Gənclərin
peşə təhsilində vətənpərvərlik tərbiyəsi
problemləri...
"Kamil bir palançı olsa da insan,
yaxşıdır yarımçıq
papaqçılıqdan". Dahi Nizami Gəncəvinin
hikmət dolu nəsihəti hər bir gənc
üçün nümunə olmalıdır. Böyük mütəfəkkir əslində gəncliyi,
gənc insanları nəzərdə tutaraq deyib bu qiymətli
fikri. Çünki bütün ali
keyfiyyətlərə, peşə və sənətə
insan gənclik çağlarında nail olur. Gəncliyində
özünə normal peşə, sənət qazana bilməyən
insan yaşlananda heç nəyə nail ola
bilmir.
Peşə, sənət məsələsi
hələ qədim dövrlərdən insanları ciddi
maraqlandırıb. Ağıllı gənclər vaxtilə müxtəlif
usta və sənətkarların yanında şəyird olur, sənətə,
peşəyə yiyələndikdən sonra isə öz
emalatxanasını yaradaraq fərasətli gənclərə
öz məsləkini öyrədirdilər. Əslində,
bu çox dəyərli bir məsələdir. Zaman keçdikcə peşə və sənət
növləri arasında dəyişikliklər baş verir,
yeni texnoloji nailiyyətlər müxtəlif formalarda bu sahəyə
müdaxilə edir. Artıq uzun illərdir
bütün dünyada peşə təhsili forması meydana
çıxıb. Yüz ildən
artıqdır ki, dünyanın müxtəlif ölkələrində
sənətkar emalatxanaları ilə yanaşı, peşə
təhsili məktəbləri, kollecləri fəaliyyət
göstərir. Azərbaycanda da bu sahəyə
hər zaman fikir verilib. Düzdür, son
5-6 ilə qədər bu sahədə ciddi axsama müşahidə
edilirdi, ancaq artıq bu sahədə vəziyyət
qaydasına düşüb.
Peşə təhsili üzrə
mütəxəssis Alı Rzayev bizimlə söhbətində
bildirdi ki, gənclərin peşə təhsilinə
marağı durmadan artır: "Vaxtilə orta məktəblərdə
əmək təlimi dərsləri keçirilirdi, burada
şagirdlər ilkin peşə vərdişlərinə yiyələnirdi.
Sonra peşə təhsili də yüksək səviyyədə
idi. Bilirsiz ki, ölkəmiz müstəqillik
qazandıqdan sonra bu sahədə bir qədər boşluq
oldu. İndi, şükür Allaha, yenidən
peşə təhsili ayağa qalxıb. Əlbəttə,
hər bir ölkədə dövlətçiliyin, müstəqilliyin
daha da möhkəmləndirilməsi, gələcəyin
etibarlı təminatı intellektual səviyyəli potensial
kadrların yetişdirilməsindən, gənclərin cəmiyyətin
bütün sferalarında iştirakından, onların
aparıcı qüvvəyə çevrilməsindən
çox asılıdır. Bu gün Azərbaycan
gəncləri ictimai-siyasi, sosial-mədəni və digər
sahələrdə fəal iştirak edir. Gənclərlə
iş sahəsində görülən tədbirlər Azərbaycan
gəncliyinin inkişafına təkan verir, onların cəmiyyətdə
özlərini təsdiq etməsində böyük rol
oynayır. Artıq respublikamızda fəaliyyət
göstərən gənclər təşkilatları, ictimai
birliklər ölkəmizdə vətəndaş cəmiyyətinin
qurulmasına töhfələrini verir. Ölkəmizdə
gənc nəslin mənəvi-ideoloji tərbiyəsinə,
onların sağlamlığının qorunmasına
xüsusi qayğı ilə yanaşılır. Son vaxtlar Azərbaycan dövləti gənclərə
malik olduqları qabiliyyət və intellektual imkanlar
müqabilində geniş meydan verməyin tərəfdarı
kimi bu təbəqəyə daim böyük diqqət və
qayğı göstərir. Ölkəmizin
qüdrətli dövlətə çevrilməsi naminə gənclərin
imkanlarından daha dolğun istifadə edilməsi, həmçinin
bunun üçün əlverişli şəraitin
yaradılması gənclər siyasətinin əsasını
təşkil edir. Gənc nəslin fiziki,
sosial və mənəvi inkişafını təmin edən
fəaliyyət sahələrinin istiqamətləndirilməsi,
gənclərin dünya dəyərlərinə yiyələnmələri
və digər məsələlər qarşıda duran əsas
vəzifələrdəndir".
