Firudin bəy Köçərlinin folklorşünaslıq
elminə verdiyi töhfələr...
Şamxəlil Məmmədov yazır ki, Firudin bəy Köçərli şifahi ədəbiyyatın tədrisinin təlimi, tərbiyəvi əhəmiyyəti, el ədəbiyyatının bədii-estetik dəyəri barədə dəyərli fikirlər söyləyib":O, "ağızda söylənən nağıl, hekayətlərdən, cürbəcür milli nəğmələrdən, aşıq sözlərindən, məsəllərdən, tapmacalardan, yanıltmaclardan, ağıçı sözlərindən, bayatılardan ibarət" olan el ədəbiyyatını cəmləşdirərək çapa verməyi, itib-batmaqdan qorumağı müasiri olan ziyalıların başlıca vəzifəsi sayırdı.
Deməli, F.B.Köçərli ədəbiyyatın öyrədilməsinə məhz folklor materialları ilə başlamağı zəruri hesab edirdi. Bu təbii idi, çünki folklor söz sənətinin başlanğıcıdır, şagirdlər bunlarla hələ ailədə ikən tanış olur, məişətdə daim eşidirlər. Tarixi keçmişini, dilini, vətənini sevən inkişaf etmiş millətlər öz şifahi xalq ədəbiyyatı nümunələrini "kəmali-şövq və diqqətlə cəm edib, ziqiymət sərmayə kimi saxlayır və balalarının ilk təlim və tərbiyəsini onları (şifahi xalq ədəbiyyatını - Ş.M.) öyrətməklə başlayır". Köçərli "millətin hal və şəninə və övzai-məişətinə müxtəss olub, onun dünya üzrə nə növ yaşamasına şəhadət" verən, ağızdan-ağıza söylənən ədəbiyyatı cəmləşdirib çapa verməsək, itib-batıb gedər deyə folklor toplamağı vacib sayırdı".
El sərvətini elə qaytaran cəfakeş...
Alimin qeyd etdiyinə görə, Firudin bəy Köçərlinin folklorşünaslıq baxımından dəyərli fikirləri təkcə bunlar deyil. Onun yazdığına görə, atalar sözləri və məsəllərin xalqın tarixi təcrübəsi və həyatı ilə bağlı yarandığını qeyd edən ədəbiyyatşünas nağılların çoxunun şadlıq ilə qurtardığını, qəhrəmanların bəla və müsibətlərə düçar olduğunu, ağ div və əjdahalarla qarşılaşdığını göstərib, epik folklor nümunələrinin poetikasına yığcam şəkildə toxunub":Onun folklorşünaslıq baxımından maraq doğuran fikirləri arasında nağıllarda heyvanat qisminin insana mənsub olan xasiyyətlərini ümumiləşdirib dəqiq səciyyələndirməsidir. Xalqın yaradıcılıq potensialını dəqiq müəyyənləşdirərək düzgün dəyərləndirən ədəbiyyatşünas alim "sinədən oxunan nəğmələrdə millət özünə ariz olan qəm və qüssəni və ya şadlıq və fərəhi, filcümlə onun qəlbini ləbaləb edən növbənöv hissləri uca avaz ilə oxuyub, öz dəruni halətini və batini aləmini cümləyə izhar edir" deyə nəzəri fikirlərini ümumiləşdirib. Firudin bəy Köçərli həm də folklor nümunələrini toplama işinin ədəbi-nəzəri əsaslarını araşdırıb, prinsiplərini işləyib. Söz sənətinin iki növünün ilk dəfə təsnifatı, növ və janrları barədə ədəbi-nəzəri fikirlər məhz Firudin bəy Köçərli tərəfindən qələmə alınıb. Geniş müşahidə, dərin təfəkkür sahibi olan Firudin bəy Köçərli müasirləri sırasında şifahi və yazılı ədəbiyyat arasında oxşar və fərqli xüsusiyyətləri ilkin olaraq qələmə alıb. Bu fikirlər indi də öz ədəbi-nəzəri dəyərini saxlamaqdadır. O, ədəbiyyata "hər bir millətin şən və əzəmətinə, tərəqqi və səadətinə bais olan səbəblərdən biri" kimi yüksək sosial-mədəni, tarixi-ədəbi qiymət verib: "Ədəbiyyat millətin aineyi - həqiqətnümasıdır ki, onun maddi və mənəvi tərəqqisi və istiqbalı üçün nicat və səadət yollarını eynilə göstərir".
