Böyük maarifçi,
Qazax Müəllimlər Seminariyasının
yaradıcısı Firudin bəy Köçərli...
Zaman ağır yaralar vurub ürəyimizə. Bu yaralar o qədər
çoxdur ki, onu sağaltmaqda acizik. Xalqın
düşünən beyinlərinə, xalqın
balalarının xoş gələcəyi üçün
çırpınan ürəklərə o qədər
güllələr dəyib ki... Bu güllələrin
yeri yalnız bizim təmənnasız məhəbbətimizlə
örtülə bilər. Azərbaycanda
maarifçilik və elm hərəkatının
başında duran şəxsiyyətlərimizin
yaşadığı dövrdə min bir məşəqqətə
sinə gərdiyi, xalqın haqq işi uğrunda təmənnasız,
heç nə gözləmədən özünü qurban
verdiyi məlumdur.
Bu şəxsiyyətlər təhsilimizə, elm tariximizə,
mədəniyyətimizə, milli-mənəvi dəyərlər
sistemimizə çox böyük fayda verib, işıqlı
səhifələr açıblar.
Firudin bəy Köçərli Azərbaycan
maarifçilik hərəkatının önündə gedən,
xalqın övladlarının səadəti naminə şəhidliyini
qəbul edən bir şəxsiyyətdir. Bu unudulmaz
sima, bu yaddan çıxmaz insan neçə-neçə nəsil
sonra da yadda qalacaq.
Şuşanın
saf qəlbli ziyalısı...
Şuşa Azərbaycan elminə, mədəniyyətinə,
ictimai fikrinə çox dəyərli şəxsiyyətlər
bəxş edib. İşğal altında olan Şuşa
bir zamanlar elm, mədəniyyət, musiqi ocağı kimi səs
salırdı, onun yetirmələri dünyada məşhur
idi.
Firudin bəy Əhməd bəy oğlu Köçərli
26 yanvar 1863-cü ildə Şuşada anadan olub. 1920-ci ildə
isə Gəncədə faciəli şəkildə şəhid
edilib. Represiyaya ilk məruz qalan
ziyalılardan olub.
"Vikipediya"
Açıq Ensiklopediyasının yazdığına görə,
Firudin bəy
Köçərli görkəmli Azərbaycan maarifçisi,
pedaqoq, metodist, ədəbiyyatşünas, publisist kimi
böyük xidmətlər göstərib":Firudin
bəy Köçərli (Köçərlinski) 1876-cı
ildə Şuşadakı rus məktəbinə daxil olur. 1878-ci ildə Aleksey Çernyayevski Zaqafqaziya Müəllimlər
Seminariyasına tələbə toplamaq məqsədilə bu
məktəbə gəlir və bu yolla Firudin bəy öz
taleyini seminariya ilə bağlayır. 1879-1885-ci
illər ərzində o burada təhsil alır, 1895-1918-ci illər
ərzində dərs deyir. 1885-ci ildə
qısa müddət Firudin bəy İrəvan
Gimnaziyasında da dərs deyir. 1910-cu ildə
Qori Seminariyasının Azərbaycan şöbəsinin
müvəqqəti təlimatçısı təyin olunur,
1918-1920-ci illərdə onun təşəbbüsü ilə
həmin seminariyanın əsasında açılan Qazax
Müəllimlər Seminariyasının müdiri işləyib".
Gəncə
üsyanının qurbanlarından biri...
Gəncə üsyanı çox ailələrə bəla
gətirdi. Bu üsyanın qurbanlarından biri də
böyük vətənpərvər ziyalı, maarifçi
Firudin bəy Köçərli idi. Firudin
bəy Gəncə üsyanı yatırıldıqdan sonra XI
Ordunun xüsusi şöbəsi tərəfindən 1920-ci ildə,
əlli səkkiz yaşında güllələnərək
dünyasını dəyişir. "Vətən
dilinin" I hissəsinin (VII nəşr) yenidən işlənməsində
Firudin bəy Köçərlinin xidmətləri
böyükdür. O, 300-dən artıq dərsliyə
düzəliş edib, nəzəri materialı, hekayələri
artırıb, metodika və stilistikasını dəyişdirərək
zənginləşdirib. Köçərlinin
"Darı və buğda" əsəri "Vətən
dilinə" salınıb. Qeyd etmək
lazımdır ki, həyat yoldaşı Badisəba xanım Vəkilovlar
nəslinə mənsub idi.
