Gənclik mənəvi
formalaşma prosesində sosial şəbəkə
imkanlarından düzgün bəhrələnə bilirmi?
Bu gün Azərbaycan
insanının böyük bir qismi internetdən, xüsusən
də sosial şəbəkələrdən istifadə edir. Bu sırada gənclər
üstünlük təşkil edir. Əvvəlcədən
qeyd edək ki, sosial şəbəkələrdən hər kəs
öz tərbiyəsinə görə istifadə edir. Nədir sosial şəbəkə və gəncləri,
insanları bura nə cəlb edir? Əlbəttə,
bu suala birmənalı cavab tapmaq çətindir. Burada hər kəsi bir məsələ cəlb edir,
maraqlandırır.
Gənclər var ki,
özünü sosial şəbəkələrdən
ayrı hiss edə bilmir. Demək olar ki, həyatının hər
saatında sosial şəbəkə var. Reallıq budur ki,
dünyanın internet aləmində yüzlərlə adda
sosial şəbəkə, forum, virtual görüş məkanı
mövcuddur.
Ekspertlər həyatımıza
müdaxilə edən sosial şəbəkələri
xarakterizə edərək yazırlar ki, onların xeyirli tərəfləri
ilə yanaşı, zərərli tərəfləri də az deyil. Onlar bildirir ki, "sosial
şəbəkə" termini elmi leksikona 1954-cü ildə
ingilis sosioloq Barns tərəfindən daxil edilib. Tərifə görə, sosial şəbəkə
sosial obyektlərdən ibarət qovşaqları birləşdirən
sosial strukturdur. İlk sosial şəbəkənin
yaranması ötən əsrin 90-cı illərinin
ortalarına təsadüf edir. Hazırda
çoxsaylı sosial şəbəkə içərisində
ən populyarı 2004-cü ildə yaradılmış
"Facebook" hesab edilir. Azərbaycanda
da bir sıra sosial şəbəkələr fəaliyyət
göstərir ki, bunlardan da ən aktivi "Facebook" sosial
şəbəkəsidir. Yerli sosioloqların
araşdırmalarına görə, təxminən ölkə
əhalisinin 3,7%-i və ölkədə
mövcud internet istifadəçilərinin 8,4%-i "Facebook"dan
yararlanır. Bu isə o deməkdir ki, Azərbaycan
vətəndaşlarının hər 30 nəfərindən
biri "Facebook" istifadəçisidir. Azərbaycanda sözügedən şəbəkədən
istifadə edənlərin 76%-i 18-34 yaş qrupunun nümayəndələridir.
Bəs görəsən sosial şəbəkələrə
daxil olan bütün istifadəçilər buradan müəyyən
informasiya əldə etmək və ya lazımi məlumatları
paylaşmaq məqsədi güdür?
Sosioloq Təranə Musalı hesab
edir ki, sosial şəbəkə istifadəçilərinin
böyük əksəriyyətini qeyri-ciddi məsələlər
maraqlandırır və onlar daha çox bu mövzuları
paylaşır: "Dünyada baş verən son hadisələr
göstərdi ki, insanlar burada daha çox öz məqsədlərini
ifadə edir. Çünki kifayət qədər
faktlar var ki, istifadəçilər sosial şəbəkələrdən
öz məqsədləri üçün istifadə edir.
Mütəxəssislər isə hesab edir ki, sosial
şəbəkələrin meydana gəlməsi XXI əsrin ən
böyük inqilablarından biri olduğu kimi, elə ən
böyük inqilabların baş verməsinə təkan verən
amilə çevrildi. Elə bu səbəbdən
də artıq bir sıra ölkələr sosial şəbəkələrdən
istifadəni qadağan edib. Bu qadağa ilk olaraq
Çində başlasa da, hələ ki, son olaraq İran bu
prosesə qoşulub. Təbii ki, bunun da özəl səbəbləri
var. Belə ki, İranda baş verən inqilaba
çağırış "Facebook" və
"Twitter" sosial şəbəkələrindən
geniş vüsət almışdı. Bu zaman
İran dövlət nəzarətində olan
"İntranet" adlı şəbəkə yaradaraq,
bütün internet resurslarına olan nəzarəti öz
üzərinə götürdü. Beləcə,
insanların informasiya mübadiləsini bir qədər məhdudlaşdırdı.
Mütəxəssislər isə hesab edir ki, bir
zamanlar pul qazanmaq məqsədi daşıyaraq bir qrup tələbə
tərəfindən yaradılan sosial şəbəkələr
hazırda öz profilini tamamilə dəyişib. Bu səbəbdən də bəzi dövlətlər
öz ərazilərində internetin istifadəsinə
qadağa qoyur. İnternet resurslarından
istifadəyə qoyulan qadağalar indiki zamanda demokratiyanın,
eləcə də insan haqlarının pozulması deməkdir".
