Qazax Müəllimlər Seminariyası və elm, təhsil tariximiz...

 

Böyük ənənələri olan Azərbaycan elmi, təhsili tarixdə çox böyük izlər qoyub və bu ənənə indi də uğurla davam etdirilir. Azərbaycanda maarifçilik hərəkatının tarixi də keçən əsrlərə bağlıdır. Maarifçilik hərəkatına təkan verən insanlar xalqımızın elm, mədəniyyət, dövlətçilik tarixinə qızıl hərflərlə öz adlarını həkk ediblər.

Bilirik ki, Qazax Müəllimlər Seminariyası elm, təhsil, maarifçilik tariximizdə əhəmiyyətli rol oynayıb. Bu seminariyanın yetirmələri milli elmimizin, mədəniyyətimizin, tarix və ədəbiyyatşünaslığımızın inkişafına müsbət təsir göstərib.

Akademik Teymur Bünyadov Qazax Müəllimlər Seminariyası barədə araşdırma xarakterli maraqlı yazılarla da mətbuatda görsənir. Bu seminariyanın xidmətləri sayəsində XX əsr Azərbaycan elminin yeni qolları, budaqları yaranıb. Əsl vətəndaşlıq mövqeyini ifadə edən seminariya yetirmələri tariximizin əbədiyaşarlarıdır.

Qazax Müəllimlər Seminariyası necə yaranıb?

Azərbaycan mədəniyyətinin, elminin simvoluna çevrilən Qazax Müəllimlər Seminariyasının yaranması, fəaliyyəti elm, təhsil tariximizdən işıqlı bir xətlə keçir.

Teymur Bünyadov seminariyanın yaranma zərurətini belə izah edir":1918-ci ilin may ayında Qazax qəzasının əhalisi Qori Müəllimlər Seminariyasının Azərbaycan şöbəsini Qazax şəhərinə köçürmək və onun əsasında müstəqil müəllimlər seminariyası yaradılması təşəbbüsü ilə çıxış etdi. Qazaxlılar seminariya binasının inşası və bağ salınması üçün 10 desyatin torpaq ayırmağı, birdəfəlik 3 min manat və hər il 1 min manat vəsait verməyi öhdələrinə götürdülər. Gənc Azərbaycan Xalq Cumhuriyyəti hökuməti Cənubi Qafqaz Müəllimlər Seminariyası Azərbaycan şöbəsinin əmlakının Qoridən Qazax şəhərinə daşınıb gətirilməsini həmin şöbənin müfəttişi Firudin bəy Köçərliyə tapşırdı. Xalq maarif nazirinin əmri ilə o, 1 oktyabr 1918-ci ildən yeni yaradılan Qazax Müəllimlər Seminariyasına direktor təyin edildi. Seminariyanın rəsmi açılışı 1918-ci il noyabrın 10-da oldu və həmin gündən dərslər başlandı. 1918-ci ildə seminariyaya 35, 1919-cu ildə isə 24 şagird qəbul edildi. Seminariya yaradıldığı zamandan milli zəmində, milli ruhlu müəllim kadrları hazırlanmasında böyük rol oynadı".

Seminariya niyə Qazaxda açılıb?

Alimin yazdığına görə, Azərbaycan Xalq Cumhuriyyətinin maarif sahəsində ən önəmli tədbirlərindən biri Qazax Müəllimlər Seminariyasının yaradılması olub. Onun qeyd etdiyinə görə, bu seminariya Qazax əhalisinin böyük maddi dəstəyi, görkəmli pedaqoq və ədəbiyyat xadimi Firudin bəy Köçərlinin gərgin əməyi sayəsində fəaliyyətə başlayıb və tədrisin ana dilində aparıldığı, milli ruhlu müəllim kadrlarının hazırlandığı ilk təhsil ocağı olub":

