İctimai həyatda gənclər təşkilatlarının
rolu dövlət siyasəti ilə getdikcə daha çox
uzlaşır
Gənclik dövlət siyasətinin mahiyyətini
olduğu kimi anlayır desək yanılmarıq. Ekspertlər də bildirir ki, bu gün gənclər
dövlətin onlarla bağlı yeritdiyi siyasətin mahiyyətini
əsasən düzgün anlayır və zaman keçdikcə
bu istiqamətdə görülən daha böyük işlərin
şahidi olduqca dövlətin yürütdüyü siyasəti
daha çox bəyənir. Bilirik ki, Azərbaycan
hakimiyyəti son illər gənclərə verdiyi önəmi
bir qədər də artırıb.
Ümumilikdə, get-gedə
bu istiqamətdə görülən işlər daha rasional və
dinamik xarakter daşıyır. Belə ki, Prezident
İlham Əliyevin "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə
Dövlət Proqramının təsdiq edilməsi
haqqında" Sərəncamında əksini tapan müddəaların
uğurlu icrası gənclər siyasətini daha da inkişaf
etdirməyə, gənclərin işlə təminatına,
sosial-iqtisadi problemlərinin həllinə öz müsbət
təsirini göstərəcək. Qeyd edək
ki, ölkədə gənclər siyasətinin əsasını
ulu öndər Heydər Əliyev qoyub. O, Azərbaycanın
gələcəyinin gənclərə məxsus olduğunu
önə çəkərək, yüksək ixtisaslı
kadrların yetişdirilməsi istiqamətində mühüm
addımlar atıb. Minlərlə gəncin keçmiş
SSRİ-nin ən nüfuzlu ali məktəblərində
təhsil almağa göndərilməsi məhz onun ölkəyə
rəhbərlik etdiyi dövrdə olub. O, gənclərin
qarşısında bir sıra vəzifələr qoyurdu ki,
bunlardan ən ümdəsi ana dilinə hörmətlə
yanaşılması, vətənpərvərlik ruhunda tərbiyə
olunmaları idi.
Tarixçi Təzəgül
Yusifova bildirdi ki, o, uzun illərdir yeniyetmə və gənclərlə
işləyir və dövlətin gənclər siyasətini
yaxından izləyir. Onun sözlərinə görə, dövlətin
yürütdüyü siyasət gənclərə
müsbət təsir edir və gənclər burada
özünü tam olaraq görür: "Vətənini,
xalqını sevən gənc daim dövlətinə xidmət
prinsipini fəaliyyətinin əsasında saxlayar. Heydər Əliyev 1993-cü ilin iyununda hakimiyyətə
qayıdandan sonra da gənclərə diqqət və
qayğı dövlətin siyasətinin əsas tərkib hissəsinə
çevrildi. O, müstəqil Azərbaycana rəhbərlik
etdiyi dövrdə gəncləri dövlətin idarə edilməsində
aparıcı qüvvə kimi görürdü. Bu önəmin nəticəsi idi ki, 1994-cü ildə
Prezidentin fərmanı ilə Gənclər və İdman
Nazirliyi yaradıldı. Onu da qeyd edək
ki, müstəqil Azərbaycan dövlətinin gənclər
siyasətinin formalaşmasında və gənc nəslin
geniş fəaliyyət meydanına
çıxarılmasında ulu öndərin təşəbbüsü
və iştirakı ilə keçirilən ölkə gənclərinin
I Forumu xüsusi rol oynadı. 1996-cı il
fevralın 2-də keçirilən Forum Heydər Əliyevin gəncliklə
bağlı strategiyasının ilk təntənəsi oldu. 1997-ci ildə Prezidentin imzaladığı Sərəncamla
2 fevral Azərbaycanda Gənclər Günü kimi elan edildi.
Daha sonra 1996, 1999 və 2003-cü illərdə
Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan
gənclərinin forumlarının keçirilməsi gənclərimizin
fəaliyyətində mühüm dönüş yaratdı.
