə görə, gənclərin mükəmməl formalaşmasında yüksək səviyyəli təhsilin mühüm rolu var. Onun bildirdiyinə görə, yüksək ixtisaslı, peşəkar kadrların hazırlanması yaxşı təhsildən keçir: "Hökumət gənclərin məşğulluq və təhsil probleminin həlli istiqamətində bir sıra işlər görür. Aparılan dövlət siyasətinə uyğun olaraq gənclərin bilik və bacarıqlarının düzgün qiymətləndirilməsi və məşğulluq imkanlarının artırılması istiqamətində atılan addımlar onlara göstərilən diqqətin nəticəsidir. Azərbaycanın müstəqillik əldə etdiyi vaxtdan baxsaq görərik ki, son bir neçə ildə bu istiqamətdə bir sıra mühüm işlər görülüb. Dövlətin gənclər siyasəti bu yöndə bir sıra problemlərin həllinə hesablanıb. Yeni nəslin inkişafının əsas vasitəsi onların dövlətin və cəmiyyətin sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatında iştirakının təmin edilməsidir. İstedad elə bir şeydir ki, ona mütləq qayğı olmalıdır. Xüsusi istedada malik şəxs özünə qarşı diqqət hiss etməyəndə bir qədər passivləşir, onun üçün növbəti uğurlara imza atmaq çətinləşir. Onu da qeyd edim ki, insanın xüsusi istedada malik olması məhz gənclik dövründə üzə çıxır. Gənclik dövrü isə insan həyatının ən həssas dönəmidir. Gəncliyin istedadı istənilən sahədə üzə çıxa bilər. Bu baxımdan da istedadlı gəncləri həvəsləndirmək üçün istər dövlət, istərsə də hüquqi və fiziki şəxslər tərəfindən xüsusi mükafatlar təsis edilərək belə kateqoriyalı insanlara verilməlidir. Bununla bağlı hökumət bir sıra mühüm işlər görüb və görməkdədir. Çünki hazırkı dövrdə artıq mübahisəsiz təsdiq olunub ki, dövlətin gələcəyinin etibarlı təminatı intellektual səviyyəli potensial kadrların yetişdirilməsindən keçir. Yəni elmin inkişafı dövlətin gələcəyi deməkdir. Bu gün Azərbaycan gəncləri ictimai-siyasi, sosial-mədəni və digər sahələrdə fəal iştirak edir. Gənclərlə iş sahəsində görülən tədbirlər onların inkişafına təkan verir, cəmiyyətdə özlərini təsdiq etməsində böyük rol oynayır. Ölkəmizdə gənc nəslin mənəvi-ideoloji tərbiyəsinə, onların sağlamlığının qorunmasına xüsusi qayğı ilə yanaşılır. Bundan əlavə, gənclərlə bağlı dövlət siyasətinin uğurla həyata keçirilməsi məqsədilə zəruri qanunvericilik bazasının formalaşdırılması da təmin edilib. Bunlardan biri də Azərbaycanın təhsil, elm, texnika, mədəniyyət sahəsində xüsusi istedada malik gənclərlə bağlı yeridilən dövlət qayğısı siyasətidir".
Ekspert bildirdi ki, 1996-2002-ci illərdə qəbul olunan "Bədən tərbiyəsi və idman haqqında", "Gənc istedadlar üçün xüsusi təqaüdlərin təsis edilməsi haqqında", "Azərbaycanın gənc istedadlarına dövlət qayğısı haqqında", "Dövlət gənclər siyasəti haqqında" qanun, fərman və sərəncamlar, habelə "Gənc ailə" proqramı, "Gənclərdə vətənpərvərlik və vətəndaşlıq hisslərinin yüksəldilməsi haqqında", "İstedadlı yeniyetmələrin və yaradıcı gənclərin sosial, iqtisadi və s. problemlərinin həllinə yönəlmiş, onların öz qabiliyyətlərini inkişaf etdirməsinə kömək edən Dövlət Proqramı" bu qəbildəndir: "Qanunlar, fərman, sərəncam və dövlət proqramları gənc nəslin mütəşəkkil qüvvə kimi formalaşmasına, mənəvi-ideoloji cəhətdən tam yetkinləşməsinə, sosial problemlərinin həllinə təsir göstərir. Məlum olduğu kimi, gənclərin əsas fəaliyyəti 9 aprel 2002-ci ildə qəbul olunmuş "Dövlət Gənclər Siyasəti Haqqında" Qanunla tənzimlənir. Bu qanunda diqqətçəkən məqamlardan biri də 6-cı maddədə öz əksini tapan istedadlı gənclərə dövlət qayğısının necə olmasıdır".
