Dövlət Proqramının yaradıcı gənclər üçün açdığı imkanlar müzakirə olunur

 

 Gənclər hər zaman əqidə və məfkurəyə bağlı qüvvə kimi özünü göstərə bilib. Bu hiss bütün gənclərə xas olmasa da, böyük əksəriyyət bu hisslərin daşıyıcısıdır. Dövlətimiz cəmiyyətdə fərqlənən gənclərlə bağlı maraqlı, perspektivli layihələr hazırlayaraq icraya verir. Bu layihələr gənclərin həyatında mühüm rol oynayır. İstedadlı gənclər xalqımıza məxsus olan çox qiymətli, tükənməz bir xəzinədir.

Onların qayğısına qalınmalı, yaradıcılıqlarını inkişaf etdirmələri üçün həm dövlət, həm də ictimai qurumlar tərəfindən şərait yaradılmalıdır. İstedadlı, savadlı gənc öz xalqının tarixini, onun keçdiyi şərəfli və çətin yolu dərindən öyrəndiyi üçün milli məfkurəyə daim bağlı olacaq. Onda milli mənlik şüuru da, vətənpərvərlik tərbiyəsi də yüksək səviyyədə inkişaf edəcək. Bu gün cəmiyyətimizdə gəncləri milli məfkurəyə, keçmişimizə və Vətənimizə bağlamaq üçün böyük təbliğat işi aparılmalıdır. Son illərin müşahidələri göstərir ki, yaradıcı gənclərin bir çoxunda bu hisslər var, amma onların yaradıcılığının geniş səviyyədə təbliğ edilməməsi cəmiyyəti onların hisslərindən xəbərsiz qoyur. Televiziya proqramlarında, radio verilişlərində gənc istedadların fikirlərinə çox az istinad edilir. Şou-biznesin geniş şəkildə təbliğ edilməsi bir çox mənalarda yaradıcı gənclərə pis təsir edir. Halbuki, diqqət mərkəzində öz bər-bəzəyi və qeyri-etik hərəkətlərilə gündəmdə olmaqda israrlı olan şou əhli deyil, ölkənin istedadlı, savadlı, bilikli, intellektli gəncləri olmalıdır. Bu onların fikirlərini bölüşməsi üçün vacib olan bir məsələdir. Ali məktəblərdə oxuyan, müxtəlif yaradıcılıq təşkilatlarında təmsil olunan, yaxud müstəqil fəaliyyət göstərən yaradıcı gənclərin öz bacarıqlarını göstərməsi və onların qayğı ilə əhatə olunması Azərbaycan Respublikası prezidentlərinin imzaladığı qanunlarda öz əksini tapır. Mərhum prezident Heydər Əliyevin 9 aprel 2002-ci ildə imzaladığı 14 maddədən ibarət "Gənclər Siyasəti Haqqında" Azərbaycan Respublikasının Qanununun 5 və 6-cı maddələri gənclərin mənəvi-əxlaqi tərbiyəsi və istedadlı gənclərə dövlət qayğısı ilə bağlıdır. Sənəddə gənclər siyasətinin əsas istiqamətləri öz əksini tapıb.

İstedadlı gənclərə dövlət qayğısı sənəddə bu cür ehtiva edilir:

6.1. Sosial və maddi vəziyyətindən asılı olmayaraq istedadlı və yaradıcı gənclərin təhsilini davam etdirməsinə dövlət təminat verir.

6.2. Sosial müdafiəyə ehtiyacı olan istedadlı gənclərə təhsilini başa vurduqdan sonra qaytarmaq şərti ilə qanunvericiliklə müəyyən edilmiş qaydada kreditlər verilə bilər.

6.3. Dövlət istedadlı gənclərin Azərbaycan Respublikasında və onun hüdudlarından kənarda müasir peşə və ixtisaslar üzrə təhsil almalarına, təcrübə keçmələrinə şərait yaradır.

6.4. İstedadlı gənclərin həvəsləndirilməsi məqsədilə dövlət və yerli özünüidarəetmə orqanları, hüquqi və fiziki şəxslər xüsusi təqaüd, mükafat və müavinətlər təsis edə bilər.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Azərbaycan gəncləri ilə bağlı imzaladığı Dövlət Proqramında yaradıcı gənclərlə bağlı bəndlər yer alır. Sənədin 4-cü bəndində bildirilir ki, istedadlı və yaradıcı gənclərə dövlət qayğısı göstərilməlidir. İnternet saytlarında yayımlanan Dövlət Proqramının 28 maddəsində yaradıcı gənclərin iştirakı ilə müxtəlif cür konfransların, festivalların keçirilməsi və təkliflərin hazırlanması nəzərdə tutulur.

