Dünya
aşıqlarının Azərbaycan təəssüratları...
İran və
Türkiyədən gələn aşıqlar maraqlı təkliflər
verdi...
II Beynəlxalq
Aşıq Festivalı keçirildi
Məlum oluğu kimi, noyabrın 12-də Heydər Əliyev Fondunun, Mədəniyyət və Turizm Nazirliyinin və Azərbaycan Aşıqlar Birliyinin təşkilatçılığı ilə Azərbaycan Dövlət Musiqili Komediya Teatrında II Beynəlxalq Aşıq Festivalının təntənəli açılış mərasimi keçirildi... Türk ellərindən gələn el aşıqları bu festivalda ulu ozan sənətinin müasir səviyyəsini sərgilədilər.
Festival öncəsi pərdə arxasında böyük bir canlanma, həyəcan duyulurdu. Müxtəlif türk respublikalarından gələn qonaqlar da, Azərbaycan aşıqları da ciddi məşqlər edirdi. Hər tərəfdən sazın ecazkar səsi eşidilirdi. Səhnə arxasında görkəmli Azərbaycan aşığı İsfəndiyar Rüstəmov öz sanbalı, ağır ləngəri, ustad görünüşü ilə gənc aşıqları başına toplayıb onlara müxtəlif tövsiyələr verir, səslərini, sazlarının kökünü yoxlayırdı. Səhnəyə çıxmağa hazırlaşan gənclər ustadı üzük qaşı kimi dövrəyə alıb onu dinləyirdilər. Açığı, bu mənzərəni görəndə gözlərim yaşardı. Demək, hələ aşıq sənəti yaşayır, hələ ustad-şəyird ənənəsi dirçəlir.
Ustad aşığın xeyir-duası...
Aşıq İsfəndiyarın festivalla bağlı təəssüratlarını "Bakı-Xəbər" oxucularına çatdırmaq üçün ustadı söhbətə tutdum.
Aşıq İsfəndiyar bildirdi ki, bu festivalın təşkili aşıqların qarşılıqlı əlaqələrinə müsbət təsir göstərir":İndi aşıqlar çoxdur, saz çalıb oxuyurlar, qulaq asırsan. Ancaq festivallarda dünyanın başqa yerlərində yaşayan aşıqları görürsən, ünsiyyət qurursan, əlaqə yaradırsan, dostlaşırsan. Mən bunu eyni kökə malik olan dövlətlərin bir-biri ilə qurduğu mədəni əlaqələrin tərkib hissəsi sayıram. Dövlətimiz, şəxsən cənab İlham Əliyev aşıq sənətinə böyük dəyər verir. Mehriban xanımın da bu sahədə gördüyü işlər ölçüyəgəlməzdir. Prezident təqaüdçüsüyəm, əməkdar mədəniyyət işçisiyəm. Bilirsiniz ki, Gədəbəydə aşıq ansamblı yaratmışam, festivala da ansamblımla gəlmişəm. Allah ulu öndərə rəhmət eləsin. 1981-ci ildə Azərbaycan SSR-in 30-cu qurultayında Heydər Əliyev məni aşıqlara rəhbər seçdi. Yaxşı konsert verdik. Aşıqların çıxışı Heydər Əliyevin çox xoşuna gəldi. Orda qərar verdi ki, Gədəbəy aşıq ansamblına Xalq aşığı adı verilsin. Artıq festival başlayıb, çox gözəl işdir. Festival bölgələrdə də keçiriləcək. Arzu edirəm ki, gün gəlsin, mənim aşıqlar ansamblımın da iştirakı ilə aşıqlar Şuşa qalasında belə bir festival keçirsin. Bayrağımız Şuşada dalğalansın".
"...Aşıq sənəti ilə bağlı tədbirlər bundan da artıq olmalıdır"
Təbriz Aşıqlar Birliyinin rəhbəri, ustad aşıq Səlcuq Şahbazinin də festivalla bağlı fikirlərini öyrəndim.
