Qaranlığa qalib gələn alim qadın-akademik Zərifə xanım Əliyeva...

 

Qadın çox böyük addır. Hamımız bu adın işığından doğulduq, bu adın kölgəsinə sığındıq. Qadınlıq bəşəriyyət üçün sülh, birlik, mədəni tərəqqi deməkdir. Qadınlıq həm də analıqdır. Ana isə hər kəsin sığındığı, yaxud axtardığı isti, doğma, ülvi bir qucaqdır. İsti yuva deməkdir ana məhəbbəti. Tanrının yaratdığı mükəmməl qadını ulularımız, babalarımız, atalarımız, qardaşlarımız, oğullarımız hər zaman ucalıqlara qaldırıb. Çünki ana-qadının yeri ancaq zirvədir.

Haqqında danışacağım ana-qadın, böyük alim, dəyərli ziyalı, Azərbaycan ictimai-siyasi fikir tarixində dərin izlər qoyan bir xanımdır. Zərifə Əziz qızı Əliyevanın elm tarixində yeri, bu sahədə göstərdiyi fəaliyyət çox işıqlıdır. Həyatını insanların gözünə işıq verməyə həsr edən, işığa, xeyirə, dostluğa və sülhə xidmət edən akademik Zərifə Əliyeva xalqımız üçün çox dəyərlidir. Gözlərə və könüllərə işıq paylayan bir şəxsiyyətin xatirəsi hər kəs üçün əzizdir.

Zərifə Əziz qızı Əliyeva 28 aprel 1923-cü ildə Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Şahtaxtı kəndində görkəmli alim, nüfuzlu dövlət xadimi Əziz Əliyevin ailəsində doğulub. Azərbaycan SSR-in əməkdar elm xadimi, tibb elmləri doktoru, Azərbaycan Milli Elmlər Akademiyasının akademiki olub.

Zərifə xanım 1947-ci ildə Nəriman Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunu bitirib. Azərbaycan Elmi-Tədqiqat Oftalmologiya İnstitutunda elmi işçi, 1969-cu ildən isə Əziz Əliyev adına Azərbaycan Həkimləri Təkmilləşdirmə İnstitutunda göz xəstəlikləri kafedrasının dosenti, professor, görmə orqanlarının peşə patologiyası laboratoriyasının müdiri, 1982-1985-ci illərdə oftalmologiya kafedrasının müdiri vəzifələrində çalışıb.

Onu da bildirək ki, Zərifə xanım Tamerlan Əliyev, Cəmil Əliyevin və musiqiçi Gülarə Əliyevanın bacısıdır.

Tibbi fəaliyyəti...

"Vikipediya" Açıq Ensiklopediyasında qeyd edilir ki, Zərifə Əliyevanın Azərbaycanda oftalmologiya elminin inkişafında müstəsna xidmətləri var: "O, vaxtilə Azərbaycanda geniş yayılmış traxomanın, dünya təcrübəsində birincilər sırasında peşə, xüsusilə kimyaelektron sənayelərində peşə fəaliyyəti ilə bağlı göz xəstəliklərinin öyrənilməsi, profilaktikası və müalicəsinə, habelə oftalmologiyanın müasir problemlərinə dair bir çox sanballı tədqiqatların, o cümlədən "Terapevtik oftalmologiya", "İridodiaqnostikanın əsasları" kimi nadir elmi əsərlərin müəlliflərindən biri, 12 monoqrafiya, dərslik və dərs vəsaitinin, 150-yə yaxın elmi işin, 1 ixtira və 12 səmərəliləşdirici təklifin müəllifidir. Zərifə Əliyeva yüksək ixtisaslı səhiyyə kadrlarının hazırlanmasına böyük əmək sərf edib.

Əməyinə görə dövlət qiyməti...

Akademik Zərifə Əliyeva Ümumittifaq Oftalmoloqlar Cəmiyyəti Rəyasət Heyətinin, Sovet Sülhü Müdafiə Komitəsinin, Azərbaycan Oftalmologiya Cəmiyyəti İdarə Heyətinin, "Vestnik oftalmoloqa" (Moskva) jurnalı redaksiya heyətinin üzvü idi.