Hələ XIX əsrin 80-ci illərindən etibarən zaman-zaman Qori şəhərində yerləşən Cənubi Qafqaz Müəllimlər Seminariyasının Azərbaycan şöbəsinin müsəlman əhalinin sıx yaşadığı şəhərlərdən birinə köçürülməsi məsələsi qaldırılır, müxtəlif təkliflər irəli sürülürdü. Azərbaycanın görkəmli maarif xadimləri, ziyalılar seminariyanın Azərbaycan şöbəsini Bakı, Gəncə, Şamaxı, Şuşa və ya Ağdam şəhərlərindən birinə köçürməyi və onun əsasında ayrıca seminariya açılmasını təklif edirdilər. F.Köçərli "Azərbaycan" qəzetinin 13 oktyabr 1918-ci il tarixli 10-cu sayında seminariyanın yaradılması haqqında dərc etdirdiyi məqalədə müstəqil müəllimlər seminariyasının niyə məhz Qazaxda açılması məsələsinə aydınlıq gətirib. Məqalədə qeyd edilib ki, 1918-ci il may ayının əvvəlində Qazax şəhərinin əhalisi və bir neçə kəndin camaatı Qafqaz Təhsil Dairəsi qarşısında vəsatət qaldırdı ki, Qori şəhərində yerləşən Cənubi Qafqaz Müəllimlər Seminariyasının Azərbaycan şöbəsi Qazax şəhərinə köçürülsün və onun əsasında müstəqil müəllimlər seminariyası yaradılsın. Qazax əhalisi gələcəkdə seminariya binasının inşası, bağ salınması üçün 10 desyatin suvarılan torpaq ayırmağı öhdəsinə götürdü. Seminariyanın fəaliyyətə başlaması üçün yerli əhali həmçinin birdəfəlik 3 min manat və hər il 1 min manat vəsait ödəməyi də vəd etdi. Qeyd etmək lazımdır ki, Qazax əhalisinin müəllimlər seminariyasının yaradılması üçün təklif etdiyi yardımlar kifayət qədər sanballı idi. Məsələn, Qori Seminariyasına şagirdlərin kənd təsərrüfatının müxtəlif sahələri: bağçılıq, bostançılıq, ipəkçilik, arıçılıq və s. üzrə praktik məşğələlər aparmaları üçün cəmi 2 desyatin torpaq sahəsi ayrılmışdı. 1918-ci il mayın 26-da Cənubi Qafqaz Seyminin dağılması və müstəqil Gürcüstan, Azərbaycan və Ermənistan respublikalarının yaranması məsələnin həllini sürətləndirdi. Gürcüstan Respublikası öz müstəqilliyini elan etdikdən dərhal sonra Qori Müəllimlər Seminariyasının gürcü şöbəsi əsasında milli müəllimlər seminariyası yaratmağı qərara aldı və onun Azərbaycan və erməni şöbələrini köçürməyi qonşu respublikaların hökumətlərinə təklif etdi".

Nəsib bəy Yusifbəyli xalqın ürəyindən xəbər verib...

Alim yazır ki, Azərbaycan hökuməti iyunun 10-da keçirilən iclasında Qori Seminariyasının milli seminariyalara ayrılması məsələsini geniş və hərtərəfli müzakirə etdi. T.Bünyadovun yazdığına görə, xalq maarif naziri Nəsib bəy Yusifbəyli Qazax əhalisinin bu məsələ ilə bağlı müraciətini nəzərə almağı təklif etdi":Hökumət üzvləri Qazax əhalisinin gələcək seminariyanın normal fəaliyyət göstərməsi üçün bütün gərəkli xərcləri ödəməyi öhdəsinə götürməsini, eləcə də 1914-cü ildən Gəncədə, 1916-cı ildən Bakıda Müəllimlər Seminariyalarının fəaliyyət göstərməsini, respublikanın şərq hissəsinin bolşevik-daşnak qüvvələrinin nəzarətində olmasını, digər bölgələrdə də anarxiyanın hökm sürməsini nəzərə aldılar. Xalq maarif naziri Cənubi Qafqaz Müəllimlər Seminariyası Azərbaycan şöbəsinə aid əmlakın Qoridən Qazax şəhərinə daşınıb gətirilməsini təmin etməyi həmin şöbənin müfəttişi Firudin bəy Köçərliyə tapşırdı. Azərbaycan hökuməti 1918-ci il iyunun 20-də keçirilən iclasında Cənubi Qafqaz Müəllimlər Seminariyasının Azərbaycan şöbəsi əsasında müstəqil müəllimlər seminariyası təşkil edilməsini qərara aldı. Hökumətin tapşırığı ilə Gəncə xəzinədarlığı 1918-ci il iyunun 22-də Azərbaycan şöbəsinin əmlakının Qoridən Qazax şəhərinə daşınması xərclərini ödəmək üçün F.Köçərlinin hesabına 5 min manat vəsait köçürdü. Lakin Gürcüstan hökumətinin Osmanlı ordu hissələrini Azərbaycana buraxmamaq üçün 1918-ci ilin iyun-avqust aylarında Cənubi Qafqaz dəmir yolu nəqliyyatının normal fəaliyyətini əngəlləməsi, Tiflisdən Poylu körpüsünə qədər dəmir yolu xəttini öz nəzarətində saxlaması əmlakın daşınması işini sentyabr ayına qədər təxirə saldı. Yalnız 1918-ci ilin sentyabr ayının ortalarında Qori Müəllimlər Seminariyası Azərbaycan şöbəsinin əmlakını Qazax şəhərinə gətirib çıxarmaq mümkün oldu. Qazax qəzasının rəhbərliyi, nüfuzlu şəxsləri seminariyanın normal fəaliyyətə başlaması üçün bütün hazırlıqları gördülər. Məşədi İbrahim Hacı İsmayıl oğlu Qazax şəhərində özünə məxsus 17 otaqlı mülkünü seminariyaya hədiyyə etdi. Azərbaycan hökumətinin qərarı ilə şöbənin bazasında Qazax Müəllimlər Seminariyası təşkil edildi. Görkəmli pedaqoq F.Köçərli seminariyanın müfəttişi təyin edildi...".

