Əmək müqaviləsi: gələcəyin
təminatı
Əmək müqaviləsi
işəgötürənlə işçi arasında fərdi
qaydada bağlanan, əmək münasibətlərinin əsas
şərtlərini, tərəflərin hüquq və vəzifələrini
əks etdirən yazılı sənəd formasıdır. İşəgötürənlə
işçi arasında bu müqavilənin
imzalanmasının zəruriliyi Azərbaycan Respublikasının
qanunvericiliyində də öz əksini tapıb. Çünki işə qəbul zamanı bu
müqavilə bağlanmadıqda insan əməyinin
istismarına və əmək hüquqlarının
tapdanmasına gətirib çıxarır.
Lakin qanunvericilikdə öz əksini
tapmasına və dövlət qurumlarının, o cümlədən
Vergilər Nazirliyinin bu sahədə böyük işlər
görməsinə baxmayaraq, bir çox ölkələrdə
olduğu kimi, bu gün Azərbaycanda da işəgötürənlə
işçilər arasında əmək müqaviləsinin
bağlanması bir sıra hallarda ciddi problem olaraq
qalmaqdadır.
Müqavilənin imzalanmaması
nəticəsində ilk növbədə vergi ödənişləri
və Dövlət Sosial Müdafiə Fonduna ödənişlər
yerinə yetirilmir, qanunvericiliyin tələbləri kobud şəkildə
pozularaq dövlətin büdcəsinə milyonlarla ziyan dəyir. Verginin ödənilməməsi,
həmçinin, vətəndaşın gələcəkdə
sosial müdafiəsinə ciddi zərbə vurur. Çünki hər bir vətəndaşın
sosial təminatının gələcəyi öz əlindədir
və vətəndaş bilməlidir ki, pensiya-müavinət
təminatında işçilərlə əmək
müqaviləsinin bağlanması, əmək
haqlarının leqallaşdırılması, məcburi
dövlət sosial sığorta haqlarının vaxtında
ödənilməsi mühüm rol oynayır. Ancaq təəssüflər olsun ki, əmək
müqaviləsinin bağlanmaması vətəndaşın
bütün bu imkanlarını əlindən alır.
Bakıda və bölgələrdə
qeydiyyatsız fəaliyyət göstərən mağaza,
salon, sex və digərlərində kişilərin,
qadınların əməyindən faktiki olaraq müqaviləsiz
istifadə olunur. Məhz əmək müqaviləsi
bağlanmadığından, sözügedən qadınlar və
kişilər cüzi məbləğdə pul alırlar.
İstədikləri vaxt onları işdən
azad edirlər, işdən çıxdıqdan sonra onlara
kompensasiya verilmir və s. Bir növ əmək müqaviləsiz
işləyən işçi ilə bəzi işəgötürənlər
qul kimi davranır desək yanılmarıq. Kənd yerlərində əsasən yay
mövsümündə işçilərin əməyindən
müqaviləsiz istifadə olunur. Qeyd edək
ki, bağlarda, bostan sahələrində və tarlalarda bəzi
məhsulların yığımı daha çox yay
aylarına təsadüf edir. Bundan başqa, "qul
bazarları" adlanan yerlərdə özlərinə iş
axtaranlar günəmuzd işləməklə pul qazanmaq istədikləri
üçün onlar daha çox karxanalarda, tikinti və xidmət
sektorunda çalışırlar. Ancaq əmək müqaviləsi
olmadığından, məhsul yığımında
iştirak edənlər, eləcə də tikintidə və
karxanada işləmək üçün "qul
bazarın"dan gətirilənlər və digər
işçilər ilan, əqrəb və qara qurd
sancmalarına məruz qalanda onlara dəyən maddi və mənəvi
zərər ödənilmir. Hətta
ölüm halları baş verdikdə əmək müqaviləsi
bağlanmadığı üçün işəgötürən
məsuliyyəti öz üzərinə götürmür.
Nəticədə ilan, əqrəb və qara
qurdun sancmasından dünyasını dəyişənlərin
ailələrinə kompensasiyaların ödənilməsi
mümkün olmur. Narahatedici məqam ondan
ibarətdir ki, bu istiqamətdə aparılan bir sıra təbliğat,
reklam xarakterli tədbirlərə rəğmən, işəgötürənlə
işçilər buna saymazyana yanaşır. Digər tərəfdən, müşahidələr
göstərir ki, işçilərin, yaxud işləməyə
hazırlaşanların böyük əksəriyyəti əmək
müqavilələrinin mahiyyəti, əmək
hüquqları barədə ətraflı məlumata malik
deyil və yaxud da bununla bağlı onlarda olan məlumatlar
çox məhduddur, yəni natamam xarakterlidir. Elələri də var ki, ümumiyyətlə
öz hüquqlarını bilməkdə maraqlı olmur.