Ekspertin sözlərinə
görə, dünya təcrübəsinə nəzər
saldıqda məlum olur ki, internetə qoyulan qadağalar əsasən
demokratiyanın zəif inkişaf etdiyi dövlətlərdə
müşahidə edilir. Onun dediyinə görə, son zamanların
müşahidələri göstərdi ki, sosial şəbəkələrdən
istifadə inqilablarda, seçki proseslərində daha fəal
adam toplamaq, dini cərayanları, zərərli sosial məsələləri
yaymaq məqsədilə istifadə edilir":Sosial
şəbəkələrdən istifadəyə psixoloji
aspektdən də yanaşanlar az deyil. Psixoloqlar
hesab edir ki, son illər sosial şəbəkələrin
yüksək templə artması insanların psixoloji durumuna mənfi
təsir edir. Əslində bir zamanlar
insanlar sosial şəbəkələrə adi əyləncə
vasitəsi kimi baxırdı və bir növ internet aludəçisinə
çevrilmişdi. Lakin sonradan bu
hüquqların əldən alınması insanların
psixikasına olduqca mənfi təsir göstərir. Qeyd
edim ki, hazırda Azərbaycan "Facebook" şəbəkəsi
istifadəçilərinin sayına görə Latviya,
Qazaxıstan, Belarus, Moldova, Ermənistan, Özbəkistan,
Qırğızıstan, Türkmənistan və
Tacikistanı qabaqlayaraq 94-cü yeri tutur. Təkcə
"Facebook" sosial şəbəkəsinin 500 milyondan
artıq "sakin"i var. Elə bil yeni bir internet dünya,
yeni bir internet ölkə yaranıb, insanlar da bu ölkənin
vətəndaşına çevrilib. Bu "vətəndaş"lar bir-birinə istənilən münasibəti
göstərə bilər. Amma bu, real münasibətlərdən
fərqli olaraq, bir qədər hüquqdan kənar münasibətlərdir.
Çünki hər bir ölkədə sosial
münasibətlər qanun əsasında qurulur. Onlar bir-birinə qarşı hansısa təhqirə
yol verirsə, qanun işə düşür, Konstitusiya
öz sözünü deyir. Amma internet
üzərində virtual sosial şəbəkələrin
meydana gəlməsi artıq qanundan kənar mühit
yaradır. Sosial şəbəkələrin
bu gün yaratdığı ən böyük problem budur.
Belə qanundan kənar mühit başqa dinləri,
başqa mədəniyyətləri, başqa mental dəyərləri
daşıyanları birdən-birə sosial mühitə gətirir.
İkinci ən böyük problem ondan ibarətdir
ki, sosial şəbəkələrin qanundan kənar mahiyyəti
insanların içində olan ədəbsizlik, mədəniyyətsizlik
və tərbiyəsizliyi üzə çıxarır.
İnsanlar ata-anasının, müəlliminin,
qonşusunun yanında demədiyini orda demək imkanı əldə
edir. Və düşünür ki, bunu heç kim bilmir, burda özünü gizlədə,
anonimliyini təmin edə bilər. Həmin insan
abstrakt olan bir azadlıq mühitinə düşür. Amma o azadlıq təhlükəli
azadlıqdır".
Mütəxəssisin qeyd
etdiyi statistik məlumatlardan görünür ki, müasir
sosial şəbəkələr çox geniş imkanlara
malikdir. Şübhəsiz ki, bu imkanlar çərçivəsində
geniş təbliğat aparmaq da mümkündür. Statistik rəqəmlərdən o da
görünür ki, sosial şəbəkələrin istifadəçiləri
arasında gənclər mühüm çəkiyə
malikdir. Hazırda bizim ölkənin
dünya miqyasında geniş təbliğ olunmasına
böyük ehtiyac olduğunu nəzərə alsaq, gənclər
bu istiqamətdə fəaliyyətini intensivləşdirməlidir.
Milli dövlətin
qarşısında duran ən başlıca işlərdən
biri əhaliyə düzgün, sağlam vətəndaşlıq
və vətənpərvərlik hisslərini
aşılamaqdır. Qloballaşan dünyada sağlam milli-mənəvi
dəyərləri qorumaq çox çətindir. Hazırkı dövrün sürətli informasiya,
yeni kommunikasiyalar əsri olduğunu nəzərə alsaq, onda
gənclərin zərərli ideologiyalarla zəhərlənməsinin
qarşısı da düşünülmüş metodlarla
alınmalıdır. Sözsüz ki, hər
bir ölkədə vətənpərvərlik əhval-ruhiyyəsinin
səviyyəsi həmin dövlətdə aparılan təbliğatın
miqyasından asılıdır. İnsanların
mənəvi kamillik, özünüdərk dərəcəsinin
yüksəldilməsi istiqamətində işlərin
görülməsi milli ideologiyanın tərkib komponenti
olmalıdır. Təbii ki, söhbət
zorakı metodlardan getmir. Gənclərin
maraq göstərdiyi texnologiyaların tərkibində dövlətin
gənclərlə bağlı siyasətinə cavab verən
alternativ təbliğat sistemi qurulmalı və bu təbliğatın
aparılmasına dövlətin bütün mümkün
resursları cəm olunmalıdır. Fikrimizcə,
hər bir gənclər təşkilatı milli mənlik
şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik
tərbiyəsinin formalaşması istiqamətində
güclü təbliğat aparmalıdır.
