150 yaşlı Əli bəy
Hüseynzadə və milli dövlətçilik
tariximiz
150 yaşlı Əli bəy Hüseynzadə xalqımızın tarixi taleyində, dövlətçiliyimizin inkişafında çox böyük rol oynayıb. Əli bəy Hüseynzadə fədakarlıqla, qeyrətlə xidmət edib xalqa. Vətən sevdalısı, azadlıq, hürriyyət aşiqi kimi yaddaşlarda qalan bu böyük şəxsiyyətin dövlət və tarix qarşısında göstərdiyi əvəzsiz xidmətlərdən biri dövlət bayrağımızla bağlıdır.
Tarixi mənbələrdən bəllidir ki, üçrəngli milli bayrağımızın rənglərinin qəbul edilməsi, işlənib hazırlanması Əli bəy Hüseynzadənin adı ilə bağlıdır. Bilirik ki, bayrağın göy rəngi türkçülüyün, qırmızı müasir azadlıq ideologiyasının, yaşıl rəng isə islamçılığın tərənnümüdür. Yəni "Türk qanlı, İslam imanlı, Avropa qiyafəli olalım" şüarı üç rəngin açmasıdır. Dövlət rəmzi kimi bayraq milli kimliyi, düşüncə tərzini və inancları özündə əks etdirir. Bu ideya 1895-ci ildə Əli bəy Hüseynzadə tərəfindən verilib. Azərbaycan Xalq Cumhuriyyəti tərəfindən üçrəngli bayraq dövlət bayrağı kimi qəbul olunub.
Əli bəyin düsturu - türkləşmək, islamlaşmaq və müasirləşmək
Məlumdur ki, Azərbaycan Respublikasının dövlət bayrağı haqqında ilk hökumət qərarı 1918-ci il iyunun 21-də verilib. Bu elə bir dövr idi ki, Azərbaycan milli hərbi qüvvələrinin və türk ordusunun heyətindən formalaşan Qafqaz İslam Ordusu Göyçay ətrafında düşmənlərə qarşı mübarizə aparırdı. Müharibənin qızğın dönəmində dövlət bayrağının təsisi haqqında verilən qərara əsasən, Azərbaycan bayrağı qırmızı materialdan, üstündə ağ aypara və qırmızı fonda ağ səkkizguşəli ulduzun təsviri kimi hazırlanmalı idi. Qırmızı rəng qanlar bahasına alınmış azadlığın, hürriyyətin anlamıdır. Bu qərar qəbul edilərkən Azərbaycan milli hökuməti hələ Gəncədə idi. Qafqaz İslam Ordusu 1918-ci il sentyabrın 15-də Bakını azad etdi və Azərbaycan milli hökuməti Bakıya köçdü. Az keçmədi ki, bayraq haqqında ikinci qərar qəbul edildi. 9 noyabr 1918-ci il tarixli "Milli bayraq haqqında Azərbaycan hökumətinin qərarı" baş nazir Fətəli xan Xoyskinin məruzəsinə istinadən qəbul edildi.
Qeyd etdiyimiz kimi ilk dəfə üçrəngli bayraq ideyasını Azərbaycan istiqlaliyyətinin ideoloqlarından biri, mətbuat tariximizə "Füyuzat" jurnalistika məktəbinin banisi kimi daxil olan Əli bəy Hüseynzadə gündəmə gətirib. BDU-nun jurnalistika fakültəsinin müəllimi, Cumhuriyyət dövrünün araşdırıcısı Nəsiman Yaqublu qeyd edir ki, bu bayrağa qədər Əli bəy Hüseynzadənin "türkləşmək, islamlaşmaq, müasirləşmək" ideyası dövlətçilik düsturu kimi formalaşmışdı: "Yaşıl rəng bizim islam ümmətinə aid olmağımıza işarədir. Bu, islam mənəviyyatına, islam dininə bağlılığımızı göstərir. Bunu ideya kimi ortalığa qoyan isə Əli bəy Hüseynzadə olub".
Əli bəy Hüseyn oğlu Hüseynzadə 24 fevral 1864-cü ildə Rusiya imperiyasının Bakı Quberniyasının Salyan şəhərində anadan olub. 17 mart 1940-cı ildə 76 yaşında Türkiyənin İstanbul şəhərində dünyasını dəyişib.
