İstedadlı gənclərə
hüquqi və fiziki şəxslərin həvəsləndirici
münasibəti vətənpərvərlik tərbiyə
üsulu kimi...
İstedadlı gənclər
məmləkətimizin sərvətidir. Odur
ki, bu sərvətin qədrini bilməli və xalq olaraq qeydinə
qalmalıyıq. Bu sahədə dövlət
müxtəlif tədbirlər görür. Ancaq dövlətin gördüyü işlərə
kənardan da güclü dəstək verilməsi pis
olmazdı. Azərbaycanda gənclərin
inkişafı müxtəlif istiqamətdə
özünü göstərir. Gəncliyin
istedadı istənilən sahədə üzə
çıxa bilər. Bu baxımdan da
istedadlı gəncləri həvəsləndirmək
üçün istər dövlət, istərsə də
hüquqi və fiziki şəxslər tərəfindən
xüsusi mükafatlar təsis edilərək belə
kateqoriyalı insanlara verilməlidir.
Gənc
kinoşünas Aydan Şükürlünün bildirdiyinə
görə, bu sahədə Azərbaycan dövləti
çox mühüm işlər görüb və görməkdədir:
"Ancaq bu işi yalnız dövlətin həyata
keçirməsi ilə kifayətlənmək
olmaz. Gərək imkanlı şirkətlər,
bəzi fiziki şəxslər də belə məsələlərdə
fəal olsun. Çünki qayğı ilə
yanaşılan gəncin istənilən sahədə
qazanacağı uğura, onun özü ilə yanaşı,
həm də Azərbaycan dövləti şərikdir. Bir sözlə, bu həm də bizim uğurumuz
sayılır. Müasir dövrdə
artıq mübahisəsiz təsdiq olunub ki, dövlətin gələcəyinin
etibarlı təminatı intellektual səviyyəli potensial
kadrların yetişdirilməsindən keçir. Yəni elmin inkişafı dövlətin gələcəyi
deməkdir. Bu gün Azərbaycan gəncləri
ictimai-siyasi, sosial-mədəni və digər sahələrdə
fəal iştirak edir. Gənclərlə iş sahəsində
görülən tədbirlər onların inkişafına təkan
verir, cəmiyyətdə özlərini təsdiq etməsində
böyük rol oynayır. Ölkəmizdə gənc
nəslin mənəvi-ideoloji tərbiyəsinə, onların
sağlamlığının qorunmasına xüsusi
qayğı ilə yanaşılır. Azərbaycanın
aparıcı dövlətə çevrilməsi naminə gənclərin
imkanlarından daha səmərəli istifadə edilməsi, həmçinin,
bunun üçün əlverişli şəraitin yaradılması
gənclər siyasətinin əsasını təşkil
edir. Bundan əlavə, gənclərlə
bağlı dövlət siyasətinin uğurla həyata
keçirilməsi məqsədilə zəruri qanunvericilik
bazasının formalaşdırılması da təmin edilib.
Bunlardan biri də Azərbaycanın təhsil,
elm, texnika, mədəniyyət sahəsində xüsusi
istedada malik gənclərlə bağlı yeridilən
dövlət qayğısı siyasətidir. 1996-2002-ci
illərdə qəbul olunan "Bədən tərbiyəsi və
idman haqqında", "Gənc istedadlar üçün
xüsusi təqaüdlərin təsis edilməsi
haqqında", "Azərbaycanın gənc istedadlarına
dövlət qayğısı haqqında", "Dövlət
gənclər siyasəti haqqında" qanun, fərman və
sərəncamlar, habelə "Gənc ailə"
proqramı, "Gənclərdə vətənpərvərlik
və vətəndaşlıq hisslərinin yüksəldilməsi
haqqında", "İstedadlı yeniyetmələrin və
yaradıcı gənclərin sosial-iqtisadi və s. problemlərinin
həllinə yönəlmiş, onların öz qabiliyyətlərini
inkişaf etdirməsinə kömək edən Dövlət
Proqramı", "Ordudan tərxis olunmuş gənclərin
məşğulluğu" Dövlət Proqramı bu qəbildəndir.
Qanunlar, fərman, sərəncam və dövlət
proqramları gənc nəslin mütəşəkkil qüvvə
kimi formalaşmasına, mənəvi-ideoloji cəhətdən
tam yetkinləşməsinə, sosial problemlərinin həllinə,
faydalı məşğulluğunun təmin olunmasına təsir
göstərdi.
Məlum siyasət 2003-cü ildə İlham Əliyev
Prezident seçiləndən sonra da davam edir. Dövlət
başçısının Sərəncamına əsasən,
ali məktəblərə daxil olan və
650-dən çox bal toplayan 100 tələbəyə Prezident
təqaüdü verilir. Bu da qəbul
imtahanlarında iştirak edən gəncləri daha da həvəsləndirir.