A.Rzayevin sözlərinə görə,
həyat reallıqlarına əsaslansaq, məlum olar ki, cəmiyyətdə
heç də bütün gənclər ali
savad dalınca getmir. Bütün sahələr üzrə
milli kadrların yetişdirilməsi isə zəruridir":Gənclərin peşə
hazırlığına yiyələnməsi, onların
müxtəlif sahələr üzrə peşə
hazırlığı keçməsi də dövlət
üçün ali təhsilli gənclər yetişdirmək
qədər önəm daşıyır. Sovet
dövründə olan orta ixtisas peşə məktəblərinin
təcrübəsi bizə bu sahəyə önəm verməyin
vacibliyini diqtə edir. Müstəqilliyin
ilk illərində bu sistemə bir o qədər əhəmiyyət
verilməsə də, sonradan dövlət orta ixtisas peşə
məktəblərinin maddi-texniki bazasının
yaxşılaşdırılması istiqamətində
mühüm addımlar atdı. Hazırda
gənclərə peşə hazırlığı çox
yüksək səviyyədə tədris olunur.
Son illər ölkədə
texniki peşə təhsilinin inkişafına dövlət
qayğısı artmaqda davam edir. Bu sahədə həyata
keçirilən islahatlar öz real nəticələrini verməkdədir.
Təsadüfi deyil ki, Azərbaycan
Respublikasının Prezidenti 2007-ci il iyulun 3-də "Azərbaycan
Respublikasında texniki peşə təhsilinin inkişafı
üzrə Dövlət Proqramı"nın (2007-2012-ci illər)
təsdiq edilməsi haqqında" xüsusi Sərəncam
imzalayıb. Söz yox ki, ölkəmizdə
davamlı olaraq reallaşdırılan təhsil islahatı
çərçivəsində həyata keçirilən
peşə təhsili islahatı Azərbaycanın
bütün sahələrdəki dinamik inkişafının
real nəticələrindəndir. Peşə
təhsilinin inkişafına dair Dövlət
Proqramının həyata keçirilməsi istiqamətində
görülən davamlı tədbirlər gənclərin
peşə təhsilinə cəlb olunmasını daha da
sürətləndirib. Məlumat
üçün deyim ki, hazırda ölkədə 108 peşə
təhsili müəssisəsi fəaliyyət göstərir.
Bunlardan 59-u peşə məktəbi, 47-si
peşə liseyi və 2-si peşə tədris mərkəzidir.
Bu məktəblərdə təhsilin daha keyfiyyətli
təşkili üçün Təhsil Nazirliyinin həyata
keçirdiyi tədbirlər öz müsbət nəticəsini
verir. Dövlət Proqramının
icrasını təmin etmək məqsədilə nazirlik tərəfindən
Fəaliyyət Planı hazırlanıb və mərhələlərlə
həyata keçirilir.
Dövlət Proqramı əsasında
təsdiq edilmiş plana müvafiq olaraq, 2008-ci ildən
başlayaraq ilk peşə-ixtisas təhsili müəssisələri
müasir təlim avadanlıqları ilə təchiz edilməkdədir".
Qeyd etməliyik ki, son 20 ildə,
demək olar, ilk peşə-ixtisas təhsili müəssisələrinə
müasir tələblərə cavab verən texnika və
avadanlıqlar verilməyib. Onu da deyək ki, bu isə
kadr hazırlığı prosesinə mənfi təsir
göstərməyə bilməzdi.
2007-ci ilə qədər ilk
peşə-ixtisas təhsili müəssisələrində təqribən
hər 1000 nəfərə bir kompyuter düşürdüsə,
hazırda bu rəqəm 47-yə düşüb. Respublikamızda
fəaliyyət göstərən peşə təhsili müəssisələri
iqtisadiyyatın müxtəlif sahələri üçün
ixtisaslı kadrlar hazırlayır. Təhsil
Nazirliyi son illər xüsusən regionlarda yerləşən
peşə təhsili müəssisələrində
qarışıq sahələr üzrə, yəni eyni
zamanda, iqtisadiyyatın müxtəlif sahələri
üçün kadrlar hazırlayan müəssisələrin
fəaliyyətini təhlil edərək və daha çox
ixtisaslaşmış sahələr üzrə kadr
hazırlığı həyata keçirilməsini səmərəli
hesab edib.
Müasir tipli peşə təhsili
müəssisələrinin yaradılması ilə əlaqədar
bir sıra ölkələrin təcrübəsi öyrənilib
və bunun nəticəsində peşə təhsili sistemində
ilk peşə tədris mərkəzinin yaradılmasına qərar
verilib.