1999-cu ildə Prezident "Dövlət gənclər
siyasəti haqqında" Fərman imzaladı. Həmin sənədə uyğun olaraq təsdiqlənmiş
tədbirlər planında gənclər siyasətinin
bütün istiqamətləri öz əksini tapdı. Qəbul olunmuş qanun və dövlət
proqramları, imzalanmış fərman və sərəncamlar
gənc nəslin mütəşəkkil qüvvə kimi
formalaşmasına, mənəvi cəhətdən yetkinləşməsinə,
sosial problemlərinin həllinə, faydalı məşğulluğunun
artmasına, habelə idmanın kütləviləşməsinə
təsir göstərdi. Gənclərin hərtərəfli
inkişafını təmin etmək məqsədilə
hazırlanmış "Gənclər Siyasəti
Haqqında" Qanun 2002-ci il tarixli Fərmanla
təsdiqləndi. Bir məqamı da qeyd edim ki,
son parlament və bələdiyyə seçkilərində gənclərin
sözügedən qurumlarda təmsilçilik faizi əhəmiyyətli
şəkildə artıb. Belə ki, 2004-cü il bələdiyyə
seçkilərində gənclər bələdiyyələrin
tərkibində 2-2,5 faiz təmsil
olunurdusa, 2009-cu il seçkilərində onların təmsilçilik
faizləri 27 faizə çatdırıldı. Gənclərin bələdiyyələrdə
iştirak səviyyəsi bələdiyyə təcrübəsi
əsasında 10 dəfə artıb. Bu, gənclərimizin
ictimai fəallığının artmasından irəli gəlir.
Dövlət başçısı İlham
Əliyev gənclərin böyük qüvvə olduğunu,
Azərbaycanın gələcəyinin onlara məxsusluğunu,
eyni zamanda müasir dövrün informasiya-kommunikasiya
texnologiyaları əsri olduğunu önə çəkərək,
yüksək ixtisaslı gənclərin yetişdirilməsini
qarşıya mühüm vəzifə kimi qoyur. Bu məqsədlə təhsil sahəsində kompleks
tədbirlər həyata keçirilir".
Tarix müəlliminin dediyinə
görə, bu gün məktəblərimizdə hər 20
şagirdə bir kompyuter var. O deyir ki, yeni texnologiyaların
öyrənilməsi və tətbiqi ölkənin hərtərəfli
inkişafında mühüm amil kimi önə çəkilir:
"Dövlət başçısı İlham Əliyev
çıxışlarında gənclərin peşəkarlıq
səviyyəsinin artırılmasını xüsusi qeyd edir:
"Peşəkar kadrların hazırlanması bu gün nəinki
təhsil sahəsində, yaxud da ki, hansısa ayrı bir
neft-qaz sahəsində, ümumiyyətlə ölkə
qarşısında duran ən vacib problemlərdən biridir və
biz bütün sahələrdə buna nail olmalıyıq".
Azərbaycanın iqtisadi inkişafı
reallıqdır. Bu inkişaf səviyyəsi
kadr hazırlığını günün tələbinə
çevirir. Gənclərə diqqət və
qayğı, onların təhsilinin inkişafına yönələn
addımlar Azərbaycan Dövlət Neft Şirkətinin də
fəaliyyətinin əsas tərkib hissələrindəndir.
ARDNŞ 2006-cı ildə Təqaüd
Proqramını qəbul edib. Proqram çərçivəsində
hər il 50-dən artıq tələbəyə
xarici ölkələrin ən nüfuzlu universitetlərində
neft ixtisasları üzrə təhsil almaq imkanı
yaradılır. Tələbələr Təqaüd
Proqramında iştirak etməklə, həmçinin, təhsilini
başa vurduqdan sonra ARDNŞ-də ixtisasları üzrə
işləmək imkanı əldə edir. Prezident İlham Əliyevin Sərəncamı ilə
təsdiqlənən gənclərin xarici ölkələrdə
təhsilinə dair Dövlət Proqramı da Azərbaycan gənclərinin
intellektual səviyyəsinin artırılmasına xidmət
edir. Görülən işlərin davamı olaraq
dövlət başçısı 6 aprel 2011-ci il tarixdə "Azərbaycan gəncliyi
2011-2015-ci illərdə Dövlət Proqramı
haqqında" Sərəncam imzaladı. Bu sənədə
uyğun olaraq 7 iyul 2011-ci il tarixli Sərəncamla
Dövlət Proqramının təsdiq edilməsi gənclər
siyasətini daha da inkişaf etdirməyə, gənclərin
menecment sahəsində fəal iştirakına şərait
yaratmağa, gənc mütəxəssislərin işlə təminatına,
sosial-iqtisadi problemlərin həllinin təmin edilməsinə
xidmət edəcək. Həmçinin, dövlət
başçısı müxtəlif sahələrdə
uğurlar qazanmış bir qrup gənci və tələbə
gənclər təşkilatlarının nümayəndələrini
qəbul edərkən Dövlət Proqramında gəncləri
narahat edən bütün məsələlərin öz əksini
tapacağını bildirib".
Ekspertin fikrincə,
müasirləşmə dövlət siyasətinin
düzgün qurulmasından və bununla bərabər, gənclərin
fəaliyyətindən asılıdır. Onun sözlərinə
görə, Azərbaycan gəncləri müasir, Vətənə,
millətə bağlı, dövlətçiliyə sadiq
olmalı, eyni zamanda, bütün mütərəqqi təcrübələri
öyrənməyə səy göstərməlidirlər.
