Tikdim ki,
izim qala - Abşeron istehkamları...
Tariximiz, mədəniyyətimiz, dövlətçilik ənənələrimiz
bizdə fəxarət hissi yaratmaqla yanaşı, bu həm də
yüksək səviyyədə inkişaf etməyimizin
göstəricisidir. Azərbaycan xalqı tarixən mübariz
və mərd xalq olub. Torpaqlarımız zəngin,
təbii şəraiti əlverişli olduğu
üçün, yeraltı və yerüstü sərvətlərinə
görə zaman-zaman yadellilərin işğalına məruz
qalıb.
Əlbəttə, mübariz Azərbaycan xalqı
düşmən hücumlarına hücumla cavab verib və
tarixdə də bu mübarizəni əks etdirən
şanlı səhifələr var. Yadellilərin
hücumlarından qorunmaq, müdafiə olunmaq
üçün müxtəlif tədbirlərə əl
atıblar. Düşmən müqavimətini qırmaq, zəiflətmək
məqsədilə qalalar, istehkamlar inşa ediblər. Bilirik ki, Azərbaycanın hər yerində belə
möhtəşəm qalalar, istehkamlar olub, bu gün də
onların çoxu qalmaqdadır. Elə
qalalar da var ki, onlardan nişanə kimi ancaq xarabalıqları
qalıb. Ancaq xalqın mübarizə
tarixindən örnək qalan qalaların əksəriyyəti
mövcuddur.
Bakıda və onun ətrafında, daha doğrusu,
Abşeronda çoxlu sayda qalalar olub ki, onlar bu gün
tariximizin, dövlətçiliyimizin qürur yeridir. Abşeron
istehkamları haqda danışacağıq.
Rusların
hücumuna qarşı tikilən Abşeron istehkamları...
Tarixi mənbələrdən verilən məlumata
görə, XI-XIII əsrlərdə Şirvanşahların
möhkəmlənməsi ilə Abşeron
yarımadasının ərazisində böyük inşaat
işləri aparılıb. O dövrün qurğuları
arasında bürclər və qəsrlər xüsusi yer
tutur, onlar ara müharibələrdə
feodalların etibarlı sığınacağı, həm də
xarici işğalçılardan müdafiə
funksiyasını yerinə yetirirdilər. Xüsusilə
kəskin olaraq bu məsələ XII əsrdə rusların dənizdən
hucumu zamanı qalxdı. Bu istehkamların
strateji əhəmiyyəti böyük olub. Rusların Azərbaycana və Xəzər hövzəsi
ölkələrinə sonuncu böyük hücumu 1174-cü
ildə şirvanşah I Axsitan İbn Mənüçöhrün
dövründə baş vermişdi. Bu
hücumda ruslarla birlikdə alanlar və qıpçaqlar da
iştirak edib. Ruslar 73 gəmi ilə Ruinas
adasına yaxınlaşdılar və lövbər salaraq
Kür çayı ilə Lənbərana doğru
qalxdılar. Eyni zamanda qıpçaqlar və
alanlar Dərbəndi tutaraq cənuba hərəkət etdilər
və Şabran istehkamını tutdular. Ruslarla həlledici
döyüş Bakı yaxınlığında dənizdə
baş verdi. Bundan sonra ruslar
Şirvandan qovuldular, onların donanması isə məhv
edildi. Qıpçaqlarla alanlar da məğlub
edildi. Rusların Xəzər vasitəsilə
Bakıya və Dərbəndə yürüşünün
qarşısının alınmasında və onların Azərbaycandan
qovulması işində çox güman ki, Abşeron
istehkamlarının böyük rolu olub. Aydın
havada bürc və qüllələrdən açıq dənizdə
olan gəmiləri uzaq məsafədən müşahidə
etmək mümkün idi. Qüllədən
görünən gəmilər haqqında dərhal
şahın qərargahına xəbər verilirdi və
düşmən əsas üstünlüyü olan gözlənilməzlik
amilindən məhrum olurdu. Bütün
Abşeron yarımadası boyu yerləşən qalalar
uzunmüddətli yaşayış üçün nəzərdə
tutulmamışdı. Qərbi Avropanın
qəsrlərindən fərqli olaraq Abşeron
qalalarının yardımçı və xidmətçi
tikililəri olan daxili, geniş həyəti yox idi. Belə tikililər qalaların xaricində yerləşirdi.
Qalalar feodalın və onun vassallarının
müvəqqəti sığınacağına və passiv
müdafiə işinə xidmət edirdi.
