Gənclərin
yaradıcılıq festivallarının vətənpərvərlik
tərbiyəsinə təsiri...
Gəncliyin vətənpərvərlik ruhunda tərbiyəsi
hər birimizi maraqlandıran bir məsələdir. Bu nəcib işdə dövlətin dəstəyi və
yürütdüyü siyasət gənclərin inkişaf
yollarına yeni üfüqlər açıb. Bəllidir ki, hələ Azərbaycanın sabiq
prezidenti Heydər Əliyevin dövründən dövlətin
aydın gənclər siyasəti olub. Azərbaycanın
sabiq prezidenti dövlət gənclər siyasəti haqqında
29 iyul 1999-cu ildə fərman verib. Həmin
fərmanda Azərbaycan gəncləri ilə bağlı
köklü məsələlər yer alıb.
Fərmanda deyilir: "Azərbaycan gənclərinin
təşkilatlanaraq ümummilli problemlərin həlli
uğrunda mübarizəyə başlaması XIX əsrin
sonlarına təsadüf edir. Bu dövrdə
bütün dünyada gedən ictimai-siyasi proseslər Azərbaycanda
gənclər hərəkatının ümumi strategiyası
və ideologiyasının formalaşmasına təkan verərək
gəncliyin həyatında dərin iz buraxmışdır.
Bununla yanaşı, o zaman Azərbaycanda
yaranmış siyasi vəziyyətin, mədəni və
ictimai-siyasi mühitin də Azərbaycan gənclərinə
güclü təsiri olmuşdur. Azərbaycanda
təşəkkül tapmış yeni tipli məktəb,
demokratik mətbuat və dünyəvi teatr gənclərin
milli-siyasi şüurunun inkişafında müstəsna rol
oynamışdır. Avropada və Rusiyada təhsil
almış azərbaycanlı gənclərin mədəni və
ictimai-siyasi həyatda böyük fəallığı da həmin
dövrün səciyyəvi cəhətlərindəndir.
Hələ 1902-ci ildə
"Müsəlman gənclik təşkilatı" ətrafında
birləşən Azərbaycan gəncliyi sonralar Rusiya
imperiyasının və Sovet İttifaqının tərkibində
olmaqla mövcud geosiyasi məkanın tələbləri
çərçivəsində fəaliyyət göstərərək
böyük inkişaf yolu keçmişdir. Azərbaycan gəncləri
XX əsrin əvvəllərində başlanmış və
1918-ci ildə Azərbaycan Xalq Cumhuriyyətinin yaranması ilə
nəticələnmiş milli-azadlıq hərəkatının
aparıcı qüvvələrindən olmuşdur".
Fərmanda qeyd edilir ki, Azərbaycanın
öz dövlət müstəqilliyini bərpa etməsində
gənclərin böyük xidməti olub: "Sovet
imperiyasına qarşı mübarizənin, o cümlədən
Qarabağ hadisələri ilə bağlı təşəkkül
tapmış xalq hərəkatının ön
sıralarında gənclərimiz getmişlər. 1988-ci ildə erməni ekstremistlərinin Azərbaycana
qarşı başladıqları hərbi təcavüzü
dəf etmək üçün ilk özünümüdafiə
dəstələrinin yaradılmasında və fəaliyyət
göstərməsində gənclərin böyük xidmətləri
olmuşdur. 1990-cı il yanvarın
19-20-də sovet qoşunlarının Bakıda və
respublikanın digər şəhər və rayonlarında
törətdikləri qanlı hadisələrin qurbanları -
ilk azadlıq şəhidləri də əsasən gənclər
oldular... 1991-1993-cü illərdə respublikada gənclərin
müxtəlif təşkilatları meydana çıxmağa
başladı... Dövlət gənclər siyasətinin
həyata keçirilməsi sahəsində həllini gözləyən
bir sıra problem və məsələlər mövcuddur.