T.Yusifova dedi ki, bütün bu deyilənlərin fonunda, ölkədəki
gənclər təşkilatları müasir dövrdə
aparılan gənclər siyasətinin mahiyyətini dərindən
anlayır.
QHT təmsilçisi Təranə
Əliquliyevanın sözlərinə görə, son on ildə
gənclər təşkilatları Azərbaycanın
ictimai-siyasi, mədəni həyatının ayrılmaz bir
parçasına çevrilib: "Daha dəqiq desək,
ölkənin əsas subyektlərindən birinə
çevriliblər. Bu da dövlətin gənclərlə
bağlı yeritdiyi dinamik və rasional siyasətdən irəli
gəlir. Azərbaycanda vətəndaş
cəmiyyəti quruculuğu sahəsində, qanunvericilik
planında gedən müzakirələr, qəbul olunan qərarlar
bu yöndə işlərin müsbətə doğru
getdiyinin göstəricisidir. Eyni zamanda, bu,
nəticə etibarilə gənclər təşkilatlarının,
QHT sektorunun bəlli bir səviyyəyə gəlib
çıxmasına və müvafiq konsepsiya, qanunvericilik
aktları əsasında fəaliyyət göstərməsinə
gətirib çıxarıb. Digər tərəfdən,
gənclər təşkilatları konfederativ qurum kimi də
digər QHT-lərdən daha çevik proseslərə
qoşulub. Müstəqilliyin ilk illərindən
başlayaraq sonrakı təbəddülatlı dövrlərdə
belə, gənclər mümkün olduğu qədər fəal
mövqe nümayiş etdirib.
Bununla paralel, hər zaman
dövlətin, dövlətçiliyin yanında olublar. Bu gün gənclər
dövlətin onlarla bağlı yeritdiyi siyasətin mahiyyətini
əsasən düzgün anlayır. Yəni
sözügedən məsələdə onların fəaliyyətini
müsbət qiymətləndirmək olar".
Onun fikrincə, aparılan siyasətin
mahiyyətini düzgün anlamayan gənclər də var. O
deyir ki, bütövlükdə gənclər təşkilatlarının
spektri monoton deyil: "O üzdən, birmənalı şəkildə
hamısına eyni sözü aid etmək doğru olmaz. Sadəcə, əsas dəyərləndirmə odur
ki, Azərbaycanda öz təşkilatlarını qurmuş gənclərin
önəmli hissəsi dövlət və milli
maraqlarını mümkün olduğu qədər beynəlxalq
səviyyədə müdafiyə etməyə
çalışır. Virtual şəbəkələrin
timsalında da bunu açıq-aydın müşahidə etmək
olar. Bu bir daha gənclərlə
bağlı yeridilən siyasətə verilən önəmin
sübut olunduğunu göstərir. Bir
növ bu, gənclərin milli və vətəndaş
missiyasıdır. Ancaq sırf təşkilati
mənsubiyyət baxımından gənclik dünyasından
çıxış etdikdə isə, təbii ki, gənclərin
özünəməxsus dünyası, problemləri var.
Zaman-zaman onlar sözügedən problemləri təşkilatlarda,
mətbuat səhifələrində və onlayn rejimində
dilə gətirirlər. Onu da qeyd edim ki,
regionlarda yaşayan gənclərin müasir
informasiya-kommunikasiya texnologiyalarına, yeni ixtisaslara yiyələnməsi
gündəmdədir. Bu ildən
başlayaraq yeni ikinci Dövlət Gənclər Proqramında
regionlarda yaşayan gənclərlə bağlı ayrıca
maddələr nəzərdə tutulub".
Ekspert dedi ki, hazırda bu maddələrin
də icrasına başlanıb. Bölgələrdə gənclər
təşkilatlarının işinə böyük təkan
verildiyini qeyd edəy QHT təmsilçisinin dediyinə görə,
rayon və kəndlərdə yaşayan gənclər də
dövlətin gənclər siyasətini yaxından izləyir
və anlayır:
"Gənclər siyasəti bütün ölkə gəncliyini əhatə edir. Və gənclər çox yaxşı anlayır ki, dövlət nə edirsə onların xeyrinə, yaxşılığına görə edir. Gənclərin, onların təmsil olunduqları təşkilatların dövlət siyasətinə xidmət etməsi, dövlətin siyasətinə dəstək olması şərtdir. Gənclər də bunu anlayır və buna əməl edir".
İradə SARIYEVA
Bakı xəbər.-2014.-20
may.-S.15.