İqtisadi
tərəqqi əmək bazarında keyfiyyətli
işçi qüvvəsinə tələbi artırır
Dünyanın maliyyə və iqtisadi böhranın
cəngində çabaladığı bir dövrdə Azərbaycan
iqtisadiyyatının uğurla inkişaf etdiyi danılmaz həqiqətdir.
Bunu şərtləndirən ən əsas məqam
isə ölkədə siyasi sabitliyin və malik olduğu
iqtisadi potensialın Azərbaycan iqtisadiyyatını
böhrana qarşı dayanıqlı etməsidir. Bunun nəticəsidir ki, bu gün ölkəmiz yerləşdiyi
regionun ən yüksək inkişaf perspektivlərinə malik
dövlətinə çevrilib.
Yeni neft strategiyasının uğurla
davam etdirilməsi, ölkənin xarici sərmayələr
üçün cəlbediciliyini qoruyub saxlaması, milli
iqtisadiyyatın müxtəlif sferalarına yönələn
sərmayələrin qeyri-neft sektoruna, regionların
inkişafına istiqamətləndirilməsi, ölkənin
bir nömrəli təbii sərvəti hesab olunan neftdən gələn
gəlirlərin ölkədə güclü və keyfiyyətli
insan kapitalının formalaşdırılması məqsədinə
yönəldilməsi bu gün dövlətin iqtisadi siyasətinin
əsas prioritetləri kimi diqqət çəkir.
Azərbaycanın son illərdə
əldə etdiyi iqtisadi uğurlar, onun dünya iqtisadi
arenasında investisiya cəlb edən ölkədən
investisiya qoyan ölkəyə çevrilməsi eyni zamanda
milli inkişaf strategiyamızın fundamental əsaslara
söykənməsinin nəticəsi hesab olunmalıdır. Neft gəlirlərinin
artması ilə paralel olaraq onun realizasiya mexanizminin
düzgün qurulması, bu işdə şəffaflığın
təmin olunması ölkənin iri həcmli investisiya
qoyuluşlarını həyata keçirməsinə imkan verdi ki, bunun da nəticəsində Azərbaycan
qısa bir zaman kəsiyində beynəlxalq təşkilatların
siyahısında yer aldığı inkişaf etməkdə
olan ölkələr sırasından inkişaf etmiş
ölkələr sırasına daxil edildi. Dövlətin
iqtisadi siyasətinin inkişafın
dayanıqlılığını hədəf götürməsi
isə milli inkişaf strategiyasının əsasını təşkil
etdi ki, onun da formalaşması sayəsində ölkənin
iqtisadi sektoru irəliləyərək dünyanın
müasir istehsal sahələri ilə rəqabət apara biləcək
müəssisələrin yaradılmasına stimul verdi. Məhz uğurlu iqtisadi
reformalar və balanslı inkişaf siyasəti nəticəsində
müstəqilliyin ilk illərində dar bir çərçivədə
formalaşan, yalnız neft sektoruna söykənən Azərbaycan
iqtisadiyyatı keçən illər ərzində qeyri-neft
sektorunun da ölü nöqtədən tərpənməsinə
şərait yaratdı. Bu gün Azərbaycanın
silah idxalatçısı ölkədən ən müasir
silahların istehsalçısı olaraq onun ixracatçısına
çevrilməsi deyilənlərə ən bariz nümunədir.
Üstəlik nəzərə alınsa ki, Azərbaycan
müstəqilliyini qazandığı zamandan bəri
müharibə şəraitində yaşayır, onun iqtisadi
qüdrətini artırmasının nə qədər əhəmiyyətli
olduğu bəlli olar. Eyni sözləri
ölkə iqtisadiyyatının son illərdə sürətlə
inkişaf etməkdə olan digər sahələrinə də
aid etmək olar.
