Əlillik təyinatı
zamanı şəffaflıq tam qorunacaq
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində (ƏƏSMN) Tibbi-Sosial Ekspertiza və Əlillərin Reabilitasiyası İnformasiya Sistemindən istifadəyə dair treninq keçirilib. Bu barədə ƏƏSMN-nin ictimaiyyətlə əlaqələr şöbəsində bildirilib.
Verilən məlumata görə, müvafiq qurumların əməkdaşları üçün təşkil olunan treninq zamanı iştirakçılara sistemdən istifadə bacarıqları aşılanıb, onlara bu sistemin məqsədi, onun tətbiqi nəticəsində gözlənilən nailiyyətlər barədə məlumatlar çatdırılıb. Eyni zamanda, təlimdə e-imza, e-sənəd haqqında və onlardan istifadəyə dair məlumatlar verilib.
ƏƏSMN tərəfindən yaxın vaxtlarda istifadəyə veriləcək Tibbi-Sosial Ekspertiza və Əlillərin Reabilitasiyası İnformasiya Sistemi vasitəsilə əlillik müayinələrinin nəticələri ilə bağlı elektron məlumat bazası yaradılıb.
Yeni məlumat bazası əlillik müayinələrinin nəticələri ilə bağlı aidiyyəti qurumlar arasında elektron məlumat mübadiləsinə, həmçinin vətəndaşlara əlilliyə görə pensiya və ya müavinət təyin olunması üçün müvafiq informasiyaların aidiyyəti qurumlar tərəfindən elektron qaydada əldə edilməsinə imkan yaradacaq. Bu isə əlillik təyinatları zamanı şəffaflığın təmin olunmasına və məmur-vətəndaş münasibətlərinin minimuma endirilməsinə gətirib çıxaracaq.
Yeni informasiya sistemi istifadəyə verildikdən sonra eyni zamanda vətəndaşlar da öz əlillik müayinələrinin nəticələri barədə məlumatları elektron qaydada əldə edə biləcəklər. Bu isə artıq əlillik müayinələri barədə elektron arayışların verilməsini təmin edəcək.
Treninqin sonunda İnformasiya texnologiyaları şöbəsinin əməkdaşları tərəfindən iştirakçıların İKT biliklərinin qiymətləndirilməsi aparılıb və informasiya sisteminə dair təkliflər müzakirə olunub.
Yeri gəlmişkən, Tibbi-sosial ekspertiza və əlillərin reabilitasiyası informasiya sisteminin ilkin versiyasının təqdimatı bu il mayın 20-də olub. Haqqında söhbət açılan tədbirdə iştirak edən əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov əlilliyin müəyyən olunması və əlillik təyinatları ilə bağlı aidiyyəti təşkilatlar arasında məlumat mübadiləsi sisteminin tam avtomatlaşdırılmasının nazirliyin əsas fəaliyyət prinsiplərindən biri olduğunu vurğulayıb. Onun sözlərinə görə, əsas məqsəd bu sahədə neqativ hallara şərait yaradan məmur-vətəndaş münasibətlərinin aradan qalxmasına, şəffaflığın təmin olunmasına, bununla bərabər, tibbi-sosial ekspertiza xidmətinin müasir tələblərə uyğunlaşdırılmasına xidmət edir.
Əlillərin reabilitasiyası "Əlilliyin qarşısının alınması, əlillərin reabilitasiyası və sosial müdafiəsi haqqında" qanunda də əksini tapıb. Qeyd edək ki, bu qanun Azərbaycan Respublikasında əlillər barəsində dövlət siyasətini müəyyən edir, əlilliyi doğuran səbəblərin aradan qaldırmasına, əlillərin reabilitasiyasına ictimai həyatın bütün sahələrində iştirak etmək üçün əlillərin bütün başqa vətəndaşlarla bərabər imkanlar almasına, öz fərdi qabiliyyətlərinə və maraqlarına müvafiq surətdə dolğun həyat sürməsinə kömək göstərən lazımi şəraitin yaradılmasına təminat verir. Qanunun 2-ci maddəsində göstərilir ki, əlillərin reabilitasiyası - orqanizmin funksiyasının davamlı pozulması nəticəsində baş verən həyat fəaliyyətinin məhdudlaşmasının aradan qaldırılmasına, yaxud kompensasiyasına yönəldilmiş tibbi, psixoloji, pedaqoji, idman, sosial-iqtisadi və digər tədbirlər sistemidir. Reabilitasiyanın başlıca məqsədi əlillərin sosial adaptasiyası və sosial statusunun reabilitasiya olunmasıdır.