Əli bəy Hüseynzadə (Əli Hüseyn Turan) Azərbaycanın görkəmli ədibi, filosof və ədəbiyyat tənqidçisi, XX əsr Azərbaycan-türk ictimai fikrinin ən görkəmli nümayəndələrindən biri kimi tariximizdə yaşayır. Əli bəy Hüseynzadə irsini tədqiq edən alimlərin verdiyi bilgiyə görə, bu böyük şəxsiyyət uzun müddət alim, həkim, rəssam, şair, tənqidçi, tərcüməçi, müəllim, jurnalist kimi fəaliyyət göstərib, bu sahələrin hər birində özünəməxsus iz qoyub. XX əsr Azərbaycan mətbuatı və publisistikası sahəsində müstəsna xidmətləri var.
Əli bəyin Tiflis həyatı
"Vikipediya" Açıq Ensiklopediyasının yazdığına görə, Salyanda anadan olan Əli bəy kiçik yaşlarında ikən ailəsi ilə birlikdə Tiflisə köçüb. Atasını erkən itirən Əli bəy Hüseynzadə o zaman Qafqaz şeyxülislamı olan babası Axund Əhməd Səlyaninin himayəsində böyüyüb. 1875-1885-ci illərdə Tiflis Gimnaziyasını bitirib, uşaqlıq və tələbəlik illərində türk, fars, ərəb, alman və rus dillərini öyrənib.
Əli bəy Hüseynzadə babası Şeyx Əhməd ilə onun dostu- Azərbaycan dramaturgiyasının banisi, ictimai xadim Mirzə Fətəli Axundovun (1812-1878) söhbətlərindən faydalanıb və onların tərbiyəsi altında zamanının ədəbi çevrəsini tanıyıb. Gimnaziyada təhsil aldığı dövrdən etibarən türkcəyə, türkçülüyə və Türkiyəyə dayanmaq gərəkliyi fikrinin yaranmasında Şeyx Səlyaninin və Mirzə Fətəli Axundovun böyük təsiri olub.
Görkəmli ictimai xadim Ziya Gökalp (1876-1924) Əli bəy Hüseynzadədən bəhs edərkən onun Rusiyadakı millətçilik cərəyanlarının təsirilə türkçü olduğunu, kollecdə ikən gürcü gənclərindən son dərəcə millətsevər olan bir yoldaşının ona millət sevgisini aşıladığını yazıb.
Əli bəy Hüseynzadə, babası-Qafqaz Şeyxülislamı Əhməd Hüseynzadənin və Mirzə Fətəli Axundovun tərbiyəsi, onların söhbətlərinin təsiri altında böyüyən şəxsiyyətdə, şübhəsiz ki, millət sevgisi uşaqlıqdan formalaşıb. Digər tərəfdən, Hilmi Ziya Ülkənin qeyd etdiyi kimi, türkçülüklə bağlı fikirlərin formalaşmasında Əli bəy Hüseynzadəyə bu iki şəxsiyyətin böyük təsiri olub. Mirzə Fətəli Axundov Ziya Gökalp tərəfindən də böyük türkçü kimi qəbul edilib. Bu faktlar Ziya Gökalpın Əli bəy Hüseynzadə haqqında yazdıqlarını təkzib edir. Ziya Gökalp Rusiyadan İstanbula gələn Əli bəy Hüseynzadənin Tibbiyyədə türkçülüyün əsaslarını izah etdiyini, "Turan" adlı şeirini turançılıq (pan-turanizm) ideologiyasının ilk görünümü kimi dəyərləndirib.
Xalqlar hərəkatına rəğbət bəsləyən dahi...
1885-ci ildə Sankt-Peterburq Universitetinin riyaziyyat fakültəsinə daxil olub, həm də şərq fakültəsində görkəmli professorların mühazirələrini dinləyib. Burada dövrün məşhur elm xadimləri-Dmitri Mendeleyev, Yeqor Vaqner, Nikolay Menşutkin, Nikolay Beketov, Valentin Æukovski və başqalarından dərs alan Ə.Hüseynzadə imperiyanın paytaxtında gedən ictimai-siyasi proseslərlə də yaxından tanış olur, "xalqçılar" hərəkatına rəğbət bəsləyir. Bir sıra inqilabçı tələbələr kimi, o da Sankt-Peterburqdan uzaqlaşmaq məcburiyyətində qalır.
