Milli qəhrəmanların
xatirəsinə dövlət
qayğısı - gənc
nəsli vətənsevər
formalaşdırır...
Azərbaycan tarixində saysız-hesabsız
qəhrəmanlar olub ki, onların döyüş yolu, şəhidlik məqamı
gənclər üçün
həyat məktəbidir.
Ermənilərin dədə-baba torpağımız
olan Dağlıq Qarabağa hücumu nəticəsində yüzlərlə
Vətən övladı
torpağımızın müdafiəsinə
qalxdı. Bu savaşda fərqlənən,
yurdumuzun müdafiəsi
uğrunda müstəsna
qəhrəmanlıqlar göstərən
döyüşçülərin müəyyən bir qisminə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə
Milli Qəhrəman adı verildi.
Bu gün
Azərbaycanda 211 nəfər
bu şərəfli adı daşıyır. Təəssüf ki, onların yalnız on səkkiz nəfəri həyatdadır,
qalanları isə dünyasını dəyişib.
Amma bu qəhrəmanların övladları, həyat yoldaşları, valideynləri,
yaxınları onların
xatirəsini yaşadır.
Dövlətimiz də milli qəhrəmanlara və onların ailə üzvlərinə qayğı
göstərir. Bəziləri hesab edir ki,
milli qəhrəmanlara
və doğmalarına
göstərilən qayğı
daha yüksək olmalıdır. Yəni bu
qayğı o səviyyədə
olmalıdır ki, milli qəhrəmanlarımız
həm də gənclər üçün
örnəyə çevrilə
bilsin. Milli qəhrəmanlara belə qayğı gənclər arasında həm də vətənpərvərlik ruhunun
tərbiyə olunmasında
böyük rol oynaya bilər. Məlumdur ki, milli qəhrəmanların
həyat yolunu özünə nümunə
sayan gənclərimiz
çoxdur. Dövlət milli qəhrəmanlara, o cümlədən də şəhid ailələrinə
müəyyən imtiyazlar
ayırıb. Bu imtiyazlardan ən yüksəyi Prezident təqaüdüdür. Hazırda 191-dən artıq Milli Qəhrəman ailəsi ayda 600 manat təqaüd alır.
Bəzi ailələrin isə mənzil-məişət şəraitinin
yaxşılaşdırılması üçün dövlət
tərəfindən tədbirlər
həyata keçirilib.
Bir sıra ailələr evlə təmin edilib.
Mərhum Azərbaycan prezidenti Heydər Əliyevin rəhbərliyi dövründə
də, hazırda da Milli Qəhrəman
ailələri dövlətin
himayəsindədir. Prezident İlham
Əliyev bu gün Qarabağ şəhidlərinin xatirələrini
əziz tutur, şəhid ailələrinin,
milli qəhrəmanlarımızın
sosial problemləri ilə yaxından maraqlanır, onların problemlərini həll edir. Prezidentin bu yöndə
göstərdiyi qayğının
bariz nümunələrindən
biri Mübariz İbrahimova göstərdiyi
şücaətə görə
Milli Qəhrəman adının verilməsidir.
Gənclər görəndə ki, canını Azərbaycanın ərazi
bütövlüyü uğrunda
qurban verən insanların ailəsi dövlətin qanadları
altındadır, bu bizim gənclərdə vətənpərvərlik tərbiyəsini
daha da sarsılmaz
edəcək. Mütəxəssislər bildirir ki, bunun
gənclərin milli-mənəvi
dəyərlərə, xüsusən
də vətənpərvərlik
tərbiyəsinə malik
olmasında böyük
rolu var. Bir məqama diqqətinizi yönəltmək istəyirik.
Ölkə başçısı milli qəhrəmanlar, onların ailə üzvlərinin sosial vəziyyətinin yüksəldilməsi
üçün bir neçə sənəd imzalayıb. Bundan əlavə,
o, bir neçə rəsmi sənəd vasitəsilə milli qəhrəmanlarımızın gənclərə tanıdılmasını
tövsiyə edib.
Məsələn, "Azərbaycan
gəncliyi 2011-2015-ci illərdə"
Dövlət Dəstəyi
Proqramının 6.2.- "Gənclərin
vətəndaşlıq və
vətənpərvərlik tərbiyəsi"- bəndinin
6.2.3 maddəsində Gənclər
və İdman Nazirliyinə, Müdafiə
Nazirliyinə, Təhsil
Nazirliyinə, Mədəniyyət
və Turizm Nazirliyinə, "Azərbaycan
Televiziya və Radio Verilişləri" Qapalı
Səhmdar Cəmiyyətinə
Azərbaycanın milli
qəhrəmanlarının və ərazi bütövlüyü uğrunda
döyüşlərdə şücaət göstərmiş
gənclərin tanıdılması
ilə bağlı layihələrin həyata
keçirilməsi, qəhrəmanlıq
nümunələrinin gənclər
arasında təbliğ
edilməsi tövsiyə
edilib. Gördüyünüz
kimi, çox az sayda
uyğun sənəd tapılar ki, orada heç olmasa bir bənd
Azərbaycan torpaqlarının
müdafiəsi üçün
göstərdiyi şücaətə
görə Milli Qəhrəman adı alan şəxslərə
həsr edilməsin. Dövlətimiz bu şəxslərin
şəhadətini və
qaziliyini layiqincə qiymətləndirir və bu müsbət məsələnin gənclər
arasında daha geniş şəkildə
yayılmasını hədəfə
alır.
