Görkəmli yazıçı, cəfakeş ədəbiyyatşünas Mir Cəlal Paşayev...

 

Azərbaycan ədəbiyyatı və elm tarixində elə simalar olub ki, onların fəaliyyəti nəinki dövrü, hətta sonrakı zamanlar üçünbir örnəyə çevrilib. Milli ədəbiyyatşünaslıq elmimizin əsasını qoyan bu şəxsiyyətlər böyük tərbiyə ünvanı kimi qalmaqdadır. Yaddaşlarda özünə heykəllər qoyan bu şəxsiyyətlər əsrlər ötdükcə yenə də yaşayacaq.

Görkəmli alim, yazıçı və pedaqoq Mir Cəlal Paşayev elə simalardandır. Böyük yazıçının qələmindən çıxan onlarla elmi məqalə, publisistik-tənqidi yazılar, hekayə və irihəcmli əsərlər bu günöz dəyərini və aktuallığını qoruyur. Həqiqətə və milli düşüncəyə söykənən hər bir yazı yaşamaq haqqı qazanır. Mir Cəlal elm, ədəbiyyat, mədəniyyət tariximizdə əbədiyaşarlıq qazanan bir şəxsiyyətdir. Onun yaratdığı məktəb müasir dövrümüzdə də uğurla davam etdirilir. Yüzlərlə gəncə arxa-dayaq, simsar olan Mir Cəlal yaddaşlarda işıqlı bir şəxsiyyət kimi yaşayır. Bu gün saysız-hesabsız insan var ki, onların həyatında Mir Cəlal müəllim müstəsna rol oynayıb. Azərbaycanın xalq şairi Nəriman Həsənzadə, xalq artisti Arif Quliyevonlarla daha belə tanınmış şəxsiyyətlər Mir Cəlal Paşayevdən məhəbbətlə söhbət açıb. Adlarını çəkdiyimiz hər iki insan vaxtilə bu böyük şəxsiyyətin qayğısını öz üzərlərində hiss edib, yazıçının köməkliyi, dayağı sayəsində öz həyatlarını qurublar.

Çoxlarımız Mir Cəlal Paşayevi "Bir gəncin manifesti" əsərinin müəllifi kimi tanıyıb sevmişik. Bu əsərin ideyası, daşıdığı mənəvi missiya minlərlə insanı tərbiyə edib. Bu əsərin qəhrəmanlarından birinin-Sona xalanın dilindən səslənən "İtə ataram, yada satmaram" kəlamı indiyə qədər də zərb-məsəl kimi el arasında yaşayır və leksikonumuzda özünə yer edib. Bu, böyük mənəvi yükü olan kəlamdır. Mir Cəlal bununla xalqımızın qədirbilənliyini, öz malını göz bəbəyi kimi qoruduğunu yada salır.

Ərdəbilli kasıb oğlan...

Ədəbiyyatşünaslar qeyd edir ki, Mir Cəlal Paşayev XX əsr Azərbaycan elminin, ədəbiyyatının, təhsilinin inkişafında misilsiz xidmətlər göstərib.

Qeyd edək ki, Mir Cəlal Əli oğlu Paşayev 1908-ci il aprelin 26-da Cənubi Azərbaycanın Ərdəbil vilayətində yoxsul kəndli ailəsində dünyaya göz açıb. Kiçik yaşlarında atası Gəncəyə köçdüyündən, uşaqlığını burada keçirib. Mir Cəlal 10 yaşında olanda, 1918-ci ildə atası vəfat ediro, böyük qardaşının himayəsində böyüyür. Mir Cəlal həyatın qoynuna atılarkən çətinliklərlə, əzablarla üzləşir, lakin güclü iradəsi və parlaq istedadı ilə bu çətinlikləri birdəfəlik dəf edə bilir. Əlbəttə, həyatda uğur qazanmaq hər insana nəsib olmur. Bəllidir ki, Tanrı insana istedad, bilik verirsə, mütləq ona zəhmətkeşlik adlı bir keyfiyyət də bəxş edir. Mir Cəlal öz zəhməti hesabına həyat yolunu müəyyən edir.

"Vikipediya" Açıq Ensiklopediyasında Mir Cəlal Paşayev haqqında çox maraqlı və dolğun məlumat yer alıb. Məlumatlardap bildirilir ki, yazıçı 1918-1919-cu illərdə xeyriyyə cəmiyyətinin köməyi ilə ibtidai təhsil alıb və Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra Gəncə Darülmüəlliminə daxil olub. Tələbə təşkilatının, sonra isə şəhər tələbə həmkarlar təşkilatının sədri seçilib.