Tibbi reabilitasiyaya gəlincə, qeyd olunur ki, orqanizmdə anadangəlmə, yaxud sonradan baş verən xəstəlik və ya zədələr nəticəsində pozulmuş funksional qabiliyyətlərin tibbi və digər metodlara reabilitasiyasına və kompensasiyasına yönəldilmiş tədbirlər sistemidir.
Peşə-əmək reabilitasiyası - əlilin əvvəlki, yaxud yeni peşədə əmək qabiliyyətinin qaytarılması məqsədi ilə zəifləmiş, yaxud itirilmiş funksiyasının reabilitasiyasına, peşə seçilməsinə, işə düzəldilməsinə və ya onun yeni peşəyə uyğunlaşdırılmasına yönəldilmiş tədbirlər sistemidir.
Sosial reabilitasiya - əlillərin həyat səviyyəsinin yaxşılaşdırılmasını, onlara cəmiyyətin həyatında iştirak etmək üçün digər vətəndaşlarla bərabər imkanlar yaradılmasını təmin edən tədbirlər sistemidir.
"Əlilliyin qarşısının alınması, əlillərin reabilitasiyası və sosial müdafiəsi haqqında" qanunda bildirilir ki, tibbi-sosial ekspertiza orqanizmin funksiyalarının davamlı pozulmaları nəticəsində həyat fəaliyyətinin məhdudlaşdırılmasının qiymətləndirilməsi əsasında vətəndaşın sosial müdafiə tədbirlərinə olan ehtiyaclarının müəyyən edilməsidir. Tibbi-sosial ekspertiza müayinə olunan şəxsin klinik, funksional, sosial, məişət, peşə, əmək, psixoloji imkanlarının kompleks qiymətləndirilməsi yolu ilə əlillik meyarlarına uyğun olaraq həyata keçirilir. Tibbi-sosial ekspertiza tibbi-sosial ekspert komissiyaları tərəfindən həyata keçirilir. Tibbi-sosial ekspert komissiyaları haqqında və əlilliyin müəyyən olunması meyarlarına dair əsasnamələr müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir.
Bu gün əlilliyin qarşısının alınması və əlillərin reabilitasiyası məsələsi dövlət siyasətinin tərkib hissəsidir. Belə ki, əlilliyin qarşısının alınması və əlillərin reabilitasiyası sahəsində dövlət siyasəti sağlamlığın mühafizəsi, əlillərin reabilitasiya vasitələrinə və xidmətlərinə olan ehtiyaclarının ödənilməsi üçün hüquqi, iqtisadi, sosial şəraitin yaradılmasında ifadə olunur və əlilliyin baş verməsi, yaxud ağırlaşması hallarının qarşısının alınmasını, habelə respublika əlilliyi reabilitasiya sisteminin yaradılmasını və inkişafını təmin edən dövlət proqramları vasitəsilə həyata keçirilir.
Əlilliyin qarşısının alınması və əlillərin reabilitasiyası haqqında dövlət proqramlarına uyğun olaraq müvafiq icra hakimiyyəti orqanları öz səlahiyyətləri daxilində əlillərin ictimai təşkilatları nümayəndələrinin iştirakı ilə tədbirlər sistemi hazırlayıb həyata keçirirlər.
Əlilliyin qarşısının alınması və əlillərin reabilitasiyası haqqında dövlət proqramları, həmçinin əlillərin fərdi reabilitasiya proqramı dövlət və yerli bücələrdən, Dövlət Sosial Müdafiə Fondu vəsaiti hesabına maliyyələşdirilir.
Dövlət əlilliyin qarşısının alınması məqsədilə cəmiyyətin əsas nailiyyəti kimi sağlam həyat tərzinin təbliğini təmin edir. Bu zaman xəstələrin sağalmasına çəkilən xərclərlə yanaşı, sağlam vətəndaşların öz səhhətlərini qorumağa yönəldilmiş səylərini həvəsləndirən tədbirlər görülür.
