Azərbaycan musiqi mədəniyyətinin beşiyi başında duran soyad - Mansurovlar...

 

Mansurovlar-bu soyad, nəsil, şəcərə Azərbaycan xalqının, dövlətinin, milli mədəniyyətimizin ocağı başında duran, çırağını həmişə yanar saxlayan bir əsil-kökdür. Mansurovlar Azərbaycan musiqi mədəniyyətinin beşiyi başında duran, neçə nəsil musiqiçi, milli musiqi təəssübkeşi yetişdirib. İçəri Şəhərin köklü nəsillərindən olan Mansurovların xalq və dövlət qarşısındakı xidmətləri ölçüyəgəlməzdir. Bu soyad duyulanda yadımıza çox böyük mədəniyyət hadisələri düşür.

Azərbaycanda çox adlı-sanlı, hörmətli sülalələr olub və bu gün də o xətt davam edir. Bu qədim sülalə ənənələri davam etdirən ailələrdən biri də Mansurovlardır.

İçərişəhərli Mansurovlar...

"Vikipediya" yazır ki, Mansurovlar nəsli Bakıda, daha doğrusu, İçəri Şəhərdə çox tanınan sülalədir. Bakı xanları dövründə Mansurovlar həmişə hakimiyyətin rəhbər strukturlarında təmsil olunub. Məsələn, Ağa Hacı Kərim bəy (1694-1768), onun oğlu Ağa Hacı Mansur bəy (1731-1796) qulluqda olublar. Onların çox sayda mülkləri, mal-qarası, neft quyuları, gəmiləri, dükanları, meyvə və zəfəran bağları var idi. Yeri gəlmişkən, bu soyadın kökləri haqqında məlumdur ki, insanlara münasibətdə səmimi, ürəyi açıq, qəlbi geniş olan Ağa Hacı Mansur bəyin xatirəsinə hörmət kimi övladları onun adını soyadlarında əbədiləşdirdilər. Beləcə, Mansurbəyovlar soyadı yarandı. Sonralar bu soyad müəyyən siyasi vəziyyətdən asılı olaraq Mansurov oldu. Babası və atasından qalmış var-dövlətə sahib olan Ağa Hüseyn bəy (1767-1829) onların yolu ilə getdi və əsasən ticarətlə məşğul oldu. Ağa Hüseyn bəy Türkan kəndində, Keşlə, Xilə və Abşeronun digər kəndlərində əkinçilik sahələrinin, Mərdəkan və Şüvəlanda meyvə bağlarının, mal-qara sürülərinin, at ilxısının, neft quyularının sahibi idi, bir neçə rəncbəri vardı. Var-dövlətinə görə Ağa Hüseyn bəy o vaxtın mülkədarlarını bir neçə dəfə üstələyirdi. Ağa Hüseyn bəyi o dövrün I gildiya tacirlərilə müqayisə etmək olardı. Bəylər nəsli olan Mansurovlar Bakıya xeyli sayda parlaq və istedadlı şəxslər bəxş edib. Onların arasında Ağa Hacı Mansur bəyin nəvəsi Ağa Salah bəyin (1800-1848) adını çəkmək olar. Təbiətcə işgüzar və sahibkarlığa meylli olan Ağa Salah bəy qısa zaman ərzində nəinki Rusiya, hətta uzaq ölkələrlə ticarət əlaqələri yaratdı. Onun Bakı, Rusiya və İranın bir çox şəhərlərində dükanları var idi. Ağa Salah bəyin mağazalarında satılan malların çeşidi gözəlliyi və genişliyilə hamını heyran edirdi. Demək olar ki, onun dükanlarında hər şey-geyim, xəz, inşaat materialları, ağac, metal, məişət əşyaları, zərgərlik məmulatı, parfümeriya satılırdı.

