Beynəlxalq inteqrasiyada gənclərimizin
iştirakı və vətənpərvər formalaşma
prosesi...
Aqil Mehdi: "Son on il ərzində gənclərin
beynəlxalq proseslərdə iştirakı əhəmiyyətli
dərəcədə artıb"
Azərbaycanda bütün
sahələrdə gənclərin iştirakının
artması prosesi sürətlə gedir. Eyni zamanda, bu proses dövlət
siyasətinin bir hissəsidir. Ən
başlıcası odur ki, bu, ölkə Prezidenti tərəfindən
tam dəstəklənir. Digər peşələr
kimi, hüquq peşəsi də bu prosesdən kənarda
qalmayıb. Ötən illər ərzində
bu sahə əhəmiyyətli dərəcədə gəncləşib.
Görünən odur ki, bu gün ölkə gəncləri
nəinki ölkə daxilindəki təsisatlarda, eyni zamnda,
beynəlxalq inteqrasiya prosesində də fəal iştirak
edirlər.
Belə ki, gənclər
arasında xarici dili bilənlərin sayı get-gedə
artır.
Xaricdə təhsil alan gənclər beynəlxalq
qurumlarda fəaliyyət göstərir. Bütün
bunlar gənclərin vətənpərvərlik hisslərinə
öz müsbət təsirini göstərir. Azərbaycanın bu cür nailiyyətlərinin praqmatik
və rasional xarici siyasət kursu nəticəsində əldə
olunduğu da hər kəsə bəllidir. Balanslaşdırılmış xarici siyasət
strategiyası kimi rəsmiləşdirilmiş bu kursun banisi mərhum
prezident Heydər Əliyevdir.
Azərbaycan 1991-ci ildə
müstəqillik əldə etməsinə baxmayaraq, ilk vaxtlar
hakimiyyətdə olmuş iqtidarlar reallığı nəzərə
alaraq, müvafiq xarici siyasət kursu işləyə bilmədi. 1992-1993-cü
illərdə Azərbaycan rəhbərliyi nəinki prioritet vəzifələri
müəyyənləşdirib həyata keçirmədi, əksinə,
həm daxildə, həm də xaricdə çox ziyanlı
siyasət yeridərək ölkəni çətin duruma
saldı. Beynəlxalq təşkilatlarla
qarşılıqlı münasibətlərin intensiv
inkişaf etdirilməsi isə həm digər dövlətlərlə
çoxşaxəli siyasi, iqtisadi, elmi-mədəni və
humanitar əməkdaşlığın daha səmərəli
həyata keçirilməsinə, həm də ölkədə
baş verən proseslər haqqında obyektiv beynəlxalq
ictimai rəyin formalaşmasına əsaslı təsir
göstərmək imkanlarını genişləndirmək
baxımından mühüm əhəmiyyət kəsb edir.
Beləliklə, 1993-1994-cü illərdə mərhum
prezident Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycanın
xarici siyasətinin və beynəlxalq münasibətlər
sistemində təmsilçiliyinin strateji və cari vəzifələri,
xarici aləmlə əlaqələrin konturları, prioritetləri
müəyyən edildi. Məhz Heydər
Əliyevin sayəsində ölkənin xarici aləm
üçün kəsb etdiyi maraqlar dairəsi, geosiyasi və
iqtisadi əhəmiyyəti düzgün dəyərləndirildi.
Beynəlxalq aləmin Cənubi Qafqazda, Xəzər
regionunda və Azərbaycanda təmsil olunan, üst-üstə
düşən, kəsişən maraq dairələri müəyyənləşdirildi.
Eyni zamanda, beynəlxalq münasibətlərin
yeni düzəni, dövlətlərarası əlaqələrin
prinsipləri, beynəlxalq hüququn təsir gücü və
dairəsi, dünyanın böyük dövlətlərinin,
regionun aparıcı ölkələrinin və beynəlxalq təşkilatların
Azərbaycanla bağlı yürütdüyü və
reallaşdıracağı siyasət təhlil edildi.