Yüksək elmi nailiyyətlərinə görə 1981-ci ildə SSRİ Tibb Elmləri Akademiyasının M.İ.Averbax adına mükafatına layiq görülüb.

Torpağın qoynuna köçən ana-alim

 

Zərifə Əliyeva sözün əsl mənasında qayğıkeş ana olub. Razılaşaq ki, qayğıkeş ana olmaq hər böyük alim qadına nəsib olmur. Qadın var ki, böyük alimdir, ancaq ailəsinə elə də istiliklə yanaşa bilmir. Ancaq Zərifə xanım elmdə, həkimlik fəaliyyətində nə qədər qayğıkeş, zəhmətkeş idisə, ailəsində də bir o qədər o amala sadiq idi.

Böyük alim, görkəmli ziyalı, akademik, dəyərli ana-qadın Zərifə xanım yaşamaqyaratmaq, gözünün nuru olan balalarının daha xoş günlərini görmək arzusu ilə həyatını davam etdirirdi. Lakin əcəl həmişə bizdən güclüdür və Tanrının istəkli bəndələrini Allahın dərgahına aparır.

1985-ci il aprel ayının 15-də elmi fəaliyyətinin zirvədə olduğu bir dönəmdə Zərifə xanım Əliyeva dünyadan köçüb. Ulu öndər Heydər Əliyevin sevimli, vəfalı həyat yoldaşı olan Zərifə xanım Əliyevanın itkisi bütün Azərbaycan xalqını yandırdı. Əlbəttə, belə bir şəxsiyyətin itkisi ən çox xalqa, xalqın elminə, maarifinə təsir edir. Zərifə xanım qürbətdə dünyasını dəyişsə də, o, məzara əmanət kimi qoyuldu və nəşi 1994-cü ildə Moskvanın Novo-Deviçye qəbiristanlığından Bakıya gətirilərək, Fəxri Xiyabanda, atasının qəbri yanında dəfn olundu. Bu, dövlətimizin xalqımız qarşısında xidmətlərindən biri kimi dəyərləndirilir. Qədirbilən Azərbaycan dövləti qürbətdə canını Tanrıya tapşıran şəxsiyyətlərin nəşinin Vətənə gətirilməsi sahəsində xeyli görüb.

Fəxri Xiyabanda ana heykəli...

Hamımıza məlumdur ki, Zərifə xanımın Fəxri Xiyabandakı məzarı üstündə tuncdan heykəli ucaldılıb. Bakıda Göz Xəstəlikləri İnstitutu, Naxçıvan Şəhər Poliklinikası onun adını daşıyır. Bakının Binəqədi rayonu ərazisində adına istirahət parkı salınıb. Bakı və Naxçıvanda küçə Zərifə Əliyevanın adını daşıyır. Azərbaycanda adına lisey və məktəb fəaliyyət göstərir. Azərbaycan Respublikasının üçüncü Prezidenti Heydər Əliyevin həyat yoldaşı, Azərbaycan Respublikasının dördüncü Prezidenti İlham Əliyevin anası olan Zərifə xanım Əliyevanın xatirəsi dövlət tərəfindən əziz tutulur.

"Xoşbəxtəm ki, Zərifə xanım kimi anam olub"

2013-cü ildə Zərifə xanımın 90 illik yubileyi Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə təntənəli şəkildə qeyd edildi. Akademik Zərifə Əliyevanın 90 illik yubileyinə həsr olunan mərasimdə Prezident İlham Əliyev də iştirak edirdio, anası barədə öz xatirələrini danışıb.

Prezident İlham Əliyev tədbirdə bildirirdi ki, Zərifə Əliyevanın 90 illik yubileyinin dövlət səviyyəsində qeyd olunması ilə bağlı müxtəlif tədbirlər keçirilib: "Zərifə xanım, sözün əsl mənasında, böyük həkim idi".