"Bakı şəhərinin fəxri nəsilli vətəndaşı"

Mənbələr yazır ki, o vaxt hər tacirin gəmisi olmazdı. Ağa Salah bəy öz gəmilərində Bakıya mal gətirərdi və şəhər sakinlərinin bu mallara ehtiyacını ödəyərdi. Evləri, mülkləri və çoxlu torpaq sahələri olan bakılıların siyahısında Ağa Salah bəyin də adı vardı. O, humanistliyilə seçilirdi, həmişə kasıb və imkansızlara kömək edirdi. Öz puluna İçəri Şəhərdə köhnə evləri alıb, söküb və yerində meydanlar salırdı. Faytonların rahat hərəkət etməsi üçün küçələri genişləndirirdi. Ağa Salah bəyin bu xeyirxah işlərini yüksək qiymətləndirən şəhər rəhbərliyi onu "Bakı şəhərinin fəxri nəsilli vətəndaşı" adına layiq gördü. Xalq isə İçəri Şəhərdəki meydanların birinə onun adını verdi və beləcə, şəhərimizdə "Ağa Salah meydanı" yarandı.

Ağa Salahın kiçik oğlunun muğam məclisləri...

Ağa Salah bəyin kiçik oğlu- Məşədi Məlik-Məmməd bəy (1845-1909) Bakı və Abşeronda ilk muğam məclislərinin yaradıcısı kimi musiqi mədəniyyətimizin tarixi yaddaşında özünə layiq yer tutub. Bu məclislər qədim Azərbaycan muğamlarının öyrənilməsi, elmi tədqiqi və geniş yayılmasında önəmli rol oynayıb. Məşədi Məlik-Məmməd bəyin (Məşədi Məlik) İçəri Şəhərdəki evində keçirilən bu məclislərdə kimlər iştirak etməyib! Nəinki Azərbaycandan, həm də Tiflis, İrandan gələn xanəndə və ifaçılar məhz onun musiqi məclislərində əsl sənət məktəbi keçib. Məşədi Məliyin dostları, evinin və bağının daimi qonaqları arasında o dövrün ən məşhur simaları var idi -neft maqnatları Robert və Lüdviq Nobel qardaşları, Alfons de Rotşild, Bakının meri Stanislav Despot-Zenoviç, memarlar İosif Qoslavski və İosif Ploşko, mühəndis-polkovnik Nikolay Avqustoviç fon der None, paytaxt elitası və zadəganların digər tanınmış nümayəndələri. O vaxtın bütün varlı adamları kimi, Məşədi Məlik bütün ömrünü incəsənətə xidmətə həsr edib. Mesenat kimi gənc istedadların himayədarı idi, onlara peşəkar kimi formalaşmaqda köməyini əsirgəmirdi.

Məşədi Süleyman...