Uşaq və gənclərlə işləyən
kadrların hazırlanması, gənclərin həyatında
baş verən proseslərin elmi şəkildə öyrənilməsi
günün vacib məsələlərindəndir.
Ayrı-ayrı dövlət hakimiyyəti və idarəetmə
orqanlarının gənclərlə iş üzrə əlaqəli
və məqsədyönlü fəaliyyət göstərməsi
üçün lazımi şərait
yaradılmalıdır. Gənclərin daha
geniş təbəqələrinin dövlət idarəetmə
işlərinə cəlb olunması sahəsində əlavə
tədbirlərin görülməsinə və bunun
üçün lazımi maliyyə vəsaitinin
ayrılmasına ehtiyac vardır. Ölkə
əhalisinin yarıdan çoxunu təşkil edən
uşaq, yeniyetmə və gənclərin üzləşdikləri
problemləri həll etmək, onları yeni dövrün tələblərinə
uyğun hazırlamaq kompleks tədbirlərin həyata
keçirilməsini zəruri edir".
Azərbaycan Respublikasında
dövlət gənclər siyasəti müxtəlif istiqamətlərdə
davam etdirilir.
Bu fərmanın verilməsindən uzun illər
keçib. Burada istedadlı gənclərlə
bağlı müddəalardan irəli gələn məsələlər
yüksək səviyyədə həllini tapır. Bildirək ki, bu gün gənclərlə
bağlı yüzlərlə layihələr işlənir,
tədbir, sərgi və festivallar keçirilir.
Onu da bildirək ki, son illər
ardıcıl olaraq
Gənclər və İdman
Nazirliyinin, eləcə də digər dövlət
qurumlarının və QHT-lərin dəstəyi ilə gənclərin
yaradıcılıq, folklor, idman festivalları keçirilir. Yalnız
2014-cü ildə ard-arda iki böyük gənclər
festivalı keçirilib. Bu ilin mart
ayında Gənclər və İdman Nazirliyinin dəstəyi
ilə "Avropa Tələbələr Forumu-Bakı"
İctimai Birliyinin (AEGEE-Bakı) təşkilatçılığı
ilə Azərbaycanda "Novruz 2014 - Beynəlxalq Gənclər
Festivalı" keçirilib. Tədbirə
bizim gənclərlə yanaşı dünyanın 35 ölkəsini
təmsil edən 50 nəfər əcnəbi gənc
qatılmışdı. Festivalın
keçirilməsində əsas məqsəd Azərbaycan mədəniyyətinin,
milli adət-ənənələrinin dünyaya bir daha
tanıdılması olub. Tədbir müddətində
Azərbaycana dəvət olunmuş əcnəbi gənclər
Novruz adət-ənənələri ilə tanış
olub, bir neçə regiona səfər edib, bir sıra
tarix-memarlıq abidə məkanına ekskursiyaya gediblər.
Xatırladaq ki, festival hər il ənənəvi olaraq AEGEE-Bakı tərəfindən
təşkil olunur. AEGEE-Bakı Avropanın 40-dan çox
ölkəsinin 200-dən yuxarı şəhərində fəaliyyət
göstərən və özündə 20 mindən çox
tələbəni birləşdirən Avropa Tələbələr
Forumu (AEGEE) təşkilatının Bakı şəhəri
üzrə yerli nümayəndəliyidir.
Bir neçə gün əvvəl
isə MDB məkanında ilk dəfə olaraq, Azərbaycanın
Şəki şəhərindəki "Xan sarayı"nda
tarixi rekonstruksiya formatında təşkil
edilmiş "Tarixin canlı səhifələri" adlı
Gənclər Festivalı keçirilib.
