II Beynəlxalq Aşıq Festivalı - dostluq körpüsü...

 

İrandan "Bakı-Xəbər"ə məktub gəlib...

 

Aşıq Səlcuq Şahbazi: "Azərbaycanda aşıq sənətinə dövlət səviyyəsində bu qədər qayğı və diqqət göstərilməsi böyük hadisədir"

"Bakı-Xəbər" qəzetinin elektron poçtuna İranın Musiqi Evindəki Aşıqlar Təşkilatının təmsilçisi, Təbriz Aşıqlar Birliyinin sədri, görkəmli ifaçı və yaradıcı aşıq Səlcuq Şahbazidən məktub daxil olub.

Aşıq Səlcuq Şahbazi qəzetimiz vasitəsilə noyabrın 10-18-də Azərbaycanda keçirilən II Beynəlxalq Aşıq Festivalının təşkilatçılarına öz təşəkkürünü bildirir: "Bu festivalda, bir çox ölkələr kimi, İranın təmsilçisi olaraq biziştirak etdik. Mən 2010-cu ildə keçirilən I Beynəlxalq Aşıq Festivalında da iştirak etdim. Festivaldan öz ölkəmizə xoş təəssüratlarla qayıtdıq. Azərbaycanda aşıq sənətinə dövlət səviyyəsində bu qədər qayğı və diqqət göstərilməsi böyük hadisədir və biz aşıqların ürəyincədir. Heydər Əliyev Fondunun, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin və Azərbaycan Aşıqlar Birliyinin birgə təşkilatçılığı ilə keçirilən bu festival olduqca yüksək səviyyədə təşkil olunmuşdu və Azərbaycan xalqının qonaqpərvərliyinin, sənətə, mədəniyyətə və incəsənətə yüksək dəyər verməsinin bir daha təsdiqi kimi yaddaşımıza yazıldı. İstər Bakıda, istərsə də bölgələrdə böyük qayğı, diqqət və qonaqpərvərlik gördük. Bu festival həm də dostluq körpüsünə çevrildi bizim üçün. Festivala Türkiyə, Özbəkistan, Qazaxıstan, Türkmənistan, Dağıstan (Rusiya) və Borçalıdan (Gürcüstan) qatılmış aşıqlarla doğmalaşdıq və mən hesab edirəm ki, bu da gələcəkdə sənət əlaqələrimizin inkişafında mühüm rol oynayacaq".

II Beynəlxalq Aşıq Festivalını böyük bir mədəniyyət hadisəsi hesab edən aşıq Şahbazi yazır ki, bu festivalda iştirak edən İran aşıqlarının rəhbəri kimi belə bir möhtəşəm tədbirin təşkilatçılarına İrandakı aşıqlar adından təşəkkür etməyi özünə borc bilir: "Xalq şairi Zəlimxan Yaquba, festivalın keçirildiyi günlərdə bizimlə olub hər an qayğı və diqqətini əsirgəməyən Mədəniyyət və Turizm Nazirliyinin şöbə müdiri Fikrət Babayevə, nazirliyin əməkdaşları Rəşad Əliyev və Vüqar Məmmədova, professor Qəzənfər Paşayevə və Azərbaycan Aşıqlar Birliyinin katibi Musa Nəbioğluna da aşıqlarımız adından ayrıca minnətdarlığımızı çatdırmaq istəyirəm".

 

 

İradə SARIYEVA

Bakı xəbər.-2014.- 26 noyabr.- S.14.