Müasir Azərbaycanda kifayət qədər istedadlı gənc var. Onlar ədəbiyyatda, musiqidə, təsviri incəsənətdə, heykəltəraşlıqda və digər sahələrdə təmsil olunur. Onların yaratdığı əsərlərdə, dünyəviliklə yanaşı, milli mənlik şüurununu cücərtiləri, vətənpərvərlik tərbiyəsinin formalaşması işartıları özünü göstərir. Bəstəkarlıq sahəsində tarixi keçmişimizlə, itirdiyimiz yurdlarla, qəhrəmanlıq səhifələrimizlə bağlı diqqətçəkən musiqi nümunələri yaranır. Problem ondadır ki, gənc bəstəkarlar öz əsərlərini geniş səviyyədə təqdim edə bilmir. Dövlətin qəbul etdiyi qanunlarda bu gənclərə şərait yaradılmalı olduğu göstərilir. Ancaq bəzi yaradıcı gənclər bu qanunlardan yararlana bilmir. Yerlərdə bu sənədlərdən irəli gələn məsələləri həll etməli olan qurumlar bir çox hallarda cavanlara yardım göstərmir. Bu da yaradıcı gənclərin içində inamsızlıq yaradır. Bir qədər xaraktercə zəif olanlar başqa səmtlərə meyl göstərir. Yaradıcılığını özgə xətt üzrə davam etdirir. Gənc rəssamların yaradıcılığını da eyni formada xarakterizə etmək olar. Sənədin 3.28-ci maddəsində gənclərin teatr, konsert və sərgi salonlarından, yaradıcılıq emalatxanalarından, studiyalardan, laboratoriyalardan güzəştli istifadəsinə dair təkliflərin hazırlanması məsələsi önə çəkilsə də, Rəssamlar, Bəstəkarlar və Memarlar ittifaqlarından aldığımız məlumata görə, Prezidentin bu tələbi hələ yerinə yetirilməyib. Gənclər hər şeyi öz hesabına edir. Gənc rəssamlardan birinin dediyinə görə, bəzi gənclərin həm özündə, həm də əsərlərində milli mənlik şüurunun inkişafı yüksək səviyyədədir. Rəssamın dediyinə görə, milli kimliyinə bağlı olan yaradıcı adam birmənalı olaraq vətənpərvər olacaq. Gənc rəssamların yaradıcılığında Azərbaycanın tarixi, Qarabağ ağrısı ilə bağlı əsərlərin çox olduğunu bildirən müsahibimiz qeyd etdi ki, əsas problem onların sərgilənməsidir. Gənc rəssam hesab edir ki, milli mənlik şüurunun yaradıcı gənclərin beynində oturuşması üçün təbliğat işi aparılmalıdır. 3.14-cü maddədə isə gənc yazarların əsərlərinin nəşrinə kömək göstərilməsi əks olunub.

Gənc yazarların əsərlərinin tirajlanması sahəsində elə də böyük çətinlik yoxdur. Mədəniyyət və Turizm Nazirliyinin, Azərbaycan Yazıçılar Birliyinin, bəzi nəşriyyatların xəttilə gənclərin kitabları işıq üzü görür. Ədəbiyyat yönümlü qəzet və dərgilərdə yazarların əsərləri nəşr edilir. Milli mənlik şüurunun formalaşmasında, vətənpərvərlik tərbiyəsinin inkişafında tarixən ədəbiyyat adamları çox böyük rol oynayıb. Onların əsərləri, müsahibələri, fikirləri gənclik üçün bir mayak olub. İndi bu məsələyə yanaşma bir qədər fərqlidir.

Azərbaycan Yazıçılar Birliyinin işinə nəzər salsaq görərik ki, yazarların milli mənlik şüuruna və vətənpərvərlik tərbiyəsinə münasibəti fərqlidir. Bəllidir ki, milli mənlik şüuru hər gənc yazarda olmur. Bu gün milli mənlik şüurundan, vətənpərvərlik tərbiyəsindən uzaq olan o qədər gənc yazar var ki. Bu, insanın daxilindən gələn bir hissdir. Şeirlərində, nəsrində bu ruhdan uzaq olanlar az deyil. Eyni zamanda, milli mənlik şüurunu tərənnüm edən, vətənpərvərlik tərbiyəsinin formalaşmasında əmək sərf edənlər də var.