Akademik daha sonra qeyd edir ki, Xalq Maarif Nazirliyi həmçinin seminariyanın ixtisaslı müəllim kadrları ilə təmin edilməsi üçün zəruri addımlar atıb":Nazirliyin tapşırığı ilə F.Köçərli seminariyada çalışacaq müəllimləri və digər işçiləri müəyyənləşdirmək, seminariya kollektivini formalaşdırmaq işinə başladı. Firudin bəy bir neçə gün ərzində Qori Seminariyasının istedadlı və müəllimlik işində böyük təcrübə qazanmış məzunları sırasından yeni yaradılan Qazax Müəllimlər Seminariyasında işləməyə layiq bildiyi şəxslər haqqında məlumatı nazirliyə təqdim etdi. Həmin təqdimat əsasında nazirin imzaladığı 28 oktyabr 1918-ci il tarixli, 62 saylı əmrlə Azərbaycan Hökuməti İşlər İdarəsinin kargüzarı İsfəndiyar bəy Vəkilov seminariyaya rus dili və təbiət elmləri, Yusif Qasımov - fənlərin metodikası, Bakı 3 saylı ali ibtidai məktəbin müəllimi Əli Hüseynov - tarix və coğrafiya, Gəncə qəzasında Bağmanlar kənd məktəbinin müdiri Məhəmməd Hüseynzadə - riyaziyyat, İbrahim əfəndi Qayıbov - türk dili fənləri üzrə müəllim təyin edildilər. Bundan başqa, seminariyanın və Qazaxdakı ali ibtidai məktəbin dərslik və dəftərxana ləvazimatı ilə təchiz edilməsi üçün Xalq Maarif Nazirliyinin göstərişi ilə 1918-ci ilin oktyabr ayında Bakıdan xeyli miqdarda dərslik və dərs vəsaiti göndərildi.

İbrahim əfəndi Qayıbov Müsəlman Ruhani İdarəsi katibinin köməkçisi vəzifəsindən 1918-ci il noyabrın 1-də azad edildi və yeni təyinatına əsasən Qazax Müəllimlər Seminariyasında müəllimlik fəaliyyətinə başladı. Qazaxda Müəllimlər Seminariyasının fəaliyyətə başlaması həm şəhərin, həm də bütövlükdə regionun mədəni həyatında çox böyük hadisə oldu. Qəza rəisi Halay bəy Şıxlınskinin göstərişi ilə 1918-ci il oktyabrın 29-da qəzada maarifin vəziyyətinin müzakirəyə çıxarılması da xeyli dərəcədə bundan qaynaqlanırdı. Qəza idarəsində keçirilən və seminariyanın direktoru Firudin bəy Köçərlinin rəhbərlik etdiyi yığıncaqda pedaqoqlarla yanaşı, digər ziyalılar, şəhərin nüfuzlu şəxsləri, polis işçiləri iştirak etmişdi. Qazax hərbi qarnizonunun rəisi polkovnik Camal Cahid bəy Qazax ali ibtidai məktəbində təlim-tərbiyə işinin təşkili haqqında məruzə edərək, əksər hissəsi kasıb geyimli olan şagirdlərin sorğu-sual zamanı çox ağıllı, düzgün cavablar verməsini məmnunluqla qeyd etdi. Məruzəçi daha sonra Qazax əhalisinin çox kasıb təbəqəsinə mənsub olan, küçələrdə boş-bekar dolaşan uşaqların da məktəbə cəlb edilməsi, onlara paltar, ayaqqabı, dərslik və digər tədris ləvazimatı verilməsi, maddi yardım göstərilməsi məsələsini qaldırdı. Camal Cahid bəy qızlar üçün məktəb açılması məsələsinə də toxundu. Azərbaycanlı qızların da oğlanlar qədər təlim-tərbiyəyə ehtiyacı olduqlarını vurğuladı. Məruzəçi daha sonra müəllimlərin maddi təminatı məsələsinə toxundu. Bildirdi ki, müəllimə hökumətin verdiyi əməkhaqqıdan əlavə, cəmiyyət də maddi yardım göstərməlidir. Gənc nəslin təlim-tərbiyəsi kimi çox çətin və məsuliyyətli bir vəzifəni öhdəsinə götürmüş şəxslər gündəlik məişət qayğılarından azad olunmalıdır. Qazax ali ibtidai məktəbinin müfəttişi Əhməd ağa Mustafayev iclasda çıxış edərək məktəbdə şagirdlərin gündəlik 6 dərsdən çox yüklənməməsi zəruriliyini qeyd etdi. Ətraf kəndlərdən oxumağa gələn şagirdlərin dərsdən sonra, xüsusən qış mövsümündə, evə getməyə 2-3 saat vaxt sərf etdiklərini nəzərə almağı məsləhət gördü. Yığıncağın sonunda qəza rəisi məktəb yaşlı uşaqları himayəyə götürmək və məktəblərdə təlim-tərbiyə işinin səviyyəsini yüksəltmək üçün xüsusi komissiya yaratmağı təklif etdi. Şəhərin hörmətli şəxslərinin, məktəb rəhbərlərinin daxil olduğu bu komissiya Halay bəy Şıxlınskinin sədrliyi ilə dərhal geniş fəaliyyətə başladı".

 

Ardı var...

 

İradə SARIYEVA

Bakı xəbər.-2014.- 19 noyabr.- S.15.