Milli müəllimlər
yetişdirən təhsil məbədi - Qazax
Müəllimlər Seminariyası...
Yazı müəllifi bildirir ki, Qazax Müəllimlər Seminariyasının rəsmi açılışı 1918-ci il noyabrın 10-da olub və həmin gündən dərslər başlanıb. Bu haqda "Azərbaycan" qəzetinə Qazax ziyalısı Əli Hüseynov ətraflı məlumat ünvanlayıb. Qəzetdə dərc edilmiş məlumatda bildirilirdi ki, seminariyanın açılışında şəhərin hərbi komendantı Səbri bəy, Qazaxdakı Osmanlı qarnizonunun rəisi Camal Cahid bəy, qəza rəisi Halay bəy Şıxlınski, xalq məktəbləri müfəttişi Nəsib ağa Qiyasbəyli və yerli hökumət idarələrinin məmurları, şəhərin hörmətli şəxsləri, seminariyaya yeni qəbul edilmiş şagirdlərin valideynləri iştirak edib.
Açılışda birinci çıxış edən seminariyanın ilahiyyat müəllimi İbrahim əfəndi Qayıbov Quran ayələri oxuyub, pedaqoji təhsilin əhəmiyyəti və gənc dövlətimiz üçün onun vacibliyini qeyd edib. Səbri bəy Qazax ictimaiyyətini və seminariyaya yeni qəbul edilmiş şagirdləri təbrik edib, bu təhsil ocağının xalq kütlələrinə nurlu ideyalar çatdıracaq yorulmaz mübarizlər hazırlayacağına inandığını bildirib.
Camal bəy də öz qısa, lakin duyğulu çıxışında seminariyaya daxil olmuş gəncləri Vətənin rifahı naminə səylə çalışmağa, biliklərə yiyələnməyə çağırıb. Qeyd edib ki, Vətən təkcə sivri qılıncla deyil, həm də zəka ilə, ağılla qorunur.
Sonda çıxış edən seminariyanın direktoru Firudin bəy Köçərli bildirib ki, Cənubi Qafqaz Müəllimlər Seminariyasının Azərbaycan şöbəsi uzun müddət ərzində yad mühitdə, Gürcüstanın mərkəzi hissəsində fəaliyyət göstərməsinə baxmayaraq, öz milli keyfiyyətlərini tam şəkildə qoruyub saxlaya bilib, xalq məktəbləri üçün çoxlu sayda müəllim kadrları hazırlayıb. Firudin bəy Azərbaycan şöbəsinin müstəqil seminariyaya çevrilməsi və Qazax şəhərinə köçürülməsinin böyük əhəmiyyətini vurğulayaraq, doğma zəmində bu təhsil ocağının fəaliyyətini daha da gücləndirəcəyini, xalqın mənəvi gerilikdən azad olması işinə böyük töhfələr verəcəyini əminliklə bəyan edib.
Seminariya direktorunun Xalq Maarif Nazirliyinə ünvanladığı raportda 1918-ci il noyabrın 8 və 9-da keçirilmiş qəbul imtahanlarının nəticələri bildirilib. Raportdan aydın olur ki, qəbul olunmaq üçün müraciət etmiş 42 şagirddən 35-i imtahanları müvəffəqiyyətlə verərək seminariyada oxumaq haqqı qazanıb. Seminariyaya ilk qəbul edilən bu şagirdlərdən biri - Səməd Yusif oğlu Vəkilov gələcəkdə Azərbaycanın görkəmli şairi olan Səməd Vurğun idi.