Gənc nəsildə milli mənlik şüurunun və vətənpərvərlik hisslərinin inkişaf etdirilməsi bu gün ən aktual məsələlərdən biri hesab olunur. Bu faktor həqiqətən də mühüm əhəmiyyət kəsb edən məsələlərdən biridir. Gənclərin buna sahib olmaları bütövlükdə dövlətin ümummilli ideologiyasının qorunması baxımından müstəsna rola və əhəmiyyətə malikdir. Eyni zamanda, milli-mənəvi dəyərlərin deqradasiyaya məruz qalmasının qarşısını alır. Ümumilikdə sözügedən dəyərlərin qorunmasının cəmiyyətə verdiyi fayda ölçüyəgəlməz dərəcədə böyükdür. Çünki bu həm də milli kimlik məsələsini özündə ehtiva edir. O baxımdan milli mənlik şüurunun vəd etdiyi fayda yetərincə müxtəlif və çoxşaxəlidir. Yetər ki, onun prinsipial əsaslarını qoruyub saxlaya, böyüməkdə olan gənc nəslə aşılaya, çatdıra, təməl prinsiplərini öyrədə biləsən. Ona görə də sözügedən məsələnin cəmiyyətə çatdırılmasında bütün vasitələrdən istifadə etmək lazımdır. Müasir dövrdə bu vasitələrin ən geniş imkanlısının sosial şəbəkələr olduğunu nəzərə alsaq, onda belə bir sual meydana çıxır: sosial şəbəkələrin Azərbaycan gənclərinin vətənpərvərlik hisslərinin artırılmasında və təbliğində nə kimi rolu ola bilər?
Tarixçi Hökumə Cabbarlı bildirir ki, Azərbaycan gənclərinin savadlı, yüksək intellektli kəsimi burada daha çox Azərbaycan dövlətinin xeyrinə təbliğat aparmalıdır. Onun sözlərinə görə, bu təbliğat başqa gənclərə də örnək ola bilər":Sosial şəbəkələrin imkanlarından istifadə etməklə gənclərin vətənpərvərliyini artırmaq mümkündür. Bunun üçün xüsusi proqrama ehtiyac var. Bəzi layihələrin köməkliyi ilə gəncləri düzgün istiqamətə yönəltmək olar. Mən sosial şəbəkələri dəqiq izləyirəm və görürəm ki, gənclərimiz orda vətənpərvərliklə çox az məşğul olur. Əsasən əyləncəyə üstünlük verilir. Çox istərdim ki, sosial şəbəkələrdə xalqımızın böyük şəxsiyyətlərini təhqir edən bəzi qrupların qarşısına sanballı gənclər çıxsın. Şəxsiyyətlərlə bağlı məsələlər müzakirəyə çıxarılarkən hər kəs bu məsələdə prinsipial mövqe tutmalıdır. Heç bir şəxsiyyətimizin təhqir edilməsinə yol verməməliyik. Təhqirə yol verən adamlara necə vətənpərvər demək olar? Bu istiqamətdə sistemli iş aparılmalıdır. Gənclərə sosial şəbəkədə etik normaları gözləmək, bir-birinin fikirlərinə hörmətlə yanaşmağı təlqin etmək, onları sosial şəbəkələrdə sağlam polemikaların aparılmasına cəlb etmək lazımdır. Şəxsən mən sosial şəbəkələrdə aparılan müzakirələrlə bağlı bir neçə dəfə rəy bildirmişəm və çox vaxt təhqirlə üzləşmişəm. Bu faktor həqiqi vətənpərvər olan gənclərimizin sosial şəbəkələrdən iyrənməsinə səbəb olur. Dünyada aparılan müharibələr informasiya savaşı fazasına keçdiyindən, bizim gənclik informasiya müharibəsinə hazır olmalıdır. Bu yaxınlarda Azərbaycan saytlarına olunan kiber hücum onu göstərdi ki, dövlətin informasiya təhlükəsizliyi də mühüm əhəmiyyət kəsb edir və bu sahədə də güclü kadrların olmasına ehtiyac var. Məsələnin ikinci aspekti mənfur qonşularımız olan ermənilərlə bağlıdır. Bilirsiniz ki, onlar bizə qarşı daim informasiya müharibəsi aparmaqla məşğuldur. Onlar belə təbliğatın aparılmasında sosial şəbəkələrin imkanlarından geniş istifadə edir. Ermənilərlə təbliğat müharibəsini aparmaq üçün bizə informasiya texnologiyalarına yaxşı bələd olan vətənpərvər gənclər lazımdır. Belə gənclərimiz də var, çoxdur".
İradə SARIYEVA
Bakı xəbər.-2014.-19
may.-S.12.