Gənclər və İdman
Nazirliyinin keçirdiyi tədbirdə gənclərin milli mənlik
şüurunun formalaşmasına, onlarda vətənpərvərlik
tərbiyəsinin güclənməsinə səbəb olan
maraqlı anlar yaşanıb. Qeyd edək ki, gənclər
və idman nazirinin müavini İntiqam Babayev festivalın əhəmiyyətini
yüksək qiymətləndirib. Onun
sözlərinə görə, festivalın əsas məqsədi
gəncləri vətənpərvərlik ruhunda tərbiyə
etmək, onların tariximizə olan marağını
artırmaq, şərəf dolu tarixi döyüş səhnələrini
gənclərə əyani olaraq çatdırmaqdır.
Ümummilli lider Heydər
Əliyevin 91 illik yubileyinə həsr olunan festival orta əsrlərdən
günümüzə qədər olan tarixi dövrü əhatə
edib.
Festivalın ilk hissəsində
tamaşaçılar o dövrə xas olan mədəniyyət,
məişət və ənənələrlə tanış olub, orta əsr dövrünün
eksponatları, dulusçuluq, papaqçılıq, təkəlduz,
şəbəkə, dəmirçi və digər qədim sənətləri
seyr etmək imkanı əldə etdilər. Festivalın ikinci
hissəsində Azərbaycanın tarixi qəhrəmanlarından
olan Cavanşirin, müstəqilliyimiz uğrunda ərəblərlə
mübarizə aparan Babəkin, bütöv Azərbaycanı
ilk dəfə vahid halda birləşdirən Şah
İsmayıl Xətainin, məşhur Şəki xanı
Hacı Çələbi xanın, Gəncənin müstəqilliyi
uğrunda öz canından keçən Cavad xanın həyatı
tələbə və aktyorlar tərəfindən
canlandırılıb.
Bildirək ki, festivalın
200 nəfərə yaxın iştirakçısı olub. Layihənin ideya müəllifi
Gənclər və İdman Nazirliyinin əməkdaşı
Günay Rəhimova, rejissoru Gənc Tamaşaçılar
Teatrının rejissoru Nicat Kazımov, rəssam Elşən Sərxanoğlu
olub.
Layihədə Gənc
Tamaşaçılar, Şəki Dram Teatrının
aktyorları, Gənclər və İdman Nazirliyinin nəzdində
yerləşən atçılıq məktəbinin mütəxəssisləri
və s. iştirak edib.
Qeyd edək ki, 2014-cü ildə
gənclərlə bağlı bir sıra maraqlı layihələr
keçirilib və keçirilməkdə də davam edir.
Belə ki, bu ilin yanvar
ayında Nizami Kino Mərkəzində Humay Fərəcovanın
Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər
Fondunun maliyyə dəstəyi ilə həyata keçirdiyi
"Gənc Azərbaycan" adlı qısametrajlı film
festivalı keçirilib. Tədbirdə 10 film
göstərilib və bu 10 film ekspertlər tərəfindən
qiymətləndirilib.
Bu kimi tədbirlərin,
festivalların gənclərin həyatında mühüm rol
oynadığı bəllidir. Başqa bir incəsənət
festivalı da bir müddət əvvəl keçirilib.
Söhbət Azərbaycan Respublikasının
Nazirlər Kabineti yanında "İçərişəhər"
Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin təşkilatçılığı
ilə Bakıda "Qız qalası" Beşinci Beynəlxalq
İncəsənət Festivalı keçirililməsindən
gedir. Onu da deyək ki, 2010-cu ildən etibarən
keçirilən festivalın əsas məqsədi Azərbaycanın
qədim və sirli abidəsi, Bakının rəmzi olan
Qız qalasının dünyada təbliği və
tanıdılmasına töhfə verməkdir.
Keçən illər
"Üfüq Gənclərin İnkişafı Naminə"
İctimai Birliyinin "Mən idmanı seçirəm!"
devizi altında regionlarda gənclər arasında sağlam həyat
tərzinin geniş təbliğ edilməsi - idman
festivallarının keçirilməsi" layihəsi də
baş tutmuşdu. Maraqlı idman festivalı gənclərin
sağlamlığa meylli olmasını şərtləndirir.
