Təbrizdən gələn
aşıq...
Aşıq İsa: "Güney
Azərbaycanda məşhur
olan aşıq havacatlarını, xalq arasında yaşayan 14 dastanı burada yazdırmışıq"
Güney Azərbaycan sazın zirvələrə ucaldıldığı
bir məkandır. Bu gün aşıq sənəti güneydə
də çox güclü şəkildə
inkişaf edir, yeni aşıq nəsli yetişir. Bu günlərdə coğrafi baxımdan uzaq, lakin könül
yaxını olan yolları qət edərək Təbrizdən
Bakıya gələn
tanınmış aşıq
İsa Qaraxanlının
keçirdiyi bir məclisdə oldum. Aşıq İsa, gənc olmasına baxmayaraq, aşıq sənətini
özünə görə
bilən, havaları yerli-yataqlı çalıb-oxumağı
məharətlə bacaran
bir aşıqdır.
Təbrizdə yaşayır,
ancaq tez-tez də bu tay Azərbaycana gəlib məclislər aparır, televiziya və radio verilişlərində
çıxış edir.
Onu da deyim ki, aşıq
İsa bir neçə il
əvvəl Azərbaycan
Milli Elmlər Akademiyasının Folklor İnstitutunda çalışıb.
Həm aşıq, həm də folklor tədqiqatçısı
kimi özünü göstərən sənətkar
ağız ədəbiyyatımızın
toplanması sahəsində
az iş
görməyib. Güney
Azərbaycanın zəngin
folklor soraqlarını
toplayan İsa Qaraxanlının (Təbrizli)
aşıqlıqla bərabər
aktyorluğu, şeir yazmaq qabiliyyəti də var. Folklor araşdırmaları ilə
məşğul olan İsa Təbrizli Güney Azərbaycanın
atalar sözlərinin,
zərb məsəllərinin,
nağıllarının, bayatılarının,
aşıq sənəti
ilə bağlı incilərini xəlqi mahiyyətini elmi prinsiplərlə araşdırıb,
türk ruhunun ölməzliyini əsaslandırıb.
Ancaq İsa Təbrizlini narahat edən Güney Azərbaycanın
zəngin folklorunun hələ də istənilən səviyyədə
toplanmaması, kitablaşdırılmamasıdır.
Aşıq İsa bu barədə belə deyir: "Güney Azərbaycan folkloru ümumən Azərbaycan folklorunun, mədəniyyətinin cövhərini
özündə çox
gözəl yaşadır".
Güney Azərbaycanda aşıq sənətinin inkişafından
danışan İsa Təbrizli bildirir ki, buradakı aşıq məktəbləri,
mühiti ilə bağlı zəngin nümunələr hələ
də ciddi şəkildə araşdırılmasını
gözləyir. Aktyorluğa gəlincə, İsa
2001-ci ildə "Koroğlu"
filminə çəkilib.
"Şah İsmayıl
Xətai", "Yəhya
bəy Dilqəm",
"Cavad xan" filmlərində də çəkildiyini deyən
İsa Təbrizli aşıq sənətinin
bütün mühitlərinə
bələdliyindən qürur
duyduğunu deyir:
"Tovuz, Qazax, Şirvan, Gəncə, Gədəbəy, Borçalı,
Təbriz və başqa məktəblərin
üslub xüsusiyyətlərini,
havacatlarını əzbər
bilirəm. Şirvanda aşıq Vüqar
Mahmudoğlu ilə birgə kaset buraxmışıq. Güney Azərbaycanda
məşhur olan aşıq havacatlarını,
habelə güneydə
xalq arasında yaşayan 14 dastanı burada yazdırmışıq".
Aşıq İsa bildirib ki, o dastanlar burada hafizələrdə,
demək olar, yox idi. O, Güney
Azərbaycanda - Qaradağ
mahalında ifa edilən 18 havacatın lentə alınmasını
isə gözəl hadisə hesab edir: "Məni Azərbaycan dinləyicisinə
ilk dəfə Elxan Məmmədli "Sarıtel"
verilişində tanıdıb.
Güney
Azərbaycandakı havacatları
buradakı soydaşlarımıza
sistemli şəkildə
təqdim etməyimizin
əhəmiyyəti odur
ki, bunlar itmək təhlükəsindən
qurtarır, ölməzlik
qazanır".
Qayıdaq aşıq İsanın aşıqlıq fəaliyyətinə. Aşıq İsanın
repertuar seçimi çox zəngindir və burada klassik havaların üstünlük təşkil
etməsi diqqətçəkən
məqamdır. İndi Təbrizdə
də, Bakıda da aşıqlıqla məşğul olan aşığın şirin
və yanıqlı səsi çaldırı
havalar dinləyəni
valeh edir. Aşıq İsa aşıq sənətinin bütün
mühitlərindən bəhrələnməyi
bacarıb. O bu gün ayrı-ayrı aşıq mühitlərinə
xas havaları çalıb oxuyur. İsanın
çox maraqlı dastan danışımı
qabiliyyəti, baməzə
söhbətləri də
var. O elə bir aşıqdır ki, məclisin nəbzini dərhal tutur və ifasını həmin axara kökləyir. Aşıq İsa
yanıqlı havaları
elə oxuyur ki, elə bil
canından imtahan verir. Nakam aşiqlərin taleyini
yaşayan, obrazını
canlandıran İsanı
dinləyəndə onun
ifasının başa
çatmasını istəmirsən.
Elə havalar var ki,
aşıq onu daha təsirli oxuyur. Aşıq İsanın məclisində
olanda qonaqlardan biri dedi ki,
aşıq qardaş,
sazını bir "Dilqəmi" üstə
kökləsənə. Aşıq
qonağın sifarişini
susqunluqla qarşıladı,
sonra da qəfil dilləndi: "Siz gərək mənə "Dilqəmi"ni
sifariş verməyəydiniz.
Bu havanı çalıb-oxumaq
çətindir mənə.
Adətən "Dilqəmi" sifariş ediləndə oxumaqdan yayınıram.
Çünki mənim taleyim
biçarə Dilqəmin
taleyinə yaman bənzəyir. Amma madam ki,
israr edirsiz, oxuyaram".
Aşıq sazı sinəsinə basıb nakam aşiq Yəhya bəy Dilqəmdən oxudu, ürəklərimizi deşdi aşıq bu çalğısı ilə. Aşıq "Yurd yeri", "Baş sarıtel", "Ruhani", "Dübeyti" kimi dinləyici ürəyini fəth edən havalar ifa edərək bizi sazın-sözün qanadlarında başqa bir dünyaya apardı. Təbrizdən gələn aşığın dünyasıydı həmin dünya. Onun saz-söz boğçası doludur. O bizim yanımıza sazla-sözlə gəlib.
Aşıq İsa Bakını çox sevir. Deyir ki, Bakı da ona Təbriz qədər əzizdir. Bir zamanlar yaşayıb işlədiyi bu şəhərdə aşığın çox xatirələri var. Aşıq İsa, sazın, sözün var olsun, qardaş!
İradə SARIYEVA
Bakı xəbər.-2014.-5
may.-S.14.