31 mart soyqırımının beynəlxalq aləmdə
tanıdılması sahəsində dövlət siyasəti və
bunun gənc nəslin vətənpərvərlik tərbiyəsində
rolu
Gənclik öz tarixini yaxşı bilməlidir ki,
ondan həm dərs götürə bilsin, həm də
qürur duysun. 31 mart soyqırımı
xalqımızın qan yaddaşında dərin izlər
buraxan bir tarixdir. Bu faciə səhifəsi
gəncliyin dərindən öyrəndiyi bir soyqırım
olayıdır. Bəllidir ki, 1918-ci ilin 31
mart tarixi xalqımızın taleyinə yazılan
soyqırım hadisəsidir. Ermənilərin
illər əvvəl Bakıda və ətraf bölgələrdə
Azərbaycan türklərinə qarşı törətdiyi
bu genosid siyasəti Azərbaycanlıların Soyqırım
Günü kimi yaddaşımıza həkk olunub.
Erməni məkrinin və vəhşiliyinin
qurbanı olan 31 mart şəhidlərimizin acı taleyi hər
birimizin qəlbini incidir.
Tarixə mart soyqırımı
kimi düşən bu hadisə uzun illər öz siyasi,
tarixi, hüquqi qiymətini almayan bir soyqırım hadisəsi
olub. Düzdür, Azərbaycan Demokratik Respublikası
dövründə bu qanlı cinayətin
araşdırılması, bu faciəni törədənlərin
tapılıb üzə çıxarılması üzrə
müvafiq komissiya fəaliyyət göstərib. Həmin komissiya bütün faktları əldə
etsə də, bolşeviklərin Azərbaycanı
işğal etməsi səbəbindən bu işi başa
çatdırmaq onlara nəsib olmayıb.
31 mart soyqırımı
Bakıda həm kütləvi insan qətliamı ilə yadda
qalıb, həm də şəhərin yandırılıb
talanması ilə. Tarixçilərin verdiyi bilgiyə
görə, o dövrdə Müsəlman Xeyriyyə Cəmiyyəti
binası-İsmailiyyə (hazırda Azərbaycan Milli Elmlər
Akademiyasının Rəyasət Heyətinin yerləşdiyi
bina) və "Kaspi" qəzetinin Nikolayevski (indiki
İstiqlaliyyət) küçəsindəki binaları mart
soyqırımı günü yandırılıb.
Tarixçi Təzəgül Yusifova
bildirdi ki, mart soyqırımı, yaxud mart Hadisələri
1918-ci ilin 30 mart və 3 aprel tarixləri arasında Bakı
şəhərində, eləcə də Bakı
quberniyasının müxtəlif şəhərlərində
baş verib. Tarixçinin sözlərinə görə, 31 martın Azərbaycanlıların
Soyqırımı Günü kimi qeyd edilməsi Azərbaycan
Respublikasının sabiq prezidenti Heydər Əliyevin adı
ilə bağlıdır. Milli matəmlərimizin ən fəlakətlilərindən
biri olan 31 mart tarixinə H.Əliyevin böyük tarixi qiymət
verdiyini deyən T.Yusifovanın sözlərinə görə,
mərhum prezidentin 26 mart 1998-ci il tarixli Sərəncamı ilə
31 Mart Azərbaycanlıların Soyqırımı
Günü kimi xatırlanır: "31 mart
soyqırımına qədər də erməni
daşnakları, şovinistləri azərbaycanlılara qarşı
qətllər törədib. Ərazilərimizə
və mədəniyyətimizə sahib olmağa
çalışan ermənilər öz havadarlarının
köməkliyilə Azərbaycan xalqına çox zülmlər
edib. Ermənilərin tarixdəki rolu
çox mənfidir. Onlar harada varsa,
mütləq orada qan, terror, oğurluq və sair kimi hadisələr
baş verir. 31 mart soyqırımına ən
böyük tarixi qiyməti ümummilli liderimiz Heydər
Əliyev verib. Onun verdiyi fərmandan sonra
Azərbaycan tarixşünaslığında 31 mart
soyqırımı ilə bağlı geniş tədqiqat
işlərinə başlanıldı. Tədqiqatçı
alimlərimiz bu soyqırım aktını təsdiq edən
yüzlərlə material, sənəd, fotoşəkil üzə
çıxardı. İndiyə qədər
bu mövzuda çoxlu sayda monoqrafiya, kitab yazılıb.