1919-cu ildə seminariyaya qəbul olunmaq istəyənlər daha çox idi. Dövlət hesabına oxumaq üçün ayrılmış 8 yerə 40 ərizə verilmişdi. Qəbul edilməyən şagirdlərin valideynləri həmin vaxt Qazaxda keçirilən kəndli qurultayında iştirak etmək üçün gəlmiş Azərbaycan parlamenti üzvləri Əhməd bəy Pepinov, Hacı Kərim Sanıyev və Səməd ağa Ağamalıoğludan kömək istədilər. Parlament üzvlərinin müraciətinə cavab olaraq seminariyanın direktoru bildirib ki, o, ömrünü pedaqoji işə həsr etmiş qocaman müəllim kimi hamının təhsil almasını istəyir. Lakin seminariyanın binası bütün arzu edənləri qəbul etməyə uyğun deyil. Seminariya, yuxarıda qeyd edildiyi kimi, Məşədi İbrahim Hacı İsmayıl oğlunun malikanəsində fəaliyyətə başlamışdı. Yaşayış üçün nəzərdə tutulmuş bu binada çətinliklə 60 nəfərin oxuması mümkün idi. Buna baxmayaraq, seminariyada xəzinə hesabına təhsil alan 60 şagirddən əlavə, yeni qəbul edilmiş 5 şagird də öz hesabına oxuyur və pansionatda qalırdı. Yeni qəbul edilmiş daha 11 şagird də dərslərdə iştirak edir və evlərinə gedirdilər. Beləliklə, 1919-1920-ci tədris ilində seminariyada 76 şagird təhsil alırdı və həmin il birinci buraxılış olmalı idi.
Firudin bəy nəyi hökumətdən xahiş edib?
Teymur müəllimin qeydlərinə görə, Firudin bəy Köçərli parlament üzvlərinə bu məlumatları verdikdən sonra onlardan xahiş edib ki, Qazax Müəllimlər Seminariyası üçün yeni böyük bina tikilməsi məsələsinin həllini sürətləndirsinlər":Xalq Maarif Nazirliyi respublikada fəaliyyət göstərən müəllimlər seminariyalarının imkanlarının məhdudluğundan xəbərdar idi. Nazirliyin 1919-cu ilin oktyabr ayında Azərbaycan Parlamentinə ünvanladığı "Tədris müəssisələrinin açılması haqqında qanun layihəsinə izahat qeydi" adlı sənəddə ölkə ərazisində cəmi 3 müəllimlər seminariyasının fəaliyyət göstərdiyi və onların da hər il ən çoxu 50 müəllim hazırladığı əks olunub. Müqayisə üçün qeyd etmək lazımdır ki, Qori Müəllimlər Seminariyasının Azərbaycan şöbəsini mövcud olduğu 40 ilə yaxın müddət ərzində 250-yə qədər müəllim bitirmişdi.
1919-cu il oktyabrın 17-də Qazax general-qubernatoru Əmir xan Xoyski seminariyada ümumi vəziyyətlə tanış olub. O, bütün sinifləri gəzərək dərslərdə iştirak edib, şagirdlərin milli ədəbiyyat, tarix və pedaqogika fənlərinə necə yiyələnməsi ilə tanış olub. Qubernator aşağı hazırlıq sinfi şagirdlərinin oxuduqları milli mahnını dinləyib, yataq otaqlarına və yeməkxanaya da baş çəkib. Sonda seminariyada tədris işini nümunəvi təşkil etdikləri üçün müəllim heyətinə minnətdarlığını bildirib.
20-yə yaxın qadın müəllim seminariyanın
dinləyicisi olub
Alimin yazdıqlarına
görə, Xalq Maarif Nazirliyi Qazax Müəllimlər Seminariyasının potensialından
qısamüddətli pedaqoji
kurslar təşkilində
də istifadə edirdi. Nazirlik Qazaxda və
qonşu bölgələrdə
milli məktəblərdə
çalışmaq üçün
müəllim hazırlamaq
və onların peşə hazırlığı
səviyyəsini yüksəltmək
məqsədilə 1919-cu ilin
yayında seminariyanın
nəzdində pedaqoji
kurs təşkil edib. Kursun dinləyiciləri arasında
kişi müəllimlərlə yanaşı,
20-dən çox qadın
müəllimə də
olub.
