38 yaşında vəfat
edən Sührəvərdinin tükənməz elmi irsi...
...Şihabəddin Yəhya Sührəvərdinin həyat və yaradıcılığından söz açmış tarixçilər və tərcümeyi-hal müəllifləri onun dünyagörüşü və fəlsəfəsinə dair də məlumat vermiş, mütəfəkkirin ideyalarının Şərq ölkələrində yayılmasına müəyyən dərəcədə kömək göstərmişlər.
İmadəddin İsfahani, İbn əl-Cauzi, Yaqut Həməvi, İbn Əbi Useybiə, Zəkəriya Qəzvini, İbn Xəllikan, Səlahəddin Səfədi, Əfifəddin Yafii Yəməni, Əbdürrəhman Cami, Əbdürrəşid Bakuvi, İbn Həcər Əsqəlani, ibn əl-İmad Hənbəli və başqa müəlliflərin Şihabəddin Yəhya Sührəvərdi haqqında verdikləri məlumat müxtəlif dövrlərdə və müxtəlif iqlimlərdə ona bəslənən münasibəti əks etdirir.
Şəmsəddin Şəhrəzuri "Ruhlar əyləncəsi və sevinclər bağı" kitabında Şihabəddin Sührəvərdinin tərcümeyi-halını geniş işıqlandırmaqla bərabər İşraqilik fəlsəfi məktəbinin fəal nümayəndəsi kimi də çıxış edib. Müəllif öz müəllimi haqqında yazırdı ki, "o, ilahi mükaşifələrdə və ruhi müşahidələrdə idi. Onun nihayətinin dərinliyini yalnız az adam bilər, hüduduna yalnız dərin biliklilər yetişər". Şəmsəddin Şəhrəzurinin ""İşraq fəlsəfəsi"nin şərhində rəmzlərin həlli və xəzinələrin kəşfi" (Həll ər-rümuz va kəşf əl-künuz fi şərh Hikmət əl-işraq) kitabı İşraqilik fəlsəfəsini təbliğ edən ilk elmi-fəlsəfi əsərlərdən biridir. "Lövhi və əşri qeydlər" əsasında Şəmsəddin Şəhrəzurinin yazdığı "Düzəlişlər" (ət-Tənqihat) adlı şərh filosofun peripatetizmə dair doktrinaları ilə bərabər onun işraqi fikirlərini də işıqlandırıb.
Varlığın qisimlərinin Siracəddin Urməvi (1198-1283) tərəfindən şərhində Şihabəddin Sührəvərdinin təsiri aydın nəzərə çarpır. Filosof "Hikmət incəlikləri" (Lətaif əl-hikmə) kitabında vacib varlığı mütləq işıq deyə səciyyələndirir. Onun şərhində vacib varlığın qarşılığı qeyri-mümkün varlıqdır, deməli, mütləq qaranlıqdır. İşraqilik fəlsəfəsi Nəsirəddin Tusinin (1201-1274) və onun şagirdlərinin yaradıcılığına daha böyük təsir göstərib. Marağa rəsədxanasında çalışan alimlərdən bir çoxu işraqi filosofun kitablarını tədris və təbliğ etməklə kifayətlənməyib, onlara şərhlər də yazıb. Səd ibn Mənsur ibn Kəmmunə İsrailinin (...-1284) Şihabəddin Sührəvərdinin "Lövhi və ərşi qeydlər" kitabına yazdığı şərh də "Düzəlişlər" adlanır. 1268-ci (667) ildə qələmə alınmış bu əsərin Bağdadda 1296-cı (696) və 1304-cü (704) ildə köçürülmüş nüsxələri Dəməşqdə, Zahiriyyə kitabxanasında saxlanır. Sührəvərdinin əsərləri, xüsusən onun İşraqilik fəlsəfəsi Nəsirəddin Tusinin digər istedadlı şagirdi Qütbəddin Mahmud ibn Məsud Şirazi (1236-1311) tərəfindən də müfəssəl araşdırılıb. Onun "İşraq fəlsəfəsi" kitabına yazdığı şərh mütəxəssislər tərəfindən yüksək qiymətləndirilir.