Prezident İlham Əliyev onun Azərbaycan və dünya oftalmologiyasına verdiyi dəyərli töhfələrdən danışıb. Dövlətimizin başçısı Zərifə xanımın açdığı və insanların görmə qabiliyyətinə mənfi təsir göstərən istehsal sahələrində tədqiqat aparan laboratoriyanın fəaliyyətindən bəhs edib":Alim kimi böyük zirvələrə yüksələn Zərifə xanımın əsərləri bu gün də əhəmiyyətini itirmir. Oftalmologiya sahəsində SSRİ-də ən yüksək Averbax mükafatına layiq görülən Zərifə xanımın fəaliyyəti ilk növbədə insan amilinə əsaslanırdı... Zərifə xanım ulu öndər Heydər Əliyevin həyat yoldaşı kimi hər zaman dahi siyasət xadiminin fəaliyyətinə dəstək olmuşdur. Yüksək mədəniyyətə sahib olan Zərifə xanım bir çoxları üçün son ümid yerinə çevrilmişdi".

Prezident İlham Əliyev onu da vurğulayırdı ki, daim insanlara yardım etmək amalı ilə yaşayan Zərifə xanımın unudulmaz obrazı hər zaman əziz və doğma olaraq qalacaq. Çünki Zərifə xanım əsl ziyalı idi və Azərbaycan xanımına xas olan bütün müsbət keyfiyyətləri özündə təcəssüm etdirirdi: "Mən xoşbəxtəm ki, Zərifə xanım kimi anam olub".

Ölkənin birinci şəxsinin xeyirxah xanımı...

 

Zərifə Əliyeva barədə "AzərTac" tərəfindən maraqlı bir məqalə hazırlanıb. Məqalədə bildirilir ki, Zərifə xanım Əliyeva müasir, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, bütün mənalı ömrünü Vətəninin və xalqının tərəqqisinə həsr etmiş dahi şəxsiyyətin - ümummilli lider Heydər Əliyevin vəfalı ömür-gün yoldaşı, sədaqətli dostu və etibarlı silahdaşı olub":Vaxtilə Əziz Əliyevin ailəsində görüb-götürdükləri yaxşı bir təcrübə kimi ölkənin birinci şəxsinin xanımı olduğu zamanlarda köməyinə çatıb. O, ulu öndərimizə mənəvi dayaq, arxa olub. Akademik Zərifə Əliyevanın alim kimi qazandığı böyük uğurlar Azərbaycan tibb elminin tarixində ayrıca bir mərhələ təşkil edir. Onun elmi fəaliyyəti çox zəngin və əhatəli olub. İstedadlı alim kimi oftalmologiyanın aktual mövzularına həsr edilmiş çoxprofilli tədqiqatlar aparıb və dəyərli elmi-tədqiqat işləri yazıb. Müxtəlif göz xəstəliklərinin müalicə və profilaktika tədbirlərinin işlənib hazırlanması ilə məşğul olan Zərifə xanım özünün tədqiqat işlərini traxomanın müalicəsi ilə bağlı məsələlərə, habelə traxomanın və onun ağır nəticələrinin müalicəsi zamanı o dövrdə yeni olan antibiotiklərin imkanlarından səmərəli istifadə etməyin öyrənilməsinə həsr edib. Bu tədqiqatların nəticələri Zərifə xanım Əliyevanın 1960-cı ildə "Sintomisin terapiya metodlarının başqa birləşmələri traxomanın müalicəsi" mövzusunda müvəffəqiyyətlə müdafiə etdiyi namizədlik dissertasiyasının əsasını təşkil edib. 1968-ci ildən başlayaraq Zərifə xanım Əliyeva professional oftalmologiyanın problemləri ilə ciddi məşğul olub. Bu sahənin əhatə dairəsinin çox geniş olmasına baxmayaraq, gözün peşə xəstəlikləri probleminə dərin və çoxsahəli marağını Zərifə xanım Əliyeva bütün həyatı boyu itirməyib. Alim dünyada ilk dəfə olaraq peşə patologiyasını araşdıran elmi-tədqiqat laboratoriyası yaradıb və praktiki olaraq elm aləmində yeni bir istiqamətin - peşə oftalmologiyasının əsasını qoyub. Apardığı tədqiqatların gedişində "Göz yaşının axmasının fiziologiyası", "Gözün və görmə sinir yolunun yaşla əlaqədar dəyişiklikləri", "Gözün hidrodinamik sisteminin anatomik fizioloji təbiəti" və s. kimi onlarla elmi məqalə və monoqrafiya çap etdirib".