Rusiya imperiyasının paytaxtındakı ictimai-siyasi təlatümlərlə əlaqədar olaraq Ə.Hüseynzadə Türkiyəyə, İstanbula gəlir və burada Darülfünunda əsgəri-tibbiyyə fakültəsində tədris almaqla dermatoloq ixtisası və yüzbaşı hərbi rütbəsi qazanır. 1897-ci ildə o, Qırmızı Aypara Cəmiyyəti heyətinin tərkibində İtaliyaya gedir. Üç ildən sonra geri qayıdaraq müsabiqə yolu ilə İstanbul Darülfünunda əsgəri-tibb fakültəsində professor köməkçisi vəzifəsinə təyin edilir. O burada da inqilabçı gənc türklər hərəkatına qoşulduğundan və "İttihad və tərəqqi" partiyasının ilk özəyini yaradanlardan biri olduğundan təqib olunur.
Əli bəy hansı şəcərəyə mənsub olub?
"Vikipediya" dahini həyat və fəaliyyətinə toxunmaqla yanaşı, onun nəsil-şəcərəsi haqqında da qeydlərə yer verib.
Bildirildiyinə görə, nəslin ilk bilinən nümayəndəsi şeyxülislam axund Əhməd Səlyanidən qabaq 39 il Qafqaz şeyxülislamı olan axund Məhəmmədəli Səlyanidir (1791-1852). Məhəmmədəlinin qardaşı Əlidən axund Əhməd Səlyani (1812-1884) dünyaya gəlib. Əli bəyin nənəsi Hüsniyyə şeyxülislam axund Məhəmmədəlinin iki qızından biridir. Digər qızı isə Nisə xanımdır və Əli bəyin çəkdiyi "Azərbaycanlı ailəsi" tablosunda təsvir olunan yaşlı qadın həmin bu Nisədir. Şeyxülislam axund Əhməd isə Hüsniyyənin həyat yoldaşıdır.
Hüseynzadənin portretini çəkdiyi axund Əhmədlə Hüsniyyənin isə iki qızı vardı: Xədicə, Fatma. Xədicə xanım Qruzma bəylərindən Kazım bəy Hüseynzadənin dörd oğlundan ən kiçiyi olan Molla Hüseyn Hüseynzadə ilə ailə qurub. Kazım Hüseynzadənin axund Əhmədlə ya qardaş, yaxud da əmioğlu olduqları ehtimal edilir.
Əli bəy Hüseynzadə özünün yazdığına görə "24 fevral 1864-cü ildə Qafqaz Azərbaycanında Kür nəhri sahilində" yerləşən Salyan şəhərində anadan olub. Atası "Tiflis Müsəlman Məktəbinin müəllimlərindən Molla Hüseyn Hüseynzadə", anası "Xədicə Qafqaz şeyxülislamı axund Əhməd Hüseynzadənin qızıdır".
