Gəncliyin mənəvi formalaşmasında gənc
yazarların rolu müzakirəyə çıxır
Sözün gücü hər zaman hiss olunur. Sözün qalxdığı məqama, mərtəbəyə,
ucalığa hələ
heç bir varlıq qanadlana bilməyib. Ona görə də söz ömrü ən ali,
ən əbədi, ən uca bir
ömürdür. Sözü yaşadanlar,
onu ürəyinin süzgəcindən çıxarıb
yeni donda təqdim etməyi bacaranlar bəxtəvər
insanlardır. Gənclik
sözün keşiyində
durub, onu sevməklə dilimizə,
mədəniyyətimizə, mənəviyyatımıza, milli
şüurumuza sahib ola bilir.
Azərbaycan ədəbiyyatı, söz
sənəti hər zaman zəngin olub. Burada gənc ədiblərin,
söz vurğunlarının
da əməyi həmişə hiss edilib.
Milli ədəbiyyatımızda hazırda
güclü şəkildə
gəncləşmə prosesi
gedir və gənc söz xiridarları ədəbiyyatımızı
zənginləşdirir. Azərbaycan gəncliyi sözü sevə-sevə sözünə
sahib çıxmağı da özündə tərbiyə edə bilir. Bu da
bir xoşbəxtlikdir.
Ədəbiyyatımız gənclərin formalaşmasında
xüsusi rol oynayır. Gənc söz adamları
da vətənpərvərliyi
həmyaşıdları arasında
təbliğ edir.
İnsanlarda o zaman milli mənlik
şüuru formalaşır
ki, onlar tarixini dərindən öyrənir və öz əcdadları ilə qürur duyur. Bir gənc azərbaycanlı
olmasından və böyük bir xalqın nümayəndəsi
olduğundan fəxarət
hissi keçirirsə,
həmin gəncin milli şüuru da formalaşacaq, onda vətənpərvərlik
tərbiyəsi də
yüksək olacaq.
Bu danılmaz bir həqiqətdir.
Ekspertlərin bildirdiyinə görə,
milli kimliyə bağlılıq insanlara
uşaq çağlarından
təlqin edilməlidir. Nənə-baba, ata-ana öz davranışları, xalqımızın
tarixinə dair bilgiləri, yurda, Vətənə bəslədikləri
sevgi ilə ailənin övladlarını
bu səmtə yönəldə bilər.
Uşaq gözünü açıb
görürsə ki, böyüklər milli soykökə, ənənələrimizə
hörmətlə yanaşır,
heç bir zaman milli heysiyyətimizin
tapdanmasına imkan vermirlər, o da həmin yolu tutacaq. Ədəbiyyatşünaslardan
birinin qənaətinə
görə, bir uşaq, bir gənc tarixi qəhrəmanlarımız, Milli
Qəhrəmanlarımız haqda bir kitab,
hekayə oxuyaraq o insanların şücaətilə
öyünürsə, bu
o deməkdir ki, o gəncdə artıq milli mənlik şüuru formalaşır.
Belə məsələlər uşaq
və gənclərin
vətənpərvərlik tərbiyəsinin inkişafında
da önəmli rol oynayır. Orta məktəblərdə də
bu məsələlərə
diqqət yetirilməlidir.
Bir çoxlarımızın milli
kimlik anlayışını
dərk etməyimizdə,
Vətəni sevməyimizdə
müəllimlərimizin, oxuduğumuz
əsərlərin təsiri
çox olub. Müasir valideynlər də hesab edir
ki, həm məktəb, həm də qələm əhli bu ali keyfiyyətləri
gənclərimizə aşılamalıdır.
Çünki onların əlində
qələm, iti düşüncə kimi çox kəskin təsir gücü var.
Çağdaş ədəbiyyatımıza nəzər
salsaq görərik ki, şairlərin əksəriyyətinin yaradıcılığından
bu xətt keçir. Amma bu heç də o demək deyil ki, həmin
gənc şairin milli mənlik şüuru yüksək həddədir, yaxud o həddindən artıq vətənpərvərdir. Belə deyil. Bəzən əqidəsi, qulluq
etdiyi məsləklə
yazıları arasında
təzad olan şairlərə də rast gəlirik. Bir çox hallarda isə yazısı ilə həyat tərzi səsləşən,
uzlaşan şairlərlə
də üz-üzə
gəlirik. Nə yaxşı
ki, sonuncular birincilərdən çoxdur
poeziyamızda.
"Ocaq yeri", "Sən məni belə tanı", "Qocalmışam
demə, ata" "Dəniz də dağlar kimidir", "Ömrün otuz yarpağı" kimi kitabların müəllifi,
gənc şair Yusif Məhəmmədoğlunun
yaradıcılığında milli vətənpərvərlik,
milli kimliyə söykənmək hissi çox yüksək formada özünü göstərir.