Ustad aşıq festivalın keçirilməsini yüksək qiymətləndirsə də, aşıq bayramlarının, saz şölənlərinin az keçirilməsindən narahat olduğunu dedi":Aşıq özü böyük bir elçidir. Aşıq el içində sülh yaradan, qan bağışladan olub həmişə. Təsəvvür edin ki, 70 il Sovetin əsgəri sərhəddən silahını İrana tərəf tutmuşdu, quş uçsaydı belə onu vururdular, eləcə də İran əsgəri silahını bu tərəfə tuşlayırdı. Ancaq bu aşıq sənətinə təsir edə bilmədi. O tay, bu tay aşıqları bir ağızda danışdı, burda nə havalar var, orda da həmin havalar çalınıb-oxunur. Aşıq dili yüyrəkdir, o qolsuz-qanadsız da hər yana uçub gedə bilir. Aşıq sənətini festivallar ayaqda saxlaya bilməz, bu formal şeydir. Bu sözü deməklə görülən işlərə kölgə salmaq istəmirəm. İştirak etdiyimiz festivalı Heydər Əliyev Fondu, Mədəniyyət və Turizm Nazirliyi, Aşıqlar Birliyi təşkil edib. Var olsunlar, çox gözəl iş görürlər, aşıq sənətini təbliğ edirlər. Ancaq hesab edirəm ki, aşıq sənəti ilə bağlı tədbirlər bundan da artıq olmalıdır. Mənim Mədəniyyət və Turizm Nazirliyindən, dövlətdən xahişim odur ki, bu cür tədbirlər daha geniş olsun. Bizdə o imkan yoxdur. İran hökuməti bu sənətə yiyə durmur. Amma burda bizim hökumət, Mehriban xanım, nazirlik qərar verməlidir ki, işlər daha geniş miqyas alsın, heç olmasa bu festival ildə bir dəfə keçirilsin. Mən bu tayı da öz dövlətim, hökumətim bilirəm. Azərbaycan dövləti aşıq sənətinə qayğı göstərir. Heç olmasa ildə bir neçə dəfə aşıq şölənləri, saz bayramları keçirilsin. Ümumilikdə, festivalı yüksək qiymətləndirirəm və Təbrizdən gətirdiyim aşıqlarla bu festivalda iştirak edirəm".
Türkiyədən gələn beş aşıq...
Türkiyədən gələn aşıqlar da festival qabağı məşq edirdi. Onlara da yaxınlaşdım və festivala türkiyəli ozanların da münsibətini öyrəndim.
Aşıq Maksut Fəryadi Qoca: "Mən
İstanbuldan gəlmişəm. Birinci Beynəlxalq Aşıqlar
Festivalında da iştirak etdim. İndi də
qatılmışam. Aşıqlıq ənənələrinin
inkişafı, yaşaması üçün bu cür tədbirlərin
keçirilməsi çox önəmlidir. Hesab edirəm, Türkiyədə də, Azərbaycanda
da, digər türk cümhuriyyətlərdə də belə
festivallar, aşıq bayramları tez-tez təşkil olunsun.
Bunun əhəmiyyəti böyük olar. Çünki yeni gələn nəsil
aşıqlıq gələnəyindən xəbərsizdir və
aşıq sənətini yalnız bir əyləncə kimi qəbul
edirlər. Ancaq aşıq sənəti
düşündürücü, maarifləndirici bir sənətdir
və onun ana axarında fəlsəfi dünyagörüş
dayanır. O üzdən gənclər arasında
aşıq sənətini təbliğ etmək, onları saza
yönəltmək üçün bu cür tədbirlərin
sıx-sıx keçirilməsi vacibdir. Bir təklifim var:
yaxşı olardı ki, hər ölkədən hər dəfə
fərqli iki aşıq dəvət etsinlər, Azərbaycandan
da hər bölgədən iki aşıq seçilsin və
festival elə davam etsin. Çünki hər ölkədən
gələn aşıqlara bir yerdə cəmi beş
dəqiqə vaxt verirlər, bununla aşıq
özünü, sənətini necə ifadə edə bilər?
Amma az adam olsa aşıq sənəti
lazımi səviyyədə təqdim oluna bilər. Türkiyədə hər həftə aşıq
bayramı, saz şöləni keçirilir. Azərbaycanda da artıq bu ənənənin əsası
qoyulur. Mən buna görə Azərbaycan
dövlətinə, bu işə əməyi keçən hər
bir insana təşəkkür edirəm".
