Ölkənin müdafiə qüdrətinin
möhkəmləndirilməsində gənclərin rolu və
vətənpərvərlik tərbiyəsi...
Azərbaycan dövləti
Qarabağın erməni tapdağından azad olunması
uğrunda illərdir mübarizə aparır. Artıq uzun illərdir ki, "soyuq müharibə"
dövrünü yaşayırıq. Azərbaycan
inkişaf edir, çiçəklənir, ancaq qəlbimizdəki
torpaq itkisi könlümüzdə qara bir ləkəyə
çevrilib. Azərbaycan gəncləri də
işğal faktı ilə barışmır. Yəni heç bir vətəndaşımız
torpaqlarımızın yağı tapdağında
qalmasını istəmir.
Azərbaycanda gənclərin vətənpərvər
ruhda tərbiyə olunması başlıca vəzifələrdən
biridir ki, bu yöndə böyük işlər görülməyə
başlanıb. Torpaqlarımızın bir qisminin
işğal altında olduğu bir şəraitdə bu
yöndə təbliğatın gücləndirilməsi vacib əhəmiyyət
kəsb edir. Çünki dövlətin
qarşısında duran başlıca vəzifələrdən
biri də gənclərin milli mənlik şüurunun
inkişaf etdirilməsi və onlara vətənpərvərlik
hisslərinin aşılanmasından ibarətdir.
Gənc tarixçi Züleyxa Hətəmova bizimlə
söhbətində bildirdi ki, gənclərin aparıcı
qüvvə olaraq gələcəkdə dövlətin
yükünü öz üzərində daşımalı
olacağını nəzərə alanda, sözügedən
məsələyə son dərəcə həssas
yanaşmaq reallığı ortaya çıxır. Tarixçi qeyd etdi ki,
sözügedən məsələdə milli mənlik
şüuru ilə vətənpərvərlik hissi bir-biri ilə
sıx bağlıdır":Bir şeyi
unutmaq olmaz ki, gənclərin vətənpərvərlik
ruhunun yüksək olması hər mənada dövlətin
xeyrinədir. Fərqi yoxdur, həmin gənc hərbçidir,
yoxsa fəhlə. Hansı peşə
üzrə əmək fəaliyyəti ilə məşğul
olmasından asılı olmayaraq, gənc nəsildə vətənpərvərlik,
torpağa, dövlətə sədaqət hissləri yüksək
olmalıdır. Azərbaycan dövləti
tərəfindən son illər bu istiqamətdə bir sıra
addımlar atılır, sistemli işlər
görülür, müəyyən layihələr həyata
keçirilir. Bütün bunlarla
yanaşı, gənclərdə vətənpərvərlik
hisslərinin yüksək olması ilk növbədə
onların milli-mənəvi özünüdərkindən
keçir. Hər bir gənc, vətəndaş
dərk etməlidir ki, hansı Vətəni, milləti, milli
xüsusiyyətləri təmsil edir. Xüsusilə
nəzərə almaq lazımdır ki, Azərbaycan müharibə
vəziyyətində olan dövlətdir. Ərazilərimizin
20 faizi işğal altındadır. Belə
bir situasiyada gənclərin milli-mənəvi dəyərlərə
bağlılığı çox önəmli və vacib əhəmiyyət
kəsb edir. Milli mənlik şüurunun
inkişaf etdirilməsi üçün bir sıra parametrlərin
nəzərə alınması vacibdir. Başlıca
olaraq bu məsələdə müasir dövrün tələblərinin
nəzərə alınması və ona uyğun olaraq
işin qurulması vacib məsələdir. Çünki dünyanın sürətlə
qloballaşması bir sıra milli dəyərləri
aşındırır. Xüsusən də
gənclər qloballaşmanın təsirinə daha çox məruz
qalır. Bu da nəticə etibarilə yad
ünsürlərin gənclərin təfəkkür tərzinə
hakim kəsilməsinə şərait yaradır".
Rəsmi statistikadan nümunə gətirən ekspertin
bildirdiyinə görə, son illər Azərbaycan ordusunda fərarilik
halları, demək olar ki, yox səviyyəsinə enib. Halbuki, 15 il
əvvəl bu kimi hallar daha qabarıq formada özünü
göstərirdi. Bundan başqa, orduda cinayət
hallarının faizlərində də ciddi azalmalar
var":2010-cu ildə hərbi xidmət əleyhinə cinayətlər
2,4 faiz, hərbi hissəni və ya xidmət yerini
özbaşına tərketmə cinayətləri 9,9 faiz,
hakimiyyətdən sui-istifadə etmə, hakimiyyət həddini
aşma və ya hakimiyyətdən istifadə etməmə
27,8 faiz, qeyri-hərbi cinayətlər 25,1 faiz, mülkiyyət
əleyhinə olan cinayətlər 5,8 faiz, özünü
öldürmə həddinə çatdırmaq 52,6 faiz, qəsdən
adam öldürmə 13,6 faiz, ağır cinayətlər 58,5
faiz, xüsusilə ağır cinayətlər 29,4 faiz
azalıb. Bütün bu müsbət dinamikalar
aparılan islahatlar və nizam-intizamın gücləndirilməsilə
bağlıdır. Bütün müstəqil dövlətlərin
qarşısında duran başlıca vəzifələrdən
ən önəmlisi sağlam gənclik yetişdirmək,
onların Vətənə olan
bağlılığını bir az da
artırmaq və sözügedən təbəqəyə
milli şüurun nə olduğunu aşılamaqdır.