Bu da təsadüfi deyil. Çünki
iqtisadi inkişafda davamlılığın təminatı,
qanunçuluğun, dövlət idarəetmə sistemi
üçün yüksək ixtisaslı, bacarıqlı,
intellektual səviyyəli, vətənpərvər
kadrların hazırlanması güclü təhsildən və
elmin inkişafından keçir. Bunun bir
mühüm yolu da xüsusi istedada malik gənclərə hərtərəfli
şəraitin yaradılmasıdır".
Kinoşünasın dediyinə görə, müasir
dünyada inkişaf etmiş ölkələrin göstəricilərini
şərtləndirən faktorlardan biri də beyin mərkəzlərinin
təmərküzləşməsidir. Bu mənada istedadlı gənclərə
hərtərəfli qayğı göstərilməlidir ki, Azərbaycandan
digər ölkələrə beyin axını güclənməsin":Çünki beyin axınının
davamlı olması ölkənin potensial imkanları
üçün təhlükə yaradır. Onu
da qeyd edək ki, dövlət siyasətinin ayrılmaz hissəsi
olan təhsil bu gün həm də iqtisadiyyatın gələcəyi
ilə bağlı məsələdir. Cəmiyyət
həyatındakı sürətli dəyişikliklər milli
təhsil konsepsiyasının müasirləşdirilməsini,
bu sahədə qabaqcıllıq ənənələrinin mənimsənilməsini,
eləcə də mənəvi-intellektual intibaha xidmət edən
siyasətin həyata keçirilməsini vacib məsələ
kimi önə çıxarır. Bununla
belə, ölkə Prezidenti tərəfindən irəli
sürülən vəzifələr müstəqil dövlətimizin
istedadlı gənclərinə hərtərəfli
qayğı göstərməsinin vacibliyini ortaya qoyur. Məhz təhsilin inkişafı Azərbaycanda milli
şüuru, ictimai rəyi dünyada gedən sürətli
proseslər səviyyəsinə qaldırır və onun
inkişaf etmiş ölkələr arasında özünə
layiqli yer tutmasına təminat verir. Azərbaycanda
həyata keçirilən dövlət gənclər siyasəti
gənclərin hərtərəfli inkişafını,
onların cəmiyyət həyatında fəal
iştirakını təmin etməkdədir. Artıq Azərbaycan gəncliyi cəmiyyətin
inkişafında fəal sosial təbəqəyə
çevrilib. Məsələn, Prezidentin 2005-ci il avqustun 30-da imzaladığı "Azərbaycan
Gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər)
təsdiq edilməsi haqqında" Sərəncamı da gənclərə
dövlət qayğısının artırılması məqsədinə
xidmət edir. Sərəncamda ölkəmizdə
gənclərlə bağlı dövlət siyasətinin əsas
istiqamətləri açıqlanıb. Sözügedən
proqramda, o cümlədən, yaradıcı və istedadlı
gənclərə, gənc ailələrə dövlət
qayğısının artırılması, mənzil şəraitlərinin
yaxşılaşdırılması, gənclərin dövlət
quruculuğu işlərinə geniş cəlb olunması və
bu kimi məsələlər əksini tapıb. Proqrama uyğun olaraq gənclərin sosial müdafiəsi,
məşğulluğunun təmin edilməsi,
yaradıcılıq axtarışlarının
stimullaşdırılması, milli ruhda təlim-tərbiyəsi,
hərbi-vətənpərvərlik tərbiyəsinin gücləndirilməsi,
sağlam həyat tərzinin təbliği istiqamətində
tədbirlər həyata keçirilir.
Bildiyimiz kimi, gənclərin əsas fəaliyyəti 9
aprel 2002-ci ildə qəbul olunmuş "Gənclər Siyasəti
Haqqında" Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Bu qanunda diqqətçəkən
məqamlardan biri də 6-cı maddədə öz əksini
tapır. Belə ki, orada, sosial və maddi
vəziyyətindən asılı olmayaraq, istedadlı və
yaradıcı gənclərin təhsilini davam etdirməsinə
dövlət təminat verir. Sosial
müdafiəyə ehtiyacı olan istedadlı gənclərə
təhsilini başa vurduqdan sonra qaytarmaq şərti ilə
qanunvericiliklə müəyyən edilmiş qaydada kreditlər
verilə bilər. Həmçinin,
istedadlı gənclərin təcrübə keçməsinə
şərait yaradılması qanunda öz əksini tapıb.
Gördüyümüz kimi, Azərbaycan dövləti
bu istiqamətdə əlindən gələni edir, hətta bu
işlərin həyata keçirilməsi üçün
möhkəm qanunvericilik bazası da
formalaşdırılıb".
O, deyir
ki, dövlətlə yanaşı, bəzi fiziki və
hüquqi şəxslərin də istedadlı gəncləri
həvəsləndirmək üçün xüsusi
mükafatlar təsis etməsinin şahidi oluruq. Onun sözlərinə
görə, təkcə bir faktı yada salmaq kifayət edər
ki, Azərbaycan cəmiyyətinin bütövlükdə
öz gənc istedadlarına necə yanaşdığına
qiymət verəsən":Olimpiadada
yüksək nəticələr qazanan gənclərimizə
dövlət tərəfindən çoxsaylı hədiyyələr,
xüsusi pul mükafatları təqdim olundu. Həmin
vaxt Azərbaycanın ayrı-ayrı tanınmış
şirkətləri tərəfindən də gənc
idmançılara müxtəlif bahalı mükafatlar verildi.