Bundan sonra Azərbaycan dövləti
qarşıya çıxan mühüm problemlərin, ilk
növbədə, dövlət müstəqilliyinin qorunub
saxlanması və möhkəmləndirilməsi, Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ probleminin sülh yolu ilə həll
olunması, bazar iqtisadiyyatı istiqamətində
islahatların həyata keçirilməsi və dünya
inteqrasiya prosesinə sıx cəlb olunmasında beynəlxalq
təşkilatların rolundan istifadə etmək məqsədilə
qısa müddət ərzində xeyli iş gördü.
BMT-nin, Avropada Təhlükəsizlik və Əməkdaşlıq
Təşkilatı (ATƏT), İslam Konfransı Təşkilatı
(İKT), Türk Dövlətləri Birliyi, Müstəqil
Dövlətlər Birliyi (MDB), Beynəlxalq Valyuta Fondu, Qara Dəniz
İqtisadi Əməkdaşlıq Təşkilatı,
Ümumdünya Bərpa və İnkişaf Bankı və
İslam İnkişaf Bankının üzvü oldu, Parlamentlərarası
İttifaq, Avropa Birliyi, Avropa Şurası, Avropa Parlamenti, NATO
və başqa beynəlxalq və regional qurumlarla səmərəli
əlaqələr yaratdı.
Azərbaycanın sıx əlaqələri
olduğu təşkilatlardan biri ATƏT-dir. Ölkəmiz
ATƏT-in üzvlüyünə 1992-ci ilin 30 yanvarında qəbul
olunub və qeyd edək ki, ATƏT Azərbaycanın daxil
olduğu ilk Avropa təşkilatıdır. Təşkilatla
Azərbaycan arasında qısa müddət ərzində
aparılmış intensiv əməkdaşlıq nəticəsində
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ
münaqişəsilə bağlı ciddi sənədlər
qəbul edilib, Minsk Qrupu yaradılıb. Azərbaycanla
ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları
Bürosu (DTİHB) arasında da sıx əməkdaşlıq
münasibətləri olub. Bununla
yanaşı, ATƏT-in mətbuat azadlığı üzrə
nümayəndəsi ilə də əməkdaşlığa
Azərbaycan hökuməti tərəfindən xüsusi
önəm verilir. Eyni zamanda, ATƏT-in
tamhüquqlu üzvü olduğundan, Azərbaycan təşkilatın
Milli Azlıqlar üzrə Ali Komissarının Ofisi ilə də
əlaqələr yaradıb. ATƏT-in
Parlament Assambleyası (PA) ilə Azərbaycan
Respublikasının Milli Məclisi arasında sıx əməkdaşlıq
əlaqələri qurulub. Azərbaycanın
intensiv əməkdaşlıq əlaqələri qurduğu
beynəlxalq təşkilatlardan biri də Avropa
Şurasıdır. Azərbaycan 1992-ci ildə
"xüsusi dəvət edilmiş qonaq" statusu almaq
üçün Avropa Şurasına müraciət edib.
Həmin ildən başlayaraq, təşkilat
qarşısında götürdüyü öhdəlikləri
yerinə yetirən Azərbaycan 2001-ci ilin 17 yanvar tarixində
tamhüquqlu üzv kimi təşkilata qəbul edilib. Ötən müddət ərzində Azərbaycan həm
qanunvericilik sahəsində, həm də demokratikləşmə
kursu üzrə əhəmiyyətli addımlar atdı,
ölüm hökmü ləğv edildi, siyasi və ictimai əhəmiyyətli
qanunlar qəbul edildi. Azərbaycanın
Avropa Şurası Parlament Assambleyası çərçivəsində
həqiqətlərin dünya ictimaiyyətinin diqqətinə
çatdırılması da reallaşdırılmaqdadır.
Bunun nəticəsidir ki, Azərbaycan
AŞPA-nın iclaslarında Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsilə bağlı
ciddi sənədlərin qəbul edilməsinə nail olub.
Azərbaycanın xarici siyasətinin əsas
üstünlüklərindən birini Avropa İttifaqı
(Aİ) ilə əməkdaşlıq təşkil edir.