Bildiyimiz qədər,
dövlət ali məktəblərində
təhsil alan Milli Qəhrəman övladlarının təhsil
haqqı dövlət
büdcəsi hesabına
ödənilir (bu məlumatı dəqiqləşdirə
bilmədik. Onların övladlarının təhsil haqqı dövlət hesabına ödənilmirsə, bunun
təmin edilməsi arzuediləndir-İ.S). Bu da qayğının təzahürüdür. Milli Qəhrəman
adı daşıyan şəhidlər vətənimizin
azadlığı və
bütövlüyü uğrunda
canından keçib.
Odur ki, cəmiyyətin özünün də onlara və ailələrinə özəl
münasibəti olmalıdır.
Ümummilli lider Heydər Əliyevin yolunu davam etdirən
Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyev də bu gün Qarabağ
şəhidlərinin xatirəsini
əziz tutur, şəhid ailələrinin,
milli qəhrəmanlarımızın
sosial problemləri ilə yaxından maraqlanır, onların problemlərini həll edir. Prezidentin bu yöndə
göstərdiyi qayğının
bariz nümunəsi Vətən uğrunda canından keçənlərə
layiqli qiymət verməsidir.
Bəllidir ki, son illər şəhid adlarının
əbədiləşdirilməsi, şəhid ailələrinin,
milli qəhrəmanların,
müharibə əlillərinin
və veteranların sosial təminatının
yaxşılaşdırılması, sosial-hüquqi müdafiəsinin
gücləndirilməsi məqsədilə
dövlət tərəfindən
bir sıra tədbirlər həyata keçirilir. Bütün bunlar öz
bəhrəsini versə
də, bəzi problemlər hələ də həll olunmamış qalır.
Qeyd etdiyimiz kimi, milli qəhrəmanlara dövlət tərəfindən göstərilən sayğı çox böyükdür. Artıq son günlər çox maraqlı layihələrə start verilib. Belə ki, artıq davamlı olaraq milli qəhrəmanlarımızla bağlı geniş səviyyəli tədbirlər keçiriləcək. Onlardan birincisi aprel ayında keçirildi. Birinci tədbir Azərbaycan Respublikasının Milli Qəhrəmanı Albert Aqarunovun 45 illiyinə həsr edilib. Suraxanı rayonundakı Heydər Əliyev Mərkəzi, Suraxanı Rayon İcra Hakimiyyəti, Şuşa Rayon İcra Hakimiyyəti, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Azərbaycanın Hərb Tarixi Muzeyi (AHTM), Dağ Yəhudiləri Dini İcması, Səbail tank batalyonunun birgə təşkilatçılığı ilə Suraxanı rayon Heydər Əliyev Mərkəzində Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun anadan olmasının 45 illiyi münasibətilə anım tədbiri keçirilib. Heydər Əliyev Mərkəzində davam edən tədbir Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunov haqqında filmin nümayişi ilə başlayıb. Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı İlqar Abbasov Milli Qəhrəman haqqında fikirlərini bölüşüb. O bildirib ki, Suraxanı rayonunda Vətənin azadlığı uğrunda şəhid olanların xatirəsinə hörmətlə yanaşılır, onların ailələrinə, müharibə əlillərinə və iştirakçılarına xüsusi diqqət və qayğı göstərilir. O qeyd edib ki, Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun həyat yolu hər bir gənc üçün örnəkdir və onun xatirəsi həmişə Azərbaycanı sevən insanların qəlbində yaşayacaq.
Azərbaycan-Ermənistan, Dağlıq Qarabağ münaqişəsi barədə məruzə ilə çıxış edən Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Azərbaycanın Hərb Tarixi Muzeyinin (AHTM) rəisi, ehtiyatda olan polkovnik Rüfət Əmirov deyib ki, Azərbaycan xalqı Albert Aqarunovun qəhrəmanlığını, döyüşdə göstərdiyi şücaəti heç zaman unutmayacaq: "Milliyyətcə yəhudi olan Albert Aqarunov Vətənimizin bütövlüyü uğrunda mübarizədə şəhidlik zirvəsinə yüksəlmiş Azərbaycan qəhrəmanıdır".
