Şərqşünas alim Aida İmanquliyeva...

 

İnsan var həyatdan gedir, ancaq onun yoxluğu hiss olunmur. İnsan da var ki, dünyadan köçəndə yeri hər an hiss edilir. Qadınlıq adını ucaldan, ona şərəf gətirən elə şəxsiyyətlər tarixdə yaşayıb ki, onlara hər zaman ehtiyac olur. Aida İmanquliyeva həm bir gözəllik, həm bir analıq, həm bir qadınlıq, həm də alimlik simvolu kimi insanların şüurunda, yaddaşında yaşayır.

Zamanın mükəmməl yetişdirdiyi bu böyük qadın zərif cinsin nümayəndəsi olsa da, bir kişinin görə biləcəyi cəsarətli və böyük işlərə öz dəst-xəttini qoyub. Bir çox ilklərə imza atıb bu böyük qadın. Şübhəsiz, Azərbaycan tarixində çox böyük, əzəmətli, hünərli qadınlar olub. O qadınların hər biri xalqımızın, tariximizin, dövlətimizin başucalığı, üzağlığıdır.

Ömrünün böyük hissəsini elmə həsr edən Aida İmanquliyeva zərif ürəyinin hökmü ilə elmin çox çətin bir sahəsi ilə məşğul olub. Aida Nəsir qızı İmanquliyeva şərqşünas, ədəbiyyatşünas, tənqidçi, tərcüməçi olub, 1981-ci ildə Azərbaycan Yazıçılar Birliyinin üzvü, 1987-ci ildə filologiya elmləri doktoru adını qazanıb. Azərbaycana çox dəyərli övladlar bəxş edib. Ölkəmizin birinci xanımı Mehriban Əliyevanın və Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının rəhbəri, professor Nərgiz Paşayevanın anasıdır. Hər iki xanımın xalqımızı ləyaqətlə təmsil etdiyi məlumdur.

Ömürdən yarpaqlar...

Görkəmli şərqşünas alim, professor Aida xanım İmanquliyeva 1939-cu il oktyabrın 10-da Bakı şəhərində görkəmli jurnalist, ictimai xadim, unudulmaz ziyalı Nəsir İmanquliyevin ailəsində anadan olub. Burada 132 saylı orta məktəbi qızıl medalla bitirdikdən sonra 1957-1962-ci illərdə Azərbaycan Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin ərəb şöbəsində təhsil alıb. 1966-cı ildə Moskvada SSRİ Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunda ərəb filologiyası üzrə aspiranturanı bitirib, 1966-1976-cı illərdə Azərbaycan Elmlər Akademiyasının Yaxın və Orta Şərq Xalqları İnstitutunda kiçik elmi işçi, sonra baş elmi işçi, 1976-1988-ci illərdə ərəb filologiyası şöbəsinin müdiri, 1988-1991-ci illərdə elmi işlər üzrə direktor müavini və 1991-ci ildən həmin institutda direktor vəzifəsində çalışıb.

Elmdə ilk uğurları...

"Mixail Nüaymə və XIX əsr qabaqcıl rus ədəbiyyatı" adlı ilk mətbu məqaləsi "Azərbaycan" jurnalında (1964, N 12) dərc olunub. O, Livan yazıçısı M.Nüaymənin bir neçə hekayəsini ərəb dilindən ruscaya çevirərək "Vostoçnıy almanax"da (Moskva, 1979, VU buraxılış) çap etdirib. Müasir ərəb ədəbiyyatının aktual problemləri və rus-ərəb ədəbi əlaqələri haqqında məqalələri dövri mətbuatda - toplularda və elmi-kütləvi məcmuələrdə müntəzəm çap olunub.