151
yaşlı Firudin bəy
2013-cü ildə Azərbaycanın görkəmli ədəbiyyatşünas
alimi, tanınmış maarifpərvər, ictimai xadim,
publisist-yazıçı, tənqidçi və tərcüməçi
Firudin bəy Əhməd ağa oğlu Köçərlinin
anadan olmasının 150 illiyi tamam oldu.
Yazılı mənbələrdə qeyd olunur ki,
1886-cı ildə 23 yaşlı gimnaziya müəllimi Firudin
bəy Köçərli İrəvanda teatr tamaşası təşkil
edir. Qori Seminariyasının məzunu Firudin bəy
Köçərli 1885-ci ildə İrəvana gəlib və
həmin tamaşa-Mirzə Fətəli Axundovun (Axundzadə)
"Müsyö Жordan
və Dərviş Məstəli Şah"
komediyasının nümayişi İrəvan əhalisinin həyatında
böyük mədəni hadisəyə çevrilir. Lakin Firudin bəy Köçərli 1895-ci ildə
İrəvanı tərk edib. Bundan sonra
teatra 18 yaşlı Yunis Nuri rəhbərlik edib. 1945-ci
ilə kimi-düz 50 il bu vəzifəni
daşıyan Yunis Nurinin də xidmətləri teatrın
unudulmaz səhifələrindəndir.
Firudin bəyin qətl fərmanını kimlər
hazırlayıb?
Tarixi mənbələr
yazır":Liberman kabinetinə
qayıdıb yanından heç vaxt ayrılmayan, milliyyətcə
erməni olan, kimə və nəyə, hansı ideala qulluq
etdiyi bəlli olmayan Sarkis Danilyanın diktəsilə Firudin bəy
haqqında saxta hökm yazdı:
4 iyun
1920-ci il, Gəncə: "Mən, iyirminci diviziyanın
xüsusi şöbəsinin hərbi müstəntiqi bu
gün Firudin bəy Köçərlinskinin əksinqilabçı
kimi ittihamnaməsi üzrə işinə baxaraq və Qazax
İnqilab Komitəsinin ona verdiyi xasiyyətnaməni nəzərə
alaraq bildirirəm ki, müttəhim Köçərlinski
özünün hakimiyyətindən və böyük səlahiyyətindən
istifadə edərək zəhmətkeş xalqa
zorakılıq göstərib. Köçərlinski
Qazaxda Müsavat Partiyasının sədri olarkən millətçilik
ehtiraslarını qızışdırıb. Nəticədə qonşu millətlər
arasında toqquşmalar baş verib. Onun verdiyi izahat
heç də inandırıcı deyil... Müttəhim
Köçərlinskinin şahidlərin dindirilməsi
haqqında ərizəsini nəticəsiz qoymaq (rədd etmək)
lazımdır. Onun gələcəkdə azadlıqda
qalması Qazax qəzasında əksinqilabi hərəkatın
baş verməsinə, fəhlə və kəndlilərin
günahsız olaraq qanlarının tökülməsinə
səbəb ola bilər". Qərara
alınır: müttəhim Köçərlinski güllələnsin.
Təsdiq edirəm: 7 nömrəli Xüsusi
bölmənin rəisi Liberman Təsdiq edirəm: Fövqəladə
komissar H.Sultanov".
Görün, nə qədər təsirli bir hadisədir. Görün,
kimi kimlər ittiham edib. Cinayətkarın
cinayət törətməyən, ümumiyyətlə, cinayətin
nə olduğunu bilməyən şəxsiyyətə ittiham
irəli sürməsi gülüncdür. Tarix kimin kim olduğunu artıq sübut edib. Onun ölümünə fərman verənlər
tarixin qaranlıq zirzəmisində əbədi susmağa məhkum
edilib, əsl ziyalı, vətənpərvər maarifçi
Firudin bəy Köçərli isə xalqın, dövlətin
ürəyində bir məşəl kimi yanır və
yaşayır.
Bu gün
görkəmli maarifçi, pedaqoq, ədəbiyyatşünas
və publisist Firudin bəy Köçərlinin anadan
olmasından 151 il ötür.