Y.Məhəmmədoğlu bizimlə söhbətində
bildirdi ki, Murovdağda hərbi xidmətdə olub. O burada Vətən sevgisinin hansı yüksəkliklərdə
dayandığını bir
daha dərk edib: "Hərbi xidmət zamanı - o il yarımda dağların həsrətini
çəkmişəm, torpaqların
həsrətilə ürəyim
çırpınıb. Bu gün də eyni hissləri yaşayıram. Məsələ sülh çərçivəsindən
çıxarsa və
müharibə başlanarsa,
təbii ki, Vətən oğlu kimi, bir əsgər
kimi ölkəmizin müdafiəsinə hər
zaman hazıram. Mən hər iki əlimlə
vuruşacağam, bir əlimdə qələm,
bir əlimdə silah. Toxunduğunuz mövzuya gəlincə,
milli mənlik şüuru gərək insanın canında olsun. Bu hiss insanda ana bətnində formalaşır. Həm bir vətəndaş, həm də bir şair, jurnalist kimi özümdə bu ali hissləri
lap uşaqlıqdan hiss etmişəm.
Mən İsmayıllıda, Babadağın
ətəyində dünyaya
gəlmişəm. Amma özümü
yalnız öz obamın övladı saymamışam. Şeirlərimdə Təbrizdən, Borçalıdan,
Qarabağdan, Dərbənddən,
Bakıdan və digər dədə-baba yurdlarımızdan danışmışam.
Milli məfkurəyə, türkçülüyə
və turançılığa
bağlı adamam.
Həyat
tərzim necədirsə,
şeirlərimi də
həmin axarda yazıram. Elə şairlər var
ki, şeirlərində
milli məfkurədən,
vətənpərvərlikdən danışır, həyatda
isə tamam başqa bir yolu tutur. Bu cür şairlər
o şeirləri yazarkən
öz mənfəətlərini
güdür. Şəxsi
maraqları təmin etmək naminə yazılan yazı isə gənclərdə
heç bir müsbət hiss oyatmaz".
Gənc yazarların bir çoxunda milli mənlik şüurunun inkişaf etmədiyini deyən Y.Məhəmmədoğlu hesab edir ki, internetdən istifadə, gənc qələm adamlarının sosial şəbəkələrdə vaxt keçirməsi kimi məsələlər vətənpərvərlik tərbiyəsinə mənfi təsir göstərir: "Təəssüflər olsun ki, bu gün gənclər arasında ədəbiyyata, kitaba maraq aşağı səviyyədədir. Gənc yazarlar texnikadan istifadə etməklə, sosial şəbəkələrə daxil olmaqla vətənpərvərlikdən uzaqlaşır. Halbuki, bu sosial şəbəkələrə daxil olmaqla öz tariximiz, xalqımızın keçmişi, Qarabağ problemilə bağlı elə maraqlı faktlar ortaya qoymaq olar ki. Amma bunu edənlər azdır. Gənc yazarların müəyyən bir hissəsi öz yazılarında xalqımızın milli dəyərlərini aşağılayan ifadələr işlədir. Bu da ona dəlalət edir ki, onlarda nə milli mənlik şüuru inkişaf edib, nə də vətənpərvərlik tərbiyəsi. Bu da onunla əlaqədardır ki, o gənclər tariximizi səhifələmək istəmir. Mən özüm həm orta məktəb dərsliklərində, həm də digər mənbələrdə tariximizə aid məsələləri yenidən oxuyur, öyrənirəm. Bilirəm ki, tariximizi dərindən bilmədən milli kökümüz barədə heç nə bilmək mümkün deyil. Şairin ən böyük mükafatı Vətəninin, torpağının bütövlüyünü, xalqının firavanlığını görməkdir. Bəzən deyirəm ki, Vətən uğrunda şəhid olub ana yurdun bir ovuc torpağına çevrilə bilsəm, özümü bəxtəvər sanaram. Hər bir şairin əsas vəzifəsi vətənpərvərliyi yaymaq, gəncləri milli soykökə bağlayan şeirlər yazmaqdır. Milli şüurlu gənclər xalqımızın bu günü və sabahıdır".
Azərbaycan gəncliyində milli mənlik şüurunu formalaşdıran qələm adamları öz istedadları və təbliğ etdikləri sahə ilə çox böyük işlər görə bilir. Düşünürük ki, söz adamlarının ədəbiyyata xidməti daha çox effekt verir.