Avropa və Asiyanın kəsişmə nöqtəsində
yerləşən Azərbaycanın strateji mövqeyi
Aİ-nin üzv dövlətlərinin Azərbaycanla siyasi və
iqtisadi münasibətləri inkişaf etdirmək
marağını artırır. Aİ
öz xüsusi elçisini 1998-ci ildə Azərbaycana
göndərib və Azərbaycan Aİ-də öz Daimi
Nümayəndəliyini 2000-ci ildə açıb.
Bütövlükdə, Azərbaycan
Avropa İttifaqı ölkələrilə Şərq tərəfdaşlığı
proqramı çərçivəsində də əlaqələr
saxlayır.
Azərbaycanın münasibətlərini
genişləndirdiyi və dərinləşdirdiyi təşkilatlardan
birini də İslam Konfransı Təşkilatı (İKT) təşkil
edir. Tarixi
keçmişi, dini, mədəni və mənəvi dəyərləri
ilə islam dünyasının ayrılmaz
hissəsi olan Azərbaycanın 1991-ci ilin dekabr ayında
İslam Konfransı Təşkilatına üzv olması beynəlxalq
aləmdə respublikamızın qarşısında yeni
üfüqlər açıb. Çünki Azərbaycan
İKT və ona üzv dövlətlərin ardıcıl dəstəyinə
nail olub və ilkin vaxtlarda İKT Baş Katibliyi Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsi ilə
bağlı respublikamızın mövqeyini dəstəkləyən
bəyanatlar verdiyi halda, daha sonrakı mərhələdə
İKT konfransları Dağlıq Qarabağ münaqişəsi,
Xocalı soyqırımı haqqında kəsərli qətnamələr
qəbul edib. Bu qətnamələrdə isə
münaqişə birmənalı şəkildə Ermənistanın
Azərbaycana qarşı təcavüzü kimi qiymətləndirilib.
Sonuncu dəfə isə İslam Əməkdaşlıq
Təşkilatı Xarici İşlər Nazirləri
Şurası (İƏT XİNŞ) Xocalı faciəsini
soyqırım aktı tanıyan növbəti sənəd qəbul
edib.
Azərbaycanda bütün
sahələrdə gənclərin iştirakının
artması prosesi sürətlə gedir. Bu proses dövlət siyasətinin
bir hissəsidir və ölkə Prezidenti tərəfindən
tam dəstəklənir. Leyla xanım
Əliyevanın təşəbbüsü ilə həyata
keçirilən "Xocalıya ədalət"
kampaniyası geniş beynəlxalq dəstək qazanıb.
İƏT XİNŞ "Xocalıya ədalət"
beynəlxalq məlumat kampaniyasını alqışlayır
və üzv dövlətlərdən bu soyqırım
aktının milli və beynəlxalq səviyyədə
insanlığa qarşı cinayət kimi tanınması
üçün kampaniyanın işində fəal iştirak
etməyə və lazımi səylər göstərməyə
çağırır.
Qeyd edək ki, İKT qətnamələri
Azərbaycan üçün yalnız siyasi əhəmiyyət
daşımır, eyni zamanda, respublikamıza müsəlman
ölkələri tərəfindən göstərilən
humanitar, texniki və s. yardımın böyük bir hissəsi
İKT konfranslarının qəbul etdiyi bu kimi mühüm sənədlər
əsasında həyata keçirilib.
Azərbaycan İKT çərçivəsində
islam dünyası üçün də
mədəni-humanitar xarakterli fəaliyyət sərgiləyib
və öz töhfəsini verib. Əlbəttə,
qürurverici haldır ki, sivilizasiyalararası dialoq daxil
olmaqla, müxtəlif sahələrdə genişmiqyaslı və
fədakar fəaliyyətinə, qayğıya ehtiyacı olan
uşaqlara diqqətinə, onların yaşayış şəraitinin
yaxşılaşmasına, təhsilə, həmçinin,
islam aləmində görülən işlərə
böyük dəstəyinə görə Mehriban Əliyeva
2006-cı il noyabrın 24-də İSESCO-nun xoşməramlı
səfiri adına layiq görülüb.