Sadalanan bu komponentlərin bir-biri ilə sıx
bağlılığını nəzərə alsaq məlum
olur ki, lazım olan hədəfə çatmaq
üçün sistemli iş aparılmalıdır. Dövlət və onun bütün sistemləri bu
istiqamətdə əlindən gələni əsirgəməməlidir.
Milli şüurun uzun tarixi inkişaf prosesinin məhsulu
olduğunu qeyd etsək bəlli olur ki, bu amilin
inkişafında bütün ictimai-siyasi hadisələr,
sosial sarsıntılar öz izini qoyur. Milli mənlik
milli şüurun bir komponenti olduğundan, məlum olur ki,
milli mənliyin əsasını insanın mənsub olduğu
millət və ya xalqın onu əhatə edən sosial həyatın
bütün sahələrinə bəslədiyi subyektiv əqidəsi
təşkil edir. Milli mənliyə Vətəni sevmək,
doğma yurda məhəbbət bəsləmək, təbii sərvətləri
qorumaq və s. bağlı sosial keyfiyyətlər daxildir. Milli mənliyə gedən yol isə milli
özünüdərkdən keçir. Sadalanan
keyfiyyətləri insan dünyagörüşünün
formalaşdığı vaxtda əldə edir, bu da vətəndaşın
gənclik dövrünə təsadüf edir. Danılmaz faktdır ki, insan ilk tərbiyəsini ailədə
alır. Bu tərbiyəyə yalnız
etika, estetikanı aid etmək olmaz. Bəzən
ailə dövlətin kiçik modeli kimi də xarakterizə
edilir. Aparılan doğru bənzətməni
əsas götürsək, dövlətin vətəndaşı
ailədə həm də dövlətin tələb etdiyi tələblərə
uyğun tərbiyə almalıdır. Belə
tərbiyə məsələsində hər bir valideynin
üzərinə böyük yük və məsuliyyət
düşür. Sözsüz, söhbət
hüquqi məsuliyyətdən deyil, mənəvi məsuliyyətdən
gedir. Hesab edirik ki, gənclərin ən
mühüm tərbiyəsi sırasında onların vətənpərvər
ruhda tərbiyə olunması əsas olmalıdır. Bizim həm də müharibə şəraitində
olmağımız, torpaqlarımızın bir hissəsinin qəsb
edilməsi gerçəyi gənclərin vətənpərvər
ruhda böyüməsinin əhəmiyyətini bir qədər
də vacib edir. Hazırkı dövrün
sürətli informasiya, yeni kommunikasiyalar əsri olduğunu nəzərə
alsaq, demək olar ki, gənclərin zərərli
ideologiyalarla zəhərlənməsinin qarşısı da
düşünülmüş metodlarla
alınmalıdır".
Tarixçinin dediyinə görə, Azərbaycan gəncliyinin
problemləri, qarşıda duran vəzifələr və gənclik
ictimaiyyətinin indiyə qədər qaldırdığı
məsələləri özündə ehtiva edən yeni
Dövlət Proqramı qəbul edilib.
Onun
sözlərinə görə, həmin proqramın hərbi vətənpərvərliklə
bağlı maddələri var ki, orada bir sıra prinsipial məqamlar
kifayət qədər dolğun şəkildə əks
olunub: "Çox xoşdur ki, müvafiq dövlət
orqanları gənclərin vətənpərvərlik məsələsinə
proqram səviyyəsində münasibət bildirir. Proqramda
qarşıdakı 5 il ərzində bir
sıra işlərin görülməsi nəzərdə
tutulub.