Müvəqqəti
sığınacaq yerləri - bürclər...
Abşeronun bütün qalaları vahid müdafiə
sisteminə daxil idi. XVII-XVIII-ci əsrlərdə qalalar
işarə funksiyasını yerinə yetirməyə
başladı. Düşmən
yaxınlaşanda qalalarda neft yandırılırdı və
beləliklə əhali xəbərdar edilirdi. Qızıl Ordaxanlarının yürüşləri
və kazakların Xəzər sahillərinə
basqınları zamanı da Abşeron qalaları müdafiə
və xəbərdarlıq funksiyasını yerinə yetirib.
Bu istehkamlar quruluşlarına və memarlıq
xüsusiyyətlərinə görə bir-birinə bənzəyir. Tarixçilər
yazır ki, Abşeron qalalarının çoxlu ümumi cəhəti
var. Onların hamısı kəndlərin kənarında və
yaxud onlardan qıraqda yerləşir. Abşeronun
dördkünc və yumru qalaları, demək olar ki,
bütün hallarda eyni plana uyğundur. Onların
hamısı dördkünc qala divarları ilə əhatələnib.
Bürcün ətrafından qala divarlarına 20-25 metr məsafə
var. Bürclər hündürlüyünə görə yaruslara(ikidən səkkizə qədər)
bölünüb, onların arasındakı əlaqə
divarın içindəki pilləkən vasitəsilə idi. İkinci qata pilləkən yoxdur və yəqin ki,
burada daşınan taxta nərdivanlardan istifadə edilirdi.
Bütün qalaların birinci qatda eni 6,5-7
metr, yuxarı qatların 3,5-4,5 metrdir. Dördküns bürclərin
divarlarının eni ilə yumru bürclərin diametrləri
də ölçülərinə görə yaxındır
(3,5-5,5 metr), divarın
qalınlığı 2 metrə qədərdir. Bürclərin bütün müdafiə vasitələri
onun yuxarı meydançasında cəmləşdirilirdi.
Onun üzərində yerləşdirilən
oxçular dişli pilləvari parapetlə müdafiə
olunurdular. Bürcün bütün
qatlarında içəriyə genişlənən
mazğallar, əsasən ventilyasiya və
işıqlandırma üçün nəzərdə
tutulub. Sadə kanalizasiya xətləri və
su quyuları da bürclərin mühasirə zamanı müvəqqəti
yaşayış yeri olduğunu bildirir.
Salamat
qalan qalalar...
Abşeron qalalarından bu günə qədər ən
yaxşı qalanlar- Ramana, Nardaran, Mərdəkan
qalalarıdır. Yarıdağılmış vəziyyətdə
olanlar isə Bilgəh, Qala və Şağandakı
qalalardır. Qalalar Maştağa, Şüvəlan,
Keşlə, Hövsan, Buzovna və başqa kəndlərdə
də vardı. Beləliklə, Abşeronda 30-a yaxın
bürc-qala vardı. Abşeron qalalarından danışarkən
qeyd etməliyik ki, bura Bakı qalası, Mərdəkan
qalası-1, Mərdəkan qalası-2, Şağan
qalası, Ramana qalası, Nardaran qalası, Bilgəh qalası,
Bayıl qalası aiddir. Bu qalaların hər
biri haqda ayrıca danışırıq.
"Sualtı
şəhər" əfsanə deyil...
Bu gün varlığı və adı əfsanəyə
çevrilən, dəniz altında qalan Bayıl qalası Bakının
Bayıl burnu yaxınlığına yerləşən və
hazırda dəniz sularının altında qalmış
tarixi memarlıq abidəsidir. Şirvan-Abşeron
memarlıq məktəbinin ən gözəl əsərlərindən
biri olan və XIII əsrdə inşa edilmiş Bayıl
qalası Xəzər dənizinin suyunun qalxıb-enməsi ilə
zamanla gah dənizin üzünə çıxır, gah da
sulara qərq olaraq görünməz olur. Bu qala haqda
"Vikipediya" Açıq Ensiklopediyasında belə
yazılır": Qala mənbələrdə müxtəlif
adlarla ("Sualtı şəhər" , "Bayıl
daşları", "Səbail qalası",
"Karvansara", "Xanəgah", "Kömrükxana"
və s.) anılsa da, elmi ədəbiyyatda daha çox
"Bayıl qəsri" adı ilə tanınır.
