Vətənpərvərlik mahnılarının
təbliğatı və
gənclərin milli mənlik şüuru...
Gənclərin vətənpərvərlik tərbiyəsinin formalaşması
üçün tələb
olunan bir çox məsələlər
var ki, onların
bu işdə birbaşa iştirakı olur. Gənclərin vətənpərvərliyi, onların milli şüura bağlı olması üçün
görülən işlər,
təbliğat hər
gün davam etdirilməlidir. Gənclərin yetişməsində vətənpərvərlik
mahnılarının, bu
istiqamətdə yazılan
musiqi əsərlərinin
yeri əvəzsizdir.
Azərbaycan gənclərinin
vətənpərvərlik aşılayan mahnılara,
sənət əsərlərinə
böyük ehtiyacı
var. Televiziyalarda vətənpərvərlik
mahnılarına, demək
olar ki, çox az
yer verilir. Efirə təqdim edilən mahnıların isə əksər hallarda ancaq adında vətənpərvərlik
ifadəsi əksini tapır. Ancaq məsələ var ki, vətənpərvərlik
əsərləri günü-gündən
daha çox təbliğ olunmalı, onların arasından keyfiyyətli olanları telekanallarda, radiolarda hər gün təqdim edilməlidir.
Bəllidir ki, müharibə şəraitində
yaşayan bir ölkənin gənclərinin
vətənpərvərlik mahnılarında ağrı-acı
daha çox hiss olunur. Bəzən vətənpərvərlik adı ilə mahnılar təqdim edilir, təəssüf ki, bütövlükdə
o mahnılar dinləyiciyə,
xüsusən də gənc nəslə elə də təsir göstərmək
gücündə olmur.
Qarabağ müharibəsinin gedişində və atəşkəsin ilk illərində
telekanallarda vətənpərvərlik
mahnıları, gəncləri
torpaqlarımızın müdafiəsinə
çağıran, onları
mənəvi-psixoloji cəhətdən
savaşa hazırlayan
mahnılara geniş yer ayrılırdı.
Bu gün isə kiçik istisnaları nəzərə almasaq deyərdik ki, bu sahədə xeyli susqunluq var. Gün ərzində televiziya və radiolarda yüzlərlə
ifa, mahnı, klip təqdim edilsə də, heç onların 2-3 faizini vətənpərvərlik
nümunələri təşkil
etmir.
Qeyd edək ki, 20 ildən artıq bir zaman ərzində
ayrıldığımız Sovetlər Birliyində vətənpərvərlik mahnıları
gündəlik efirlərdə
təqdim edilərdi. Bu mahnılar gənclərin
dövlətə, torpağa,
Vətənə bağlanmasına
böyük təkan verirdi. Vətənpərvərlik
mahnılarının təsirindən
qanadlanan gənclər
Vətənin müdafiəsi
istiqamətində çox
iş görə
bilirdi.
Tanınmış jurnalist, şairə, tədqiqatçı Flora Xəlilzadə bizimlə söhbətində bildirdi ki, vətənpərvərlik gənclərin tərbiyəsində mühüm faktordur. Onun sözlərinə görə, vətənpərvərlik mahnıları gəncləri yetişdirir, onları torpağın, Vətənin müdafiəsinə hazırlayır. Onun qeyd etdiyinə görə, sovet dönəmində hərbi vətənpərvərlik mövzusunda müxtəlif janrda, formada yetərincə ədəbiyyat nümunələri, bədii-sənədli filmlər, musiqi əsərləri yazılıb: "İndi də o əsərləri oxuyanda, filmlərə baxanda, istər-istəməz, riqqətə gəlirsən. Məsələn, "Uzaq sahillərdə", "Bizim Cəbiş müəllim", "Onun böyük ürəyi", "Tütək səsi", "Sizi dünyalar qədər sevirəm" adlı Azərbaycan filmlərinə bu gün də maraqla baxılır. Bəs indi vəziyyət necədir? Üzləşdiyimiz ədalətsizliklər haqqında yaradıcı insanlar hansı səpkidə əsərlər yaradırlar? Gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunmasına, böyüməsinə rəvac verən bədii filmlər çəkilirmi? Musiqi əsərləri bəstələnirmi?