Müstəqil Azərbaycanın
dünya iqtisadi arenasında ilk uğuru 1994-cü il sentyabrın 20-də imzalanan, "Əsrin
müqaviləsi"adlandırılan nəhəng enerji layihəsi
oldu. Təxminən 400 səhifəni əhatə edən və
4 dildə hazırlanmış "Xəzər dənizinin Azərbaycan
sektorunda "Azəri", "Çıraq"
yataqlarının və "Günəşli"
yatağının dərinlikdə yerləşən hissəsinin
birgə işlənməsi və neft hasilatının pay
bölgüsü haqqında" Azərbaycan Dövlət
Neft Şirkəti (ARDNŞ) ilə dünyanın
tanınmış neft şirkətləri arasında
imzalanmış Saziş məhz həmin illərdə
özünün tarixi, siyasi və beynəlxalq əhəmiyyətinə
görə "Əsrin müqaviləsi" adını
aldı. Dünyanın 8 ölkəsinin 13 ən məşhur
şirkətinin iştirak etdiyi bu müqavilənin
bağlanması Azərbaycanın qarşısında
investisiya cəlbi baxımından geniş imkanlar
açdı ki, bunun da nəticəsində çox keçmədən
dünyanın ünlü iqtisadi nəhəngləri Azərbaycana
maraq göstərməyə, bunun davamı olaraq investisiya
yatırmağa başladı. Bu illər ərzində
ölkədə iqtisadi sahədə əldə olunan
uğurlar isə onun daxil olan neft pulları hesabına
özünün hərbi qüdrətini xeyli dərəcədə
artırmasına, silah alıcısı ölkədən
silah-sursat istehsalçısı ölkəyə çevrilməsinə,
mal və məhsul ixracatının genişlənməsinə,
şəhər və kəndlərinin abadlaşaraq gündən-günə
simasını dəyişməsinə gətirdi. Bütün bunlarla yanaşı, Azərbaycan
artıq son illərdə investisiya cəlb edən ölkədən
investisiya qoyan ölkəyə çevrilib ki, bu da
düzgün və məqsədyönlü iqtisadi siyasətinin
dövlətə qazandırdığı ən böyük
dividend sayıla bilər.
Faktdır ki, istər ərazisinə,
istərsə də əhali sayına görə
dünyanın aparıcı dövlətləri ilə
müqayisə olunmayacaq dərəcədə kiçik
dövlət sayılan Azərbaycan məhz artan iqtisadi
gücü və balanslı siyasəti sayəsində bu
gün regionun söz sahibi dövlətinə çevrilə
bilib. Lakin məlum həqiqətdir ki, istənilən sahənin
inkişafına stimul verən əsas faktor düzgün
strategiyanın qurulmasıdırsa, onun realizasiyası işin
keyfiyyətli təşkilindən və peşəkarların
həmin sahəyə cəlb olunmasından birbaşa
asılıdır. Yəni istənilən
sahənin inkişafında yüksək nəticələrin əldə
olunması üçün peşəkar işçi
qüvvəsinin formalaşması mütləq tələb
kimi çıxış edir. Digər tərəfdən,
qloballaşan dünyamızda hər gün dəyişən,
yeniləşən müasir texnologiyaların tətbiqi də
keyfiyyətli işçi qüvvəsinə tələbatı
artıran amillər sırasında ilk yerlərdə gəlir.
Lakin təbii ki, müstəqilliyini yenicə qazanmış,
70 il SSRİ adlı qırmızı
imperiyanın boyunduruğu altında qalan, o səbəbdən
də özünün milli strategiyası olmayan Azərbaycanda
ilk dövrlər peşəkarlar sinfinin formalaşması bir
qədər çətin və zaman tələb edən
proses idi. Bununla paralel olaraq ölkə dünya
dövlətləri üçün investisiya qoyulması
baxımından yenicə kəşf olunmuş cəlbedici məkan
idi. O üzdən həmin illərdə xaricdən Azərbaycana
güclü investisiya axını baş versə də,
işçi qüvvəsi də elə həmin ölkələrdən
cəlb olunurdu. Bu sırada isə təkcə öz işinin
ustası olan, təmsil olunduğu sahədə püxtələşmiş
professionallar deyil, sıravi fəhlə ordusunun da böyük
qismi investisiyanın cəlb olunduğu yaxın və uzaq
xarici ölkələrdən gətirilir, eyni zamanda əməyin
qiymətləndirilməsində burada çox az faiz təşkil
edən yerli işçilərlə müqayisədə
onlara daha çox üstünlük verilirdi. Heç
kəsə sirr deyil ki, məhz bu zəmində baş verən
narazılıqlar zaman-zaman hətta yerli fəhlələrin tətil
və ya piket kimi etiraz aksiyalarından istifadəsinə də
gətirib çıxarırdı. Təbii
ki, bütün bunlar da haqlı narazılıqlar idi və
yerli əməkçi qüvvənin bu şəkildə qiymətləndirilməsi
ölkə rəhbərliyini də narahat etməyə bilməzdi.
Bütün bunları nəzərə alan
Azərbaycan rəhbərliyi bu məqsədlə bir sıra
dövlət layihələrinə start verdi ki, bu sıraya ən
müxtəlif sahələri təmsil edən əməkçi
insanlar üçün treninqlərin təşkil
olunması, gənclərin xaricdə təhsil almasına
geniş imkanların yaradılması və digər bu kimi fəaliyyətlər
daxildir.