Türk
elləri bir arada...
Türkiyədən
gələn digər iştirakçı aşıq Kambari də
festivalın keçirilməsinə yüksək dəyər
verdiyini bildirdi":Bu festival aşıq sənətini
inkişaf etdir, onu daha irəliyə aparır. Bu
işdə əməyi keçənlərin hər birinə
təşəkkür edirəm".
Ankaradan tədbirə
qatılan aşıq Sinemi":Bu
festivalın keçirilməsindən məmnunluq duyuram. Bütün türk cumhuriyyətlərində olan
aşıqların bir araya gəlməsi böyük
işdir. Onlarla bir araya gəlmək
çox xoşdur. Azərbaycan dövlətinin
bu festivala verdiyi dəyər məni çox sevindirdi. Görürsüz ki, tədbir necə rəngarəngdir,
hər ölkə bir güldür bu çələngdə,
hər birinin də ayrıca qoxusu, gözəlliyi var".
İzmirli
aşıq Turqut Yılmaz":Milli mədəniyyətin,
milli sənətin ayaqda durmasına, söz sahibi olmasına
türk aləminin böyük ehtiyacı var. Bu tədbirin
keçirilməsini yüksək qiymətləndirəm və
təşkilatçılara təşəkkür edirəm".
Bu sənət
zəifləsə, türk ruhunda duyğular zəifləyər...
Türkiyənin ünlü aşığı, Qarsda
aşıq sənəti ənənələrinin yüksək
səviyyədə yaşamasında əməyi olan
ünlü aşıq Günay Yıldızı festival
iştirakçıları arasında görəndə
çox sevindim. Aşıq Günaydan da festivalla
bağlı münasibət öyrəndim.
Qonağımız bildirdi ki, belə bir festival çərçivəsində
türk dünyasının bir araya gəlməsini yüksək
qiymətləndirir: "Qarsdan gəlmişəm. Aşıqlar Festivalının təşkilini bəyənirəm.
Burada qədim ənənələrə malik
olan aşıq-ozan sənəti təbliğ olunur. Əski mədəniyyəti yaşatmaq lazımdır.
Çünki bu mədəniyyət dədələrimizin,
babalarımızın bizə əmanət qoyub getdiyi
çox dəyərli mirasdır. Bu
gün türk dünyasında aşıq sənətinin,
sazın təbliğinə böyük ehtiyac var. Bu, ənənələri,
kökləri olan sənətdir. Festivalda
müxtəlif yerlərdən gələn aşıqlar
görüşür, dostlaşır, doğmalaşır.
Sazın kökündə həqiqət, mərifət,
şəfqət, qardaşılıq, dostluq, sülh-əminamanlıq
var. Bəlkə sazın təbliği gənclərimizin
öz gələcəyini qurması üçün bir
istiqamət olacaq. Bu sənət zəifləsə
türk dünyasının ruhundakı duyğular, əlaqələr
zəifləyər. Azərbaycanda,
İranda da bu festivallar keçirilir. Amma
Türkiyədə bu daha yüksək səviyyədə
keçirilir. Çox istəyirəm ki,
27 türk dövlətinin hamısında bu festivallar,
aşıq şölənləri keçirilsin. Bu ənənənin yaşaması önəmlidir və
bizlər də buna görə Azərbaycandayıq".
"...Festivalların
sayı da artacaq, keyfiyyəti də gözəl olacaq"
Festivalla bağlı xalq şairi, Azərbaycan
Aşıqlar Birliyinin sədri Zəlimxan Yaqubdan da
açıqlama götürdüm. Birlik sədri festival haqda bunları
dedi":Artıq ikinci dəfədir ki, bu
festival keçirilir. Tədbirin təşkilindən,
hazırlanmasından çox razıyam. Bu
gün bu sənətə böyük məhəbbət var.
Bu məhəbbət xalqın özündən gəlsə də,
dövlət tərəfindən verilən yüksək qiymət
də xalqı ruhlandırır. Bu məsələdə
xalqla dövlətin sözü bir yerdə olduğu
üçün hər şey gözəl olur".