Bu hədiyyələrin sırasında şirkətlər
tərəfindən idmançılara təqdim olunan mənzilləri,
bahalı avtomobilləri göstərmək olar. Dövlətin qayğısı ilə
yanaşı, həm də fiziki və hüquqi şəxslərin
diqqətini hiss edən istənilən istedadlı gənc
bununla qürur duyur və yalnız növbəti nailiyyətlər
barədə düşünməyə başlayır. İdmanla yanaşı, bəzi şirkətlərin
elmdə nailiyyətlərə imza atmış gənclərə
xüsusi mükafatlarının təsis edilməsi
hallarına da çox rast gəlirik".
Ancaq maraqlıdır, istedadlı gənclərə
qayğını inkişaf etdirmək üçün
hüquqi və fiziki şəxslər tərəfindən
xüsusi mükafatların təsis edilməsi hazırda nə
yerdədir?
Bu barədə
bizimlə fikirlərini bölüşən Samir
Adıgözəlli hesab edir ki, istedadlı gənclərə
olan qayğı yalnız dövlətin göstərdiyi diqqətlə
bitməməlidir: "Hazırda Azərbaycan gəncliyi
öz yüksək inkişaf dövrünü yaşayır.
İstedadlı gənclərimiz müxtəlif
istiqamətlərdə yüksək nailiyyətlər
qazanmaqla çoxsaylı beynəlxalq uğurlara imza atır.
Belə uğurlar qazanan istedadlı gənclərə
olan dövlət qayğısı yetərincədir. Təbii
ki, bu istiqamətdə iş adamları, QHT-lər, imkanlı
fiziki şəxslər də fəal olmalıdır. Xüsusilə böyük şirkətlərin belə
işlərlə maraqlanması çox vacibdir. İki gün əvvəl biz DAK-ın
qurultayından qayıdanda təyyarədə maraqlı
halın şahidi olduq. Azyaşlı
gimnast qızlarımız hansısa beynəlxalq
yarışda qazandıqları nailiyyətdən o qədər
sevinirdi ki, adamın lap ürəyi açılırdı.
Bax, belə nailiyyətləri iri şirkətlər
mütləq izləməlidir. Həmin gənclərə,
dövlətin qayğısından əlavə, xüsusi
mükafatlar da verilməlidir".
Məsələyə münasibət bildirən Yeni Azərbaycan Partiyası Gənclər Təşkilatının sədr müavini Aytac Əliyevanın sözlərinə görə, istedadlı gənclərə göstərilən dövlət qayğısı ilə yanaşı, bu məsələyə fiziki və hüquqi şəxslər də xüsusi diqqətlə yanaşmalıdır: "Məlum olduğu kimi, Azərbaycanda bir sıra sahələr üzrə xüsusi istedada malik gənclərə yüksək səviyyədə qayğı göstərilir. Bu, ilk növbədə, dövlət başçısı cənab İlham Əliyev tərəfindən həyata keçirilir. Belə ki, hər il ali təhsil müəssisələrinə keçirilən qəbulda 650-dən yuxarı bal toplayan abituriyentlərə Prezident təqaüdü verilir. Bu çox müsbət hal olmaqla yanaşı, eyni zamanda, gənclərin təhsilində mühüm stimulverici rol oynayır. Ötən dövrün təcrübəsi də bunu təsdiq edir. Məsələ ondadır ki, Prezident təqaüdü almaq bir çox istedadlı tələbələrin ən böyük arzularından biridir. Bundan başqa, Heydər Əliyev Fondu sözügedən sahələr üzrə kifayət qədər işlər görüb. Başda millət vəkili Mehriban Əliyeva olmaqla, adıçəkilən Fond bu istiqamətdə əlindən gələn köməyi göstərir. Fondun QHT olduğunu nəzərə alsaq, istedadlara olan dövlətdən kənar diqqətin dərəcəsini müəyyənləşdirmiş olarıq. Heydər Əliyev Fondu tərəfindən bəzi sahələr üzrə nailiyyət qazanmış gəncləri həvəsləndirmək üçün müxtəlif xüsusi mükafatlar təsis edilib.
Bu çox gözəl bir ənənədir və hesab edirəm ki, Azərbaycanın digər qeyri-dövlət strukturları gənclərə göstərilən bu qayğıdan örnək götürməlidir. Bununla yanaşı, musiqi, incəsənətin digər sahələrində də xüsusi istedad və qabiliyyətə malik gənclərə yardımlar göstərilir. Onlar hər zaman diqqət mərkəzində saxlanır. Bütün bu deyilənlərə rəğmən, hesab edirəm ki, xüsusi istedada malik gənclərə göstərilən dövlət qayğısını daha da inkişaf etdirmək üçün bir yenilik olmalıdır".
İradə
SARIYEVA
Bakı xəbər.-2014.-6
may.-S.15.