Burada erməni şovinizmini,
vandallığını üzə çıxaran çoxlu
hadisələr əks olunub. Bu gün Azərbaycan
dövləti, Prezidentimiz İlham Əliyev 31 mart
soyqırımının tanıdılması ilə
bağlı işlər aparır. Dövlət
siyasətimizin ana xətlərindən birini milli matəm
günlərimizin unudulmaması, qan yaddaşımızın
qaysaqlanmaması təşkil edir. Azərbaycan
xalqının üzləşdiyi bu faciələrin unudulmaması
üçün dövlət tərəfindən müxtəlif
yönlü işlər görülür. Azərbaycan gəncliyi dövlətin 31 mart
soyqırımının beynəlxalq aləmdə
tanıdılması yönündə gördüyü
işlərə ciddi dəstək verir. Dünyanın
bir sıra ölkələrində 31 mart soyqırımı
tədbirləri keçirilir. Bu gün
dövlətin apardığı bu siyasət özünü
doğruldur. Bu kimi məsələlərdə
dövlət siyasətilə gəncliyin maraqları, fikirləri
uzlaşır. Bu çox müsbət
haldır".
Beynəlxalq aləmdə
tanıdılan 31 mart soyqırımı dünyanın bir
sıra ölkələrində tədbirlərlə
anılır.
Bilirik ki, illər uzunu bu faciə ilə
bağlı anım mərasimlərinin keçirilməsində
qardaş Türkiyə Respublikası bizə dəstək
göstərib. Tarixçinin sözlərinə
görə, başqa ölkələrdə də mart
soyqırımı ilə bağlı tədbirlər-aksiyalar,
kitab təqdimatları, sərgilər keçirilir. Tarixçi
bildirdi ki, uzun illər boyu erməni vəhşiliyi
bütün dünyadan gizlədilib: "1918-ci ilin mart hadisələri
ermənilərin Azərbaycan xalqına qarşı törətdiyi
tükürpədici bir soyqırım aktıdır. Sovet dövründə, ümumiyyətlə,
soyqırım mövzusunda danışmaq, yazmaq yasaq
edilmişdi. Düzdür, ümumi şəkildə
1905-ci il hadisələrindən
yazılırdı, amma Azərbaycan Demokratik Cumhuriyyəti
dövründən yazmaq olmazdı. Təbiidir
ki, milli hökuməti sovet dövləti qəbul edə bilməzdi,
tarixi ədəbiyyatda cumhuriyyət "burjua-mülkədar
hökuməti" kimi qələmə verilirdi, sosializmlə
burjuaziya da bir araya sığa bilməzdi. Amma
Azərbaycan ötən yüz ilin sonlarında yenidən
müstəqillik qazandıqdan sonra bu mövzuya qoyulan
qadağa aradan götürüldü. Kitablar,
çoxsaylı mətbuat yazıları meydana gəldi: Atamoğlan
Məmmədlinin "Ermənilər", Anar İsgəndərovun
"Türk-müsəlman soyqırımı" və
başqa kitablar bu qəbildəndir. 1998-ci ildən
başlayaraq Azərbaycanda 31 Mart Azərbaycanlıların
Soyqırımı Günü kimi qeyd edilir. Bu müddətdə Azərbaycan türklərinin
soyqırımı ilə bağlı xeyli kitablar işıq
üzü görüb. Sani Hacıyev
"Erməni və PKK terroru" adlı doktorluq
dissertasiyası müdafiə edib, həm də eyniadlı
monoqrafiyası çapdan çıxıb. Soyadını unutmuşam, Samuel adlı bir
amerikalı tarixçi ermənilər haqqında həqiqətləri
bir araya gətirəcək ikicildlik kitab çap etməyi
planlaşdırmışdı. Ermənilər
onu öldürdülər, amma tədqiqatçı
ölümündən qabaq birinci kitabını çap etdirə
bildi. Həmin kitab ingiliscədən ana
dilimizə tərcümə edilib. Bu
faktların siyahısını genişləndirə də
bilərik".
Tarixçinin
sözlərinə görə, Azərbaycan dövlətinin
xarici ölkələrdəki səfirlikləri, diplomatik
korpusları, eləcə də diaspor qurumlarının xəttilə
31 mart soyqırım həqiqəti beynəlxalq aləmdə
yayılır. Artıq beynəlxalq aləm özünü
"məzlum" xalq kimi təqdim edən ermənilərin
şovinist, vandal, daşnak sifətini açıq - aydın
görməyə başlayıb: "Azərbaycan
xalqının başına gətirilən oyunların müəlliflərindən
biri daşnak xislətli ermənilərdir ki, onlar XX əsrdə
bir neçə dəfə bizim xalqı soyqırıma məruz
qoyub. Bu məsələ uzun illər gizlədilib, ancaq indi hər
şey aşkara çıxır. Ermənilərin törətdiyi
mart soyqırımının əks-sədası indi
eşidilir. Beynəlxalq aləm bilir ki, bu soyqırım
xalqımızın tarixində böyük bir yaradır. Bu gün mart
soyqırımı ilə bağlı kitablar, broşurlar
çap olunur, internet saytları var. Bu nəşrlər
müxtəlif dillərə tərcümə edilərək
xarici ölkələrə yayılır. Azərbaycan
dövlətinin apardığı siyasət ona yönəlib
ki, beynəlxalq ictimaiyyət 31 mart soyqırımının
mahiyyətini və səbəbkarlarını bilsin,
tanısın. Bəllidir ki, Azərbaycan
türklərinə qarşı yönələn 31 mart
soyqırımının törədilməsinə ilham verənlərdən
biri bolşevik lideri Vladimir İliç Lenin olub. Stepan Şaumyana göndərdiyi məktubunda Lenin
özü də dolayısı yolla Şaumyan və onun dəstəsinin
qəddarlıqla törətdiyi soyqırıma
"xeyir-dua" verib. T.Yusifovanın sözlərinə
görə, mahiyyətcə "Mart döyüşləri"
Bakı Sovetinə qısa müddət ərzində vəziyyətə
nəzarət etmək imkanı versə də, əhali
arasında sovetlərə qarşı kin-küdurəti daha
da artırıb: "Mart qırğını Bakının
türk-müsəlman əhalisinin sovetlərə
qarşı nifrət bəslədiyini ortaya qoydu. Daha doğrusu, bolşevik əlilə törədilən
bu soyqırımı gözü ilə görənlər
sovet quruluşuna rəğbət bəsləmədilər.