XI-XIV əsrlərdə İşraqilik fəlsəfəsi Cəlaləddin Dəvvani, Qiyasəddin Daştəki, İsmayıl Anqavari, Vədud Təbrizi və başqaları tərəfindən öyrənilib və təbliğ edilib. Cəlaləddin Dəvvani Sührəvərdinin "İşıq hekayələri" kitabına həsr etdiyi şərhə görə böyük şöhrət tapıb. Traktat "İşıq hekayələrinin şərhində çatışmayan cəhətlər" (Şəvakil əl-hur fi şərh Həyakil ən-nur) adlanır. Şərhin Misir müftisi Şeyx Məhəmməd Əbduh (1849-1905) tərəfindən köçürülmüş bir nüsxəsində əsərin yazıldığı dövrlə əlaqədar siyasi hadisələrə də toxunulur.
"İşıq hekayələri" traktatına Məhəmməd Ələvi Hirəvinin, Yəhya ibn Nüsuh Növizadənin və bir çox başqalarının ərəbcə yazdıqları şərhlərdən fərqli olaraq Şeyx İsmayıl Mövləvi Anqavarinin "Hikmətlərin izahı" (İdah əl-hikəm) adlı şərhi türk dilindədir. Vədud ibn Məhəmməd Təbrizinin (...-1524) "İmadəddin lövhələri" həqiqətlərini açmaqda ruhlar çırağı" (Misbah əl-ərvah fi kəşf hüquq ə-Əlvah) traktatı İşraqi ədəbiyyatın maraqlı nümunələrindən sayılır. "Bürclər traktatı"na Müsənnəfək Əli Bistaminin şərhi, "Həqiqətlərə dair baxışlar"a və "Minacat kitabı"na Əbu Müzəffər Məhəmməd İsfəraninin şərhləri də məlumdur.
Şeyx Əhməd Əhsai İşraqilik təliminin bəzi doktrinalarını şiə ideologiyası səmtinə yönəltməklə özünəməxsus bir dünyagörüşü yaradıb, bəzən İslam dini ilə bir araya sığmayan müddəalar irəli sürüb. Mütəfəkkirin kəşf və ilham (intuisiya) üzərində qurulan Kəşfiyyə təlimini öz tərəfdarları "Şeyxiyyə" (Şeyxlik) adlandırmışlar.
Tədqiqi haqqında...
Şihabəddin Yəhya Sührəvərdinin əsərləri və fəlsəfi təlimi müxtəlif tədqiqatçılar tərəfindən dünya mədəni irsinin qiymətli nümunəsi kimi araşdırılıb. Müsəlman şərqi ölkələrinin müxtəlif guşələrində aparılan tədqiqatlar ərəb, fars və türk dillərində yazılıb. Cürci Zeydan, Əhməd Əmin, Abbas İqbal, Əbdürrəhman Bədəvi və başqa alimlər Orta Şərq fəlsəfəsi tarixinə dair əsərlərində ərəbdilli mədəniyyətin tanınmış nümayəndəsi kimi Şihabəddin Yəhya Sührəvərdidən söz açmışlar. Əbdülqadir Mahmudun "Sufi fəlsəfəsi-mənbələri, nəzəriyyələri, dində və həyatda yeri", Məhəmmədrza Şəbibinin "Fəlsəfi irsimiz" kitablarında filosofun irsinə və dünyagörüşünə xeyli yer verilib. Məhəmmədəli Əbu Rəyyan Şihabəddin Sührəvərdi irsinin tədqiqi və təbliği işində xeyli səy göstərib. O, "İşıq hekayələri" traktatının tənqidi mətnini hazırlayıb, 1957-ci ildə Qahirədə geniş məqalələri və izahları ilə birlikdə çap etdirib. Onun "Şihabəddin Yəhya Sührəvərdinin İşraqilik fəlsəfəsinin əsasları" monoqrafiyası isə Qahirədə iki dəfə nəşr edilib.