Məşədi Məliyin oğlu Məşədi Süleyman bəy (1872-1955) atasından sonra qalan nəslin varidatını idarə edirdi. Ən yaxın qohumları-qardaşları, bacısı və həyat yoldaşı öz mülkiyyətinin idarə olunmasını məhz Məşədi Süleyman bəyə ona görə etibar edirdilər ki, onların arasında o, savadlı və bu işdə səriştəsi olan yeganə insan idi. Əsilzadə bəy və torpaq sahibkarı olan Məşədi Süleyman bəy ilk təhsilini mədrəsədə alıb, sonra rus-tatar məktəbində oxuyub. O bir çox Şərq və Avropa dillərini bilirdi. O cümlədən fars, ərəb, türkcə mükəmməl öyrənib, rus dilini sərbəst bilirdi, asanlıqla fransız, alman, ingilis və bir az da italyanca söhbət etməyi bacarırdı. Məşədi Süleyman bəy atasının başladığı Bakı muğam məclislərini davam etdirdi. Məşədi Süleyman bəy həm də icarədar və sahibkar idi. O özünə məxsus və Qara şəhərdə olan torpaq sahələrini boru kəmərlərinin çəkilməsi məqsədilə məşhur yerli və xarici neft şirkətlərinə icarəyə verirdi. Müqavilələr bağlanan şirkətlər arasında "Vostoçnoe Tovarişestvo", "Rusiya Neft Cəmiyyəti", "Russkoe Tovarişestvo "Neft", "Born" Cəmiyyəti, "Mirzəyev qardaşları və Ko", "Rusiya Neft Sənayesi" Cəmiyyəti, "Nobel qardaşları", "Aramazd" şirkətləri, Əmtəə Anbarlarının Şərq Cəmiyyəti vardı. Amma musiqi Məşədi Süleyman bəyin canına elə hopmuşdu ki, o, muğamsız özünü bir an belə təsəvvür etmirdi. Mansurovların İçəri Şəhərdəki evlərində və Şüvəlandakı bağlarında yenə də xanəndələr, musiqiçilər, şairlər, Azərbaycan, İran, Tiflisdən gəlmiş ziyalılar yığışar və muğam məclisləri qurulardı. Nəslin layiqli davamçısı kimi, Məşədi Süleyman bəy mahir tarzən və muğam bilicisi idi. Onun bir sevimli məşğuliyyəti də vardı-səyahət. Atalar düz deyib: "Çox gəzən çox bilər". Məşədi Süleyman bəy 11 dəfə bütün Avropanı, Şərq ölkələrini o baş-bu baş gəzib, Rusiyanın çox yerlərində olub. Fransa, İsveçrə və Avstriya-Avropanın musiqi beşiyi onun ən çox sevdiyi ölkələr idi. Səyahətlər zamanı Məşədi Süleyman bəy hökmən konsert salonları və teatrlara baş çəkərdi, kübar məclislərində iştirak edərdi.

Mirzə Mənsur məktəbi...

Məşədi Süleyman bəyin kiçik qardaşı Mirzə Mansur bəy (1887-1967) Azərbaycan muğamlarının tanınmış nəzəriyyəçisi hesab olunur. Peşəkar tarzən kimi, o, Sadıqcan məktəbinin ənənələrini davam etdirdi. Mirzə Mansur tələbələrinə muğamların sirrini açmağı və ifaçılıq ustalığını tam öyrətməyə çalışırdı. Sovet dövründə Konservatoriyada dərs deyən Mirzə Mansur muğam tədrisi proqramının müəlliflərindən biri idi. Üzeyir bəy Hacıbəyov onun ifaçılıq istedadını, muğamın sirlərini bilən müəllim olmasını çox yüksək qiymətləndirirdi. Keçən əsrin 30-cu illərində hələ gənc bəstəkarlar Tofiq Quliyev və Zakir Bağırov Üzeyir bəyin göstərişilə "Rast", "Zabul-segah" və "Dügah" muğamlarını məhz Mirzə Mansurun ifasından nota köçürdülər. Musiqi sahəsində böyük xidmətlərinə görə 1940-cı ildə Mirzə Mansur Mansurova "Əməkdar incəsənət xadimi" fəxri adı verildi. Mirzə Mansur həmçinin tar ustası kimi də yaxşı ad qazanıb.

Mirzə Mansurun rekonstruksiya etdiyi tarlar harada saxlanır?

