Azərbaycanın Dövlət
Himni gənclərin vətənpərvərlik hisslərinə
necə təsir edir?
Azərbaycan xalqı mənəviyyata,
mənəvi irsə bağlı xalq kimi özünü tanıda bilib. Bu keyfiyyət özünü
gənclərin də
xarakterində büruzə
verir. Gənclərimizin vətənpərvər olmasında, milli mənlik şüuruna bağlanmasında bu cəhətin xüsusi rolu var. Azərbaycan dövlətinin gənclərin
iştirakı ilə
həyata keçirdiyi
tədbirlər, onların
əhəmiyyətli məsələlərdə
fikrinə önəm
verilməsi təqdirəlayiq
haldır.
Gənclərin vətənpərvərlik tərbiyəsinin
formalaşmasında əsas
rollardan birini dövlət atributlarımız
və onların təbliğatı oynayır. Azərbaycanın Dövlət Himninin yaşı bir neçə ildən sonra yüzü haqlayacaq, ancaq yazıldığı gündən
bəri daşıdığı
mənəvi yükə,
ideyaya, qəhrəmanlıq
təbliğ etdiyinə
görə aktuallığını
qoruyur. Böyük peşəkarlıqla ərsəyə gətirilən
Azərbaycanın Dövlət
Himni xalqımızın
Vətən mücadiləsinə,
gənclərin Vətən
sevgisi məktəbinə
daim sadiq olduğunu ehtiva edir. Dövlət Himnimizin gənclərin
vətənpərvərlik tərbiyəsində rolunun
heç nə ilə müqayisə edilmədiyini bilirik.
Çünki o böyük
bir tərbiyə ünvanıdır...
Azərbaycan! Azərbaycan!
Ey qəhrəman övladın şanlı
Vətəni!
Səndən ötrü
can verməyə cümlə
hazırız!
Səndən ötrü
qan tökməyə cümlə qadiriz!
Üçrəngli bayrağınla
məsud yaşa!
Üçrəngli bayrağınla
məsud yaşa!
Minlərlə can qurban
oldu,
Sinən hərbə
meydan oldu!
Hüququndan keçən
əsgər,
Hərə bir qəhrəman oldu!
Sən olasan gülüstan,
Sənə hər an can qurban!
Sənə min bir məhəbbət
Sinəmdə tutmuş
məkan!
Namusunu hifz etməyə,
Bayrağını yüksəltməyə,
Namusunu hifz etməyə
Cümlə gənclər
müştaqdır!
Şanlı Vətən!
Şanlı Vətən!
Azərbaycan! Azərbaycan!
Azərbaycan! Azərbaycan!
Azərbaycan Dövlət Himninin daşıdığı ideya
yükünü hər
bir gənc vətənpərvər dərindən
anlayır və bu sevgiyə bağlıdır. Dövlətçiliyimizin atributlarından, simvollarından olan himnimizin yaranma tarixi, onun oynadığı
əhəmiyyətli rol,
tutduğu yer hər zaman maraqlıdır, hər zaman gənclər arasında təbliğ olunmalıdır.
Tarix üzrə fəlsəfə
doktoru Nüşabə
Həsənovanın dediyinə
görə, Azərbaycanın
Dövlət Himni gənclərin vətənpərvərlik
hisslərinə dərindən
təsir edir. Təkcə himnin
sözü və musiqisi deyil, bütövlükdə onun
tarixinin, daşıdığı
məna yükünün
təsiri böyükdür.
Himnimizin tarixindən danışan tarixçi bildirdi ki, xalqların
tarixində, dövlətçiliyinin
oturuşmasında himnin
rolu az
olmur: "Azərbaycanın
Dövlət Himni çox zəngindir, çox təsirlidir. Onun həm sözləri, həm musiqisi, həm də oxunması adamı tərpədir. Himnimizə qulaq
asan, onu eyni zamanda ifa
edən gənc, istər-istəməz, özünü
vətənpərvər hiss edir. Himnimizin tarixini vərəqləsək
görərik ki, onun çox keşməkeşli tale yolu
olub və Vətənin adına,
bütöv Azərbaycanın
şərəfinə həsr
edildiyi üçün
bütün sınaqlardan
üzüağ çıxıb.
Deyim ki, Azərbaycan dövlətçiliyi bərpa
olunan kimi onun yaradıcıları dövlətin milli əlamətlərini əks
etdirəcək özünəməxsus
rəmzlərin təxirə
salınmadan yaradılması
işinə başladı.
Milli dövlətçiliyin istiqlaliyyətini,
varlığını, xalqın
ən ülvi arzularını lakonik, bədii obrazlı dildə ifadə edən mühüm amillər - rəmzlər bayraq, gerb və
himndir. Bundan başqa, dövlətin
pulu, həmçinin,
təsis etdiyi orden və medallar
da onun atributları
hesab olunur. Azərbaycan Respublikasının bayrağı,
gerbi və himni Azərbaycan dövlətinin müstəqilliyini
təcəssüm etdirən
müqəddəs rəmzlərdir.