Azərbaycanın təmsil
olunduğu ən mühüm beynəlxalq təşkilatlardan
biri də Birləşmiş Millətlər Təşkilatıdır. Azərbaycan və
BMT arasında əməkdaşlıq Sovet
İttifaqının dağılması və Azərbaycanın
öz müstəqilliyini bərpa etməsindən dərhal
sonra bərqərar olub. Azərbaycan 1992-ci ilin 2 mart
tarixində BMT-nin üzvlüyünə qəbul edilib və
1992-ci il may ayının 6-da Azərbaycanın
BMT nəzdində Daimi Nümayəndəliyi
açılıb. BMT ilə əməkdaşlığın
ilk günündən Azərbaycan BMT platformasından beynəlxalq
ictimaiyyətin diqqətini Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsinə cəlb etməyə
və BMT-nin potensial imkanlarından istifadə etməklə
sülh sazişinin əldə olunmasına
çalışıb. Bunun nəticəsində də
1993-cü il ərzində BMT Təhlükəsizlik
Şurası münaqişəyə dair 822, 853, 874, 884
saylı qətnamələr qəbul edib. Hər
bir qətnamə isə Azərbaycanın Dağlıq
Qarabağ və digər ərazilərinin Ermənistanın
silahlı qüvvələri tərəfindən
işğalı faktını qəbul edib. Bu qətnamələr Azərbaycanın ərazi
toxunulmazlığını yenidən təsdiq edərək,
dərhal atəşkəs elan olunması, hərbi əməliyyatlara
son qoyulması və işğalçı qüvvələrin
Azərbaycan Respublikası ərazisindən
çıxarılması tələblərini irəli
sürüb. Təəssüf ki, məlum
qətnamələrin müddəaları indiyə kimi yerinə
yetirilməyib.
Azərbaycan milli maraqlarını
müdafiə etmək və ölkə ilə bağlı həqiqətləri
dünyanın ən ali
kürsüsündən beynəlxalq ictimaiyyətin diqqətinə
çatdırmaq üçün təşkilatla sıx əlaqə
saxlayır. Ölkəmiz BMT çərçivəsində
mühüm proseslərdə iştirak edib, əsasən
sülh və əməkdaşlığın tərəfdarı
kimi ciddi dəstək alıb. Elə bu
prosesin nəticəsi idi ki, Azərbaycan 2011-ci ildə BMT
üzvü olan ölkələrin 155 səsini toplayaraq
2012-2013-cü illər üzrə BMT Təhlükəsizlik
Şurasının qeyri-daimi üzvü seçilib.
Ötən iki il ərzində isə Azərbaycan
dünyanın son dərəcədə əhəmiyyətli
hadisələri ilə bağlı BMT Təhlükəsizlik
Şurasının iclaslarına sədrlik edib, müvafiq qərarların
qəbulunda iştirak edib.
Parlaq Gələcək Gənclərin
Maarifləndirilməsi İctimai Birliyinin rəhbəri Aqil
Mehdi hesab edir ki, son on il ərzində gənclərin
beynəlxalq proseslərdə iştirakı əhəmiyyətli
dərəcədə artıb: "Bütövlükdə
bunu şərtləndirən bir neçə faktor
mövcuddur. Əvvəla, Azərbaycan iqtisadi
baxımdan xeyli güclənib. Eyni zamanda,
ölkənin beynəlxalq əlaqələri də əhəmiyyətli
şəkildə inkişaf edib. Ölkə
gənclərinin dünyanın nüfuzlu təhsil
ocaqlarında təhsil alması buna əhəmiyyətli şəkildə
öz töhfəsini verib. Xüsusən də
dövlət səviyyəsində gənclərin xaricdə
oxumasına verilən dəstəyin rolu böyükdür.
Məlum olduğu kimi, bununla bağlı
2007-2015-ci illəri əhatə edən Dövlət
Proqramı var. Bütün bunlar gənclərin məlum
proseslərdə iştirakına ciddi təkan verir. Bu da,öz növbəsində, gənc nəslin vətənpərvərlik
ruhunda böyüməsinə öz təsirini göstərir".
Vidadi ORDAHALLI
Bakı xəbər.-2014.-18
mart.-S.12.