Problem ondadır ki, bir sıra işəgötürənlər
işçilərin öz hüquqlarını bilməməsindən
istifadə edərək onlarla müqavilə bağlamır.
Necə deyərlər, belə hallardan sui-istifadə
edirlər. Nəticədə bundan həm
dövlət büdcəsi itirir, həm də işçilər.
Belə halların təkrarlanmaması və
davamlı hal almaması üçün də bu istiqamətdə
geniş təbliğat-təşviqat tədbirlərinin həyata
keçirilməsi olduqca vacibdir. Bunun
üçün KİV-lər vasitəsilə hüquqi
maarifləndirmə işləri aparılmalı, müxtəlif
reklam çarxları hazırlanmalı və telekanallarda
yayımlanmalıdır. Qeyri-leqal məşğulluğun
fəsadları, əmək müqavilələri bağlamadan
çalışan işçiləri hansı təhlükələrin
gözləməsi və sair məsələlərlə
bağlı ətraflı və hüquqi cəhətdən əsaslandırılmış
tövsiyə xarakterli məlumatları özündə əks
etdirən kitabçalar və broşurlar hazırlanaraq
çap edilməli və onlar vətəndaşlara
paylanmalıdır.
Bu sahədə
özünü göstərən digər problem ondan ibarətdir
ki, əksər hallarda müəssisələrdə
işçilərin əməkhaqlarının ödənilməməsi
və ya minimum səviyyədə göstərilməsi
hallarına rast gəlinir. Əmək müqaviləsi
bağlanmadıqda və ya aylıq əməkhaqqı
düzgün göstərilmədikdə hər hansı bir
mübahisə yaranarsa, işçi faktiki olaraq əməkhaqqını
tələb etmək hüququnu itirir. Başqa
bir tərəfdən, işçinin əmək müqaviləsi
olmadıqda işəgötürən istədiyi vaxt müxtəlif
bəhanələrlə onunla əmək münasibətlərinə
xitam verə bilər. Qanunvericilikdə işçilərin
sosial müdafiəsi ilə yanaşı, onların iş
zamanı sağlamlığının qorunması haqqında
da maddə yer alır. Belə ki, Azərbaycan Respublikası
Konstitusiyasının 35-ci maddəsinə görə, hər
kəsin təhlükəsiz və sağlam şəraitdə
işləmək hüququ var. Əmək Məcəlləsinin
215-ci maddəsinə görə isə, müəssisənin
mülkiyyətçisi və işəgötürəni
işçilərin iş yerlərində əməyin
mühafizəsi normalarının və qaydalarının
yerinə yetirilməsinə bilavasitə cavabdehdirlər. Məcəllədə
qeyd edilir ki, işəgötürən tərəfindən əməyin
mühafizəsi qaydalarına əməl
olunmadığına görə baş vermiş istehsalat qəzası
nəticəsində əmək funksiyasını yerinə
yetirərkən işçinin sağlamlığına və
səhhətinə ziyan vurulduqda, habelə bu səbəbdən
həlak olması ilə əlaqədar onun ailə üzvlərinə,
himayəsində olan şəxslərə müvafiq maddi
ziyan dəydikdə, işəgötürən tam maddi məsuliyyət
daşıyır. Ancaq müqavilə imzalanmadıqda
işçinin təhlükəsizliyi təmin
olunmadığı üçün iş zamanı
başına gələ biləcək mümkün bədbəxt
hadisələrdən sığortalanmır. Beynəlxalq
Əmək Təşkilatının qiymətləndirməsinə
görə, hər il iş yerində 2,2
milyon nəfər ölür. Bu, hər 15 saniyədə
1 nəfərin ölməsi deməkdir. Hər
gün isə istehsalatda ölənlərin sayı 5 min nəfəri
keçir. BƏT-in məlumatına görə,
istehsalatda bədbəxt hadisələrin sayı ildə 250
milyon, peşə xəstəliklərindən əziyyət
çəkənlərin sayı isə 160 milyon nəfərə
yaxındır.
