Əmək
müqaviləsi: gələcəyə təminat
Hər bir insan öz əməyinin bəhrəsini
görməli, layiq olduğu qiyməti almalıdır. Söhbət işçidən gedirsə, təbii,
onunla bağlı bütün məsələlər
qanunvericiliyə uyğun olmalıdır ki, bundan nə o ziyan
çəksin, nə də dövlət büdcəsinə
daxil olmalı olan vəsait kənara axsın. Bunun qarşısının alınması
üçün əmək müqaviləsi məsələsi
aktuallaşıb. İşçilərlə
əmək müqaviləsi bağlanması son illər gərəkli
bir tələb kimi işəgötürən təşkilatların
qarşısına qoyulub.
Əlbəttə, bu
müqavilənin bağlanması işçilərin əmək
hüququnun rəsmi qaydada tanınmasına, qorunmasına, eləcə
də onların gələcəyinin etibarlı təminatçısı
rolu oynamasına dəlalət edir.
Azərbaycan dövləti
inkişaf etdikcə, dayaqları möhkəmləndikcə,
onun qanun və qaydaları da müasirləşir, daha
çox vətəndaşların maraqlarına xidmət edir. İşçilərin
əmək hüququnun müdafiəsi, təşkilatların
onların gələcəyini, durumunu,
sağlamlığını nəzərə almaqla onlarla
bağladıqları əmək müqaviləsi axır
zamanların nailiyyətidir. Azərbaycan dövləti
bütün iş qüvvəsi olan vətəndaşların
əməyinin rəsmi səviyyədə qiymətləndirilməsinə
tərəfdardır. Bu gün qanunların
işlək olması, əlaqədar qurumların
işçi ilə münasibətlərin uğurlu şəkildə
qurulmasına önəm verməsi onu deməyə əsas
verir ki, əmək müqavilələrindən şirkətlər
də fayda görür. Yaxşı
haldır ki, əmək müqaviləsinin vacibliyini təbliğ
edən reklam çarxlarının yayılması, o cümlədən
də bu sahədə maarifləndirici tədbirlərin həyata
keçirilməsi işə düzəlmək istəyən
vətəndaşlara şərait yaradır ki, onlar işəgötürən
tərəfdən onunla əmək müqaviləsi
imzalamasını tələb etsin. Əmək
müqaviləsinin hər bir vətəndaşın gələcəyində
əhəmiyyətli rol oynadığı danılmazdır.
Məlumdur ki, bu məsələ aktuallaşmamışdan əvvəl
işçilərlə şirkətlər arasında müəyyən
narazılıqlar olurdu, hətta iş zamanı xəsarət
alanlara təşkilatın yardım etməsi sahəsində
də problemlər mövcud idi. Ancaq əmək
müqaviləsinin bağlanması bir tələb kimi meydana
çıxdıqdan sonra bu, təşkilatların və vətəndaşların
məsuliyyətinin artmasına səbəb oldu. Əmək müqaviləsinin işıqlı tərəfləri
çoxdur. Odur ki, hər bir işədüzələn
işəgötürəndən əmək müqaviləsi
tələb etməlidir. Ekspertlər məsləhət
görür ki, əmək müqaviləsi olsa belə, onu
imzalamazdan əvvəl çox diqqətlə nəzərdən
keçirmək lazımdır. Unutmayın
ki, Azərbaycanda, eləcə də başqa MDB ölkələrində
ədalətli əmək müqaviləsinin bağlanması
işəgötürənlərə heç sərf etmir.
Özünüz baxın - gəlirdən 14%
vergi verilməli, 25%-i dövlətin Sosial Müdafiə Fonduna
ödənilməlidir. Deməli, əməkhaqqı
fondunun 39%-i dövlətə verilməlidir.
Məsələn, tikinti
biznesinin sürətlə inkişaf etdiyi Azərbaycanda təkcə
baş menecer, mğhasib və baş mühəndislərin
bir qismi ilə əmək müqaviləsi bağlanır. Fəhlələr
isə yalnız şifahi razılığa əsasən
gündəlik ödənilən məbləğlə kifayətlənməli
olur. Xoşbəxtlikdən indi tikinti sahəsində
vəziyyət yaxşılığa doğru dəyişməkdədir.
Aydın məsələdir
ki, əmək müqaviləsinin bağlanmaması təkcə
dövlət büdcəsinə ödənilməli olan gəlir
vergisinin gizlədilməsi deyil, həm də vətəndaşın
özü üçün yaratdığı ciddi sosial
problemdir. Hər bir vətəndaş bilməlidir ki, onun
sosial təminatının gələcəyi öz əlindədir
və bu prosesdə fəal iştirak etmək gələcəkdə
sosial hüquqların tam təmin olunması ilə nəticələnir.