Burada deyilir:
"Sosial və maddi vəziyyətindən asılı olmayaraq, istedadlı və yaradıcı gənclərin təhsilini davam etdirməsinə dövlət təminat verir. Sosial müdafiəyə ehtiyacı olan istedadlı gənclərə təhsilini başa vurduqdan sonra qaytarmaq şərti ilə qanunvericiliklə müəyyən edilmiş qaydada kreditlər verilə bilər".
Ekspert dedi ki, düzdür, hələ bu məsələ həllini tapmayıb, təhsil kreditləri verilmir. O hesab edir ki, qanunvericilikdə istedadlı gənclərlə bağlı kredit məsələsinin öz əksini tapması çox əhəmiyyətlidir: "Bizdə uzun müddətdir təhsil kreditlərilə bağlı məsələlər müzakirə edilir. Ancaq hələ aktivləşməyib. Artıq bu təcrübə bir sıra ölkələrdə var və kifayət qədər yaxşı səmərə verib. O baxımdan ölkəmizdə hökumətin bunu nəzərə alması normaldır. Çünki ödənişli əsaslarla ali təhsil alanların çəkisi xeyli artıb. Belə ki, ali məktəblərdə təhsil alan hər 3 nəfərdən 2-si təhsil haqqı ödəyir. Təhsil haqlarının əhalinin müəyyən hissəsinin gəlirləri ilə müqayisədə yüksək olması onlara müəyyən çətinliklər yaradır. Məsələ ondadır ki, istedadlı gənclərin bir hissəsi çox vaxt ixtisası qabiliyyətinə görə yox, ailəsinin maddi imkanlarına uyğun seçmək məcburiyyətində qalır. Onu da qeyd edək ki, sözügedən qanun hazırlanarkən inkişaf etmiş, inkişaf etməkdə olan, postsovet ölkələrinin təcrübəsi nəzərə alınıb. Eyni zamanda, buraya əhalinin aztəminatlı təbəqələri üçün keyfiyyətli təhsilin əlçatanlığının təmin edilməsi, ödənişli təhsilin maliyyə təminatına dövlət dəstəyinin gücləndirilməsi daxildir. Məlumat üçün qeyd edək ki, beynəlxalq praktikada təhsil kreditləri orta məktəb, kollec, texnikum, ali məktəbdə təhsil alanlar, eləcə də ixtisasartırma və dil öyrənmə kurslarına gedənlərə verilir. Adıçəkilən qanun layihəsində təhsil kreditləri ali (bakalavr, magistr) və orta ixtisas təhsil müəssisələrində təhsilin maliyyələşdirilməsi üçün verilir".
Ekspertin sözlərinə görə, təhsil insan kapitalına sərmayə qoyuluşunun əsas amilidir. Onun fikrincə, buna görə də beynəlxalq praktikada təhsilə sərmayə qoyuluşunda həmin ölkənin gələcəyi naminə dövlət və təhsil alan şəxslə yanaşı, digər tərəflər də iştirak edir. Ekspertin dediyinə görə, təhsil kreditləri banklar, müxtəlif dövlət qurumları, təşkilatlar, xeyriyyə cəmiyyətləri və zəngin insanların müvafiq qurumlara maliyyə dəstəyi vasitəsilə verilir: " Qanunvericilik, sadalanan bu üsulların heç biri inkar edilmədən, dövlət və bankların kredit verməsini nəzərdə tutur. Eyni zamanda, təhsil kreditləri borcalan təhsilini başa vurduqdan iki il sonra ödənilməyə başlayır. Təhsilini əla qiymətlərlə başa vuran borcalan sosial xarakterli krediti ödəməkdən azad edilir və nəticədə həmin kredit təhsili müvəffəqiyyətlə başa vuranları stimullaşdırmaq məqsədilə faktiki olaraq qranta çevrilir. Təhsilini əla qiymətlərlə başa vuran borcalan kommersiya xarakterli kreditlərə görə hesablanmış faizlərin ödənilməsindən azad edilir. Nəticədə təhsili müvəffəqiyyətlə başa vuranları stimullaşdırmaq məqsədilə kommersiya krediti faktiki olaraq sosiallaşır. Bütün hallarda sözügedən kreditlər imkansız ailələrdən olan istedadlı gənclərin ali təhsil almasına və cəmiyyətdə öz qabiliyyətinə uyğun layiqli yer tutmasına kömək edəcək. Bununla yanaşı, təhsil sahəsində rəqabət və keyfiyyəti artıracaq".