Salyandan Tiflisə köçüb buradakı ruhani məktəbində riyaziyyat müəllimi işləyən Molla Hüseyn və Xədicə xanım vəfat edəndə övladlarının-Əli bəyin 6, İsmayılın isə 2 yaşı vardı. 1911-ci ildə İstanbulda əslən çərkəz olan süvari zabiti Şəmsəddin bəyin qızı Əthiyə xanımla evlənən Əli bəyin üç övladı olub: 1914-cü il aprelin 6-da, bazar ertəsi, axşam saat səkkizdə Saida bəyim, 1915-ci il iyun ayının 9-da, çərşənbə günü, saat 11-də Səlim Turan, 1920-ci ilin 31 dekabrında Feyzavər dünyaya gəlib. Səlim Turan Şahiqə xanımla, Feyzavər uzun illər vali işləmiş Əli Alpsarla, Saida atom fizikası üzrə professor, İngiltərə Akademiyasının həqiqi üzvü olmuş Mustafa Santurla ailə qurub. Rəssam Səlim Turan Parisdə yaşayırdı. Abstraksionizmin dünyada tanınan təmsilçilərindən biri idi. 1995-ci ildə dünyasını dəyişib. "Feyzavər Üsküdardakı Qız İnstitutunu bitirdikdən sonra Gözəl Sənətlər Akademisinə davama başladı" (Ə.Hüseynzadə). İstanbulda məşhur olan Feyza Sənət Qalereyasını açdı. Fransada ali təhsil almış Saida riyaziyyat müəllimi idi. "Qızım Saida Lyondan qayıtdığı doqquz ay qədər olar. İndiki halda "Kabataş Qız Lisesində matematik müəllimidir" (Ə.Hüseynzadə). Əli bəyin hər üç övladının nəsil davamı yoxdur. Onların övladları olmayıb. Beləliklə, Hüseynzadə Əli bəyin nəsli bu üç övladla tamamlanmış olur.
Yaratdıqları - böyük türkçü ideoloqun mirası...
Əli bəy Hüseynzadə bütün şüurlu ömrü boyu öz məhsuldar qələmi ilə ümumtürk mənəvi dəyərlərini tədqiq və təbliğ edib, türkün tərəqqisi naminə öz parlaq istedadının bütün gücü ilə çarpışıb.
Türkiyədəki təqiblərdən
sonra Azərbaycana qayıdan Əli bəy
Hüseynzadə "Kaspi" qəzeti ilə
əməkdaşlığa başlayır, publisistik
yazılarını dərc etdirir və
"Gənc türkçülük nədir?"
adlı məqaləsi ilə türk tənzimat
hərəkatının mahiyyətini
açıqlayır. Ə.Hüseynzadə bu zaman islahatçı-reformist
ideya adamı kimi tanınır. Az sonra o, dövrünün məşhur
teoloq alimi, ictimai xadim və
publisisti Əhməd bəy Ağaoğlu ilə birlikdə milyonçu Hacı Zeynalabdin Tağıyevin maliyyəsi ilə "Həyat" qəzetinin nəşrinə başlayır.
Bu qəzet Ə.Hüseynzadəni
Azərbaycana "ağır
başlı" filosof,
"sədrə şəfa
verən" sözlər
(ağla qida verən sözlər) söyləyən mütəfəkkir
kimi tanıdır.
Onun səhifələrində əsərlərini
dərc etdirməklə
ictimai-mədəni mühitə
yeni ab-hava gətirir, ümumxalq dünyagörüşünün məntiqi əsaslarını
yeni prinsiplərlə
zənginləşdirməyə çalışır. Ə.Hüseynzadənin fəlsəfi mühakimələri
bu mənada maraqlıdır. Məsələn,
o deyirdi:
"Həqiqətin də dadı və ləzzəti var. Hürriyyət!.. O nə qüvvədir
ki, zehinləri, fikirləri, xəyalları,
bəşərin bütün
ruh və mənəviyyatını sövq
ediyor! Qalib olmaq o camaatındır ki, həyata açıq göz ilə nəzər edər, zəmanənin ruhunu, icabatını anlar, dərk edər...
Türklər ya ölər, ya hicrət edərlər, fəqət,
qul olmazlar.
Hər kəsə
ki uşaqlıqda ədəb və tərbiyə verilməsə,
böyüklükdə onun
nicatı olamaz. Yaş ağacı hər tövr istəsən əymək mümkündür,
lakin quru ağacı ancaq od ilə düzəltmək
mümkün olur...".
"Füyuzat" məktəbinin
banisi...
XX əsrin əvvəllərində
ictimai-siyasi fikrin təşkili və tənzimlənməsində, informasiya
mühitinin formalaşmasında
milli mətbuat nümunələri əhəmiyyətli
rol oynayıb. Æurnalistikanın ictimai fikir tribunasına çevrilməsi də həmin tarixi mərhələnin məhsuludur.