Bir məqamı da qeyd edək ki, gəncliklə
bağlı olan ictimai təsisatların, qurumların, təşkilatların
uzun-uzadı müzakirələri, qəbul etdiyi qərarlar bəlkə
də o qədər effektli olmur. Ancaq bununla
bağlı qəbul olunan dövlət proqramları daha
geniş imkanlara malikdir. Yaxud da bəzən
bölgələrdə yaşayan gənclər elə vətənpərvərlik
nümunələri göstərir ki, bunu təqdir etməyə
bilmirsən. Bu, xalqın daxili enerjisindən
irəli gələn bir duyğudur. Gəncliyimizin
vətənpərvər olmasındandır ki, Qarabağ
müharibəsində bir sıra qəhrəmanlıqlar
göstərildi və bunun nəticəsidir ki, hazırda Azərbaycanda
211 Milli Qəhrəman var, onlardan 18-i sağdır.
Orduda fərarilik hallarının yox səviyyəsinə
enməsi həm də gənclərdə milli mənlik
şüurunun inkişafının təntənəsidir. İş
ondadır ki, müasir Azərbaycan gəncliyi gedən proseslərə
daha realist və praqmatik prizmadan yanaşır. Gənclik anlayır ki, hansısa bir dövlətin vətəndaşı
gəlib onların yerinə Qarabağ problemini həll edən
deyil. Bu kimi amillər nəticə etibarilə
orduda fərarilik hallarının heçə enməsinə
gətirib çıxarır.
Bütün bu müsbət tendensiyaların fonunda
ölkənin müdafiə qüdrətinin güclənməsində
vətənpərvər gənclərin rolu ilə
bağlı təbliğat daha sürətli və planlı
aparılmalıdır.
Nizami ordumuzun əsas potensialının gənclərdən
ibarət olmasını nəzərə alsaq, onda gənclərin
fiziki hazırlığı kimi ideoloji
hazırlığı da yüksək səviyyədə
olmalıdır. Çünki bizim vətənpərvər
ruhda olan nizami orduya böyük ehtiyacımız var".
Mövzu
ilə bağlı fikirlərini bildirən Qarabağ
Azadlıq Təşkilatının sədri Akif Nağı əməkdaşımızla
söhbətində qeyd edib ki, cəmiyyətimizdə
aparıcı xətt vətənpərvərlik təbliğatı
olmalıdır":İndi qloballaşma,
Avropa dəyərləri istiqamətində çoxlu təbliğat
aparılır.
Bu tip təbliğatların
aparılmasına xarici fondlar tərəfindən külli
miqdarda maliyyə buraxılır. Bəzən vətənpərvərliyə
köhnəlmiş ideya kimi baxılır. Lakin bu kökündən yanlış bir
yanaşmadır. İstənilən
ölkədə birinci növbədə vətənpərvərlik
təbliğ olunmalıdır.
Bizi bundan çəkindirməyə çalışmaq
istəyənlər öz ölkələrində birinci
növbədə bu hissləri təbliğ edir. Mən
apardığım şəxsi müşahidələrimdən
görürəm ki, gənclərimizdə vətənpərvərlik
hissi çox güclüdür. Bu hissi
heç nə ilə əvəz etmək mümkün deyil".
Müharibə
şəraitində olan ölkənin torpaqlarının
işğaldan azad olunmasında ən vacib məsələnin
vətənpərvərlik olduğunu qeyd edən Akif
Nağı hesab edir ki, bu hisslərlə yanaşı,
düşmənə qarşı barışmazlıq hissləri
güclənməlidir: "Bu gün Azərbaycan
reallığında gənclər arasında milli dəyərlərə,
dövlət atributlarına bir hörmətin olduğunu
müşahidə edirik. Bununla yanaşı, gənclərimizə
ermənilərə qarşı qisas və nifrət hissini təbliğ
etmək lazımdır. Orduya
çağırılan gəncdə vətənpərvərlik
hissinin olmaması böyük bir təhlükə deməkdir.
Silah götürüb düşmənlə
üz-üzə dayanan gəncin ürəyində vətənpərvərlik,
sərhədin qorunması məsuliyyəti hissi yoxdursa, bu,
döyüş ruhuna mənfi təsir göstərə bilər.
Belə bir gənc lazım olan hisslərdən
daha çox beynəlxalq dəyərlərə bağlı
olur. Avropa dəyərləri ilə
yaşayan gəncin torpağı axıra qədər
müdafiə etməsinə mən inanmıram".
Bəzi beynəlxalq mərkəzlərin ayrı-ayrı ölkələrdə gəncləri öz prinsiplərinə uyğun yetişdirmək istədiyini deyən QAT rəhbəri bildirdi ki, bəzi mərkəzlər dövlətlərin daxilində təbliğat aparmaqla onun müdafiə qüdrətini sarsıtmaq və öz yabançı dəyərlərini təbliğ etməyi düşünür.
Azərbaycan gəncliyi ölkənin müdafiə qüdrətinin artırılmasına bacardığı qədər töhfə verə bilir. Əlbəttə, bu da onların vətənpərvərliyindən, milli mənlik şüuruna bağlı olmasından irəli gəlir.
İradə SARIYEVA
Bakı xəbər.-2014.-9 may.-S.15.