Vergi partnyorluğu Sazişi: qarşılıqlı
inam və etimad körpüsü
Ölkə qanunvericiliyinin ildən-ilə
təkmilləşdirilməsi, digər sahələrlə
yanaşı, Azərbaycanın
vergi sistemində də məmur-vətəndaş
münasibətlərinin sadələşdirilərək
daha unikal ünsiyyət formasına
keçilməsi yönündə
ciddi uğurlara imza atılmasına gətirib. Bunun
nəticəsində vergi orqanları ilə
vergi ödəyiciləri arasında
münasibətlərdə qarşılıqlı etimada əsaslanan sağlam
mühitin yarandığı faktdır.
Yəqin vergi orqanları ilə mütəmadi təmasda olan hər kəs təsdiqləyər ki, ildən-ilə bu ünsiyyət formasının çevik və səmərəli olması yönündə aparılan islahatlar istər vətəndaşların, istərsə də vergi orqanları əməkdaşlarının işinin xeyli asanlaşmasına gətirib. Bu sırada ən çox gözə çarpan cəhət isə hər kvartalın sonunda ərazi vergi idarələrində bəyannamələrin təqdim olunması dönəmində yaşanan qələbəliyin yaratdığı əsəbi mühitin öz yerini daha rahat və səmərəli forma olan onlayn sistemə verməsidir. Nəticədə artıq sözügedən dönəmlərdə nə vətəndaş saatlarla növbədə vaxt itirərək əsəbilik keçirir, nə də idarədə işinin başında olan məmurlar həmin qələbəliyin yaratdığı gərgin atmosferdə işləmək məcburiyyətində qalır. Bu eyni zamanda vergi ödəyicisinin evindən və ya işindən ayrılmadan bəyannaməsini vaxtında vergi orqanına təqdim etməsinə şərait yaradır ki, nəticədə istər vergi ödəyicisi, istərsə də vergi orqanları sənədləşmə prosesini daha rahat və səmərəli üsulla aparmış olur. Bu isə insanların ən müxtəlif iş və məişət qayğıları ilə yükləndiyi indiki dönəmdə çox böyük əhəmiyyətə malikdir.
Bu gün Azərbaycan vergi orqanlarının prioritet götürdüyü əsas məqsədlərdən biri vergi orqanları ilə vergi ödəyiciləri arasında qarşılıqlı inam və dərin etimada söykənən münasibətlərin çevik və şəffaf mexanizminin formalaşmasına nail olmaqdır. Elə son illərdə təkmilləşən vergi qanunvericiliyi də məhz həmin məqsədi hədəfləyir. Bu sırada ötən il imzalanmış, inkişaf etmiş ölkələr üçün səciyyəvi olan bir yeniliyin - Vergi partnyorluğu Sazişinin ölkənin vergi qanunvericiliyinə daxil edilməsi xüsusi əhəmiyyətə malikdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 19 iyul 2013-cü il tarixli 190 saylı "Vergi partnyorluğu Sazişinin forması"nın və "Vergi partnyorluğu Sazişinin bağlanması Qaydaları"nın təsdiq edilməsi barədə Qərarı ilə ölkədə tətbiqinə başlanan Vergi Partnyorluğu Sazişi vergi orqanı ilə vergi ödəyicisi arasında etibarlılığa, şəffaflığa və qarşılıqlı anlaşmaya əsaslanmaqla vergi risqlərinin minimuma endirilməsi məqsədilə bağlanan könüllü niyyət razılaşmasıdır. Vergilər nazirinin 16 sentyabr 2013-cü il tarixli əmrilə isə sözügedən Sazişi bağlamalı olan vergi orqanlarının siyahısı müəyyənləşdirilərək, vergi ödəyicilərinin məlumatlandırılması və maarifləndirilməsi ilə bağlı müvafiq tədbirlərin həyata keçirilməsi yerli vergi orqanlarına tapşırılıb. Sazişin əsas məqsədləri sırasında bu günə qədər ölkədə sahibkarlığın inkişafına ciddi əngəl olan lüzumsuz inzibati müdaxilələrin aradan qaldırılması ilə onun inkişafının stimullaşdırılması, əməkdaşlığa, qarşılıqlı etimada və şəffaf münasibətlərə əsaslanan birgə fəaliyyətin təmin olunması, müasir idarəetmə alətləri tətbiq olunmaqla biznes subyektlərini vergi orqanlarının fəaliyyətinə cəlb etmək, ədalətli, çevik, effektiv və səmərəli vergi nəzarəti sistemi yaratmaq, vergi risqlərinin səviyyəsini minimuma endirmək kimi ciddi fəaliyyət istiqamətləri çıxış edir. Sözügedən Sazişin digər unikallığı onun könüllülük prinsipi əsasında tətbiq olunmasıdır ki, bu da vergi ödəyicisinə dövlət büdcəsi qarşısında vergi öhdəliyini yerinə yetirməsi üçün seçim imkanı verir. Eyni zamanda bu Saziş vergilərin düzgün və tam ödənilməsində dövlət vergi orqanlarının yükünün biznes orqanları ilə bölüşdürülməsində, bununla da münasibətlərin qarşılıqlı əməkdaşlıq və məsuliyyət platformasında qurulmasında da önəmli çəkiyə malikdir.