Bəlli həqiqətdir ki,
Azərbaycanda son on ildə yoxsulluğun aradan
qaldırılması yönündə məqsədyönlü
və davamlı fəaliyyət həyata keçirilir ki,
işsizliyin statistikasının minimuma endirilməsi də həmin
siyasətin aparıcı istiqaməti kimi daim diqqətdədir. Bu fonda
isə əməkçi qüvvənin maarifləndirilərək
ən müxtəlif istehsal sahələrində işlə təmin
olunması prioritet götürülür ki, bu da ölkədə
həm işsizliyin aradan qaldırılması, həm də
yerli keyfiyyətli işçi qüvvəsinin yetişməsinə
öz töhfəsini verir. Bunun nəticəsidir
ki, bu gün Azərbaycan bu iki problemin birgə
çözümünə nail olub. Belə
ki, işsizliyin statistikasının minimuma enməsilə
paralel olaraq xaricdən ölkəyə işçi qüvvəsinin
gətirilməsi halları da kəskin azalıb. Bunun əsas səbəbi odur ki, bir sıra istehsal və
emal sənayesi sahələrində çalışanlar
üçün vaxtaşırı ən müxtəlif səviyyələrdə
treninqlər təşkil olunur ki, bu treninqlərdə xarici təcrübənin
öyrənilməsi, müasir texnologiyalardan istifadə kimi
önəmli məsələlərdə irəliləyişlərin
əldə olunması təmin edilir.
Ölkədə keyfiyyətli
işçi qüvvəsinin formalaşmasına Azərbaycan
Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi
Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti də
keçirdiyi tədbirlərlə dəstək verir. Belə tədbirlərdən
biri də bu günlərdə Qafqaz Universitetində
"Karyerada ilk addım" adı altında baş tutan
növbəti tədbir olub. Nazirliyin mətbuat xidmətindən
verilən məlumata görə, tələbə və məzunların
əmək bazarına inteqrasiyası məqsədilə
düzənlənən tədbirdə "ATA Holdinq" ASC,
"Azərcell Telecom" MMC, "Bakcell LTD" MMC, "Azərfon"
MMC, "Qarant Sığorta" ASC, "Azərsun" MMC,
"Parabank" ASC, Qaradağ Sement ASC, "Nurgün
Motors" MMC və digər iri şirkətlərin daxil
olduğu ümumilikdə 113 müəssisə tərəfindən
818 vakant iş yeri seçim üçün tələbə
və məzunlara təqdim olunub. Təqdim olunan vakant iş
yerlərinin 726-sı özəl sektora, 92-si isə dövlət
sektoruna aid müəssisələrdə olub. Tədbirdə
müvəqqəti xarakterli işlə təmin olunmaq istəyənlərə
də seçim fürsəti yaradılıb. Belə ki, bu məqsədlə tədbirdə Səyyar
Əmək Birjasının fəaliyyəti təşkil
olunub. Belə tədbirlərin önəmi
həm də ondadır ki, işlə təmin olunan gənc
kadr eyni zamanda müasir əmək bazarı, seçdiyi
ixtisas və ona olan tələbatla bağlı gərəkən
informasiyanı alır, eyni zamanda işəgötürənlər
də gələcəkdə işə cəlb etmək
üçün ixtisaslı kadrlar əldə etmək
imkanı qazanırlar. Qeyd etmək yerinə
düşər ki, Əmək və Əhalinin Sosial
Müdafiəsi Nazirliyinin xoş bir ənənəyə
çevirdiyi belə tədbirlər bundan əvvəl
"Odlar Yurdu" və Azərbaycan Texniki Universitetində də
təşkil olunub. Eyni zamanda, Texniki Universitetdə
keçirilən sözügedən tədbirdə Azərbaycan
Memarlıq və İnşaat Universitetinin tələbə və
məzunları da iştirak edərək iş və ixtisas
seçimlərini etmək imkanı qazanıblar. Həmin tədbirlərdə
376 nəfərə vakant iş yerlərinə göndəriş
verilib, 78 nəfər isə peşə
hazırlığı kurslarına cəlb olunmaq
üçün qeydiyyata alınıb.
Nazirlikdən bildirildiyinə görə, "Karyerada ilk addım" adlanın bu önəmli tədbirin digər bir sıra ali təhsil müəssisələrində də keçirilməsi nəzərdə tutulur. Bütün bunlar isə gənc kadrların məhz müstəqil həyata qədəm qoymağın ən önəmli addımını atmasından - işlə təmin olunmasından əlavə, həm də ölkədə yerli kadrlardan ibarət keyfiyyətli işçi qüvvəsinin formalaşmasına, bununla da peşəkar əməkçi insanların yetişməsinə nail olunmasına gətirir ki, bu da ölkənin müvafiq sahədə balanslı siyasətinin tərkib hissəsi kimi çıxış edir. Çünki unutmaq lazım deyil ki, ölkənin gələcəyi gənclərin əlindədir və onu dünya iqtisadi arenasında birincilər sırasında tutacaq güc də məhz onlardır.
Samirə SƏFƏROVA
Bakı xəbər.-2014.-26
may.-S.10.