Sami Knyali "Sührəvərdi" adlı kitabında filosofun həyatı, yaradıcılığı və fəlsəfəsinə dair materiallarla birlikdə onun öz əsərlərindən nümunələr də verib. Musa Musəvi isə "Sührəvərdidən Şiraziyə qədər" kitabında İşraqilik fəlsəfəsinin inkişaf yolunu nəzərdən keçirib. Əsərdə Şihabəddin Sührəvərdidən başlamış Sədrəddin Şiraziyə qədər beş əsr ərzində yaşamış işraqi filosoflar haqqında məlumat verilir. Filosofun vəfatının hicri tarixi ilə 800 illiyi münasibətilə Qahirədə "Şihabəddin Sührəvərdi-vəfatının 800 illik yubileyi" adlı kitab nəşr edilib. Kitab Misir, Suriya, Fransa, İspaniya və İran alimlərinin məruzələri əsasında tərtib edilib.
Anri Korbinin "İşraq fəlsəfəsinin əlaqələri (İşraqilik fəlsəfəsində zərdüştilik motivləri)", "Üç Azərbaycan filosofu-Sührəvərdi, Vədud Təbrizi, Rəcəbəli Təbrizi" məqalələri fransız dilindən tərcümə olunaraq fars dilində də nəşr olunub. İran alimlərindən Zəbihulla Səfa, Səid Nəfisi, Əli Əsgər Hələbi, Ehsan Təbəri və başqaları öz əsərlərində Sührəvərdi və onun İşraqilik fəlsəfəsinə xüsusi yer vermişlər. Anri Korbin, Seyid Hüseyn Nəsr və Ağa Seyyid Məhəmməd Baqir Səbzəvari filosofun əsərlərinin çap edilib yayılmasına da çalışmışlar.
Türkiyə alimi Hilmi Ziya Ülkən Şihabəddin Sührəvərdinin həyatı, yaradıcılığı və dünyagörüşünü geniş tədqiq etmiş, "İşraq məktəbi" haqqında geniş fikir bildirib. Onun tədqiqatları İşraqilik təliminin müddəalarının ancaq qədim və orta əsr fəlsəfi fikri ilə deyil, yeri gəldikcə yeni dövrün, çağdaş müəlliflərin nəzəriyyələri və doktrinaları ilə müqayisə edilməsinə əsaslanıb. Çoxcildli "İslam Ensiklopediyası", Xeyrəddin Ziriklinin "Görkəmli şəxsiyyətlər", Orxan Xəncərlioğlunun "Fəlsəfə sözlüyü" və bir çox ensiklopedik nəşrlərdə də Sührəvərdinin yaradıcılığına xüsusi diqqət yetirilib. Başqa Şərq filosofları ilə yanaşı, Şihabəddin Sührəvərdinin də əsərlərini İntibah mədəniyyətinin ideya mənbələrindən sayan Əbu Rəyyan həmin dövr ədəbiyyatının banilərindən Dante Aligyerinin (1269-1321) "İlahi komediya" əsərinə İşraqiliyin təsirini xüsusi qeyd edib.
XIX əsrin ortalarında Avropa şərqşünaslarından Fon Ferdinand Vüstenfeld "Ərəb elm və təbiətşünaslıq tarixi", Fon Hammer-Purqştal "Ərəb ədəbiyyatı tarixi", Alfred fon Kremer "İslam fəlsəfi ideyalar tarixi" kitablarında Sührəvərdinin həyat yolu və fəlsəfəsi haqqında məlumatlar verilib. Marks Horten "Die philosophie der Erluchtung nach Suravardi" əsərini Şihabəddin Yəhya Sührəvərdinin həyatı, yaradıcılığı və fəlsəfi təliminə həsr edib.
Fon Den Berc "İşıq hekayələri" traktatını ərəb dilindən holland dilinə tərcümə edərək 1916-cı ildə çap etdirib. "Aşiqlərin munisi" (The Loves Friend) 1934-cü ildə Ştutqartda və Dehlidə, "Quş haqqında traktat" 1935-ci ildə Ştutqartda O. Spis tərəfindən çap edilib. "Cəbrail qanadlarının səsi" əsəri A.Korbin və P.Kravusun müqəddimə və izahları ilə 1935-ci ildə "Жournal Asiatique" jurnalında dərc olunub. "Qarışqaların dili" əsərini O. Spis, "Təsəvvüfə dair üç traktat" məcmuəsində, A.Korbin "Hermis" jurnalında dərc etdirib.