İnsafla desək, bəstəkarlarımız hərbi vətənpərvərlik mövzusunda diqqətçəkən, maraqlı, dolğun, eləcə də müxtəlif həcmli, janrlı əsərlər yaradıblar. Mərhum bəstəkar Vasif Adıgözəlov şair Teymur Elçinin sözlərinə 1989-cu ildə "Qarabağ şikəstəsi" oratoriyasını bəstələdi. Bu əsər həm Azərbaycanda, həm də qardaş Türkiyədə səsləndirilərək böyük rəğbətlə qarşılandı. Unudulmaz bəstəkar ömrünün sonunadək hərbi vətənpərvərlik mövzusunda uğurlu əsərlər yaratdı. Məsələn, "Odlar yurdu", "Çanaqqala", "Qəm karvanı" oratoriyası, "Çəkin Qarabağdan qara əlləri", habelə solist, xor və simfonik orkestr üçün "Şuşam, laylay" mahnısı və nəhayət, sonda "Natəvan" operası. Hərbi vətənpərvərlik mövzusunda bəstəkarlar həqiqətən müxtəlif janrlarda möhtəşəm əsərlər yaradıblar. Sadəcə, onların adlarını çəkmək bəs edər ki, bu barədə müəyyən təsəvvür yaransın. Ramiz Mustafayevin "Salatın" oratoriyası, "Haqq səninlədir, Azərbaycan" kantatası, Tofiq Bakıxanovun yeddi saylı "Qarabağ harayı" simfoniyası, Aqşin Əlizadənin "Ana torpaq" odası, Eldar Mansurovun bu mövzuda xeyli sayda mahnısı, Ceyhun Allahverdiyevin müxtəlif simfoniyaları, Vasif Allahverdiyevin tar üçün "Qarabağ balladası", nəfəsli orkestr üçün "Türk marşı", xalq çalğı orkestri üçün "Cəngi sədası", Mobil Babayevin "Məmləkətim" kantatası, Elnara Dadaşovanın müxtəlif romans və mahnıları, Tahir Əkbərin "Azadlığa gedən yollar", "Azərbaycan" odaları, Rəşid Şəfəqin "Ana torpaq Qarabağ" vokal xor silsiləsi, Sərdar Fərəcovun "Matəm harayları" simfonik lövhəsi, Oqtay Kazımovun "Qarabağ lövhələri" simfonik svitası, Azər Rzayevin simfoniyaları, tar və simli orkestr üçün "Sənin üçün darıxmışam, Şuşa", İsmayıl Hacıyevin "Qarabağ" simfoniyası. Siyahı olduqca büyükdür. Bu bəstəkarların hər birinin hərbi vətənpərvərlik mövzusunda bir neçə, bəzən də 10-dan artıq əsəri var. Ötən illərdə bəstəkar Firəngiz Əlizadənin bəstələdiyi "Qarabağnamə" operası (libretto N.Paşayevaya məxsusdur) Opera və Balet Teatrında tamaşalarda təqdim edilib. Bəli, bəstəkarlarımız bu mövzuda yetərincə əsərlər yaradıblar. Bu, başqa söhbətdir ki, həmin əsərlər nə dərəcədə ekranda, efirdə, konsert salonlarında, mərasimlərdə səsləndirilir".
F.Xəlilzadənin sözlərinə görə, Azərbaycanın görkəmli bəstəkarları xeyli əsərlər yaradıb, lakin bunların təbliğatı lazımi səviyyədə deyil. O həmçinin bildirdi ki, digər bəstəkarlarımız da hərbi vətənpərvərlik mövzusunda həm iri əsərlər, həm də mahnılar, marşlar yazırlar. Bəstəkar Oqtay Rəcəbovun 35 mahnıdan ibarət "Vətən nəğmələri" adlı məcmuəsinin böyüməkdə olan gənc nəsil və əsgərlər üçün nəzərdə tutulduğunu deyən müsahibimiz onun əhəmiyyətini xüsusi vurğuladı. O dedi ki, sovet dövründə cəmi bir televiziyanın fəaliyyət göstərməsinə baxmayaraq, orada bu kimi lazımi mövzulara xüsusi yer verilirdi: "Bəstəkarlarımız da heç olmasa ayda iki mahnını həmin televiziyaya təqdim edə bilirdi. Vətənpərvərlik mövzusunda yazılan mahnılar birinci növbədə qəbul olunurdu və təbliğ edilirdi. İndi bu ənənə yaddan çıxıb. Bir tərəfdən qeyri-professional bəstəkarların keyfiyyətsiz, mənasız "mahnıları" ekranları zəbt edir, digər tərəfdən də telekanallarda baş verənlərə nədənsə göz yumulur! Bir milyona yaxın qaçqını, məcburi köçkünü olan ölkədə bu qədər də şou proqramı olar?
Haqlı gileylər də eşidilir, yazmaqla deyil ki?! İndi hansı televiziya hərbi vətənpərvərlik mövzusunda yazılın əsərlərin müsabiqəsini keçirir? Gərək günümüz himnlə açıla, marşla bağlana. Əksinə, özəl kanalların əksəriyyəti qalmaqallar məkanına çevrilib. Vətənpərvərlik mövzusu çoxunun yadına düşmür. Əgər telekanalların əksəriyyətində əsl sənət əsərləri ikinci plana keçirsə, onların yerini orta və aşağı səviyyəli, zövqləri korlayan "musiqilər" tutursa, gənc nəsil hərbi vətənpərvərlik mövzusunda bəstələnmiş melodiyalardan necə xəbər tutsun? Bizim korifeylərimizin - Üzeyir Hacıbəyovadan tutmuş, Tofiq Quliyevə kimi, eləcə də indi səmərəli fəaliyyət göstərən peşəkar bəstəkarlarımızın hərbi vətənpərvərlik mövzusunda çoxlu əsərləri var. Musiqi əsərləri o zaman xalqın malına çevrilir ki, təbliğ olunsun, səsləndirilsin, millətə çatdırılsın. Mən heç də əyləncəli proqramların əleyhinə deyiləm. Sadəcə, vətənpərvərlik mövzusunda olan əsərlərə üstünlük verilməlidir. İndiki şəraitdə bizim buna böyük ehtiyacımız var.