Onun rekonstruksiya etdiyi 4 tardan biri Ermitajda, biri Luvrda, biri də İstanbulda muzeylərdə qorunur. Sonuncusu isə onun şəxsi tarı idi. Məşədi Süleyman bəyin oğlu Azərbaycanın Xalq artisti, tarzən Bəhram Mansurov (1911-1985), bütün Mansurovlar kimi, İçəri Şəhərdə doğulub və boya-başa çatıb. Mansurovlar nəslinin musiqi ənənələrinin layiqli davamçısı kimi Bəhram Mansurov ömrünün çox hissəsini-55 il Opera və Balet Teatrında tarzən kimi solist-konsertmeyster vəzifəsində çalışıb. YUNESKO hələ 1967-ci ildə məhz onun ifasında ilk dəfə Azərbaycan muğamları ilə tanış olub. Sonralar YUNESKO Bəhram Mansurovun ifa etdiyi Azərbaycan muğamlarını val, kaset, SD şəklində bütün dünyaya yayıb. Mansurovlar nəslinin digər nümayəndələri-Nadir Məşədi Süleyman oğlu (1916-1972) və Ənvər Mirzə Mansur oqlu (1917-1941) tarzən olublar. Ənvərin oğlu-Arif Mansurov (1939-2003) respublikanın tanınmış təsərrüfatçı mütəxəssislərindən olub. O, Nazirlər Kabinetinin aparatında çalışıb, Tikinti Materialları Nazirliyi, Ekologiya və Təbiətə Nəzarət Dövlət Komitəsinə rəhbərlik edib. Mesenat kimi, Arif Mansurov şəhərimizə şair Əliağa Vahidin Qubernator bağında qoyulan heykəlini və Mərdəkanda H.Z.Tağıyevin qəbirüstü abidə kompleksini hədiyyə edib. Arifin oğlu-Ənvər Mansurov (1969) Bakının məşhur "Şən və hazırcavablar" komandasının tərkibində MDB çempionu olub. Bəhram Mansurovun oğulları- respublikanın əməkdar artisti, tarzən Elxan Mansurov (1955), xalq artisti, bəstəkar Eldar Mansurov (1952) və Aydın Mansurov (1953) nəslin musiqi ənənələrini layiqincə davam etdirirlər. Elxan Mansurov atası kimi uzun müddətdir - 40 ildən çoxdur ki, Opera və Balet Teatrında tarzən kimi solist-konsertmeyster vəzifəsində çalışır, gənc xanəndələri muğam operalarında aparıcı partiyaların ifasına hazırlayır. Aydın Mansurov A.Zeynallı adına Musiqi Texnikumunun xor dirijorluğu şöbəsini bitirdikdən sonra bir müddət musiqi məktəblərində müəllim kimi çalışıb. Sonralar televiziyaya həvəsi olduğundan, kinooperator sənətinə yiyələndi və uzun illərdir bu sahədə çalışır. Xalq artisti, bəstəkar Eldar Mansurov klassik janrda yazılan bir çox əsərlərin, kinofilmlərə və teatr tamaşalarına bəstələnmiş musiqilərin müəllifidir. Musiqişünas kimi 1987-ci ildə Səmərqənddə keçirilmiş Beynəlxalq Muğam Simpoziumunda muğamların tarixi haqqında elmi işi ilə çıxış edib. Onun muğamların tarixi və nəzəriyyəsi haqqında elmi məqalələri bir neçə dəfə Fransa, Almaniya və Rusiyanın elmi nəşrlərində çap olunub. Bəstəkarlıqla yanaşı, Eldar Mansurov bir neçə kitab çap etdirib, o cümlədən babası və atasının xatirələri. Ən son işi isə Mansurovlar nəslinin tarixi kitabıdır.

"Mansurovlar" adlanan kitab Heydər Əliyev Fondunun qayğısı sayəsində işıq üzü görüb. Heydər Əliyev Fondunun rəsmi saytında kitab haqda geniş məlumat verilib. Biz də bu məlumatlardan istifadə edirik.

"Mansurovlar" kitabı...

Qeyd edək ki, Heydər Əliyev Fondu tərəfindən buraxılan "Mansurovlar" kitabı Azərbaycan Respublikasının xalq artisti, görkəmli tarzən Bəhram Mansurovun anadan olmasının 100 illiyinə ithaf edilir. Bu nəfis kitab 2011-ci ildə məşhur tarzənin yubileyinə həsr olunan nəşrdir. Kitab "Çaşıoğlu" Elm-İstehsalat Firmasında hazırlanıb.