Dağ Yəhudiləri Dini İcmasının sədri Milix Yevdayev bildirib ki, Albert Aqarunov qısa, lakin dəyərli ömür yaşayıb: "Albert hər gün ölümün üzünə dik baxıb. Bunun özü bir şücaətdir. Allah eləsin ki, Albertin növbəti ad gününü Şuşada qeyd edək".
Səbail tank batalyonunun sabiq komandiri Hacı Əzimov və Albertin döyüş yoldaşı, polis polkovnik-leytenantı Vahid Vəliyev, müdafiə nazirinin sabiq müavini, Bakı Şəhər Veteranlar Şurasının sədri, ehtiyatda olan polkovnik Məhərrəm Cahangirov Albertin keçdiyi döyüş yolu, onunla bağlı xatirələrindən danışıb, şəhidlərimizi heç zaman unutmayacaqlarını deyiblər.
Milli Məclisin üzvü Yevda Abramovun fikrincə, Albertin harada doğulması, hansı milliyyətdən olması önəmli deyil: "Şuşada olan hər bir Azərbaycan oğlu Albert kimi hərəkət edərdi. Gələcək nəsillərin tərbiyəsində, məktəblərdə, institutlarda, ictimai yerlərdə Albert kimi qəhrəmanlarımızı nümunə göstərmək lazımdır. Belə insanlar unudulmamalıdır. Bu gün təkcə Albertin yox, bütün şəhidlərimizin, bütün qəhrəmanlarımızın doğum günüdür".
"Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması" İctimai Birliyinin rəhbəri, Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov bildirib ki, dünyada elə bir ölkə yoxdur ki, Azərbaycandakı qədər azsaylı xalqlara bu qədər diqqət yetirilsin: "Biz Albert kimi döyüşçülərlə fəxr edirik. Gənc nəsil belə döyüşçülərin igidliyindən örnək götürməlidir. Azərbaycanın ən müasir silahla təchiz edilmiş güclü ordusu var. Azərbaycanın bir qarış torpağı da düşmənə verilə bilməz! Azərbaycanın üçrəngli bayrağı Şuşada, Qarabağda dalğalanacaq!".
Əlbəttə, Albert Aqarunov əsl qəhrəmanlıq nümunəsidir. Gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunmasında belə tədbirlərin keçirilməsi önəmlidir.
Bu tədbirdə İsrailin Azərbaycandakı səfiri Rafael Harpaz, Qarabağ müharibəsi veteranları, rayon ictimaiyyətinin nümayəndələri, kursantlar və digərləri iştirak ediblər.
Qeyd edək ki, Albert Aqarunov 25 aprel 1969-cu il Bakının Əmircan qəsəbəsində anadan olub. Suraxanı rayonundakı 154 saylı məktəbin səkkizinci sinfini bitirərək peşə məktəbində sürücü-mexanik ixtisasına yiyələnib, 1987-ci ildə isə hərbi xidmətə çağırılıb və xidməti dövründə tank komandiri olub. Daha sonra Bakıya dönərək Suraxanıda Maşınqayırma zavodunda işləyib. Qarabağ müharibəsi başlayarkən 1992-ci ildə Albert Aqarunov könüllü olaraq cəbhəyə yollanıb. Tank komandiri təyin edilən Albert Aqarunov Şuşa cəbhəsində döyüşüb. O, Xankəndi, Daşaltı, Cəmilli istiqamətində gedən döyüşlərdə erməni işğalçılarının xeyli canlı qüvvəsini, zirehli texnikasını məhv edib. Ermənilərin Şuşaya hücumu vaxtı Albert Aqarunov düşmənin bir neçə zirehli texnikasını məhv edib. Buna görə döyüş yoldaşları tərəfindən "yəhudi buterbrodu" adını alıb. A.Aqarunov 8 may 1992-ci ildə Şuşa uğrunda gedən döyüşlərdə snayper gülləsinə tuş gəlib və döyüş meydanında həlak olub.
Tarixçi Təzəgül Yusifovanın sözlərinə görə, gənc nəslin öyrənməli olduğu insanlarımız çoxdur: "Milli qəhrəmanlarımız da onlara nümunədir. Dövlət tərəfindən onlara göstərilən diqqət-qayğı gənclərə yaxşı nümunədir.
Onlar bu qayğını əyani şəkildə görür. Bu da o deməkdir ki, dövlət Vətən uğrunda canını qoyan, sağlamlığını itirən insanların arxa-dayağıdır. Milli qəhrəmanların həyatı, döyüş yolu təbliğ edilməlidir. Artıq geniş miqyasda təbliğat işinə başlanıb. Bunun bizim gəncliyə faydası çox olacaq".
İradə
SARIYEVA
Bakı xəbər.-2014.-2-4
may.-S.15.