Əlillərin bədən tərbiyəsi və idmanı Azərbaycan Respublikasının müvafiq qanunvericilik aktları ilə tənzimlənir.
Əlillərin tibbi, peşə və sosial reabilitasiyası müvafiq icra hakimiyyəti orqanları və əlillərin ictimai təşkilatlarının nümayəndələrinin iştirakı ilə tibbi-sosial ekspert komissiyasının rəyi əsasında müəyyənləşdirilmiş fərdi reabilitasiya proqramı üzrə həyata keçirilir.
Əlillərin fərdi reabilitasiya proqramı reabilitasiya tədbirlərini, habelə sosial yardımın növlərinin konkret həcmini, növünü və icrası müddətini müəyyən edir. Əlillərin fərdi reabilitasiya proqramında nəzərdə tutulan reabilitasiya tədbirlərinin həcmi əlillərin reabilitasiyası üzrə dövlət proqramında müəyyən edilmiş minimum həddən aşağı ola bilməz.
Hazırda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olmaqla ölkənin paytaxtında və bölgələrində yerləşən 14 bərpa-müalicə müəssisəsi fəaliyyət göstərir. Bu barədə "yap.org.az"a müsahibəsində bildirən nazir səlim Müslümov qeyd edib ki, həmin mərkəzlərdə hər il orta hesabla 8 min nəfərə yaxın əlil və sağlamlıq imkanları məhdud uşaq dövlət hesabına tibbi-sosial reabilitasiya xidməti ilə, 5 min nəfərə yaxın belə şəxs isə protez-ortopedik məmulatlar və reabilitasiya vasitələri ilə təmin olunur. "Sosial xidmət haqqında" qanuna əsasən evlərində və sosial xidmət müəssisələrində sosial-məişət xidməti göstərilən vətəndaşların 3666 nəfəri əlilliyi olan şəxslərdir.
Onun sözlərinə görə, eyni zamanda, əlilliyi olan şəxslərin dövlət tibb müəssisələrində büdcə vəsaiti hesabına pulsuz ixtisaslı tibbi xidmətdən istifadə etmək, güzəştli şərtlərlə apteklərdən dərman almaq, sanator-kurort müalicəsi ilə təmin olunmaq hüquqları var. "Nazirlər Kabinetinin qərarı ilə 20 Yanvar əlillərinin, milli münaqişə zəminində əlil olanların, digər kateqoriyalardan olan I və II qrup əlillərin, Çernobıl AES-də qəza nəticəsində əlil olmuş şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların, İİV/QİÇS-lə xəstələnmiş vətəndaşların dərman preparatları ilə pulsuz təmin edilməsi qaydası müəyyənləşdirilib. Müvafiq qanunvericiliyə əsasən, dövlət əlilliyi olan şəxslərin təhsil alması və peşə hazırlığı keçməsi üçün lazımi şəraitin yaradılmasına təminat verir. 2001-ci ildə "Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında" qanun qəbul edilmişdir. Bununla yanaşı, Nazirlər Kabineti tərəfindən "Azərbaycan Respublikasında xüsusi qayğıya ehtiyacı olan (sağlamlıq imkanları məhdud) uşaqların təhsilinin təşkili üzrə İnkişaf Proqramı, "İnteqrasiya təlimli təhsil müəssisələrində təhsilin təşkili Qaydaları" təsdiq olunkb. "Sağlamlıq imkanları məhdud şəxslər üçün məktəbəqədər xüsusi təhsil müəssisələri haqqında Əsasnamə" tərtib edilib".
Beləliklə, ölkədə artıq 13 ildir ki, inklyuziv təhsil həyata keçirilir. Müvafiq icra hakimiyyəti orqanları və Təhsil Nazirliyi sağlamlıq imkanları məhdud uşaqların və 18 yaşından yuxarı əlillərin məktəbəqədər təhsilini, dərsdənkənar vaxtlarda tərbiyəsini, məktəbəqədər, ümumi, ilk peşə-ixtisas, orta ixtisas və ali təhsil almasını təmin edirlər. Bu şəxslərin təhsili və peşə hazırlığı müxtəlif formalarda, o cümlədən, evdə təhsil və fərdi təhsil formalarında həyata keçirilir.
Qənirə
MƏMMƏDLİ
Ekspress.-2014.- 19 noyabr.- S.9.