Bu Sazişi bağlamağın şərtləri isə çox sadədir. Belə ki, vergi mükəlləfiyyətli şəxslər bundan ötrü "Vergi partnyorluğu Sazişinin bağlanması üçün Ərizə" forması ilə vergi orqanına müraciət ünvanlamalıdır. Daxil olmuş müraciət 15 iş günü müddətində baxılaraq dəyərləndirildikdən sonra Sazişin bağlanması üzrə qəbul olunan qərar yazılı formada müraciət edən şəxsə çatdırılır. Vergi ödəyicisinin dövlət büdcəsi qarşısında vergi öhdəliyi olduqda, gəlirləri gizlədildikdə və ya olduğundan daha az göstərildiyi ortaya çıxdıqda vergi orqanı yazılı məlumat verməklə həmin subyektlə Sazişin bağlanmasından imtina edir.
Sazişin bağlanması üçün üstünlük veriləcək kateqoriya da müəyyən edilib. Belə ki, bu sıraya ilkin olaraq mühasibat uçotunu sertifikatlaşdırılmış proqram təminatı üzrə aparan vergi ödəyiciləri, ƏDV ödəyiciləri, maliyyə xidmətləri həyata keçirən kredit və sığorta təşkilatları, vergi ili ərzində vergi öhdəliklərini tam və vaxtında yerinə yetirən, həmçinin alqı-satqı əməliyyatlarını nağdsız qaydada həyata keçirən vergi subyektləri aid edilir. Sazişin tələblərindən biri vergi orqanlarının Sazişi bağlayan tərəfin özünün və filiallarının elektron informasiya daşıyıcılarına birbaşa və məsafədən çıxışına imkan yaratmasının təmin olunmasıdır. Bunun isə hər iki tərəfə xeyri var. Belə ki, vergi orqanlarının vergi ödəyicisinin maliyyə əməliyyatlarına distant nəzarəti sayəsində lüzumsuz yoxlamalara ehtiyac qalmayacaq, bununla da tərəflər vaxt və enerji itkisinə yol verməyəcək. Eyni zamanda, vergi ödəyicisinin təqdim etdiyi elektron məlumatlar elektron audit alətləri vasitəsilə birbaşa vergi orqanında emal olunacaq ki, bununla da tərəflərin üzərinə düşən inzibati yük kəskin şəkildə azalacaq. Bunun bir üstünlüyü də ondadır ki, vergi ödəyicisi vergi orqanlarının nəzarətini öz üzərində daim hiss etməklə fəaliyyətində şəffaflığın təmin olunmasına meyllənəcək ki, bu da vergidən yayınma hallarını aradan qaldırmaqla yanaşı, korrupsiya, mənimsəmə və israfçılıq kimi neqativlərə də yer qoymayacaq. Vergi orqanlarının nəzarəti isə kameral və səyyar vergi yoxlamaları, operativ vergi nəzarəti, o cümlədən xronometraj metodlarla müşahidələrdən ibarət olacaq.
Sazişin daha bir üstünlüyü onun vergi ödəyicilərinin məsuliyyət hissinin artırılmasına yönəlik tələbləridir. Belə ki, vergi ödəyicisi Sazişi imzalamaqla onu imzalayanadək fəaliyyətində aşkar edilən çatışmazlıqları təkrarlamamaq, vergi hesabatlarını vaxtında təqdim etmək və vergiləri ödəmək barədə vergi orqanları qarşısında öhdəlik götürür. Vergi orqanı isə bu yöndə vergi ödəyicisinə tövsiyələr verə bilər. Bu zaman vergi orqanlarının üzərinə götürdüyü öhdəlik vergi qanunvericiliyindəki dəyişikliklər barədə ödəyicini məlumatlandırmaq, vergi öhdəliklərinin yerinə yetirilməsində metodik köməyin göstərilməsi kimi vəzifələrdir. Buraya, eyni zamanda, Saziş tərəfinin hər hansı yeni istiqamətdə və ya sferada fəaliyyətə başlarkən qarşısında duracaq vergi mükəlləfiyyətləri ilə bağlı məlumatlandırılması da daxildir.