Vətəndaşlarımıza, xüsusən gənclərimizə
dövlət atributlarına
dərin ehtiram hisslərinin aşılanması
cəmiyyətdə vətənpərvərlik
ruhunun möhkəmləndirilməsi
işinə bilavasitə
xidmət edir. Dövlət
atributlarının mahiyyətinin
və əhəmiyyətinin
əhali arasında geniş təbliğ olunması, gənc nəslin Azərbaycanın
bayrağına, gerbinə
və himninə hörmət ruhunda tərbiyə edilməsi vətəndaş cəmiyyətinin
yaradılmasının mühüm
amillərindən biridir".
Tarixçi bildirdi ki, 1920-ci il yanvarın 30-da Azərbaycan
Xalq Cumhuriyyətinin Nazirlər Şurası Cumhuriyyətin milli himninin hazırlanması haqqında qərar qəbul edib və bu məqsədlə
Xalq Maarif Nazirliyi tərəfindən
müsabiqə elan edilib: "Lakin 1920-ci il aprelin 28-də Azərbaycanın Sovet Rusiyası qoşunları
tərəfindən işğalı
nəticəsində Cumhuriyyətin
süqutu Azərbaycanın
milli himnini qəbul etməyə imkan vermədi. Ancaq himnimiz arxivlərdə də olsa yaşadı.
Xalqımız ikinci dəfə
azadlıq, müstəqillik
əldə etdikdən,
dövlətimizi suveren
etdikdən sonra himnimiz yenidən dünyaya gəldi. Belə ki, 1992-ci il mayın
27-də parlament "Azərbaycan
Respublikasının Dövlət
himni haqqında" Qanun qəbul etdi. Qanuna əsasən, 1919-cu ildə
bəstəkar Üzeyir
Hacıbəyov (Hacıbəyli)
və şair Əhməd Cavad tərəfindən tərtib
edilən "Azərbaycan
marşı" Azərbaycan
Respublikasının Dövlət
himni kimi təsdiq edilib. Bu da bəllidir ki, Azərbaycan Respublikası Milli Məclisinin 1993-cü il 2 mart tarixli qərarı ilə Azərbaycan Respublikası
Dövlət himni haqqında Əsasnamə təsdiq edilib. Tarixi sənədlərdə
qeyd edilir ki, Cumhuriyyət illərində Üzeyir Hacıbəyov iki marş yazıb. Onlardan hər ikisi 1966-cı ildə türk musiqişünası Etem Üngörükün Ankarada
nəşr etdiyi
"Türk marşları"
kitabında çap olunub. Azərbaycan Respublikası Dövlət
himninin mətninin görkəmli Azərbaycan
şairi Əhməd Cavada məxsus olduğu qeyd edilir".
N.Həsənovanın dediyinə görə, milli himnin bərpa
olunması 1991-1992-ci illərdə
türkoloq-alim, parlamentin
elm, təhsil və mədəniyyət komissiyasının
sədri Firudin Cəlilovun rəhbərliyi
altında həyata keçirilib. Himnimizin gənclər arasında təbliğinin daha da gücləndirilməli
olduğunu irəli sürən alimin dediyinə görə, bu sahədə dövlət qurumları ilə yanaşı, müstəqil təşkilatlar
da böyük iş görməlidir. Dövlət qurumlarından
Azərbaycan Respublikası
Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin bu sahədə iş gördüyünü qeyd
edən ekspert bildirdi ki, 2011-ci ilin oktyabr ayının
11-də Bakı şəhərində
"Azərmarka" şirkəti
tərəfindən Azərbaycan
Respublikasının dövlət
müstəqilliyinin bərpasının
20-ci ildönümünə həsr olunmuş yeni poçt markaları təqdim edilib.
N.Həsənova bildirdi ki, himnimizin sözlərində Azərbaycan
xalqının Vətən
tarixinin hər səhifəsi canlandırılır,
onun gənclərin tərbiyəsində rolu çox güclüdür:
"Himnimizin sözlərində
həm qəhrəmanlıq
tərənnüm olunur,
həm də Vətənin qorunması uğrunda gənclərin hər zaman mücadiləyə hazır
olduğu, yeri gələndə şəhid
olmağa, qurban getməyə belə hazır olduğu göstərilir. Musiqisi də sözsüz
ki, əzəmətlidir.
İlk notdanca dinləyicini ruhlandırır, bizim himnin gənclərə təsiri böyükdür.
Bu gün uşaqdan
tutmuş böyüyə
qədər hər kəs himnimizi bilir, oxuyur. Uşaqlarımız indi dilini himnlə açır.