Məlumdur ki, bolşeviklərin böyük
dövlətçilik siyasətinin labüd nəticəsi
olan soyqırım Azərbaycanda milli istiqlala qarşı
açıq-aydın sui-qəsd idi. Kütləvi
soyqırım istiqlalın aparıcı qüvvəsi olan
"Müsavat"ın milli dövlətçilik
ideyalarına güclü təsir göstərdi, onu Rusiya
imperiyasını demokratik-federativ respublikaya çevirmək,
burada millətlərə muxtariyyət hüququ vermək
ideyalarından imtina etməyə, bundan sonra tam dövlət
müstəqilliyi xəttini əsas götürməyə,
"Müstəqil Azərbaycan" ideyasını irəli
sürməyə vadar etdi. Mart soyqırımından bir il sonra ermənilər bu hadisələri
bolşeviklərlə müsəlmanlar arasında cərəyan
edən hakimiyyət mübarizəsi kimi mətbuata
çıxardılar. 1919-cu ilin yayında
ABŞ tərəfindən Bakıya göndərilən
general Harborda təqdim edilən sənəddə erməni
yepiskopu Baqrat ermənilərin mart hadisələrində
iştirakını inkar edirdi. Baqrat
Bakıda hadisələr zamanı öldürülən 1000
nəfərdən 300-nün erməni və rus, 700-nün isə
müsəlman olduğunu iddia edirdi. Təbii
ki, bütün bunlar saxta məlumatlar idi. Ermənilər,
hər zaman olduğu kimi, bu dəfə də bir təhər
vəziyyətdən çıxmağa cəhd etdilər,
onlar o illərdə ifşa edilmədilərsə, hazırda
ifşa edilib. Erməni terroru hər zaman
öz işini görür. "Daşnaksütyun"
partiyası erməni terrorunun başında durur həmişə.
1917-ci ilin oktyabr ayında Rusiyada hakimiyyət
devrildi və onların yerinə kommunistlər gəldilər.
Bu vəziyyətdən istifadə edən
"Daşnaksütyun" partiyası Bakıda və digər
yerlərdə azərbaycanlılara qarşı mitinqlər təşkil
etməyə başladı. 1918-ci il mart
ayının 30-da erməni kilsəsi yanında toplaşan
daşnak dəstəsi müsəlmanlara ilk atəş
açdı".
Bütün bu faktların
beynəlxalq aləmdə yayıldığını deyən
tarixçi bildirir ki, bundan gənclər sözün əsl mənasında
ibrət dərsi ala bilər. Tarixçinin sözlərinə
görə, azərbaycanlı gənclər arasında xarici
ölkələrdə təhsil alanlar da az
deyil, onlar da dövlətin bu istiqamətdə
apardığı təbliğat işinə dəstək
olmağa çalışır: "31 mart
soyqırımının beynəlxalq aləmdə
tanıdılması sahəsində dövlət siyasəti bəllidir.
Təbii ki, bu dövlət siyasəti sayəsində
dünyanın mütərəqqi fikirli alimləri erməni
şovinizmi, vandalizmi haqda geniş məlumat alıb. Bunlar hamısı tarixi sənədlərdə,
arxiv materiallarında öz əksini tapdığı
üçün xarici alimlər, siyasətçilər bizim
həqiqətə dəstək olmağa
çalışırlar. Bu da müsbət
bir haldır. Dövlətin bu sahədə
atdığı addımlar, nail olduğu işlər gənc
nəslin vətənpərvərlik tərbiyəsində
müsbət rol oynayır".
İradə SARIYEVA
Bakı xəbər.-2014.-31
mart.-S.10.