Bayıl
qəsrinin adanın biçiminə uyğun uzunsov planı
var. Qalanın uzunluğu 180 m, orta eni isə 35 m-dir. Qala
divarları şərqdə altı, qərbdə isə
beş yarımdairəvi (Bakı qalasındakı kimi)
bürclə möhkəmləndirilib.
Bayıl qəsrinin tikintisi siyasi-hərbi baxımdan
çox qarışıq bir çağda-monqol
yürüşləri bütün Yaxın Şərqi lərzəyə
gətirdiyi vaxtda (1234-1235 -ci illərdə) başa
çatmışdı. Ancaq sahilə yaxın adada tikilən bu
möhtəşəm qəsrin ömrü çox qısa
olub. Alimlərin fikrincə, o, 1306-cı
ildə baş verən güclü zəlzələ nəticəsində
dənizdə batıb. Görkəmli Azərbaycan
şairi Arif Ərdəbili 1369-cu ildə yazdığı
"Fəryadnamə" poemasında gördüklərini
belə qələmə almışdı:
Bakıda
dənizdə bir qala var ki,
Yeni şəhər qalasını orda su basıb.
Bu misralarda şairin Bayıl qəsrindən bəhs etməsi şübhə doğurmur. Arif Ərdəbili Bayıl qalasını tikinti başa çatdıqdan bir əsr sonra görmüşdü və təbiidir ki, o, hələ el yaddaşlarında "yeni şəhər qalası" kimi qalırdı. Bu deyim həm də Bayıl qəsrinin şəhər qalası olmasını, yəni Bakının müdafiə sisteminə daxil edilməsini bir daha təsdiq edir.
Gah üzə çıxır, gah da Xəzərin qoynuna qərq olur Bayıl qalası
Bir də yüzillər keçəndən sonra, Xəzər dənizinin səviyyəsi yenidən xeyli aşağı düşdüyü zaman Bayıl qəsri su üzündə görünməyə başlayıb. Mütəxəssislərin əksəriyyəti o fikirdədir ki, qəsr dörd yüz ildən artıq Xəzər suları altında gizlənməsəydi, Abşeronun bir çox abidələri kimi bu qaladan da iz qalmayacaqdı. 1939-1969-cu illər ərzində qəsr ərazisində aparılan arxeoloji tədqiqat işlərində divar uçuqları altından və su dibindən 700-dən artıq yazılı daş tavalar çıxarılıb. Dərin oymalı bu daş tavalar nadir monumental xəttatlıq və heykəltəraşlıq əsərləri olub, nəhəng tikinti kitabəsinin ayrıntılarıdır. İlk çağda onlar divar hörgüsündə yanaşı düzülərək qala divarlarının bayır səthində uzun kitabə qurşağı (hündürlüyü 71 sm) əmələ gətirirmiş.
Bayıl qəsrinin daş kitabələrində araşdırmaçılar 15 şirvanşahın adını, tikinti tarixlərini oxuyub, başqa müxtəlif məlumatlar aşkar etmişlər. Bu kitabələrdən Mərdəkan qalasında "müəllif qolu" olan memar Əbdülməcid Məsud oğlunun, ustad Zeynəddin Əbdürrəşid oğlu Şirvaninin adları oxunub. Bir kitabə daşında Bayıl qəsrinin "Bəndər qələ" adı ilə verilməsi dəyərli faktlardandır. Anlamı liman qala olan bu ad Bayıl qalasının baş funksiyalarından birini aydınlaşdırır. Bütövlükdə isə, Bayıl qəsri Şirvanşahların yeni paytaxt şəhəri yanında iqamətgahı olmuş, Şamaxı qalasının müdafiəsində Gülüstan qalasının daşıdığı vəzifəni Bakı qalasının müdafiəsində Bayıl qalası daşıyıb.
Bayıl qalasının cənub qapısı və qarşısındakı tikililər dəniz ticarəti ilə bağlı olduğu halda, sahilə yaxın şimal qapısı və qarşısındakı tikililər Şirvanşahların iqamətgahı olub. Qəsrin, demək olar ki, ortasnda daş döşəməli meydançada monumental bir tikilinin özülü üzə çıxarılıb. Bəzi araşdırmaçılar bu yerdə Abşeron qalalarının ənənəvi qüllələri tipində bir qüllənin ucaldığını söylədikləri halda, əksər tədqiqatçılar onu atəşgah və ya məbəd qalıqları sayırlar. Cəfər Qiyasi isə bu meydançada iri bir saray binasının ucalması ehtimalını irəli sürüb. XII-XIII yüzillərdə möhkəm qəsr, qala liman kimi tikilmiş və Bakının dənizdən qorunmasında baş yer tutan Bayıl qəsrinin daha qədim bir memarlıq kompleksinin özülləri üzərində ucaldılması ehtimalları da var. Şirvanın başqa müdafiə tikililərində (Dərbənd qalası, Şamaxı qalası, Bakı qalası, eləcə də Gülüstan qalası və Qəley-Buğurt qalası) olduğu sayaq Bayıl qəsrinin memarlıq tərtibatında da bədii daş relyeflər, yonma daş fiqurlar işlədilib".