Kazana aparan yollar...

Gördüyümüz kimi, o hələ erkən gəncliyindən ictimai işlərlə maraqlanıb və bu sahədə xeyli təcrübə qazanıb. Sadə bir ailədən çıxan, lakin mənəvi cəhətdən, daxilən varlı olan Mir Cəlal müəllim təhsilini davam etdirmək üçün Kazan Şərq Pedaqoji İnstitutunun ədəbiyyat şöbəsində təhsil alıb. Azərbaycan Elmlər Akademiyasının aspiranturasında təhsilini davam etdirməklə yanaşı, müəllimlik edib və millətinin övladlarına xalqının ədəbiyyatını, mədəniyyətini, zəngin keçmişini mənimsədib.

Yazıçı haqqında kütləvi informasiya vasitələrində yer alan yazılarda qeyd edilir ki, Mir Cəlal Paşayev 1928-ci ildə ədəbiyyata gəlib və elə həmin ildə də ilk tədqiqat əsərini yazıb.

"Həyatımda yaratdığım ən böyük əsər ailəmdir"

Mir Cəlal Paşayev haqqında "AzərTac"ın hazırladığı yazıda maraqlı faktlar yer alıb":Sözün gücünə güvənib, onun böyüklüyünə baş əyən sənətkarın könüllərə yanğı salmış "Bir gəncin manifesti" əsəri, zəmanənin güzgüsü olan hekayələri klassik bədii nümunələr kimi ədəbiyyat tariximizin səhifələrində müəllifinə əbədiyaşarlıq qazandırıb. Yuxusuz gecələrinin, gərgin zəhmətinin bəhrəsi olan "Füzuli sənətkarlığı", "XX əsr Azərbaycan ədəbiyyatı", "Azərbaycanda ədəbi məktəblər (1905-1917)", "Ədəbiyyatşünaslığın əsasları" adlı fundamental əsərləri ədəbiyyatşünaslıq elminin qızıl nüsxələrindəndir.

Ali təhsilimizin beşiyi sayılan Bakı Dövlət Universitetinin sevimli müəllimi, nüfuzlu professoru kimi xatirələrdə daim yaşayacaq Mir Cəlal Paşayev həqiqət, düzlük, səmimiyyət aşiqi, ailəsini, övladlarını sevən, qoruyan şəxsiyyət olub. Onun bu kəlamı indi də dillər əzbəridir: "Həyatımda yaratdığım ən böyük əsər ailəmdir".

XX əsrin 20-30-cu illərində ədəbi aləmdə əvvəlcə şeir, sonra isə oçerk və hekayələri ilə görünən Mir Cəlal, az sonra istedadlı və orijinal yaradıcılıq üslubu olan yazıçı kimi tanınıb. Əlli illik yaradıcılıq fəaliyyəti dövründə o, görkəmli nasir kimi Azərbaycan ədəbiyyatı tarixində öz layiqli və şərəfli yerini tutub. Qəti əminliklə demək olar ki, təkcə "Bir gəncin manifesti" əsərinə görə Mir Cəlal klassik sənətkarlar sırasında dayanmaq haqqını qazanıb. Bu əsər çapdan çıxanda onun heç 30 yaşı yox idi. 1928-ci ildə mətbuatda ilk şeirləri ("Dənizin cinayəti", "Ananın vəsiyyəti", "Müxbir") çap olunub. Lakin o bundan sonra, daha doğrusu, 1930-cu ildən etibarən hekayələr yazıb. O dövrün "Şərq qadını", "Gənc işçi", "İnqilab və mədəniyyət", "Ədəbiyyat qəzeti" kimi nüfuzlu nəşrlərində "Doktor Cinayətov", "İfşa", "Mərkəz adamı", "Naxələf", "Bostan oğrusu", "Qüdrət nümayişi", "İstifadə", "Dəzgah qızı", "Heyrət" hekayələrini çap etdirib. 1932-ci ildə "Sağlam yollarda", 1935-ci ildə "Boy" adlı ilk oçerklər və novellalar kitabları çap olunub.