Şuşanın
əsrarəngiz təbiəti və bənzərsiz şəxsiyyətləri
Firudin bəy Köçərli öz zəmanəsinin
ləyaqətli şəxsiyyəti olduğu kimi
günümüzün də qiymətli ziyalıları
sırasında özünə böyük yer tutur.
Bu
böyük insanla bağlı mətbuatda gedən
yazılarda qeyd edilir":XIX əsrin
ortalarında Azərbaycanın, o cümlədən
Şuşanın mədəni həyatında böyük
yüksəliş var idi. Məşhur ədəbiyyatşünas
alim Firudin bəy Köçərli Şuşanı
"Zaqafqaziyanın Şirazı" adlandıraraq Azərbaycan
ədəbiyyatı kitabında yazıb: "Şuşa
şəhərinin ab-havasının təsirindən və
torpağının bərəkətindən burada çox
zürafə, üdabə və şüarə vücuda gəlib.
Belə ki, Şuşa qalası Zaqafqaziyanın
Şirazı mənzərəsindən olub, ərbabi-zövqü
səfa və əhli-hal və sahibi-dil yatağı hesab
olunur".
Mənbələrdə o da yazılır ki, XIX əsrin
40-cı illərindən Şuşanın mədəni həyatında
xeyli yüksəliş baş verir. Yerli camaatın teatr
tamaşalarına meyli yüksəlir. Qafqazda
ilk teatr 1845-ci ildə Tiflis şəhərində tamaşaya
qoyulur. O vaxtlar Şuşa ilə
Tiflis şəhərləri arasında çox güclü
ticarət və mədəni əlaqələr var idi. Şuşada isə ilk tamaşa 1848-ci ildə səhnələşdirilir.
Azərbaycan dramaturgiyasının banisi Mirzə
Fətəli Axundovun Azərbaycan dilində yazdığı
ilk pyeslər bundan sonra mütəmadi olaraq Tiflisdə,
Bakıda və Şuşada tamaşaya qoyulmağa
başladı. 1870-ci ildə ilk dəfə
olaraq Şuşada Azərbaycan teatr sənətinin
yaradıcısı Mirzə Muxtar tərəfindən Azərbaycan
dilində tamaşa göstərildi. O dövrdə gənc
müəllimlərdən Firudin bəy Köçərli, Bədəlbəy
Bədəlbəyov, Əbdürrəhim bəy Haqverdiyev, Həsən
bəy Vəzirov və məşhur xanəndə Cabbar
Qaryağdıoğlu bu tamaşada iştirak ediblər. Dahi Azərbaycan şairi Məhəmməd
Füzulinin "Leyli və Məcnun poeması əsasında
Məcnun Leylinin qəbri üstündə səhnəsini
musiqili tamaşa kimi 1897-ci ildə Şuşada Cabbar
Qaryağdıoğlunun iştirakı ilə Əbdürrəhim
bəy Haqverdiyev tamaşaya qoyub. O vaxt 12 yaşlı
Üzeyir bəy Hacıbəyovun bu tamaşadan
aldığı təəssüratlar gələcəkdə
"Leyli və Məcnun" operasının yaranmasına
öz təsirini göstərib.
Qüdrətli
ədəbiyyatşünas, folklor tədqiqatçısı...
Firudin bəy
Köçərli irsini araşdıran alimlərdən biri
SDU-nun
"Folklorşünaslıq" elmi-tədqiqat
laboratoriyasının rəhbəri Şamxəlil Məmmədovun
alim haqqında yazdığı məqalədə qeyd
edilir":Azərbaycan ədəbiyyatşünaslığı
və pedaqoji fikri tarixində məşhur "Azərbaycan
alimi, tənqidçi və pedaqoqu" kimi dəyərləndirilən
Firudin bəy Köçərli tərəqqipərvər elm
və ədəbiyyat xadimləri sırasında xüsusi yer
tutan şəxsiyyətlərdəndir. Firudin bəy
Köçərlinin ölümündən sonra onun Azərbaycan
ədəbiyyatına dair topladığı materiallar
1925-1926-cı illərdə "Azərbaycan ədəbiyyatı
tarixi materialları" adı altında nəşr olunub.