Hərbi vətənpərvərlik tərbiyəsindən söhbət açarkən ilk olaraq Qarabağ mövzusunda əsərlər yada düşür. Bu da təbiidir, xalqımızın ən yaralı yeri Qarabağdır, işğal altında qalan torpaqlarımız, yurd itkisi, şəhidlər, döyüşlərdə əlil olmuş insanlardır".
Qeyd edək ki, Azərbaycanda gənclərin vətənpərvərlik tərbiyəsinin formalaşmasında önəmli rol oynayan insanlardan, vətəndaşlardan, ictimai xadimlərdən biri Şəmistan Əlizamanlıdır ki, bir zamanlar onun ifa etdiyi "Cənab leytenant", "Qalx, Azərbaycan", "İgid əsgər, möhkəm dayan", "Vətən əmanəti", "Öncə Vətəndir", "Can Azərbaycan", "Birinci batalyon", "Çırpınırdı Qara dəniz", "Dağlar", "Azərbaycan-Türkiyə", "Ana yurdum", "Tanrı türkə yar olsun", "Heyran türkün bayrağına", "Qafqaz dağı, yol ver bizə" və sair mahnılar efirləri bəzədiyi halda, bu gün onların əvəzinə şou müğənnilərinin ifaları efirlərə verilir. Halbuki, Şəmistan Əlizamanlının, Mübariz Tağıyevin, mərhum xalq artisti Elxan Əhədzadənin, xalq artisti Zümrüd Məmmədovanın geniş repertuarı tamaşaçılara təqdim edilməlidir. Çünki onların ifası gənclərin vətənpərvərlik tərbiyəsinə müsbət təsir edir. Sözsüz ki, onların vətənpərvərlik tərbiyəsinin formalaşmasında bu ifaların yeri əvəzsizdir. Gənclər özləri də deyirlər ki, nə üçün efirlərdə vətənpərvərlik mahnılarının nümayişi kütləvi deyil? Yaxşı olardı ki, həftədə bir neçə dəfə müxtəlif televiziya və radiolarda vətənpərvərlik mahnıları nümayiş etdirilsin. Eləcə də respublikanın böyük konsert salonlarında, stadionlarda vətənpərvərlik mahnılarını ifa edən sənətkarların konsertləri təşkil edilsin. Əlbəttə, bu sənətkarların ali və orta məktəblərdə gənclərlə canlı görüşləri keçirilməlidir ki, onlar o mahnılardan lazımi səviyyədə güc, enerji ala bilsin.
Yeri gəlmişkən, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə ənənəvi olaraq keçirilən "Hünər" vətənpərvərlik mahnıları festivalını qeyd etmək istəyirik. Sözsüz ki, bu festivalın da gənclərin vətənpərvərlik tərbiyəsində oynadığı rol misilsizdir. Burada əsasən gənclər öz istedadlarını nümayiş etdirə bilirlər. Gənclər və İdman Nazirliyindən verilən məlumata görə, festivalın keçirilməsində məqsəd istedadlı gənclərin üzə çıxarılması, onların vətənpərvərlik tərbiyəsinin daha da gücləndirilməsidir. Bununla yanaşı, Azərbaycanı tərənnüm edən mahnıların təbliğ edilməsidir. Festivalda tələbələr, hərbçilər və fəal gənclər də iştirak edir. Tədbirdə festival iştirakçıları ilə yanaşı, tanınmış müğənnilər çıxış edirlər. "Hünər" VIII vətənpərvərlik mahnıları festivalının respublika finalının keçənilki qalibi Nərimanov rayonunu təmsil edən "Odlar Yurdu" Universitetinin tələbəsi Aysel Abbasova olmuşdu. Bu il də ləyaqətli bir gəncin qalib olacağı gözlənir.
Gənclərin formalaşmasında böyük rol oynayan, onların vətənpərvərlik tərbiyəsində mühüm yer tutan vətənpərvərlik mahnılarının geniş təbliğatına ehtiyac var. Düşünürük ki, bu mahnıların yayımlanması kütləvi xarakter daşıyacaq.
İradə SARIYEVA
Bakı xəbər.-2014.-17
mart.-S.12.