Qazax Müəllimlər
Seminariyasında yaradıldığı
zamandan başlıca olaraq milli kadrlar
çalışırdı. Seminariyanın
direktoru F.Köçərli
və kargüzar A.Vəkilovun imzaları ilə Xalq Maarif
Nazirliyinə göndərilmiş
1 aprel 1919-cu il tarixli məlumatdan aydın olur ki, bu təhsil
ocağında çalışan
müəllim və texniki işçilərin,
demək olar ki, hamısı azərbaycanlıdır. Məlumatda qeyd
edilib ki, seminariyanın direktoru F.Köçərli 1897-ci ildən
pedaqoji sahədə çalışır və
aylıq maaşı
1095 manat 83 qəpikdir.
İlahiyyat müəllimi İbrahim
əfəndi Qayıbov
1911-ci ildən pedaqoji
fəaliyyətdədir və
aylıq maaşı
715 manatdır. Rus
dili müəllimi İsfəndiyar Vəkilov
(aylıq maaşı
815 man.), türk ədəbiyyatı
və metodika müəllimi Yusif Qasımov (aylıq maaşı 845 man), riyaziyyat
müəllimi Məhəmməd
Hüseynzadə (aylıq
maaşı 811 man.), tarix
və coğrafiya müəllimi Əli Hüseynov (aylıq maaşı 845 man.) seminnariyada
20 oktyabr 1918-ci ildən
çalışırdılar. Gimnastika müəllimi M.Mustafayev (aylıq maaşı 250 man.), nəğmə
və musiqi müəllimi Georgi Lyapin (aylıq maaşı 208 man.), qrafika
sənəti və rəsm müəllimi M.Həsənov 1 dekabr
1918-ci ildən işləməyə
başlayıblar. Seminariyanın feldşeri Məcid Vəkilov və daha 8 texniki işçi 1918-ci ilin oktyabr-noyabr aylarında işə götürülüb.
Xalq maarif nazirinin 25 oktyabr 1919-cu il tarixli
əmrilə Qazax qəzasında kənd həkimi işləyən
S.N.Tsinamzqvarov və Qazaxda ikisinifli məktəbdə müəllim
işləyən Həsən
Bəsri Musazadə Qazax Müəllimlər Seminariyasına təyinat aldılar. S.N.Tsinamzqvarov seminariyaya həkim,
H.B.Musazadə nəğmə
müəllimi təyin
edilib.
1919-cu il dekabrın
1-də isə Xalq Maarif Nazirliyi Türkiyədən dəvət
edilmiş müəllimləri
- Bəhri Mühiddini
və Nurulla əfəndini də Qazax Müəllimlər Seminariyasına müəllim
təyin edib. Nazirlik Nurulla əfəndinin Qazaxda normal yaşayıb işləməsi üçün
müvafiq şərait
yaradılması məqsədilə
3596 manat vəsait ayırıb.
Beləliklə, Qazax Müəllimlər Seminariyasının müəllim
kollektivi 1919-cu ilin sonunda tamamilə azərbaycanlı və Türkiyədən dəvət
edilmiş mütəxəssislərdən
ibarət olub. Bu, seminariyanın
direktoru F.Köçərlinin
1919-cu il dekabrın 8-də Xalq Maarif Nazirliyinə göndərdiyi seminariyanın
şəxsi heyəti
haqqında aşağıdakı
məlumatdan da aydın görünür:
1. Seminariyanın direktoru F.Köçərli - 1885-ci ildə
Cənubi Qafqaz Müəllimlər Seminariyasını
bitirib.
2. İlahiyyat müəllimi
İ.Qayıbov - 1911-ci ildə
Tiflisdə sünni müsəlmanları ruhani
məktəbini bitirib.