Azərbaycan Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun nəşr etdirdiyi "Ərəb filologiyası məsələləri" məcmuəsinin tərtibçisi və redaktoru olub (1971-1973-1979-1981). "Şərq şairləri Lenin və Sovetlər ölkəsi haqqında" (1970), "Böyük Oktyabr və Şərq xalqlarının milli azadlıq mübarizəsi" (1977), "Sovet Azərbaycanı və xarici Şərq" (1980), "Yaxın Şərq xalqlarının müasir ədəbiyyatında tərəqqi və ictimai ədalət uğrunda mübarizə problemi" (1982), "Yaxın və Orta Şərqdə milli azadlıq hərəkatı məsələləri" (1985), "Şərq filologiyası məsələləri" (1986-1987), "Yaxın Şərq xalqları ədəbiyyatı imperializmə qarşı mübarizədə" (1987), "Xarici Şərqin problemləri: tarix və müasirlik" (1988), "Şərq ədəbiyyatında ənənə və novatorluq" (1988) məqalələr məcmuələrinin redaksiya heyətinin üzvlərindən, müəlliflərindən və redaktorlarından biri olub. İctimai işlərdə fəal çalışıb.

1987-ci ildə Ümumittifaq Şərqşünaslar Cəmiyyəti Rəyasət Heyətinin üzvü və 1983-cü ildən Cəmiyyətin Azərbaycan bölməsi sədrinin müavini olub. Moskva, Bakı, Düşənbə, Hamburq şəhərlərində keçirilən Şərq problemlərinə həsr olunmuş beynəlxalq konfranslarda məruzələrlə çıxış edib.

Qeyd edək ki, görkəmli ərəbşünas alim professor Aida Nəsir qızı İmanquliyevanın xatirəsini əbədiləşdirmək üçün BDU Şərqşünaslıq fakültəsində əlaçı tələbələrdən birinə onun adına təqaüd verilir.

Nəcib Azərbaycan qadını...

Azərbaycanın birinci xanımı Mehriban Əliyeva səhifəsində görkəmli alim haqqında daha geniş məlumat yer alıb.

Səhifədə təqdim edilən "Aida İmanquliyeva" yazısında qeyd edilir":Elm aləmində nadir istedada malik elə şəxsiyyətlər var ki, onların elmə gətirdiyi yenilik və çəkdikləri zəhmətin tam həcmi zaman və elmi təfəkkür inkişaf edib zənginləşdikcə aydın dərk edilir. İstedadlı alim, ictimai xadim, gözəl qadın və ana olan Aida Nəsir qızı İmanquliyeva belə alimlərdən, belə şəxsiyyətlərdəndir.

Aida Nəsir qızı İmanquliyeva 1939-cu il oktyabrın 10-da Bakı şəhərində anadan olub. Atası görkəmli jurnalist, pedaqoq, əməkdar elm xadimi Nəsir İmanquliyev Azərbaycan mətbuatının bünövrəsini qoyanlardan biri olub, uzun müddət "Bakı" və "Baku" qazetlərinin baş redaktoru işləyib. Anası Gövhər İmanquliyeva (Sultanzadə) Şamaxıda əsilzadə ailəsində anadan olub. Aida xanımda Azərbaycan qadınlarına xas olan ən nəcib keyfiyyətlər təcəssüm edirdi. Onun ömür yolu həyatın, varlığın əsasında duran mənəvi bağları qurmağa, tamlığa, vəhdətə can atan bir insan idrakının, bir ana, bir qadın ruhunun təcəssümü olub. Onun bütün elmi-bədii yaradıcılığı, ictimai fəaliyyəti də bütövlüyə, vəhdətə can atan xarakterin ifadəsi olub. Bəlkə elə bu xarakterin ifadəsidir ki, xalqımızın tarixində ilk azərbaycanlı qadın - ərəbşünas - elmlər doktoru olan bu böyük alim öz həyatını xalqının tarixinin, ənənələrinin minillik dərin köklərlə bağlı olduğu Şərq mədəniyyətini və ədəbiyyatını öyrənməyə sərf edib və özünün şəxsiyyəti və yaradıcılığı timsalında dünənimizlə bu günümüz arasındakı əlaqə bağlarını bərpa etməyə çalışıb..."

Aida İmanquliyeva ərəbşünas alim və bədii tərcümə ustadı kimi...