Mir Cəlalın ilk irihəcmli əsəri - "Dirilən adam" romanı 1935-ci ildə ayrıca kitab kimi nəşr olunub. Hələ yarım əsr bundan əvvəl akademik Məmməd Arif yazıb: "Mir Cəlal "Dirilən adam"la diqqətli bir realist yazıçı olduğunu göstərib". İlk dəfə 1937-39-cu illərdə hissə-hissə "İnqilab və mədəniyyət" jurnalında nəşr olunan "Bir gəncin manifesti" əsəri isə yazıçının həyatında böyük bir dönüş yaradıb, ədəbi zirvəaparan yoluna cığır açıb və müəllifə böyük oxucu auditoriyası qazandırıb. 1940-cı ildə "Uşaqgəncnəşr"də kitab halında kütləvi tirajla buraxılan bu əsər oxucu tələbatına görə sonrakı illərdə də dəfələrlə çap edilib. "Bir gəncin manifesti" bu gün də qəlbləri riqqətə gətirir. Doqquz dəfə müxtəlif illərdə ayrıca kitab halında nəşr olunmuş "Bir gəncin manifesti" Azərbaycanın hüdudlarından çox-çox uzaqlarda da sevilir".

Ədəbiyyatşünasların yazıçı haqqında qeydləri...

Mir Cəlalın yaradıcılığı zəngindir. Bura onun həm bədii, həm də elmi yaradıcılığı daxildir. Mir Cəlal elmi yaradıcılığa can yandırdığı kimi ədəbi yaradıcılığa da doğmalıqla yanaşıb. Zamanını elə bölüb ki, bu həm ailəsinə, həm elmi, həm də bədii yaradıcılığına yetib. Hələ burada yaxşılığa, xeyirxahlığa da yer olub.

Ədəbiyyatşünaslar qeyd edir ki, Mir Cəlal "Dirilən adam", "Bir gəncin manifesti", "Yolumuz hayanadır","Açıq kitab", "Yaşıdlarım", "Təzə şəhər" romanlarında həm keçmiş, həm də öz dövrünün mənzərəsini yaradıb. Tədqiqatçılar qeyd edir ki, yazıçının 1961-ci ildə yazdığı "İnsanlıq fəlsəfəsi" kitabında yer alan hekayələri böyük tərbiyəvi-əxlaqi əhəmiyyət daşıyır":İnsanlıq fəlsəfəsi", "Subaylıq fəlsəfəsi", "Təzə toyun nəzakət qaydaları", "Vicdan mühakiməsi", "Vicdan əzabı", "Hesab dostları", "Təsadüf, ya zərurət", "Qocaların uşaq söhbəti" və digər hekayələrində isə real həyat lövhələri, fəlsəfi düşüncələr əks olunub.

Mir Cəlalın bədii yaradıcılıq nümunələri dəfələrlə nəşr olunub. "Seçilmiş əsərləri" (2 cilddə, 1956-57), "Seçilmiş əsərləri" (4 cilddə, 1967-68), "Seçilmiş əsərləri" (2 cilddə, 1986-87), hekayə və povestlərdən ibarət "Şəfəqdən qalxanlar" (1972), "Dağlar dilə gəldi" (1978), "Ləyaqət", hekayələrdən ibarət "Bostan oğrusu" (1937), "Gözün aydın" (1939), "Vətən" (1944), "Həyat hekayələri" (1945), "Sadə hekayələr" (1955), "Xatirə hekayələri" (1962), "Gülbəsləyən qız" (1965), "Silah qardaşları" (1974) və s. bu qəbildəndir. Ümumiyyətlə, indiyədək yazıçının 70-dən çox kitabı nəşr olunub".

"Ədəbiyyatşünaslığın əsasları"nı yazan alim

Mediada çap olunan yazılardan birində qeyd edilir ki, XX əsrin ədəbi-elmi fikrinin korifeylərindən sayılan Mir Cəlal Paşayev çağdaş Azərbaycan tarixində ədəbiyyatşünas-nəzəriyyəçi alim kimi də müstəsna və özünəməxsus yer tutub": Filologiya təhsili alan tələbələrin I kursda istifadə etdikləri "Ədəbiyyatşünaslığın əsasları" dərsliyi sonralar da mütəxəssislərin stolüstü kitabı olub. Mir Cəlal müəllim 1936-cı ildən ömrünün sonunadək dərs dediyi Bakı Dövlət Universitetinin auditoriyalarında bu fəndən mühazirələr oxuyub. Elmi fəaliyyətini davam etdirən gənc Mir Cəlal Paşayev 1940-cı ildə "Füzulinin poetik xüsusiyyətləri" əsərinə görə filologiya elmləri namizədi, 1947-ci ildə isə "Azərbaycanda ədəbi məktəblər" əsərinə görə filologiya elmləri doktoru alimlik dərəcələrini alıb. Füzuli poeziyasının qüdrətinə heyran olan, ümumiyyətlə, klassik ədəbiyyata qəlbən bağlı Mir Cəlal Paşayev 1958-ci ildə bu mövzuya yenidən müraciət edərək və əvvəlki əsərini təkmilləşdirərək "Füzuli sənətkarlığı" adlı monoqrafiyasını nəşr etdirib. Professor Qara Namazov deyir ki, Mir Cəlalın "Füzuli sənətkarlığı" monoqrafiyası Füzuli ədəbi irsini öyrənmək, mənimsəmək və dərk etmək üçün elmi açardır. Əsər 1994-cü ildə təkrar nəşr olunub".