"Füyuzat" jurnalı və onun redaksiya heyətinin xidmətləri
bu mənada diqqətəlayiqdir. Çünki onlar yalnız bir jurnal nümunəsi
nəşr etməklə
məhdudlaşmadılar, füyuzatçılıq
xətti-hərəkatını, "Füyuzat" jurnalistikası
məktəbini yaratmaqla
tarix səhifələrinə
öz imzalarını
həkk etdilər.
"Füyuzat"da Əli bəy Hüseynzadə məqalələrinin birində
yazırdı: "Bizə
fədai lazımdır!
Türk hissiyyatlı, islam etiqadlı, Avropa (müasir) qiyafəli fədai!" Bu fikir
füyuzatçı mətbuat
orqanları tərəfindən
təkmilləşdirildi və
"Tazə həyat",
"İrşad", "Yeni füyuzat", "Həqiqət", "Tərəqqi",
"İqbal", "Sədayi-həqq",
"Şəlalə", "Açıq söz",
"Bəsirət", "Qurtuluş", "Dirilik",
"Azərbaycan", "Övraqi-nəfisə" mətbuat
orqanları tərəfindən
"türkləşmək, islamlaşmaq, müasirləşmək"
-azərbaycançılıq şəklində formulə
edilərək təbliğ
olundu.
Əli bəy Hüseynzadənin islam-türk millətlərin
qalxması və müasirləşməsində üç düstura görə hərəkət
edilməsinin zəruriliyini
iddia etdiyini bildirən Hilmi Ziya Ülkən bu düsturun türkləşmək, islamlaşmaq
və avropalaşmaq olduğunu yazıb: bu üçlü görüş daha öncə bir az qeyri-müəyyən,
sistemsiz bir şəkildə Əli Suavi tərəfindən irəli sürülüb
və müdafiə edilib. Fəqət, Əli Suavi,
hələ türkçülüyün
oyanmadığı və
Namiq Kamalın Osmanlı-islam görüşünün
hakim olduğu bir dövrdə yaşadığı
üçün fikirləri
unudulub. Əli bəy
Hüseynzadənin təklifi
tam zamanında idi.
Əli bəy Hüseynzadənin türkçülüyə dair
baxışlarının Ziya
Gökalpa təsiri ilə əlaqədar məsələlər Hilmi
Ziya Ülkənin yaradıcılığında parlaq şəkildə öz əksini tapıb: 1905-ci ildə Tiflisdə Əli bəy Hüseynzadə tərəfindən irəli
sürülən türkləşmək,
islamlaşmaq və avropalaşmaq fikri 1911-ci ildə hərarətli tərəfdarlar tapdı.
Ziya Gökalp "Türkləşmək,
islamlaşmaq, müasirləşmək"
adlı məqalələrini
və 1918-ci ildə bu məqalələrdən
ibarət kitabını
çıxardı. Fəqət, Əli bəy Hüseynzadənin məqaləsində
Əli Suavinin, bu son əsərdə də Hüseynzadənin adları çəkilmir.
Bununla birlikdə, Gökalp, Əli bəy Hüseynzadənin dəyərini
anlamışdı və
onu "Yalavaç"
adlandırıb. "Yalavaç" sözü
isə peyğəmbər,
gələcəyi xəbər
verən, müjdəçi
və s. kimi mənaları daşıyır.
Onu da qeyd edək
ki, Azərbaycan Xalq Cumhuriyyəti dövründə dövlət
bayrağında üç
rənglə (mavi, qırmızı, yaşıl)
simvollaşan Azərbaycan
vətəndaşının ideya-mənəvi dəyərləri
Əli bəy Hüseynzadənin həmin
tezisi və füyuzatçıların tarixi
xidmətləri ilə
bağlıdır. Hilmi Ziya
Ülkən Əli bəy Hüseynzadəni gənclərin qayğısına
qalan, onlara yol göstərən bir insan kimi
xarakterizə edib.
Mütəfəkkir siyasi
həyata dalmış
olan Ziya Gökalpa yaxınlaşmanın
çətin olduğunu
bildirərək göstərib:
məhz bu sırada Hüseynzadə türkçülərin rəhbərlərindən
və bizi dinləyən, yol göstərən bir insan oldu".
İradə SARIYEVA
Bakı xəbər .-2014.- 24 noyabr.- S.12.