Ədəbiyyata belə qiymət verən böyük ədəbiyyatşünas söz sənətinin iki forması və bunların janrları haqqında mülahizələrini belə ümumiləşdirib: "Ədəbiyyat iki qisimdir: bir qismi ağızda söylənən nağıl, hekayətlərdən, cürbəcür milli nəğmələrdən, aşıq sözlərindən, məsəllərdən, tapmacalardan, yanıltmaclardan, ağıçı sözlərdən, bayatılardan ibarətdir". Bu qisim söz sənətini "ədəbiyyati - lisani və ya əfvahi və yaxud el ədəbiyyatı" adlandıran F.Köçərli folklorşünaslıqda qəbul olunmuş iki xüsusiyyəti çox düzgün müəyyənləşdirib: şifahi ədəbiyyatda nəql hekayələri tərtib edən və nəğmələri düzən müəyyən şəxs olmur, bunları yaradan və yoxdan var edən millət özü olur. "Bunlar ağızlara söyləmək ilə ümumxalq arasında yayılıb intişar tapıb və nəsilbənəsil oğula və oğuldan nəvəyə keçməkdə olur". Firudin bəy Köçərlinin folklor janrları haqqında fikirləri sırasında atalar sözləri və məsəllər barədə mülahizələri də maraq doğurur".
Zəngin ürəkli, açıq fikirli Firudin bəy
Alim uzun tədqiqatdan sonra Firudin bəyin yaradıcılığının, elmi fəaliyyətinin mahiyyətinin nə olduğunu xalqa çatdıra bilib. Onun yazdığına görə, zəngin həyat təcrübəsi və müşahidəsi olan pedaqoq vurğulayıb: "...Millət həddən ziyadə məsəllər, hikmətamiz sözlər, tapmacalar icad edib ki, bunların vasitəsilə öz biliyini, təcrübəsini, hikmətini izhar edir və hər bir ittifaqda münasibi-hal söyləməyini, dünyada dolanmasını, insanlar ilə rəftarını və sair məxluqat ilə əlaqəsini az sözlü, amma dərin mənalı - müfid-müxtəsər kəlam ilə bəyan qılır. Türk dilində neçə min hikmətamiz məsəllər var ki, təmamisi təcrübə üzü ilə deyilib". Deməli, ədəbiyyatşünas çox dəqiq və doğru nəticə çıxarıb ki, atalar sözləri hər hansı hadisə ilə əlaqədardır, xalqın yaşadığı həyat təcrübəsi ilə bağlı ümumiləşdirilmiş obrazlı-fəlsəfi xalq sənəti nümunələridir. Azərbaycan şifahi xalq ədəbiyyatının qədim, zəngin və geniş yayılmış lirik janrlarından biri sayaçı sözləridir. Özünəxas poetikası, bayatı kimi qafiyə sistemi, çoxsaylı nümunəsi olan sayaçı sözlərinin toplanması və nəşri sahəsində də Firudin bəy Köçərlinin fəaliyyəti böyük olub. Qarabağ elatında, Köçərlinin doğulub boya-başa çatdığı mədəni mühitdə milli- mənəvi dəyərlər üstünlük təşkil edib. Təbiətən zəkalı Firudin bəy Köçərli bu dəyərlərə seyrçi münasibət bəsləməyib, bunların mahiyyət və məzmununa diqqət yetirib. Bu xalq yaradıcılığı nümunələri sırasında sayaçı sözlərinin xüsusi etnoqrafik və tarixi-etik, bədii-estetik, sosial-iqtisadi əhəmiyyətini dərindən duymuş Köçərli folklor toplayıcılığı və nəşri işində sayaçı sözlərini yazıya almağa önəm verib. Böyük ədəbiyyatşünas qələmə aldığı sayaçı sözlərini yaddaşlardan yazıya almaqla yanaşı, bunları tarixi-mədəni dəyər kimi gələcək nəsillərə çatdırmaq üçün çap etdirməyi lazım bilib".
Ş.Məmmədovun yazdığına görə, folklorşünas alim Paşa Əfəndiyev Firudin bəyin sayaçı sözlərinin toplanması və araşdırılması sahəsindəki fəaliyyətini çox ədalətlə və qədirşünaslıqla belə ümumiləşdirib qiymətləndirib: "Firudin bəy Köçərli Azərbaycan ədəbiyyatı tarixində sayaçı sözlərinin ilk toplayıcısı və tədqiqatçısı olub".
Firudin bəy Köçərlinin folklorşünaslıq fəaliyyətində aşıq yaradıcılığına aid araşdırmaları da dəyərlidir. Mənbələrdə qeyd edilir ki, Köçərli öz arxivində külli miqdarda aşıq şeiri, dastan parçaları olduğunu yazırdı. Aşıqlar içərisində isə Firudin bəyi daha çox böyük el sənətkarı Aşıq Valeh maraqlandırıb. Maraqlısı budur ki, Aşıq Valehlə bağlı araşdırmalarının nəticələrini Köçərli SMOMPK-da, "Kars" qəzetində və ən geniş şəkildə "Azərbaycan ədəbiyyatı tarixi materialları" kitabında ifadə edib.