K.Babaşovanın dediyinə görə, bir çox ölkələr istedadlı gənclərə hərtərəfli şərait yaratmaqla onların imkanlarından dövlətin inkişafı naminə səmərəli şəkildə istifadə edir: "Ona görə də Azərbaycanda bu istiqamətdə görülən işləri, qəbul olunan qanunları dəstəkləyirəm. Hazırkı dövrdə buna istedadlı gənclərin potensialından yararlanmaq baxımından Azərbaycanın ehtiyacı var. Çünki biz 20 ildən çoxdur ki, müstəqillik əldə etmişik. Demokratiya yolunda addımlayan dövlət kimi Azərbaycanın buna çox böyük ehtiyacı var. Ona görə ki, biz sosial-mədəni, iqtisadi inkişaf proseslərində gənclərin yeni idarəçilik metodlarına yiyələnməsinə şərait yaratmalıyıq. O üzdən, istedadlı gənclərə qayğı gərək orta məktəblərdən başlasın. Ali təhsillə bağlı elə ixtisaslar var ki, xarici dövlətlərdə həmin sahələr çox yüksək səviyyədə inkişaf edib. Pedaqoji durum, səviyyə baxımından həmin ölkələrə gənclərimizin gedib təhsil alması vacib şərtlərdən biridir. Bir çox istedadlı gənclər var ki, bu kimi ali məktəblərdə təhsil almaq istəsə də, maddi durumu buna imkan vermir. O üzdən, dövlətin sözügedən missiyanı öz üzərinə götürməsi çox yaxşı göstəricidir. Təhsil kreditlərinin istedadlı gənclərə verilməsi həm də onlar üçün normal şərtlərə əsaslanan gələcək vəd edir. Sevindirici haldır ki, dövlət təhsil alıb geri qayıdan istedadlı gənclərin qayğısına qalmağı da prioritet məsələ kimi seçib. Çünki 1992-ci ildə Türkiyəyə, Rusiyaya təhsil almağa göndərilən gənclər geri qayıtdıqdan sonra onların qayğısına qalan olmadı. Necə deyərlər, onların işlə təmin olunmasına az diqqət yetirildi. O üzdən, xaricdə təhsil alan istedadlı gənclərin Vətənə geri qayıtmasına şərait yaradılmalı və bu məsələ hər zaman diqqət mərkəzində olmalıdır. Əks halda istedadlı kadrların digər ölkələrə axını baş verə bilər ki, bu da dövlətin inkişafı üçün zərərlidir. Çünki bütün dünyada olduğu kimi, Azərbaycanda da hər şey inkişafdadır".
Ekspert dedi ki, sözügedən məsələyə sistemli yanaşma olsa, görülən işlər daha çox effekt verə bilər.
K.Babaşovanın sözlərinə görə, təhsil krediti təkcə bakalavrlara verilməklə bitməli deyil. Bakalavr təhsilindən sonra onların magistr, doktorantura təhsilinə də yardım göstərmək vacibdir: "Təhsilə marağı olan gənclərin diqqət mərkəzində saxlanması çox önəmlidir. Bu işləri mexaniki yox, planlı şəkildə görmək və buna sistemli nəzarət etmək daha vacibdir. Bütün bunların bəhrəsini görmək üçün buna məsul olan qurumlar işinə məsuliyyətlə yanaşmalıdır".
Hesab edirik ki, təhsil kreditlərinin verilməsi məsələsində irəliləyişlər olacaq və istedadlı, təhsilə sevgisi olan gənclər bundan bəhrələnəcək. Dövlət qayğısı gənclərə stimul verir, onların vətənpərvərlik tərbiyəsində mühüm rol oynayır.
İradə SARIYEVA
Bakı xəbər.-2014.-13
mart.-S.15.