3. Türk dili müəllimi Y.Qasımov
- 1917-ci ildə Cənubi
Qafqaz Müəllimlər
Seminariyasını bitirib,
1918-ci ildə Tiflisdə
Aleksandrovsk Müəllimlər İnstitutunda tarix üzrə 1-ci kursun dinləyicisi olub.
4. Riyaziyyat müəllimi M.Hüseynzadə - 1917-ci ildə
Cənubi Qafqaz Müəllimlər Seminariyasını
bitirib.
5. Tarix və coğrafiya
müəllimi Əli
Hüseynov - kurs bitirib və 1901-ci ildən müəllim işləyir (Əli əfəndi Hüseynov
1901-ci ildə Cənubi
Qafqaz Müəllimlər
Seminariyasını bitirib
- T.B.).
6. Hazırlıq sinfi müəllimi M.Vəlizadə
- 1889-cu ildə Cənubi
Qafqaz Müəllimlər
Seminariyasını bitirib.
7. Rus dili müəllimi
İ.Vəkilov - 1907-ci ildə
Cənubi Qafqaz Müəllimlər Seminariyasını
bitirib.
8. Nəğmə müəllimi
Həsən Bəsri
- İstanbul Darülmüəllimini
- Müəllimlər Seminariyasını
bitirib, 1919-cu ilin oktyabr ayında nazirliyin əmrinə əsasən Qazax Müəllimlər Seminariyasında
işləməyə başlayıb.
Xalq Maarif Nazirliyi həmin dövrdə Qazax Müəllimlər Seminariyasını
ana dilində dərslik və dərs ləvazimatı ilə təmin etmək üçün də tədbirlər görürdü. Nazirliyin dəftərxanasında olan
qeydə görə,
1919-cu il dekabrın
7-də F.Köçərliyə 20 ədəd "Ədəbiyyat
dərsləri", 10 ədəd
"Müntəxəbat" kitabı verilib. Nazirliyin dəftərxanasında
saxlanan 1920-ci il yanvarın 6-na aid məlumatda isə Qazax Müəllimlər Seminariyasının direktoruna
4282 man. 90 qəp. dəyərində türk dilində dərslik və kitablar verildiyi göstərilib.
Seminariyaya yardımlar...
Akademikin
yazdıqlarına görə,
Qazax qəzasının
imkanlı şəxsləri
seminariyanın normal fəaliyyət
göstərməsi üçün
yardımlarını davam
etdirirdilər":Seminariyanın
hesabına böyük
həcmdə vəsait
keçirmiş qazaxlı
tacir Nəsib Əyyubov bu xeyriyyəçilik fəaliyyətinə
görə xalq maarif nazirinin 27 iyul 1919-cu il tarixli, 223 saylı əmri ilə seminariyanın fəxri hamisi təyin edilmişdi.
Bu yardımlar seminariyanın
fəaliyyətini qismən
genişləndirməyə imkan verdi.
1919-20-ci dərs ilinin əvvəlində seminariyada aşağı
hazırlıq sinfi yaradıldı. Nazirliyin 9 sentyabr
1919-cu il tarixli əmri ilə Mirzə Mehdi Nəbi əfəndi oğlu Vəlizadə həmin sinfə müəllim təyin edildi".
Qazax Müəllimlər
Seminariyasının fəaliyyətinə
qısa da olsa nəzər saldıq. Qüdrətli şəxsiyyətlərin və Azərbaycan Xalq Cumhuriyyəti hökumətinin elmə, təhsilə qayğısı
sayəsində açılan,
formalaşan bu seminariyanın xalqımızın
elm-təhsil tarixində
yeri özəldir.
O təhsil müəssisəsi
olmasaydı, bu sahə kasıb görünərdi. Onun yetirmələri
Azərbaycanın elm tarixinə
çox böyük xidmətlər göstərib
və xalqa, dövlətə xidmət
ediblər.
İradə SARIYEVA
Bakı xəbər.-2014.- 20 noyabr.-
S.15.