Yazıda Aida xanımın geniş fəaliyyətindən bəhs edən müəllif onun elmi potenisialını yüksək qiymətləndirib. Yazıda bildirilir: "Aida İmanquliyeva bir mütəfəkkir alim kimi düşüncə sistemi və təfəkkür tərzi ilə Qərbin və Şərqin mərkəzində yerləşən bir Azərbaycan modelidir. Aida İmanquliyevanın qələmi ilə düşüncələrdə çəkdiyi "İpək yolu" - dünyanın Qərbi ilə Şərqini birləşdirən ədəbi-fəlsəfi fikir sistemi özlüyündə həm dünya mədəniyyətinin, ümumbəşəri mənəvi dəyərlərin öyrənilməsi, həm də və ən başlıcası isə, milli özünüdərkin ifadəsi olub. Aida xanımın elmi yaradıcılığı çox zəngindir. Onun nəzəri tədqiqat dairəsini ümumiləşdirən "Ərəb filologiyası məsələləri", "Şərq filologiyası məsələləri", "Şərqin problemləri: tarix və müasirlik" və onlarca digər məqalə və elmi əsərləri alimin elmi maraq və tədqiqat əhatəsinin çox geniş və müxtəlif sahələrə, yalnız filologiya elminin deyil, digər ictimai-humanitar elmlərin sərhədlərinə də nüfuz etdiyinin göstəricisidir. Aida xanım İmanquliyevanın elmi fəaliyyətinin maraq dairəsi geniş və çoxşaxəlidir. Onun çoxsaylı elmi əsərlərində (3 monoqrafiya ("Mixail Nuayme və "Qələmlər birliyi", "Cubran Xəlil Cubran", "Yeni ərəb ədəbiyyatının korifeyləri") və 70-dən artıq elmi məqalə) Qərb və Şərq mədəni ənənələrinin sintezi, yaradıcı üslubun inkişafı və yeni bədii cərəyanların təşəkkül tapması tədqiq olunur ki, bu da nəinki ərəb ədəbiyyatının, həmçinin bütün yeni Şərq ədəbiyyatlarının gələcəkdə tədqiqi üçün çox mühüm zəmin yaradır. Aida xanım yalnız yaradıcılığı ilə deyil, həm də təşkilatçılıq bacarığı, rəhbərlik fəaliyyəti ilə öz həyatının missiyasına - yaşadığı mühit və rejim çərçivəsində Azərbaycan milli özünüdərkinin qorunub saxlanması, inkişafı idealına sadiq qalıb. İstedadlı gənc alim Aida İmanquliyeva 1967-ci ilin martında Moskvada namizədlik dissertasiyasını uğurla müdafiə edərək filologiya elmləri namizədi alimlik dərəcəsini aldıqdan sonra elmi fəaliyyətini Azərbaycan EA-nın Yaxın və Orta Şərq Xalqları İnstitutunda davam etdirib. O əvvəlcə "Ərəb ədəbiyyatı" qrupunda kiçik elmi işçi vəzifəsində çalışıb və 1972-ci ildən etibarən qrupun rəhbəri, 1976-cı ildən isə institutda yenicə yaradılmış "Ərəb filologiyası" şöbəsinin müdiri vəzifələrində işləyib. Aida xanım həmin şöbəyə rəhbərlik etdiyi müddətdə 10 nəfər ərəbşünas namizədlik dissertasiyalarını müdafiə edərək filologiya elmləri namizədi alimlik dərəcəsinə yiyələnib. Şərqşünaslıq İnstitutunun elmi, ictimai-siyasi həyatında yaxından iştirak edən Aida İmanquliyeva işgüzar fəaliyyətinə görə 1988-ci ildə institutun elmi işlər üzrə direktor müavini vəzifəsinə təyin olunub, bir il sonra isə uzun illər üzərində işlədiyi doktorluq dissertasiyasını müdafiə edərək filologiya elmləri doktoru adına layiq görülüb. Beləliklə, Azərbaycanda ərəb ədəbiyyatı üzrə ilk elmlər doktoru, ilk professor - qadın olan Aida İmanquliyeva vəzifə pillələrində irəliləməkdə davam edir. O, 1991-ci ilin avqustundan Şərqşünaslıq İnstitutunda direktor vəzifəsini icra etməyə başlayıb və həmin ilin dekabrında isə direktor vəzifəsinə təyin olunub. Aida xanım İmanquliyeva elmi işlərlə yanaşı, pedaqoji fəaliyyətlə də məşğul idi. O, Azərbaycan Dövlət Universitetinin Şərqşünaslıq fakültəsində ərəb ədəbiyyatından dərs deyirdi. Elə məhz buna görə də SSRİ Nazirlər Soveti yanında fəaliyyət göstərən Ali Attestasiya Komissiyasının qərarı ilə ona "Xarici Asiya və Afrika xalqları ədəbiyyatı" ixtisası üzrə 1991-ci ilin mart ayında professor elmi rütbəsi verilib. Aida İmanquliyevanın elmi, ictimai - siyasi fəaliyyətindən danışarkən onun tərcüməçilik fəaliyyətini də unutmaq olmaz. Məsələn, o, 70-ci illərdə universitetin Şərqşünaslıq fakültəsinin ərəb dili müəllimi, filologiya elmləri namizədi M.Qarayevlə birlikdə "İnsan və quş" adlı hekayələr məcmuəsini çap etdirir. Bundan əlavə, "Ərəb filologiyası" şöbəsinin əməkdaşlarının tərcüməsində İraq yazıçılarının əsərlərindən ibarət bir kiçik antalogiyanın tərcüməsində və çapında da Aida xanımın gərgin əməyini xüsusi qeyd etmək lazımdır. "Ağ günlərin sorağında" adlanan həmin məcmuədə Aida xanımın tərcüməsində İraq yazıçısı Mahmud əz-Zahirin "Boğulmuş hıçqırıqlar" adlı hekayəsi də öz əksini tapıb. Bunlardan əlavə, Aida xanım müxtəlif illərdə respublikanın nəşriyyat orqanları tərəfindən ərəb ədəbiyyatı ilə bağlı çap olunmuş neçə-neçə kitaba ön söz yazıb, neçə-neçə kitabın elmi redaktoru olub".