Pensiya - müavinət təminatında
işçilərlə əmək müqaviləsinin
bağlanması, əməkhaqlarının
leqallaşdırılması, məcburi dövlət sosial
sığorta haqlarının vaxtında ödənilməsi
mühüm rol oynayır. Azərbaycanda əmək
pensiyaları vətəndaşın ödədiyi sosial
sığorta haqları əsasında hesablanır. Bu isə
o deməkdir ki, işləyən vətəndaşlar iş
yerində əmək müqavilələrinin
bağlanmasına, sosial sığorta haqlarının ödənməsinə
son dərəcə diqqətlə yanaşmalı və sosial
sığorta şəhadətnaməsi almalıdır. Gələcəkdə normal pensiya almaq istəyən
hər bir kəs daha çox sosial sığorta
haqqının ödənilməsinə
çalışmalıdır. Hazırda
işəgötürən tərəfindən vətəndaşın
aldığı əməkhaqqının 22%-i miqdarında
DSMF-yə məcburi dövlət sosial sığorta haqqı
ödənilir. Üstəlik, hər bir
işləyənin əməkhaqqının 3%-i miqdarında
məcburi dövlət sosial sığorta haqqı tutulur.
Vətəndaş işə başlayarkən
aldığı əməkhaqqının tam məbləğdə
mühasibat sənədlərində göstərilməsini tələb
etməli, işlədiyi dövrlər üçün işəgötürən
tərəfindən məcburi dövlət sosial
sığorta haqlarının tam ödənilməsinə
şəxsən maraqlı olmalıdır. Bunun üçün işçilər öz
hüquqlarını dərindən bilməli və onu
qorumağı bacarmalıdır. Belə
olan halda dövlət orqanlarının da işi
asanlaşmış olar. Hüquqşünaslar
bildirir ki, əmək müqaviləsi həm vətəndaşın
sosial, həm də hüquqi təminatıdır. Əmək müqaviləsi bağlanmadıqda və
aylıq əməkhaqqı düzgün göstərilmədikdə
hər hansı bir mübahisə yaranarsa, işçi faktiki
aldığı əməkhaqqını tələb etmək
hüququnu itirir. İşçinin əmək
müqaviləsi olmadıqda işəgötürən istədiyi
vaxt müxtəlif bəhanələrlə onunla əmək
münasibətlərinə xitam verə bilər. Bu zaman işçi Əmək Məcəlləsinin
68-76-cı və 77-84-cü maddələrində nəzərdə
tutulan əmək müqaviləsinə xitam verilməsi şərtlərinə
əməl olunmadan və müavinətlər ödənilmədən
şifahi surətdə işdən azad edilir. Əmək müqaviləsi bağlanmadan fiziki şəxslərin
işə götürülməsi hallarının
qarşısının alınması məqsədilə
hökumət orqanları tərəfindən tədbirlərin
görülməsi üçün qanunvericilikdə
müvafiq maddələr öz əksini tapıb. Məsələn,
Vergi Məcəlləsinin 58-ci maddəsinə əsasən,
Əmək Məcəlləsində nəzərdə
tutulmuş qaydada əmək müqaviləsi (kontraktı)
bağlamadan işəgötürən tərəfindən
fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin)
yerinə yetirilməsinə cəlb edilməsi yolu ilə
onların gəlirlərinin gizlədilməsinə
(azaldılmasına) şərait yaradıldığına
görə işəgötürənə hər bir belə
şəxs üzrə 1000 manat məbləğində maliyyə
sanksiyası tətbiq edilir.
Məlum olduğu kimi, Azərbaycanda
vergi sahəsində xeyli nailiyyətlər əldə edilib. Əlbəttə, onlardan
biri də Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan
Respublikasında antiinflyasiya tədbirlərinin gücləndirilməsi
haqqında" 31 may 2005-ci il tarixli Fərmanıdır.
Bu sənəddə Vergilər Nazirliyinə əmək
müqaviləsi bağlanmadan fiziki şəxslərin işə
cəlb edilməsinə nəzarəti gücləndirmək
tapşırılıb. Nazirlər Kabinetinin 2012-ci ilin
birinci yarısının sosial-iqtisadi inkişafının
yekunlarına və qarşıda duran vəzifələrə
həsr olunmuş iclasında ölkə
başçısı iqtisadiyyatın müxtəlif
sektorlarında çalışanların bir qisminin qanunsuz
işləməsinin, maaşların qeyri-leqal şəkildə
verilməsinin vergilərdən yayınmaya, ölkənin
bugünkü sosial vəziyyətinin real əks etdirilməməsinə
səbəb olduğunu bildirib və bununla da gəlir vergisi
üzrə vergitutma bazasının
leqallaşdırılması istiqamətində vergi
orqanlarının üzərinə konkret vəzifələr
qoyulub.
Tapşırıqların icrası,
vergidən yayınma hallarının, əlavə vergi
potensialının müəyyən edilməsi məqsədilə
işçi sayının və iş yerlərinin
düzgün rəsmiləşdirilməsinin təmin
olunması məqsədilə vergilər nazirinin 18 iyul 2012-ci il tarixli əmri ilə "İşəgötürənlər
tərəfindən iş yerlərinin rəsmiləşdirilməməsi
hallarının qarşısının alınması istiqamətində
görüləcək işlərə dair" Tədbirlər
Planı təsdiq olunub və bu sahəyə çevik nəzarətin
təmin edilməsi üçün Qərargah
yaradılıb.