Bu layihə "Azərbaycan Gəncliyi 2011-
2015-ci illərdə" Dövlət Proqramının həyata
keçirilməsi üzrə tədbirlər planına
uyğun olaraq, Azərbaycan Respublikasının Gənclər
və İdman Nazirliyi tərəfindən qismən maliyyələşdirilib.
Layihənin məqsədi
regionlarda yaşayan gənclər üçün idmana cəlb
etmək yolu ilə imkanlar təmin etmək, kənd
icmalarında gənclərin idmanda iştirakını
artırmaqla, onların fiziki və əqli inkişaflarına
töhfə verməkdir.
Həmçinin, sosial təcrid
olmuş kateqoriyada gənclərin bərabər
iştirakını təmin etmək, region gənclərinin
idman və kütləvi bədən tərbiyəsi vasitəsilə
zərərli vərdişlər barədə, sağlam həyat
tərzi barədə maarifləndirilməsi olub.
Bu layihə çərçivəsində
Azərbaycanın 8 regionunda - Yevlax, Mingəçevir,
Göyçay, Biləsuvar, İsmayıllı, Hacıqabul,
Ağstafa, Ağcabədi regionlarında marafon, valeybol
yarışları, kütləvi bədən tərbiyəsi
hərəkətləri vasitəsilə gənclərin
idmanda iştirakı təmin olunub.
Keçən il
respublikamızda keçirilən gənclərin teatr
festivalını da qeyd etməliyik. Yəqin bilirsiz ki,
"Bizə ideya
lazımdır" devizi ilə keçirilən Gənclərin
II Ümumrespublika Teatr Festivalı"ndan danışacağıq. Mədəniyyət
və İncəsənət Universitetinin professoru,
teatrşünas Məryəm Əlizadənin dəstəyilə
keçirilən festivalda gənclərin vətənpərvərlik
tərbiyəsinin formalaşdırılması önə
çəkilib. Festivalın keçirilməsini yüksək
qiymətləndirən Məryəm Əlizadə bildirib ki,
o, vətənpərvərlik mövzusuna həsr olunan
festivalı əvvəldən axıradək izləyib:
"Bu festival mənə çox doğma və çox da
tanışdır. Ona görə ki, mən 1-ci
Ümumrespublika Teatr Festivalının
iştirakçısı olmuşam. Əvvəldən
ta axıra qədər o festivalı izləmişəm.
Təəssüratlarım o qədər zəngindir
ki, bilmirəm haradan başlayım, haradan qurtarım. Cavanlar bu festivalda elə bir entuziazm nümayiş
etdirirdilər ki, yaxşı mənada təəccüblənirdim".
Bu festival isə ekologiya
mövzusuna həsr olunmuşdu.
Məryəm Əlizadə qlobal məsələnin Azərbaycan teatrında layiqli tamaşalarda öz əksini tapacağına ümid edir: "Günümüzlə səsləşir, addımbaşı bu mövzudan ssenari ideyası ortaya çıxa bilər. Ümumiyyətlə, mən deyim ki, gəncləri yaradıcılığa, yeni ideyalar tapılmasına sövq edən, onların düşüncə tərzinin ifadə olunmasına xidmət edən bu cür layihələri yalnız alqışlamaq olar. Çünki bu festivalın əhəmiyyəti böyükdür".
Gənclərlə bağlı keçirilən müxtəlif layihələrdən söhbət açdıq. Məzmunundan və adından da göründüyü kimi bunların məqsədi gənclərin vətənpərvərlik tərbiyəsini yüksəltməyə yönəlib. Əlbəttə, bütün sahələrdə istedadı olan gənclərin vətənpərvər olması da bizə gərəkdir, lazımdır.
İradə SARIYEVA
Bakı xəbər.-2014.-5
may.-S.12.