Peşə təhsilinin təkmilləşdirilməsi
baxımından normativ-hüquqi bazanın müasir tələblər
səviyyəsində yeniləşməsinə ehtiyac var. Son
illər bu istiqamətdə xeyli iş görülüb. Belə
ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarları
ilə "İlk peşə-ixtisas təhsili pilləsinin
dövlət standartı və proqramı (kurikulum)",
"Təhsil proqramlarının (kurikulumlarının) yerinə
yetirilməsi müddəti", "İlk peşə-ixtisas
təhsili müəssisələrinin büdcə təminatı
normativlərinin hesablanması metodikası və tətbiq
olunma Qaydaları", "Təhsil haqqında dövlət sənədlərinin
nümunələri və onların verilməsi
Qaydaları" sənədlərinin, Təhsil Nazirliyinin
"Azərbaycan Respublikasında ilk peşə-ixtisas təhsili
üzrə kurikulum və modul hazırlamaq üçün təlimat",
"Strateji planların hazırlanması üzrə təlimati
sənəd" və s. sənədlərin qəbul edilməsi
bu sahədə həyata keçirilən mühüm
addımlardır.
Təhsil Nazirliyinin əmri
ilə dövlət və qeyri-dövlət təşkilatlarının
nümayəndələrindən ibarət Əlaqələndirmə
Şurası yaradılıb. Əlaqələndirmə
Şurasının əsas vəzifəsi texniki peşə təhsili
sahəsində həyata keçirilən islahatın səmərəliliyini
artırmaq məqsədilə dövlət və qeyri-dövlət
təşkilatları arasında qarşılıqlı əlaqələrin
yaradılmasını təmin etmək, hökumət və
qeyri-hökumət təşkilatlarını texniki peşə
təhsilinin inkişafı üçün əhəmiyyət
kəsb edən məsələlərin həllinə cəlb
etmək, idarəetmənin təkmilləşdirilməsi və
yeni iqtisadi münasibətlərin
formalaşdırılması üçün təkliflər
hazırlamaq, inkişaf prioritetlərinin müəyyən
edilməsinə kömək etməkdən ibarətdir.
Bu illər ərzində
texniki peşə təhsili sahəsində dünyada
mövcud olan bir sıra təhsil texnologiyalarının
öyrənilməsi və tətbiqi sahəsində beynəlxalq
təcrübə öyrənilib. Bir sıra beynəlxalq təşkilatlar,
YUNESKO, Avropa Təlim Fondu, Cənubi Koreyanın İnkişaf
Fondu, Dünya Bankı və s. beynəlxalq təşkilatlarla
sıx əməkdaşlıq əlaqələri
yaradılıb. Bundan əlavə, 2010-cu ildə
Avropa Təlim Fondu Azərbaycanı Qonşuluq Siyasəti
üzrə Müşahidəçi Şurasına üzv
seçib.
Beynəlxalq təcrübə
əsasında bir sıra təlim texnologiyalarının tətbiqinə
başlanıb, bu sahədə mühəndis-pedaqoji
işçilərin hazırlanması və ixtisasının
artırılması üçün qısamüddətli
kurslar təşkil edilib. 200-dən artıq
müəllim və istehsalat təlimi ustası belə
kurslardan keçib.
Hesab edirik ki, gənclərin peşə hazırlığı ilə yanaşı, onların mənəvi vətənpərvərlik tərbiyəsinə də xüsusi önəm verilməlidir.
Təhsil mütəxəssisi Təranə Qurbanlının dediyinə görə, gənc nəsildə milli mənlik şüurunun və vətənpərvərlik hisslərinin inkişaf etdirilməsi bu gün ən aktual məsələlərdən biri hesab olunur":Bu faktor, həqiqətən də, mühüm əhəmiyyət kəsb edən məsələlərdən biridir. Gənclərin buna sahib olmaları bütövlükdə dövlətin ümummilli ideologiyasının qorunması baxımından müstəsna rola və əhəmiyyətə malikdir. Eyni zamanda, milli-mənəvi dəyərlərin deqradasiyaya məruz qalmasının qarşısını alır. Ümumilikdə sözügedən dəyərlərin qorunmasının cəmiyyətə verdiyi fayda ölçüyəgəlməz dərəcədə böyükdür. Çünki bu həm də milli kimlik məsələsini özündə ehtiva edir. O baxımdan milli mənlik şüurunun vəd etdiyi fayda yetərincə müxtəlif və çoxşaxəlidir. Yetər ki, onun prinsipial əsaslarını qoruyub saxlaya, böyüməkdə olan gənc nəslə aşılaya, çatdıra, təməl prinsiplərini öyrədə biləsən. Ona görə də sözügedən məsələnin cəmiyyətə çatdırılmasında bütün vasitələrdən istifadə etmək lazımdır. Gənclərin peşə hazırlığı mənəvi vətənpərvərlik tərbiyəsinə müsbət təsir göstərir".
İradə
SARIYEVA
Bakı xəbər.-2014.-13
may.-S.15.