On qülləli abidə...
Qalanın memarlıq xüsusiyyətlərinə gəlincə, "Vikipediya" yazır ki, Bayıl qəsri yan divarları tamamilə düz olmayan uzunsov bir düzbucaqlı şəklindədir. Bu forma, ehtimal ki, divarların üzərində durduğu daş qayanın relyefinə uyğunlaşdırılıb. Qəsrin uzunluğu 175, eni isə 35 metrdir. Qalınlığı 1,2 x 1,8 m olan divarlar dairəvi və yarımdairəvi qüllələri bir-birinə birləşdirir.
Abidənin
on beş qülləsi var. Bunlardan
yalnız şimal-qərb tindəki və cənubdakı iki
qüllə dairəvi formada olub, içərisi boşdur. İçərisi bütöv qalan on iki qüllənin
hamısı yarımdairə şəklindədir.
Künclərdə olan üç dairəvi qüllənin qəsrə
girmək üçün 1,3 m enində qapısı var. Səkkiz
və doqquzuncu qüllələri birləşdirən cənub
divarında, habelə on dörd və on beşinci qüllələri
birləşdirən şimal-qərb divarında da 1,6 m enində
qapı qoyulub. Qüllələrin bəzilərində
yuxarı hissəyə çıxmaq üçün daş
pilləkənlər var. Bütün divar boyu,
kürsülükdən yuxarıda, hər 15-20 m məsafədən
bir dördbucaqlı formalı məsafələr qalıb.
Abidənin tədqiqi zamanı onun dövrünü
göstərən materiallar da tapılıb. Bəzi daşların
üzərində hicri 632-ci il tarixi qeyd
olunub ki, bu da miladi 1232-1235-ci illərə müvafiqdir. Bundan əlavə, 1939-cu ildə burdan
tapılmış mis pullar üzərində şirvanşah
Güştasp Fərruxzadə və Xəlif əl-Nəsirin
(1180-1225) adları yazılıb.
Əzəmətli
Ramana qalası
Abşeron qalaları arasında öz əzəmətini indiyə qədər qoruyub saxlayan Ramana qalası Bakının Ramana kəndində XVI əsrə aid qaladır. Qalanın hündürlüyü 15 metrdir. Ağ daşdan tikilən qalanın dəqiq tikilmə vaxtı bəlli deyil. "Vikipediya"nın yazdığına görə, güman ki, müdafiə məqsədilə tikilib və Şirvanşahlar dövləti dövründə qəsr kimi istifadə olunub. Onu da qeyd edək ki, Ramana qalası bir çox tarixi filmlərimizin çəkildiyi məkandır. "Vikipediya" Açıq Ensiklopediyasında rast gəldiyimiz məlumata görə, Ramana qalasından "Koroğlu", "Nəsimi" və "Babək" filmlərinin çəkilişində istifadə olunub":...Elə qala sonuncu dəfə bu filmlərdən birinin, "Koroğlu"nun çəkilişi zamanı, 1956-cı ildə bərpa olunub. O zaman qala dağınıq vəziyyətdə olub. Tarixçilər Ramana qalasından Qız qalasına vaxtilə yeraltı yolun olduğunu qeyd ediblər. Qala divarlarından bayırda, sağ tərəfdə qayaya bənzər iri daş parçası ilk baxışdan diqqəti cəlb etməsə də, belə demək mümkünsə, öz-özlüyündə mahiyyət etibarilə xoş bir hadisəni yaşadır: Bülbül Koroğlunun ariyasını məhz bu daşın yanında ifa edib. Elə kənd sakinləri də kəndi ziyarət edib, tarixi abidələrini seyr edən hər kəsə bu iri daş parçasını məhz bu cür təqdim edirlər..."
Ardı var...
İradə
SARIYEVA
Bakı xəbər.-2014.- 1 oktyabr.- S.15.