Sazişin vergi ödəyicilərinin üzərinə qoyduğu ən önəmli öhdəliklərdən biri də işçilərlə əmək müqaviləsinin qanunvericilikdə nəzərdə tutulmuş qaydada bağlanması və hesabatlarda işçilərə verilən əməkhaqqının məbləğinin düzgün göstərilməsidir. Təkcə bu iki məsələyə görə Vergi partnyorluğu Sazişini vaxtında tərtib olunmuş sənəd saymaq olar. Heç kəsə sirr deyil ki, istər işçilərlə əmək müqaviləsinin bağlanması, istərsə də ikili mühasibatlığın mövcudluğu son illərin ən böyük problemi olub. Müstəqillik illərində ölkədə sahibkarlığın inkişafı ilə qoşa addımlayan bu neqativlər bir çox hallarda zəhərli sarmaşıq kimi inkişafın önünü kəsərək onu əngəlləməklə yanaşı, bu inkişafdan dövlət büdcəsinin bəhrələnmə əmsalını da minimuma endirirdi. Təbii, hər iki halla bağlı son illərdə dövlət səviyyəsində ciddi işlər görülür və bunun nəticəsi olaraq özəl sektorda işçilərin əmək müqaviləsi bağlanmadan işə götürülməsi və ikili mühasibatlığın xeyli azalmasına nail olunub. Lakin belə halların tamamilə aradan qaldırıldığını demək çətindir.O üzdən belə bir Sazişin ortaya çıxmasını zamanın tələbi adlandırmaq olar. Çünki onun sahibkarlıq subyektləri qarşısında belə bir tələb qoyması həmin problemlərin çözümünə daha tez nail olunması üçün daha optimal variant sayıla bilər.
Elə Azərbaycanda vergi partnyorluğunun inkişaf etdirilməsini "olduqca önəmli məsələ" adlandıran vergilər nazirinin müşaviri Akif Musayev də mətbuata açıqlamasında sözügedən Sazişin vergi sisteminə gətirəcəyi üstünlüklərdən danışıb. Onun sözlərinə görə, Vergi Partnyorluğu Sazişi vergi orqanı ilə vergi ödəyiciləri arasında ən mütərəqqi sazişdir. Artıq Azərbaycanda vergi ödəyiciləri ilə vergi orqanları arasında 354 partnyorluq müqaviləsi imzalandığını deyən A.Musayev xüsusilə diqqəti Sazişin bir üstünlüyünə çəkib. Vergi mütəxəssisi bildirib ki, sözügedən Sazişi bağlamış vergi ödəyiciləri vergi sanksiyalarına məruz qalmayacaq. Açıqlamasında İrlandiya, İsveçrə, Niderland və Amerika Birləşmiş Ştatları kimi qabaqcıl ölkələrin müvafiq sahədə təcrübəsinə istinad edən A.Musayev xüsusilə qeyd edir ki, vergi orqanları ilə vergi ödəyiciləri arasında münasibətlər partnyorluq və qarşılıqlı əməkdaşlıq əsasında qurulduqda vergi ödəyicilərinin işgüzar aktivliyinə və azad iqtisadi fəaliyyətinə xələl gətirilmədən minimal resurslarla maksimum səmərəli vergi nəzarətini təşkil etmək və onu həyata keçirmək mümkündür. Bütün bu deyilənlər Azərbaycanın vergi sistemində çeviklik və şəffaflıq baxımından ciddi perspektivlər vəd edir. Lakin bunun bir qədər zaman alacağı da sirr deyil. Belə ki, ötən ildən tətbiqinə başlanan "Vergi partnyorluğu Sazişi"nə maraq hələlik istənilən səviyyədə deyil. Bunu cari ilin statistik göstəriciləri də təsdiqləyir.
Belə ki, Vergilər Nazirliyindən verilən məlumata görə, ötən il vergi ödəyiciləri ilə imzalanmasına başlanan "Vergi partnyorluğu Sazişi" bağlamaq üzrə vergi orqanlarına 1000-ə yaxın müraciət daxil olub ki, bunun 80%-i müsbət qiymətləndirilərək həmin vergi subyektləri ilə müvafiq Saziş bağlanıb. Lakin nəzərə alınsa ki, bu ilin əvvəlindən Azərbaycanda 30 min 131 vergi ödəyicisi qeydiyyata alınıb, ölkə üzrə vergi ödəyicilərinin sayı isə 564 min 408-ə çatıb, sözügedən Sazişə marağın hələlik az olduğu ortaya çıxır. Bu isə vergi orqanları qarşısında əhalinin bu istiqamətdə maarifləndirilməsi kimi ciddi vəzifələr qoyur. Yəqin elə bu mövzuda müsabiqəyə start verilməsi də Vergilər Nazirliyinin və onun mətbu orqanı olan "Vergilər" qəzetinin kütləvi informasiya vasitələrinin maarifləndirici gücünü nəzərə alaraq həmin vəzifəni layiqincə yerinə yetirməsinə hesablanıb. Etiraf olunmalıdır ki, bu çox uğurlu layihədir və müsabiqənin nəticəsi olaraq ən müxtəlif oxucu kontingentinə malik mətbu orqanlarda sözügedən Saziş barəsində belə geniş səpkili informasiyanın getməsi indidən vergi subyektləri arasında marağın yaranması yönündə əhəmiyyətli perspektiv vəd edir. İşiniz irəli!
Samirə SƏFƏROVA
Bakı xəbər.-2014.-27
may.-S.11.