Kitab üç müxtəlif əsərin toplusudur. Burada Məşədi Süleyman bəy Mansurovun "Xatirələr", Bəhram Mansurovun "Ömür qıysa..." (xatirələr) və Eldar Mansurovun "Mansurovlar" kitabları toplanıb. Mansurovların üç nümayəndəsi: baba, oğul, nəvə. "Mansurovlar" kitabı bu nəslin tarixini XVII əsrin ortalarından bu günə kimi əks etdirir. Azərbaycanda nəcabətli bəy nəsli olan Mansurovlar ölkənin mədəni tarixində silinməz iz qoyub, musiqinin, daha doğrusu, muğamlarımızın inkişafı və formalaşması, dünyada tanınmasında müstəsna rol oynayıblar. Kitab üç hissədən ibarətdir.

Bir şəcərənin üç fəsli...

Məlumat üçün bildirək ki, kitabın birinci hissəsində nəslin tarixi haqqında məlumat verilir. Bakının qədim bəy ailəsi olan Mansurovlar İçəri Şəhərin ən tanınmış və hörmətli sakinlərindəndir. Bu nəslin nümayəndələri arasında sahibkarlığın əsasını qoyanlardan Ağa Hacı Kərim bəy, adı soyadının əsası olmuş Ağa Hacı Mansurxan bəy, dünyada ilk dəfə dənizdən neft çıxaran Ağa Hacı Qasım bəy, Rusiya ilə ticarət əlaqələri quran ilk azərbaycanlı tacir Ağa Salah bəy, Bakı muğam məclislərinin yaradıcısı və rəhbəri Məşədi Məlik bəy haqqında faktlar əsasında yazılmış materiallar kitabın birinci hissəsində toplanıb.

Nəslin layiqli nümayəndələrindən olan Məşədi Süleyman bəyin xatirələri ikinci hissədə verilib. Zəmanəsinin ziyalılarından biri Məşədi Süleyman bəy musiqi, söz, sənət bilicisi olmaqla yanaşı, həm də böyük iş adamı, dövrünün savadlı şəxslərindən idi, bir neçə xarici dildə sərbəst danışır və yazırdı. Səyahəti çox sevər, müxtəlif ölkələri gəzərdi. Milyonçu Musa Nağıyevin oğlu İsmayıl onun yaxın dostlarından olub. Məşədi Süleyman muğamın kamil bilicisi kimi tarixdə qalıb. Atası Məşədi Məliyin vəfatından sonra onun musiqi məclislərini oğlu Süleyman davam etdirib.

Sonuncu, üçüncü hissədə tanınmış tarzən Bəhram Mansurovun xatirələri yer alıb. Mahir tarzən yaşadığı şərəfli həyat, keçdiyi sənət yolu barədə maraqlı faktları qələmə alıb. İfaçılıq sənətində zirvəyə ucalmış sənətkar musiqi tariximizdə muğam bilicisi, virtuoz sənətkar kimi yadda qalıb. Məhz Bəhram Mansurovun ifasında Azərbaycan muğamları ilk dəfə YUNESKO-nun xətti ilə 1971 və 1975-ci illərdə "Phillips" və "Baren Reiter" şirkətləri tərəfindən 2 val şəklində buraxılıb. Görkəmli tarzən 50 ildən artıq Opera Teatrında çalışıb, muğam operalarında xanəndələri müşayiət edib. Çağdaş dövrümüzün məşhur bəstəkarlarından olan Eldar Mansurovun yazdığı "Mansurovlar" adlı kitab nəslin 300 illik bir zaman kəsiyində keçdiyi şöhrətli və şərəfli ləyaqət və sənət yolunu özündə təcəssüm etdirib. İnamla qeyd etmək olar ki, üç kitabdan ibarət bu əsər nəinki oxucular, hətta musiqi tarixi ilə məşğul olan nəzəriyyəçi alimlər və mədəniyyətimizin tədqiqatçıları üçün də zəngin mənbə olacaq.

 

İradə SARIYEVA

Bakı xəbər.-2014.- 27 noyabr.- S.12.