Bu çox yüksək
göstəricidir. Himnin mətni
sadə dildə yazılıb, amma mənası dərindir".
N.Həsənova dedi ki, Azərbaycan himnini Azərbaycan gənclərinə sevdirən bir sıra məqamlar var. Eyni zamanda da böyük şəxsiyyətlər var ki, onlar Azərbaycanın Dövlət himnini dünyanın ən qiymətli, dəyərli incisi sayırlar. O, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin himnimizə dərin ehtiram bəslədiyini önə çəkdi və bildirdi ki, Heydər Əliyev Dövlət himnimizə sonsuz sevgi bəsləyib: " Müstəqil Azərbaycanın çiçəklənən gələcəyini qabaqcadan görən ümummilli lider hesab edirdi ki, gənc nəsil milli atributları təbliğ etməli, onlarla fəxr etməlidir. Heydər Əliyev çıxışlarından birində deyib: "... Azərbaycanın gözəl himni var. Sevindirici haldır ki, bu himn hələ 1918-ci ildə yazılıb. Bunun müəllifi bizim böyük bəstəkarımız Üzeyir Hacıbəyovdur. Himnimizin sözlərini böyük şairimiz Əhməd Cavad yazıb. Onun musiqisi də çox gözəldir, sözləri də çox mənalıdır, gözəldir. Mən xarici ölkələrə səfər edərkən hər yerdə iki himn çalınır - Azərbaycanın himni, bir də getdiyimiz ölkənin himni. Hər ölkənin himni özünə görə əzizdir. Öz xalqının musiqisini, mənəvi xüsusiyyətlərini əks etdirir. Bu təbiidir. Ancaq mən hər yerdə müqayisə edib görürəm ki, bizim himnin müəllifləri bu himni nə qədər böyük məharətlə yaradıblar. Hər dəfə xarici ölkələrdə bu himni dinləyərkən mən yenidən iftixar hissi duyuram. Ancaq himni dinləmək yox, onu oxumaq lazımdır. Bizdə təəssüf ki, bu ənənə yaranmayıb. Himni dinləyirik, amma onun sözləri var. Mən hesab edirəm ki, bu bizim həyatımızda çatışmazlıqdır. Himn çalınan vaxt insanlar bu himnin sözlərini oxumalıdırlar. Bunun əhəmiyyəti var. Bir var ki, onu dinləyəsən, bir də var ki, o mahnının, musiqinin sədaları altında o sözləri tələffüz edəsən, oxuyasan. Bunlar da insanlarda vətənpərvərlik hissinin daha da möhkəmlənməsinə kömək edir. Eyni zamanda bu ona görə vacibdir ki, himnimizə xüsusi hörmətin təzahürüdür. Ona görə də mən bütün məktəblərin - ali və orta məktəblərin qarşısında vəzifə qoyuram ki, qısa bir müddətdə bütün şagirdlər, tələbələr, müəllimlər Azərbaycanın himnini oxusunlar. Bunu siz necə təşkil edəcəksiniz - məndən yaxşı bilirsiniz. Ancaq bunu təşkil etmək lazımdır ki, hər bir insan himni oxuya bilsin, həm də məharətlə oxusun..." Görürsüz, Azərbaycan sevgili bir dahi şəxsiyyət himnimizi necə gözəl, incəliklə, məntiqlə şərh edib. Əlbəttə, himnimiz haqqında deyilən ən layiqli fikirlərdən önəmlilər sırasındadır ümummilli liderin dedikləri. Bu, gənc nəslin tərbiyəsində, onların vətənpərvərlik hisslərinin güclənməsində rol oynayır. Himnimizin sözləri də, musiqisi də dəyərlidir. O bir ucalıqdır ki, hər kəs ona ali bir mənəvi irs kimi baxmalıdır. Gənc nəsil himnimizin təbliğində xüsusilə fərqlənir. Düşünürəm ki, bu daha geniş miqyas almalıdır. Təklif edərdim ki, gənclər, məktəblilər, eləcə də gənc musiqiçilər arasında himnimizin ən yüksək səviyyədə ifa olunması ilə bağlı müsabiqə keçirilsin.
Bu müsabiqədə gənclər himnimizi ifa etsinlər. Təəssüf ki, "Bənövşə" uşaq xorunu çıxmaq şərtilə o biri qruplarda himnimizin ifasına rast gəlmirik. Yaxşı olardı ki, bu məsələyə ciddi yanaşma olsun. Azərbaycanın Dövlət Himni gənclərin vətənpərvərlik hisslərinə yüksək şəkildə təsir edir, onları yetişdirir, formalaşdırır, torpaq uğrunda müdafiəyə hazırlayır, Vətəni sevməyə, qorumağa səfərbər edir..."
İradə SARIYEVA
Bakı xəbər.-2014.-19
mart.-S.15.