Gərgin elmi zəhmətin bəhrəsi...

"AzərTac" yazır ki, uzunmüddətli müşahidələrin və tədqiqatların nəticələri görkəmli həkimin "Azərbaycanın kimya sənayesinin bəzi müəssisələrinin işçilərinin görmə üzvünün vəziyyəti" mövzusunda doktorluq dissertasiyasının əsasını təşkil edib. 1976-cı ildə Q. Helmqolts adına Moskva Göz Xəstəlikləri İnstitutunda həmin dissertasiyanın müdafiəsi zamanı Sovet İttifaqının aparıcı alimləri Zərifə xanımın elmi əsərlərini çox yüksək qiymətləndirib.

Zərifə xanım Əliyevaya 1977-ci ildə tibb elmləri doktoru elmi dərəcəsi verilib.

Görmə orqanının peşə patologiyası sahəsində apardığı elmi-tədqiqat işlərinin uğurlu nəticələrinə görə akademik Zərifə Əliyeva keçmiş SSRİ-nin oftalmologiya sahəsində ən mötəbər mükafatı olan SSRİ Tibb Elmləri Akademiyasının M.İ.Averbax adına mükafatına layiq görülüb. Keçmiş SSRİ-də bu mükafatı alan ilk qadın alim kimi onun adı oftalmologiya elminin tarixinə düşüb.

Şəfalı əllərin işığı, yaxud ürəkdən süzülən nəğmələr...

Zərifə xanım haqlı olaraq belə hesab edirdi ki, həkimin peşə mövqeyi onun xəstəyə münasibətini müəyyənləşdirən başlıca amildir: "Yalnız o şəxs əsl həkimdir ki, xəstənin ağrılarını məhz özünün ağrıları hesab edir. Belə bir həkim üçün hər dəfə xəstəni qəbul etmək , hər dəfə xəstəliyə düçar olmuş insanla söhbət etmək həm xəstə qarşısında, həm də cəmiyyət qarşısında, ən başlıcası isə, öz vicdanı qarşısında əxlaqi məsuliyyət deməkdir".

Mənbə yazır ki, özünün zəngin tibb təcrübəsinə və həyat müdrikliyinə əsaslanan Zərifə xanım Əliyeva həkimin xəstə ilə necə davranmağına dair tövsiyələr verirdi. Bu münasibətlərdə həkimin "sözlə" müalicə edə bilmək bacarığını ön plana çəkirdi. Onun fikrincə, səhiyyə işçisinin əxlaqının əsaslarını səmimiyyət, xəstəni başa düşmək bacarığı, xeyirxahlıq, təvazökarlıq, təmənnasızlıq təşkil edir.

Akademik Zərifə Əliyeva həm də görkəmli ictimai xadim idi. Zərifə xanımın fəxri adları, elmi titulları, mükafatları çoxdur. Bu adların hər biri qürur, iftixar mənbəyidir. Professor N.Şulpina Zərifə xanım Əliyevanı belə xarakterizə edib: "Biz onu sevmişik, sevirikömrümüzün sonuna qədər sevəcəyik. Zərifə xanımın bədii duyumu, bədii istedadı bənzərsiz idi. Zərifə xanım necə böyük məharətlə ifa edir, nəğmələr oxuyurdu. Onun incə barmaqları sürətlə pianonun dilləri üstündə gəzir, toplaşdığımız otağı bəzən gur, bəzən də həzin musiqi sədaları bürüyürdü".

 

İradə SARIYEVA

Bakı xəbər.-2014.- 12 noyabr.- S.15.