Vətəndaşların Əmək
Hüquqlarını Müdafiə Liqasının sədri
Sahib Məmmədovun fikrincə, işçinin işəgötürənlə
əmək müqaviləsi bağlamamsı işçini
işəgötürəndən asılı vəziyyətə
salır və onlar arasında heç bir rəsmi münasibət
olmur: "Əmək müqaviləsi işçi ilə
işəgötürən arasında əmək münasibətlərini
rəsmiləşdirən yeganə sənəddir. Bu müqavilə ən azı iki orijinal nüsxədə
tərtib edilməlidir. Bir nüsxəsi
işçidə, biri də işəgötürəndə
olmalıdır. Bu gün ən
böyük problem odur ki, hətta müqavilə bağlanarkən
də ikinci nüsxə onun şəxsi qovluğunda
saxlanması və digər bəhanələrlə
işçi tərəfə təqdim edilmir. Sonra həmin şəxs işdən çıxmaq
istəyəndə bildirirlər ki, "biz səni işə
götürməmişdik" və bu zaman mübahisələr
yaranır. Müqavilə yalnız bir
nüsxədə tərtib olunursa, bu da müqavilənin
bağlanmaması kimi qəbul edilməlidir".
S.Məmmədovun sözlərinə
görə, müqavilə imzalamamaq həm dövlət, həm
də işçi üçün ciddi fəsadlar törədir. Lakin bunun
ağırlığı ən çox işçinin
üzərinə düşür: "İşçinin əmək
müqaviləsində əmək funksiyaları dəqiq
müəyyən olunur, işçi hansı işləri
yerinə yetirməlidirsə, o müqavilədə qeyd edilir.
Sözügedən müqavilə yoxdursa, onda işəgötürən işçidən çox iş görməyi tələb edəcək, daha sonra da ya onun əməkhaqqını verməyə, ya da işdən qova bilər. Məsələn, bəzən işəgötürən işçini qovmaq istəyəndə heç bir prosedur aparmadan "sabah işə gəlmə" deyir, beləliklə də onun işinə xitam verir. Bununla yanaşı, müqavilə imzalamayan şəxs icbari dövlət sığortasına cəlb olunmur. Bu zaman pensiya üçün yığım getmir, işçi əgər müvəqqəti əmək qabiliyyətini itirirsə, heç bir müavinət ala bilmir. İşçinin əmək müqaviləsi yoxdursa, o, bədbəxt hadisələrdən və peşə xəstəliyindən sığortalanmır. Çünki hər hansı bir sığorta şirkəti əmək müqaviləsi olmadan, hətta işəgötürən özü müraciət etsə belə, həmin şəxsi sığortalamır. Ümumiyyətlə, əmək müqaviləsi imzalanmırsa, burada əmək münasibətlərindən söhbət getmir".
Liqa sədri işçi ilə müqavilə imzalamayan şəxslər üçün qanunvericilikdə nəzərdə tutulmuş cəza tədbirləri haqqında da məlumat verdi. Onun sözlərinə görə, insan əməyini istismar edən şəxslərə cəza tədbirləri həddən artıq sərtdir: "Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi bağlamadan işəgötürənlər tərəfindən fiziki şəxslərin hər hansı işin yerinə yetirilməsinə cəlb edilməsi qanunvericiliklə müəyyən olunmuş qaydada məsuliyyətə səbəb olur.
Belə ki, İnzibati Xətalar Məcəlləsinin 53.1-ci maddəsinə görə, Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontrakt) bağlamadan işəgötürənlər tərəfindən fiziki şəxsin hər hansı işin (xidmətin) yerinə yetirilməsinə cəlb edilməsinə görə vəzifəli şəxslər 3 min manatdan 5 min manatadək, hüquqi şəxslər 20 min manatdan 25 min manatadək miqdarda cərimə edilir. Əgər işəgötürən əcnəbi ilə belə rəftar edibsə, cərimə 35 min manata qədərdir".
Göründüyü kimi, vətəndaş işə başlayarkən aldığı əməkhaqqının tam məbləğdə mühasibat sənədlərində göstərilməsini tələb etməli, işlədiyi dövrlər üçün işəgötürən tərəfindən məcburi dövlət sosial sığorta haqlarının tam ödənilməsinə şəxsən maraqlı olmalıdır. Bunun üçün işçilər öz hüquqlarını dərindən bilməli və onu qorumağı bacarmalıdır. Belə olan halda, dövlət orqanlarının da işi asanlaşmış olar.
Vidadi XUDAŞOV
Bakı xəbər.-2014.-19
may.-S.10.