Zəlimxan müəllim, mən pərdə arxasında
türk ellərindən gələn aşıqlarla
danışdım, festivalın keçirilməsindən
çox razıdırlar. Ancaq onlardan bəziləri
təklif etdilər ki, belə festivallar, aşıq
şölənləri tez-tez keçirilsin. Bu təkliflə
razılaşırsınızmı?
Zəlimxan
Yaqub: "Bu həm dövlətin imkanları, həm də
maddi və mənəvi vəziyyətlə
bağlıdır. Festivalı iki ildən tez
keçirmək qeyri-mümkündür. Zarafat
deyil, görün nə qədər ölkədən təmsilçilər
gəlib. Onları dəvət etmək,
qarşılamaq, yerləşdirmək, təmin etmək
çətindir. Ancaq hesab edirəm ki,
getdikcə bu cür festivalların sayı da artacaq, keyfiyyəti
də gözəl olacaq".
II Beynəlxalq
Aşıq Festivalını mədəniyyət və turizm
nazirinin müavini Vaqif Əliyev açaraq festivalın
işinə uğurlar arzuladı və Azərbaycan dövləti
adından türk ellərindən gələn
aşıqları, iştirakçıları salamladı":Türkiyədən,
Türkmənistandan, Özbəkistandan, Qazaxıstandan,
Gürcüstandan, Dağıstandan festivala qatılan
aşıqları, Azərbaycan aşıqlarını, tədbir
işirakçılarını salamlayır, onlara saz-söz
diyarı olan Azərbaycana xoş gəlmisiniz deyirəm. Bildiyiniz kimi, Heydər Əliyev Fondunun təşəbbüsü
və yaxından köməyi ilə 2009-cu ildə Azərbaycan
aşıq sənəti YUNESKO-nun bəşəriyyətin
qeyri-maddi mənəvi irsinin Reprezentativ siyahına
salınıb. Haqlı olaraq aşıq sənəti
dünya mədəniyyət inciləri sırasında
özünə layiqli yer tutub..."
Nazir müavini dövlət tərəfindən
aşıq sənətinə qayğı göstərildiyini
və aşıq irsinin ləyaqətli şəkildə
qorunduğunu, təbliğ edildiyini də vurğuladı.
Sonra Aşıqlar Birliyinin sədri Zəlimxan Yaqub
çıxış edərək festival
iştirakçıların salamladı və bu festivalın
keçirilməsinin təşəbbüskarı olan Heydər
Əliyev Fonduna təşəkkür etdi. Bu festivalın sözün əsl
mənasında saz bayramı, el bayramı olduğunu deyən
Birlik sədri festivalın əhəmiyyətini
vurğuladı...
Z.Yaqubun
çıxışının ardınca səhnə
aşıqların ixtiyarına verildi...
Səhnəyə
Türkiyə, İran, Dağıstan,
Qırğızıstan, Özbəkistan, Türkmənistan,
Gürcüstan aşıqları ilə bərabər, Azərbaycan
aşıq mühitlərinin təmsilçiləri-Göyçə,
Naxçıvan, Qazax-Ağstafa, Tovuz, Gədəbəy, Kəlbəcər,
Laçın, Şirvan aşıqları və solo saz
ifaçıları dəvət edildi. Hər
bir türk elindən gələn aşıq öz məharətini
göstərdi, elinin, gününün mədəniyyətini
yaşadan sazını dilə gətirdi. Azərbaycan
aşıq mühitlərinin təmsilçiləri də hərə
öz bölgəsinə xas şəkildə aşıq sənətini
yüksək səviyyədə tərənnüm etdilər.
Aşıq sənəti tarixində böyük hadisəyə
çevirilən II Beynəlxalq Aşıq Festivalı
noyabrın 13-də Gədəbəydə davam etdirilib. Qeyd edək
ki, festival noyabrın 14-də Şəmkirdə, 15-də
Qazaxda, 16-da isə Tovuzda davam edəcək. Noyabrın 17-də festival
iştirakçılarının Ucarda da böyük konserti
olacaq. Aşıqlar Yevlax şəhərində
də sazsevərlərə öz ifalarını təqdim edəcək.
Uğurlar!
İradə SARIYEVA
Bakı xəbər.-2014.- 14-16 noyabr.- S.14.