Nəzərdə tutulmuş tədbirlər
çərçivəsində işçilərlə
qanunvericilikdə nəzərdə tutulmuş qaydada əmək
müqaviləsinin (kontraktın) bağlanmaması meyarı
üzrə risqli vergi ödəyiciləri seçilib və
Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə əsasən,
vergilər və digər icbari ödənişlərə
dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin
düzgünlüyünün yoxlanılması məqsədilə
müvafiq vergi nəzarəti tədbirləri həyata
keçirilir.
Əgər işəgötürənlər
onlara verilən icrası məcburi olan göstərişləri
vaxtında yerinə yetirmədən əvvəlki kimi fəaliyyət
göstərsələr, o zaman həmin təşkilatlarla
bağlı qəti ölçü götürülür və
bu barədə məlumatlar hüquq-mühafizə
orqanlarına, müvafiq dövlət təşkilatlarına təqdim
edilir, onların məsuliyyətə cəlb edilməsi məsələsi
qaldırılır.
Əmək müqaviləsinin
işəgötürənlə işəgötürülən
arasında bağlanmasının vətəndaşlara
faydası haqda çox danışmaq olar. Başlıcası
isə, bu, vətəndaşların gələcəyinə
təsir edən müsbət bir vasitədir.
Əmək və Əhalinin
Sosial Müdafiəsi Nazirliyi də çalışır ki,
işçilərlə işəgötürən
arasında müqavilə olsun. Əmək və Əhalinin Sosial
Müdafiəsi Nazirliyinin rəsmiləri bildirir ki, "Azərbaycan
Respublikasının Əmək Məcəlləsində dəyişikliklər
edilməsi haqqında" 2013-cü il 27 dekabr tarixli Qanununun tətbiqi
barədə Azərbaycan Prezidentinin 2014-cü il 3 fevral tarixli
Fərmanına əsasən, əmək müqaviləsi
bildirişlərinin elektron hökumət portalı üzərindən
elektron informasiya sisteminə (EİS) daxil edilərək
qeydiyyata alınması mexanizmi hazırlanıb. Əmək
müqaviləsi bildirişlərinin elektron şəkildə
qeydiyyata alınması üçün elektron informasiya
sistemi cari il iyulun 1-dən tətbiq
olunacaq. Nazirlik rəsmiləri deyib ki, EİS-in
proqram təminatı artıq hazırdır və yaxın
aylarda sistemin tətbiqinə başlanacaq. Qeyd
edək ki, bu mexanizm əmək bazarında mövcud
münasibətlər sisteminin elektron qaydada hüquqi müstəvidə
əhatə olunmasına imkan yaratmaqla həm işçilərin,
həm də biznes strukturlarının əmək bazarında
mənafelərini ifadə edəcək.
Əmək müqaviləsi
şərtləri ilə işləyənlərlə bərabər
müqaviləsiz çalışanlar da var. Rəsmi məlumatlara
görə, ölkəmizdə əmək müqaviləsindən
xəbərsiz insanlar da var. Onlar əmək müqaviləsi
bağlamadan çalışanlardır. Əmək müqaviləsi
olmadan çalışanların təhlükəsizliyi isə
minimum səviyyədədir: iş üstə qəzaların
baş verdiyi zaman əmək münasibətlərini rəsmiləşdirməyən
işçilərin hüquqları pozulur və onlar müəssisələrdən
heç bir təzminat ala bilmir. Beynəlxalq Əmək Təşkilatının
hesablamalarına görə, hər il 2
milyon adam istehsalat prosesində baş verən qəzalardan və
peşə xəstəliklərindən dünyasını dəyişir.
Bundan başqa, 270 milyon nəfər
işçi müxtəlif dərəcəli bədən xəsarəti
alır və ya şikəst olur.
Beynəlxalq Sosial Təminat
Assosiasiyasının qənaətinə görə, əməyin
təhlükəsizliyinin yüksək səviyyədə təşkili
və sağlamlığın qorunması mədəniyyətinin
artırılması ilə bu itkilərin
qarşısını almaq mümkündür. Ancaq bu istiqamətdə
geniş təbliğat-təşviqat işləri, məlumatlandırma
və maarifləndirici tədbirlərin həyata keçirilməsi
də vacib hesab olunur. Bu mənada gələcəyini
etibarlı, dayanıqlı müdafiənin əhatəsində
görmək istəyən hər bir işçi Azərbaycan
Respublikasının qanununa uyğun olaraq əmək
müqaviləsi bağlayaraq çalışmalıdır.
Bu olarsa, vətəndaşın gələcəyə
ümidləri də parlaq olar.
İradə
SARIYEVA
Bakı xəbər.-2014.-26
may.-S.12.