Yazıçılar Birliyindən kənarda da milli məfkurəyə bağlı yazıçı və şairlər var. Azərbaycanın gənc şairlərinin şeirlərində bu hissin olduğunu qeyd etmək istəyirik.

Azərbaycan Yazıçılar Birliyinin əməkdaşı, şair-publisist Dayandur Sevginin sözlərinə görə isə, yaradıcı gənclər arasında saxta milli şüur, vətənpərvərlik daşıyıcıları istisna deyil: "Yaradıcı gənclər bu kimi məsələlərdə həmişə nümunə olmalıdır. Çağdaş gənc yazarlarda milli mənlik şüurunun formalaşması, vətənpərvərlik tərbiyəsinin inkişafı çox zəifdir. Düzdür, aralarında həm şəxsiyyətində, həm də yaradıcılığında bu hisslərə malik olanlar da var. Ancaq əksəriyyətdə bu hisslər saxtadır. Çox müşahidə etmişəm, şeirində vətənpərvərlikdən danışır, həyatda isə tamam başqa mövqe tutur. Gənclər öz tarixini, ədəbiyyatını dərindən bilməlidir ki, gerçək bir milli şüura sahib olsun. Atası haqda məlumatı olmayan gənc özünü və keçmişini necə bilər? Bu məsələ ona bənzəyir.

Gənclərin çoxunu xalqımızın tarixi maraqlandırmır. Səhərdən axşama qədər internetdə oturur, xalqımız üçün heç bir faydası olmayan işlərlə məşğul olurlar. Bu gəncdə milli vətənpərvərlik ruhu olarmı? Sözsüz ki, olmaz".

Gənc yazarların milli məfkurəyə bağlı inkişaf prosesinə təkan verən Yazıçılar Birliyi və digər ədəbi təşkilatlar, yaradıcılıq ocaqları az deyil. Onların işini biz mütəmadi olaraq media vasitəsilə izləyirik.

Azərbaycan Bəstəkarlar İttifaqında təmsil olunan gənclərdə də vətənpərvərlik hissləri müşahidə olunur. Son illər yaranan musiqi əsərlərində bunu görmək olur.

Gənc bəstəkar Elnarə Mehdilinin sözlərinə görə, Azərbaycan bəstəkarlıq məktəbi çoxşaxəlidir və burada əsas dayaq yeri milli şüura, vətənpərvərlik hisslərinə bağlılıqdır: "Milli bəstəkarlıq məktəbində tarixən vətənpərvərlik əsas xətti təşkil edib. Elə bir bəstəkar tapmaq çətindir ki, onun yaradıcılığında milli şüurun təsiri olmasın. Bəstəkarlar İttifaqı mütəmadi olaraq öz gənc üzvlərinə vətənpərvərliyi tərənnüm edən yaradıcılıq işləri görməyi tövsiyə edir. Görürsüz ki, Bəstəkarlar İttifaqının gənclər arasında həyata keçirdiyi layihələrin özəyini vətənpərvərlik istiqaməti tutur. Bu gün gənc bəstəkarlar çalışır ki, Azərbaycan dövlətinin yaradıcı gənclərlə bağlı siyasətinə dəstək olsun. Çünki qəbul edilən dövlət proqramları, icraya verilən layihələr yaradıcı gənclərə stimul verir. Bir neçə il əvvələ qədər, bütün yaradıcılıq sahələrində oluduğu kimi, bəstəkarlıqda da müəyyən durğunluq vardı. Ancaq son illər dövlətin apardığı uğurlu siyasət nəticəsində problemlər aradan qaldırılıb.

İndi yaşlı nəsillə paralel olaraq gənc bəstəkarlar da dövlət quruculuğuna töhfələr verən musiqi əsərləri yazmağa başlayıb. Hazırda yeni çəkilən filmlərə gənc bəstəkarlar da musiqi yazır. Mədəniyyət və Turizm Nazirliyinin aidiyyəti layihələrinə gənclər maraq göstərir. Fikir versək görərik ki, istər ölkədə, istərsə də xaricdə keçirilən festival və müsabiqələrə bəstəkarlarımız da qatılmaqdadır".

 

 

İradə SARIYEVA

 

Bakı xəbər.-2014.-28-29 may.-S.15.