A.Korbin Şihabəddin Sührəvərdinin əsərlərinin üç cildlik toplusunu nəşr etdirib. Seyid Hüseyn Nəsrin ingilis dilində yazdığı "Üç müsəlman filosofu-İbn Sina-Sührəvərdi-İbn Ərəbi" kitabı 1964-cü ildə ABŞ-da, Ağayi Əhməd Aram tərəfindən edilmiş tərcüməsi isə 1966-cı ildə İranda çap edilib. Məhəmməd Şərifin redaktorluğu ilə Almaniyada, Visbadendə nəşr olunmuş iki cildlik "Müsəlman fəlsəfəsi tarixi", Məcid Fəxri tərəfindən nəşr olunmuş "İslam fəlsəfəsi tarixi" toplularında Sührəvərdi yaradıcılığına xüsusi yer ayrılıb.
Azərbaycanda Sührəvərdinin həyatı, yaradıcılığı, fəlsəfi irsi ilə bağlı ilk tədqiqatlar AMEA-nın müxbir üzvü Zakir Məmmədov tərəfindən aparılıb. Alim "Şihabəddin Sührəvərdinin fəlsəfi şeirləri", "Şihabəddin Yəhya Sührəvərdinin həyat yolu", "İşraqilik fəlsəfəsinin antologiyası" və başqa məqalələrində, eyni zamanda "Azərbaycanda XI-XIII əsrlərdə fəlsəfi fikir", "Orta əsr Azərbaycan filosofları və mütəfəkkirləri", "Şihabəddin Yəhya Sührəvərdi (qısa biblioqrafik məlumat)", "Azərbaycan fəlsəfəsi tarixi" əsərlərində Sührəvərdinin irsinə xüsusi diqqət yetirib. 2009-cu ildə nəşr edilmiş "Şihabəddin Sührəvərdi (həyatı, yaradıcılığı və dünyagörüşü" əsəri isə Sührəvərdi irsinin tədqiqinə həsr olunan geniş və hərtərəfli araşdırmadır. Zakir Məmmədov filosofun iki traktatını Azərbaycan dilinə tərcümə edərək Bakıda nəşr etdirib. Tədqiqatçı Şihabəddin Sührəvərdinin "Filosofların görüşləri" traktatını ərəbşünas alim Tariyel Həsənovla birlikdə Azərbaycan və rus dillərinə tərcümə edib və bu tərcümə əsəri ilk dəfə 1986-cı ildə, ikinci dəfə 1999-cu ildə çap olunub. Filosofun "İşıq hekayələri" traktatı isə ilk dəfə 1989-cu ildə, ikinci dəfə 1999-cu ildə nəşr edilib. Professor Malik Mahmudov 1972-ci ildə çap edilmiş "Şihabəddin Sührəvərdinin poetik dünyası" məqaləsində və 1983-cü ildə nəşr edilmiş "Ərəbcə yazmış azərbaycanlı şair və ədiblər" adlı monoqrafiyasında Sührəvərdinin bədii yaradıcılığının tədqiqinə yer verib. 2010-cu ildə Bakıda Ülkər Zakirqızının (Məmmədova) "Şihabəddin Yəhya Sührəvərdi (ədəbi-bədii yaradıcılığı)" kitabında işraqi filosofun ədəbi-bədii yaradıcılığı geniş tədqiq olunur.
Mirası...
AMEA-nın Rəyasət Heyəti Şihabəddin Yəhya Sührəvərdinin vəfatının 800 illik yubileyinin keçirilməsi ilə əlaqədar 2 aprel 1991-ci ildə qərar qəbul edib. Həmin qərara əsasən, 25 dekabr 1991-ci ildə Fəlsəfə və Hüquq İnstitutunda (indiki Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutu) filosofun yubileyi keçirilib. İranın Sənəndəc şəhərində Şihabəddin Yəhya Sührəvərdinin heykəli ucaldılıb...
İradə
SARIYEVA
Bakı xəbər.-2014.- 5 noyabr.- S.15.