Tədqiqatçıların fikrincə, "Azərbaycanda ədəbi məktəblər (1905-1917)" əsərində isə Mir Cəlal Paşayev XX əsrin əvvəllərində inqilabi-demokratik meyllərlə əlaqədar baş verən ictimai-siyasi hadisələr kontekstində Azərbaycanda realizm, romantizm ədəbi məktəbləri, maarifçi-didaktik yazıçılar və xırda məişət dramları haqqında müfəssəl tədqiqatlar aparıb, əhatəli elmi nəticələr əldə edib.

Mir Cəlal Paşayevin tanınmış tədqiqatçı Firudin Hüseynovla birgə yazdığı "XX əsr Azərbaycan ədəbiyyatı" əsəri 40 ilə yaxındır ali məktəblərin dərs vəsaitidir. Bu dərslikdə XX əsrin böyük ədəbi şəxsiyyətləri, onların yaradıcılığı, ədəbi mühitə gətirdiyi yeniliklər haqqında əhatəli elmi fikirlər əks olunub. Mir Cəlal Paşayev böyük şəxsiyyətlərin həyat və yaradıcılığını, dövrün ictimai-siyasi, ədəbi-mədəni mühitini öyrənməklə, tədqiq etməklə özüuca zirvələrə qalxıb, şəxsiyyət kimi müdrikləşib.

Sona yetişən fiziki ömür...

Hər birimiz hələ orta məktəbdə oxuduğumuz illərdə tanınmış yazıçı və şairlərin ölüm, doğum tarixlərini əzbər bilmişik. Orta məktəb "Ədəbiyyat" dərsliyində Mir Cəlal Paşayev haqqında da məlumat yer alırdı və "Bir gəncin manifesti" əsərindən parçalar verilirdi. İndi də dərsliklərdə Mir Cəlal Paşayevin əsərləri var. Böyük yazıçının bütün həyat yolu, yaradıcılığı ilə yanaşı, vəfat tarixikitablarda göstərilib. O, 1978-ci il sentyabrın 28-də vəfat edib. Əlbəttə, əsərlərini sevə-sevə oxuduğumuz, tərbiyə götürdüyümüz yazıçıların vəfat tarixini oxumaq bizi üzürdü. Yəqin ki, bu hiss şagirdlərin böyük əksəriyyətində olur. Mir Cəlal Paşayevin də vəfatı haqqında məlumatı kədərlə qarşılayırdıq.

Məlumdur ki, "YUNESKO-nun 2008-2009-cu illərdə görkəmli şəxsiyyətlərin və əlamətdar hadisələrin qeyd edilməsi proqramına Azərbaycanla bağlı daxil olmuş yubileylərin keçirilməsi haqqında" Azərbaycan Prezidentinin 2008-ci il 31 yanvar tarixli Sərəncamına əsasən, yazıçı Mir Cəlal Paşayevin yubiley mərasimi təntənə ilə qeyd edildi. Parisdə, YUNESKO-nun iqamətgahında XX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, alim, pedaqoq Mir Cəlal Paşayevin 100 illiyinə həsr olunmuş mərasimin keçirilməsi yadımızdadır.

Böyük şəxsiyyətlər unudulmur, onlar təkcə öz ölkələrində deyil, ölkə sərhədlərindən kənarlarda da anılır, əsərləri sevilə-sevilə oxunur. Mir Cəlal Paşayevin əsərləri kimi...

"Bir gəncin manifesti"ni indiyə qədər bir neçə nəsil oxuyub, bundan sonra da neçə-neçə nəslin oxuyacağına qətiyyən şübhə etmirik. Xalqın mənəvi dünyasına, ədəbiyyatına, elminə, mədəniyyətinə təmənnasız xidmət edən şəxsiyyətlər unudulmur.

 

İradə SARIYEVA

Bakı xəbər.-2014.- 11 noyabr.- S.12.