Kövrək ürəkli Aida xanım

Müəllif yazır ki, Aida xanım İmanquliyeva çox zərif, kövrək bir insan, həddindən artıq nəvazişkar və diqqətli bir adam idi":O, yaxınlarından tez-tez xəbər tutan, onların işi ilə maraqlanan, müşküllərini həll etməyə çalışan dost idi.

Gündəlik gərgin iş rejimi Aida xanımı xanımlıqdan məhrum edə bilməmişdi. O, hər şeydən əvvəl öz ailəsini, həyat yoldaşını çox sevən gözəl qadın, qayğıkeş bir ana idi. Aida xanım sevimli qızları Nərgizin və Mehribanın təlim-tərbiyəsi ilə çox ciddi məşğul olardı. Aida xanım elmi-inzibati işlərlə həddindən çox yüklənməsinə baxmayaraq, sevimli nəvələrini bir an unutmaz, onların qayğısını və nazını çəkərdi.

Aida İmanquliyeva 1992-ci ilin 19 sentyabrında vəfat edib. İnsan bu dünyada müvəqqəti bir varlıqdır. Ancaq bu müvəqqəti həyatda insanın qəribə bir qabiliyyəti var ki, onun köməyi ilə özünə ölməzlik qazana bilir. Bu, gözəl əməl, xeyir iş, başqalarına fayda verən yaradıcılıqdır. Aida İmanquliyeva öz qısa ömründə bu şərtlərin hamısını yerinə yetirib, ürəklərdə özünə abidə qoyub. Demək, sağlığında ölməzlik qazanıb".

 

İradə SARIYEVA

Bakı xəbər.-2014.- 14-16 noyabr.- S.15.