Gənc tənqidçi Nurlanə Əzizbəylinin sözlərinə görə, ədəbiyyat aləmində olan gənclərin, hamısı olmasa da, əksəriyyəti Vətənə, milli şüura sahib olmağı bacaran gənclərdir. Onun bildirdiyinə görə, bir şair əsgəri xidmətdə olubsa, o, səngər həyatını, düşmənə nifrət tendensiyasını daha dərindən bilir":Azərbaycanda çox güclü ədəbi nəsil formalaşır. Gənclərin böyük bir qismi milli vətənpərvərlik tərbiyəsini yaymaqda maraqlıdır və onlar bu işi öz şeirləri vasitəsilə görür. Təsəvvür edin ki, indi nə qədər gənc adam şeir yazır, nəsr yazır. Bu əsərlərin çox hissəsinin mövzusu vətənpərvərliklə bağlıdır. Sevindirici haldır ki, gənclik Vətəni tərənnüm edən ədəbiyyat yaradır. Təbii, burada cəmiyyətin problemləri, mənəvi böhran, çətinliklər də əksini tapır. Lakin bütün bunların içində Vətən sevgisinin diri qalması təqdirəlayiqdir. İndi gənclərin kitabları çıxır. Baxırsan orada vətənpərvərlik şeirləri çoxdur.
Məlumdur ki, hazırda gənc yazarların böyük əksəriyyəti "fasebook" və digər sosial şəbəkələrdən istifadə edir. Onlar sosial şəbəkələrdə də öz şeirlərini yayır. Deyərdim ki, indi sosial şəbəkələr ədəbiyyatın təbliği üçün ən münbit yerdir. Gənclərin öz imkanlarını, istedadlarını göstərməsi yaxşı haldır.
Mən düşünürəm ki, bu gün xüsusi xeyriyyəçi yerli fondlar olmalıdır. Onlar təmənnasız olaraq gənc ədiblərin vətənpərvərlik şeirlərindən ibarət antalogiyalar buraxmalıdır. Bu antalogiyalar kitabxanalara verilməli, elektron variantda internetdə yerləşdirilməlidir. Vaxtilə belə antalogiyalar buraxılırdı".
N.Əzizbəyli hesab edir ki, gənc şair və yazıçılar tez-tez cəbhə bölgələrinə getməlidir. Onun dediyinə görə, şairlər ən ucqar nöqtələrdə olaraq orada əsgərlərimizin, zabitlərimizin qəhrəmanlığını qələmə almalıdır":Dondurulmuş müharibə dövründə yaşayırıq. Düşmənlə müharibə hər an aktualdır, gözləniləndir. Yaxşı olardı ki, müxtəlif təşkilatlar gənc yazarları cəbhə bölgələrinə aparsın. Onlar əsgərlərlə görüşərək onların qəhrəmanlıq nümunəsini ədəbiyyata gətirsinlər. Yoxsa, gənc şairin evdə kompyuterin arxasında oturub vətənpərvərlikdən yazması doğru olmazdı. İnsan hiss etmədiyi, görmədiyi hadisəni necə səmimi qələmə ala bilər? Sözsüz ki, onlar hər şeyi gözü ilə görməlidir. Sovet illərində bəzi şair və yazıçılar neft buruqlarına getmədən, pambıq tarlalarını görüb əməkçilərlə söhbət etmədən, onlarla birlikdə o hadisələrə şahidlik etmədən süni əsərlər yaradırdılar. Görürsüz, onların heç biri ədəbiyyatda qalmayıb. Amma o sahələrdən canlı əsərlər yazan adamların yazıları, xidmət etdiyi ideologiyadan asılı olamayaraq, yaşayır. Dahi Azərbaycan şairi Səməd Vurğunun ideoloji cəhətdən məqbul olmayan şeir və poemaları, görürsüz, indi də oxunur. Bu onunla bağlıdır ki, o bu əsərləri yazarkən hadisələri canlı şəkildə izləyib, o hissləri yaşayıb, gözəl - poetik biçimdə ədəbiyyata gətirib.
Gənclər də belə etməlidir. Artıq kompyuter arxasından çıxıb canlı həyata qarışmağın vaxtıdır. Bax, onda gənc ədiblərin vətənpərvərlik nəğmələri, şeirləri səmimi olar. Əsgəri xidmətdən yayınan bir gənc şair oğlan Vətəni necə səmimiyyətlə tərənnüm edə bilər? Bu mümkün deyil. Odur ki, gənclərin vətənpərvərlik tərbiyəsinə dəstək olan ədəbiyyat həyatla bağlı olmalıdır".
İradə SARIYEVA
Bakı xəbər.-2014.-27
may.-S.15.