F.Köçərli "Kərbəlayı Səfi "Valeh" təxəllüs" adlı məqaləsində Valehin Canıoğlu Kərbəlayı Abdullanın və Baba bəyin müasiri olduğunu, Gülablı kəndində təvəllüd tapdığını, 60-70 iləcən ömür sürdüyünü, oxuyub-yazmağı Şuşa qalasında kəsb etdiyini, "ülumi-maarifə və xüsusən şeir deməyə artıq dərəcədə meylü həvəsi" olduğunu qeyd edib.
"Kərbəlayı Səfi mərhumun əşari-müxtəlifələrindən birisi də insanın məbudu ana bətnində bir qətrə uyuşmuş qandan maya bağlayıb, müruri-əyyam ilə dünyaya gəlməsini və yer üzündə nəşvü-nüma tapıb körpəlik, uşaqlıq, cavanlıq, kişilik və qocalıq hədlərinə yetişməsini və hər sinnü salın öz halü təbiətinə məxsus müxtəlif övzavü əhvalını, şüglü karını və əhvali-ruhiyyəsini" təfsilən rişteyi-nəzmə çəkdiyi kəlam"ı - 31 bəndlik vücudnaməsini əsərinə daxil edən Firudin bəy Köçərli bu şeirin məzmununu icmal edib və belə yazıb: "Kərbəlayı Səfinin bu "Vücudnamə"si bizim zindəganlığımızın cümlə övzavü keyfiyyətini və nə növ icra etməsini və adabü ayinini bəyan edir".
Xəlqiliyə xidmət...
Ş.Məmmədovun yazdığına görə, xəlqilik ədəbiyyatın başlıca ədəbi-estetik və bədii-milli sosial keyfiyyətidir.
Əsrləri arxada qoyaraq yazılı vasitələrlə, eləcə də yaddaşdan-yaddaşa ötürülərək hafizələrdə yaşayan şifahi və yazılı ədəbiyyatın mövzu-məzmun aktuallığının və ideya-bədii orijinallığının başlıca qaynaqlarından biri söz sənətinin (eləcə də incəsənətin bütün sahələrinin) məhz milliliyi (bəşəriliklə vəhdətdə), xəlqiliyi və xalqın həyatı, mənəvi dünyası, xalq yaradıcılığı ənənələri ilə sıx bağlı, əlaqəli olmasındadır":F.Köçərli bu baxımdan çox müdrik bir ədəbiyyatşünas kimi həmin məsələni xüsusi nəzərə çarpdıraraq yazırdı: "Vəli bir müsənnif və şair nə qədər öz millətinə yavuq olsa, onun adat və xasiyyətləri üzrə nəşvü nüma tapsa, milliyyət qanı onun damarlarında nə qədər artıq cərəyan etsə, bir o qədər onun əsərlərindəki milliyyət qoxusu və milliyyət nişanəsi artıq görünəcək".
Bu və ya digər faktlar, mətbu fikirlər və elmi araşdırmalar göstərir":Firudin bəy Köçərli professional ədəbiyyatşünas olmaqla yanaşı, həm də folklorşünaslıq sahəsində ilkin olaraq folklorun başlıca və əsas xüsusiyyətlərini qələmə alıb; ədəbiyyatşünas alim folklorun bir sıra janrlarını, əsas cəhətlərini elmi cəhətdən doğru ümumiləşdirib; Firudin bəy folklorşünaslıq baxımından bu gün də elmi-nəzəri dəyərini saxlayan fikirlər söyləməklə yanaşı, həm də yazılı ədəbiyyatın ayrı-ayrı nümayəndələrinin (M.P.Vaqif, Q.Zakir və b.) şifahi ədəbiyyatın ayrı-ayrı janrlarından istifadə faktlarını təsvir və təhlil edib; folklorşünas-pedaqoq ilk olaraq uşaq folklorunu toplayıb ayrıca toplu şəklində nəşr etdirib.
Əlbəttə, Firudin bəy Köçərlinin gördüyü işlərin miqyası çox genişdir və hesab edirik ki, bu işlərdən, həmişə olduğu kimi, xalqın balaları yararlanacaq. Böyük şəxsiyyət Firudin bəy xalqımızın zaman-zaman yadında qalan və yaddaşında yaşayan qüdrətli simadır.
İradə
SARIYEVA
Bakı xəbər.-2014.- 18 noyabr.-
S.15.