1978-ci ildə professor Əziz Mirəhmədovun redaktorluğu
ilə R.Qənbərqızı Firudin bəy Köçərlinin
elmi irsini iki cild şəklində "Azərbaycan ədəbiyyatı"
adı ilə çapa hazırlayıb. Firudin bəy
Köçərlinin "Azərbaycan ədəbiyyatı"
əsəri "Azərbaycan ədəbiyyatşünaslıq
elminin tarixində görkəmli yer" tutan, "Azərbaycan
ədəbiyyatşünaslığında ilk və mötəbər
mənbələrdən biri" (B.Nəbiyev) kimi dəyərləndirilir.
Firudin bəy Köçərli Azərbaycan
folklorşünaslığında da xüsusi xidmətləri
olan şəxsiyyətlərdəndir. Mütəxəssislərin
də təsdiqlədikləri kimi,
folklorşünaslığın yaranması şifahi xalq ədəbiyyatının
toplanması, sistemləşdirilib nəşr olunması ilə
bilavasitə bağlıdır. Bu sahədə tarixi xidmətləri
olan E.Sultanov, M.Mahmudbəyov, İ.Məhərrəmzadə,
A.Şaiq və başqalarının adları-soyadları
sırasında Firudin bəy Köçərlinin özünəməxsus
yeri var. Azərbaycan ədəbiyyatı tarixinin bu yorulmaz və
vətənpərvər tədqiqatçısı bir ədəbiyyatşünas
kimi araşdırmalarına folklor nümunələrini
yazıya almaqla başlayıb. Qədim musiqi mədəniyyətimizin
beşiyi olan Qarabağda, Şuşada dünyaya göz
açmış Firudin bəy Köçərli el sənətini
dərin vətəndaşlıq hissi ilə sevərək qədrini
bilib, şifahi ədəbiyyatı itib-batmaqdan, unudulmaqdan
qorumağı vacib hesab edib. Bunun
üçün böyük maarifçi-pedaqoq və ədəbiyyatşünas
toplayıcılıq işinə başlayıb, Aşıq
Valehin şeirlərinin, o cümlədən onun məşhur
vücudnaməsinin, xalq bayatılarının, uşaq folkloru
incilərinin bir qisminin öz dövrünün mətbuatında,
oxu kitablarında çapına çalışıb.
O, 1912-ci ildə topladığı folklor nümunələrinin
"Balalara hədiyyə" adı ilə toplu şəklində
nəşrinə nail olub".
Balaları
unutmayan dahi
Ş.Məmmədovun
yazdığına görə, "Balalara hədiyyə"
kitabına daxil edilən şifahi ədəbiyyat nümunələrinin
mövzuca milli, formaca sadə, ideya-məzmunca tərbiyəvi
və təsirli olması tələbini nəzərə alan Köçərli bir pedaqoq kimi
inanırdı ki, bu toplunu oxuyacaq "balalar şadlanacaq, bu səbəbə
ki, onda dərc olunan əsərlərin cümləsi
onların dünyasındandır, təbiətlərinin
iqtizasına müvafiqdir".
Şamxəlil
Məmmədovun qeydləri":Kitabın
ön sözündəki aşağıdakı fikirlər bu
gün də öz ədəbi-etik, bədii-estetik dəyərini
saxlamaqdadır. Bəllidir ki, hər bir uşaq ədəbiyyatı
nümunəsi həm də böyüklər
üçün də maraq dairəsindədir. Firudin bəy
bunu bir pedaqoq və ədəbiyyatşünas kimi həssaslıq
və peşəkarlıqla belə dəyərləndirib:
"Böyük adamların ürəklərinin
açılmağına səbəb olacaqdır ki, onlar
mütaliə əsnasında öz uşaqlıq
vaxtlarını ixtiyarsız xatırlarına götürəcəklər.
Bu isə, yəni qəlbi şad etmək,
özlüyündə bir xidmətdir". Əməkdar
elm xadimi Paşa Əfəndiyev "Azərbaycan
folklorşünaslığının tarixi" adlı irihəcmli
dərs vəsaitində yazır: Firudin bəy Köçərli
məşhur ədəbiyyat tarixçisidir. Bütün
məşhur ədəbiyyat tarixçiləri kimi, o da ədəbiyyat
tarixinin məhz şifahi xalq yaradıcılığından
başlandığını çox yaxşıca
bilirdi".
Ardı var...
İradə
SARIYEVA
Bakı xəbər.-2014.- 17 noyabr.- S.15.